"Mənim də qabağıma 1 milyon qoyub deyərdilər ki, get, futbolçu gətir" - Ceyhun Sultanov

"Mənim də qabağıma 1 milyon qoyub deyərdilər ki, get, futbolçu gətir" - Ceyhun Sultanov
MÜSAHİBƏ 21 Fevral 2022 / 15:47 6220
-  A +

 “Sumqayıt” və “Neftçi”nin keçmiş idman direktoru Ceyhun Sultanovun Qol.az saytına müsahibəsi

- Premyer Liqamızda artıq ikinci dövənin 3 turu arxada qaldı. Komandaların çıxışları haqda nə demək olar?

- Mənə görə 5 komanda məzmunlu futbol oynamağa çalışır. Elə bu komandalar da yerlər uğrunda yarışır. Qalan 3 komanda isə aşağı yerlərdədir. Çempionatdakı maraq məni qane edir. Çünki yüksək yerlər uğrunda 5 komanda mübarizə aparır. Əfsuslar olsun ki, bu, çempionluq yarışı deyil. 

- Qeyd etdiyiniz 5 komanda arasındakı mübarizəni necə görürsünüz?

- “Qarabağ”ı çempionluğa ən real namizəd kimi görürəm. “Neftçi”, “Zirə”, “Sabah” və “Qəbələ” isə ilk üçlüyə düşmək üçün mübarizə aparır. Bu yaxşı haldır. 

- Çempionatdakı maraq sizi qane etdiyini dediniz. Beş, komandanın yüksək yerlər üçün mübariz aparması qaneedicidir?

- O barədə qane edir ki, dediyim 5 komanda arasında rəqabət gedir. Əlbəttə ki, komandaların sayının azlığı çempionatın səviyyəsinə təsir göstərir. Bu, birmənalıdır. 14-16 komanda olsaydı, onda 7-8 komanda yüksək yer üçün yarışardı və daha da maraqlı olardı, komandalar inkişaf edərdi. Ancaq bu gün üçün də çempionat mənə görə maraqlıdır. 

- Premyer Liqanın son turunda “Sabah”la görüşdə dubl edərək “Zirə”yə qələbə qazandıran fransalı Hamidu Keytanı komandaya sizin gətirdiyiniz deyilir. 

- Gətirmişəm deyəndə, baş məşqçi Rəşad Sadıqov bəyənib. Bəyənibsə, deməli, transfer onundur. Mən təklif edə, Azərbaycana gətirə bilərəm. Amma ən sonda baş məşqçi qərarı var. Ən azı oyununa görə komandaya götürülüb. Bu gün Azərbaycan çempionatında yaxşı oynamaya da bilərdi. Ancaq futbolçu keyfiyyətinə baxılıb sonra transfer edilib. Azərbaycanda elədir ki, futbolçunu gətiririk və deyirik ki, bəlkə, burda “açıldı”. Ancaq əvvəlcə onun keyfiyyətinə baxmırıq. Keyfiyyət olmalıdır ki, futbolçunu gətirəsən. Bu gün gedirik böyük futbol ölkələrindən futbolçu gətiririk, düşünürük ki, yəqin yaxşı futbolçu olar. Amma baxmırıq ki, bu futbolçu necə oynayıb. Ola bilər ki, futbolçu uzun müddət oynamasın, amma onda keyfiyyət olsun. 

- Keyta “Zirə” də 4 oyuna 3 qol vurub.  Onun keçidi necə alındı?

- Baş məşçiyə təklif olundu, onun da xoşu gəldi. Mən hər bir futbolçunu dərindən analiz edib, onun keyfiyyətlərini biləndən sonra kluba təklif edirəm. Kim gəldi təklif etmirəm. Gecələr oturub mənə deyilən futbolçuları analiz edirəm. 10 futbolçu təklif edilə bilər ki, hərəsinin fərqli keyfiyyəti var. Hər məşqçinin də öz oyun üslubu var. Buna uyğun təklif edirsən. Biri də var ki, həmin 10 futbolçunu necə gəldi məşqçiyə təklif edəsən, o da deyə ki, mənim oyun üslubuma uyğun gəlmir. Məndə elə bir şey yoxdur.

- Ümumən “Zirə”nin çıxıları haqda nə deyə bilərsiniz? 

- Mənim bütün klublarımızla münasibətim yaxşıdır. Əsas iş prinsipidir. Baxır hansı klub işə necə yanaşır. Klublarla danışanda onların məqsədini görürsən. Komandanın keyfiyyətini yuxarı qaldırıb, yaxşı yerlər uğrunda yarışmaq üçün hər şey edən klublarımız var. Onlardan biri də “Zirə”dir. Əgər nəyinsə yaxşı olmasını istəyirsənsə, mütləq futbolçularının keyfiyyətinə fikir verməlisən. Çünki meydanda 11 futbolçu olur və onlar komandanın taleyini həll edir. Keyfiyyətli futbolçu və savadlı məşqçi – bunun ikisinin tandemi olanda orada uğur olur. Nə qədər keyfiyyətli futbolçu gətirirsən gətir, əgər məşqçin savadsızdırsa, orada uğur gözləyə bilməzsən. Yaxud da əksinə. İkisinin ortaq məxrəci olmalıdır ki, bir-birini tamalaya. Məsələn, “Qarabağ”dakı kimi.

- Qeyd etdiyiniz digər 4 komandadan bu mövsüm nə gözləmək olar?

- İnanın ki, bu beş komandadan hər şey gəzləmək olar. Bu gün “Sabah” da, “Zirə”də, “Qəbələ”  yaxşı futbol oynamağı bacarır. “Netçi” də oyunçuların keyfiyyətinə görə oynayır. “Qarabağ”ı demirəm, bu komanda digərlərindən birbaş üstündür. 

- “Neftçi”nin hazırda 4-cü pillədə olması və lider “Qarabağ”dan 11 xal geridə olması barədə nə düşünürsünüz?

- “Neftçi” barədə çox danışmaq istəmirəm. Çünki mən orada işləmişəm. Bu, mənə görə bir az etik deyil. Ancaq bir şeyi deməliyəm. Əgər hər il “Qarabağ”la rəqabət aparmaq istəyirsənsə, strategiyanı dəyişməlisən. Bunu orada işləmiş bir adam kimi deyirəm. Bu gün çempionluğu saxlaya bilmirsənsə, deməli, strategiyanı dəyişməlisən. Bu il birinci oldum, gələn il ikinci olaram, sonra yenə çempion olarıq deməklə komandanı sabit saxlamaq olmaz. Strategiyanı dəyişməsən, “Qarabağ”la mübarizə apara bilməzsən. 

- Bu potensialla “Neftçi” hazırda hansı yerdə olmalı idi?

- Hansı potensialla?

- Hazırkı real durumunu nəzərdə tuturam.

- Real durumla elə indiki yerdə olmalıdır. “Neftçi” 2-4-cü yerlər arasında mübarizə aparacaq. Düşünmədən “Neftçi”nin 2-ci yeri tutacağını deyərdim, ancaq bu gün onu deyə bilmirəm. Çünki arxadan gələn komandalar da “Neftçi”dən pis deyil. 

- Sizcə, hansı səhvlər buraxılıb ki, “Neftçi” bu yerdədir?

- Çempion olursansa, qarşında hədəf varsa, bu gün istədiyin futbolçunu alıb gətirməlisən. Amma düşünsən ki, bu il çempion oldum, bir də sonra olaram, azad agent futbolçuları axtarırsan ki, bəlkə, yaxşı çıxdı, bununla heç vaxt çempionluğu qorumaq olmaz. Yəni “Qarabağ” kimi davamlı uğurun olmayacaq, qruplara düşə bilməyəcəksən. Yox əgər məqsəd ikinci yerdirsə, idarəetmə normaldır. Amma çempionlq istəyirsənsə, strategiya dəyişilməlidir. 

- Deməli, əsas məsələ transfer siyasətidir?

- Bəli, uğurun yarısından çoxu transfer siyasəti ilə bağlıdır. Bu gün meydana çıxan 11 futbolçudur. Bu gün sən “Qarabağ”la necə rəqabət apara bilərsən ki, bu komanda oyun baxımından “Marsel”ə uduzmadı. Nəyə görə uduzmadı? Futbolçularının keyfiyyəti var. “Marsel”in futbolçularında isə keyfiyyət daha yüksəkdir. Amma bu fərq elə də çox hiss olunmadı. Əgər “Qarbağ”ın heyəti keyfiyyətsiz futbolçulardan ibarət olsaydı, “Marsel” 10 qol vura bilərdi. Əgər futbolçu keyfiyyəti qaldırmaq istəyirsənsə, oturub azad agent statusunda olan oyunçu axtarmamalısan. Bunu aşağı pillədə gedən klublar axtara bilər. Ancaq sən çempionluğa oynayırsansa, büdcəcən uyğun ən yaxşı futbolçunu almaq bacarığın olmalıdır. 

- Sizin dövrünüzdə də transfer siyasətinin düzgün aparılmaması haqda fikirlər var idi.

- Transfer siyasətində yanlışlığa yol verə bilərsən. Bu, hər bir klubda olur. “Barselona”da da belə hallar baş verir. Ancaq gəlin, mənim dönəmimdə bizim ortaya qoyduğumuz futbolçulara baxaq. Hamısı normal qiymətə başqa klublara getdi və “Neftçi” pul qazandı. Söhbət ondan gedir ki, o qazanılan pulu verib daha da yaxşı futbolçu almalısan ki, keyfiyyəti qaldırasan. Amma bu olmadı. Mən heç kimin işinə kölgə salmaq istəmirəm. Çünki hərənin futbola bir baxışı var. Mənim dönəmimdə “Neftçi”də oynayan futbolçuların qiymətinə baxsanız, görərsiniz ki, hansı büdcə ilə necə futbolçular gəlib. Mənim də qabağıma 500 min, 1 milyon pul qoyub deyərdilər ki, get, futbolçu gətir. Biri də var sənə deyələr ki, 5 manatla 25 manatlıq oyunçu gətir. Bu gün sən deyirsənsə ki, eyni büdcə ilə ikinci il yenə çempion olacam, bu, mümkün deyil. İldən-ilə keyfiyyət də, yanaşma da dəyişməsə, irəli getmək mümkün deyil.

Mövsüm başlayanda hamının hədəfi çempion olmaq olur. “Səbail”dən də soruşsan, deyərdi ki, mən avrokuboklara düşmək istəyirəm. İstəmək başqa şeydir, reallıq başqa. Real olmaq üçün də dediyim işləri dildə yox, əməldə etməlisən. Bu gün deyirəm ki, çempion olmaq istəyirəm, amma bunun üçün heç nə etmək istəmirəm. Belə çempion ola bilməzsən axı. Çempion olmaq asan iş deyil. Proseslər var. Çempion olmaq üçün ortaya iş qoymalısan. Düşünməlisən ki, bu ölkədəki futbolçu mənə uyğundur və gedib onu gətirməlisən. Deməməlisən ki, gözləyim müqaviləsi bitsin. Onun müqaviləsi bitəndən sonra heç sən tərəfə baxmayacaq. 

- Zaur Əzizovu “Neftçi”yə idman direkotru gətirildi. Sizdə, o, yeni klubunda uğurlu ola bilər?

- Zauru yaxşı tanıyıram. Yaxşı mütəxəssisdir. İşini yaxşı bacarır. Ancaq hər şey tək Zaur Əzizovdan asılı deyil. Şəxsən mənim istəyimlə olsa, tam başqa bir klub quraram. Ancaq hər şey tək mənim ağlımla olmur axı. Maddiyyat da var. Sən beynində olanı icra etmək imkan verəcəklərmi? Budur məsələ. Məsələn, bilirəm ki, Zaur işləməyi bacarır. Amma onun istədiyini həyata keçirməyə nə dərəcədə imkan veriləcək, bunu deyə bilmərəm. Şəxsən mənim beynimdəkiləri ortaya qoymaq üçün milyonlar lazım idi. Bunun üçün büdcə ayrılmalıdır. Zaur Əzizov bir futbolçunu bəyənə bilər və bilirsən ki, bu oyunçu komandaya kömək edəcək və onu ala bilmirsənsə, bu, Zaur Əzizovun günahı deyil.  

- Keçmiş klubunuz “Sumqayıt”da Ayxan Abbasovun belaruslu məşqçi Aleksye Baqa ilə əvəzlənməsi gözlənilməz oldu. Bu haqda nə deyə bilərsiniz?

-    Aleksey Baqanın “Sumqayıt”a gətirilməsi bir addım qabağa, iki addım geri atmaq idi. Bu gün mümkün olanın ən yaxşısını “Sumqayıt” üçün Ayxan Abbasov etmişdi. Bundan yaxşısını heç kim edə bilməzdi. 10 Baqa gətirsən də, bu heyətlə çempion ola bilməyəcək. Maksimum avrokuboklar üçün mübarizə apararlar. Sənin strategiyan budursa, Baqanı ordan bura gətirməklə nəyisə dəyişmirsən. Sadəcə, yerli əvəzinə əcnəbi qoyursan. İnsan bir şeyi edəndə düşünər də. Bu gün “Sumqayıt”ın potensialı nə idi? Maksimum avrokuboklara düşmək. Komanda iki il bunu Ayxan Abbasovla etdi. Ancaq gəlin baxaq, bu iki ildə Ayxan Abbasovun komandasını gücləndirmək üçün nə etdilər? Heç nə! Daha da zəiflətdilər.   
Mən demirəm, Baqa pis mütəxəssidir, onu tanıyıram, yaxşı məşqçidir. Amma Baqanı gətirib eyni strategiya ilə gedəcəksənsə, elə Ayxan Abbasov var idi də. Ən pis variantda baş məşqçi azərbaycanlı mütəxəssis olmalı idi. Niyə əcnəbi gətirirsən? Axı əcnəbinin istəkləri, tələbləri də olur. Əcnəbinin iddiası yoxdursa, onun gəlməyinin nə mənası var? Mənə görə “Sumqayıt”ın ən yaxşı dönəmi Ayxan Abbasovun dövründə olub. 

- “Sumqayıt”ın belə addım atması çox qəribə oldu.

- Bu artıq klub daxilində olan şeylərdir. Bəlkə, münasibətləri korlanıb. Çox şey ola bilər. Klubun içində olmadan nəsə deyə bilmərik. Ancaq onu bilirəm ki, Ayxan Abbasov bu strategiya, bu heyətlə “Sumqayıt” üçün maksimumu etdi.

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər