“Qəbələ” klubunun ingiltərəli baş məşqçisi Toni Adams Qol.Az saytı oxucularının suallarını cavablandırıb
Ceyhun: Salam Qol.Az kollektivi . Cənab Adamsa işlərində uğurlar arzulayıram. Sualım isə belədir. İngiltərədə sizin “Qəbələ” klubuna təyinatınızı necə qarşıladılar?
Toni Adams: Təbii ki, Britaniya əhalisi futbola çox həssas yanaşır. Onlardan kimisi bunu müsbət, kimisi isə mənfi qarşıladı. Lakin onu deyə bilərəm ki, mənim bu qərarım hamını təəccübləndirdi. Əsasən də dostlarımı. Bununla belə, onlar da mənə işlərimdə uğurlar arzuladılar.
Ceyhun: Azərbaycandan hər hansı ingilis klubuna futbolçu təklif edəcəksiniz?
Toni Adams: Bu barədə düşünmək hələ tezdir. Hazırda Azərbaycan futbolunun səviyyəsi o dərəcədə yüksək deyil ki, buradan hansısa bir futbolçunu ingilis klubuna təklif edək. Lakin gələcəkdə bu cür təklifləri həyata keçirmək olar.
Bilal: Salam Toni Adams. Sizi Azərbaycanda görməyimdən məmnunluq hissi duyuram. Sizcə, Azərbaycan futbolunun nəzərə çarpan ən ciddi problemləri hansılardır?
Toni Adams: Mənim bu barədə danışmağım düzgün olmaz. Çünki mən çox qısa müddətdir ki, Azərbaycandayam. Hələ ki, öz işimlə məşğulam. “Qəbələ” klubundakı problemləri aradan qaldırmağa çalışıram. Lakin iki-üç il sonra bu suala cavab verə bilərəm.
Muraz: Əgər “Qəbələ” birinci diviziona düşərsə, komandanın sükanı arxasında qalacaqsınız?
Toni Adams: Mən “Qəbələ”yə yalnız uğur qazanmaq üçün gəlmişəm. Hazırda bu sahədə işlərimizi davam etdiririk. “Qəbələ”nin aşağı diviziona düşəcəyini isə heç ağlımıza da gətirmirik. Məncə, bu, mümkünsüzdür.
Muraz: Deon Barton səkkiz oyuna cəmi iki qol vurub. Qarşıdakı oyunlarda ondan nə gözləyirsiniz? Ümumiyyətlə, Barton kluba fayda verə biləcəkmi?
Toni Adams: Deon Barton çox istedadlı bir futbolçudur. Məhz ona güvəndiyim üçün “Qəbələ”yə transfer etdim. Hazırda komandam daha çox kollektiv oyuna üstünlük verir. Onun müntəzəm olaraq fərqlənməsi bir o qədər vacib deyil. Əsas odur ki, “Qəbələ” klubu qalib gəlsin. Komandaya Branimir Subaşiçin də gəlməsi rəqabəti bir qədər də artırıb. Düşünürəm ki, qarşıdakı turlarda hər iki hücumçu öz sözünü deyəcək.
İbrahim İsmayılov: Salam canab Adams. Bakıya xoş gəlmisiniz. Biz “Qəbələ” klubunda nə zaman adlı-sanlı futbolçular görəcəyik?
Toni Adams: Əgər ulduz futbolçuları nəzərdə tutursunuzsa, bu, heç də real görünmür. Lakin ortabab futbolçuları transfer etmək mümkündür. Məsələn, bizim də “Neftçi” və “Xəzər Lənkəran” kimi zəngin büdcəmiz olsa, yəqin ki, Emil Mpenza səviyyəsində bir futbolçu transfer edə bilərik.
İbrahim İsmayılov: “Arsenal”da çıxış etdiyiniz dövrdə Azərbaycan haqqında məlumatınız vardı?
Toni Adams: Düzünü desəm, məlumatım yox idi. Sadəcə olaraq İngiltərə yığmasının səfərdə Azərbaycana 1:0 hesabı ilə qalib gəldiyini eşitmişdim.
İbrahim İsmayılov: Azərbaycan xoşunuza gəlirmi?
Toni Adams: Əlbətdə xoşuma gəlir. Burada özümü çox sərbəst hiss edirəm.
Kamil Dünyamalıyev: Salam Qol.Az. Sizə təşəkkür edirəm. Toni Adams da ölkəmizə xoş gəlib. Mövsümün əvvəlində çox iddialı danışırdınız. Lakin hazırda bu reallığı əks etdirmir. Sizcə, bu, nə ilə əlaqədardı?
Toni Adams: İddialı danışırdım deyəndə ki, mən “Qəbələ”nin nə ölkə çempionu olacağına, nə də Avropaya vəsiqə qazanacağına dair söz vermişəm. Mən sadəcə olaraq, klubun tez bir zamanda inkişafa nail olacağını bildirmişəm. Hazırda da bu yöndə var gücümlə çalışıram.
Komanda ilə uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm.
Kamil Dünyamalıyev: Siz Premyer Liqada uğurlu çıxış etmək üçün klub rəhbərliyindən vaxt istəyirdiniz. Tələb etdiyiniz vaxta qədər komandanın postunda qalacaqsınız? Axı, bizim klub prezidentləri səbirsiz olur.
Toni Adams: Mən İngiltərədə “Qəbələ” klubunun rəhbərliyi ilə müqavilə imzalayarkən, bütün məsələlər barəsində ətraflı söhbət etmişdik. Mənə kifayət qədər vaxt verildiyi üçün bu müqaviləni imzaladım və “Qəbələ”yə gəldim. Digər klub prezidentlərini deyə bilmərəm, bizim prezident çox səbirli bir insandı ki, klubu mənə etibar edib. Bizim aramızda heç bir problem yoxdur. Düşünürəm ki, bundan sonra da olmayacaq.
Teymur Nağıyev: Əvvəla komandanızda sizə uğurlar arzulayıram. Qoy həmişə güclü qalib gəlsin!!! Əgər Araz Abdullayevin İngiltərənin “Everton” və ya “Arsenal” klubuna keçidi baş tutarsa, sizin fikrinizcə, o, əsas heyətdə forma geyə biləcək?
Toni Adams: Əvvəla onu deyim ki, hər iki klubun əsas heyətinə düşmək olduqca çətin bir prosesdir. Lakin mümkünsüz də deyil. Bununla belə, mən Arazın oyununa yaxından bələd olmadığım üçün onun haqqında qəti bir şey deyə bilmərəm. Təbii ki, hər bir futbolçu öz üzərində çalışsa, istənilən uğura imza ata bilər. Araza da gələcəkdə uğurlar arzulayıram.
Mirzə: Cənab Adams, “Qəbələ”nin aşağı yaş qrupu komandalarının oyunlarını izləmisiniz?
Toni Adams: Aşağı yaş qrupu komandalarının oyunlarını müntəzəm olaraq izləyə bilmirəm. Çünki buna vaxtım olmur. Lakin bir neçə oyunu izləyə bilmişəm. Hesab edirəm ki, yaxın gələcəkdə bu komandalardan istedadlı futbolçular üzə çıxacaq. Bizim də əsas məqsədimiz istedadlı futbolçurı üzə çıxarmaqdır.
Mirzə: Çərçivəni niyə məhz Pavel Doroşevə tapşırmısınız?
Toni Adams: Pavel çərçivəni qorumağa ən layiqli qapıçıdır. Məhz buna görə də mən qapını ona etibar edirəm. Bununla belə, bizim başqa alternativimiz də yoxdur.
Elnur Şərifli: Azərbaycana gəlməmişdən əvvəl hansısa klubumuzun adını eşitmişdiniz?
Toni Adams: Xeyr eşitməmişdim. İlk tanıdığım və eşitdiyim klub da elə “Qəbələ” olub.
Elnur Şərifli: Sizcə, Azərbaycan millisinin ən
böyük çatışmazlığı nədir?
Toni Adams: Qoy, bu suala Berti Foqts cavab versin. Mən isə “Qəbələ” klubuna cavabdehəm.
Məftun İsmayılov: Salam, cənab Adams. Əgər “Qəbələ” klubu Premyer Liqada ilk altılığa düşə bilməsə, qış transfer pəncərəsi dönəmində komandaya yeni futbolçular gətirməyi düşünürsünüz?
Toni Adams: Əlbəttə ki, həm qışda, həm də yayda transferlər olacaq. Hələlik isə biz futbolçularımızı düzgün analiz etməyi planlaşdırırıq. Yalnız bundan sonra hansı futbolçunun komandada qalacağını və ya düşərgəni tərk edəcəyini dəqiqləşdirəcəyik. Əgər ehtiyac yaranarsa, kluba yeni futbolçuların alınması da nəzərdə tutulur.
Rəşad Muradov: Salam Qol.Az. Qonağınızı da salamlayıram. Sizin bu rubrika həqiqətn alqışa layiqdir. Çempionatda çıxış edən futbolçularımızın ustalıq səviyyəsinin aşağı olması, arxayınlaşmaq və əsasən də fiziki cəhətdən zəif olmaları kimi ciddi problemləri var. Məhz bu problemlər bir sıra oyunlarda bizə başağrısı olub. Məsələn, “Neftçi” ”Srvena Zvezda” (2:3), Azərbaycan - Finlandiya (1:2) oyunlarını misal göstərmək olar. Hətta “Bakı” klubundakı həmkarınız bu problemi mətbuatda qabartdı. Sizin buna münasibətiniz necədir? “Qəbələ” klubunda bu problem özünü hansı səviyyədə göstərir? Sizcə, bu bəladan necə qurtula bilərik?
Toni Adams: Təbii ki, bu problemlərin olması mənfi haldır. Lakin eyni hallar digər ölkələrdə də mövcuddur. Bunun əsas səbəbi isə futbolçuların həyat rejimlərinin düzgün olmamasıdır. Yəni onlar düzgün qidalanmalı, müntəzəm olaraq məşq etməli, vaxtı-vaxtında dincəlməli və psixoloji cəhətdən gərgin olmamalıdırlar. Əgər bunlara bir qayda olaraq riayət edilsə, futbolçularda heç bir problem qalmaz. Mən “Qəbələ”yə gəldiyim gündən bu rejimə böyük önəm verirəm. Düşünürəm ki, məhz belə bir rejimlə hərəkət etmək futbolçularımın uğur qazanmasında əsas rol oynayacaq.
Rəşad Muradov: Bir sıra klublarımız xarici klublarla müqavilə imzalayaraq gənc oyunçularını oraya təcrübə keçməyə göndərirlər. Məsələn, “Bakı” klubundan Bəxtiyar Soltanov Belçikanın “Anderlext” klubunda təcrübə keçdi. O, bir müddət “Fənərbaxça”nın U-15 komandasında oynadı. Bunları sizin klubda da görə bilərikmi? Bildiyimə görə, “Qəbələ”nin U-15 komandası xaricdə keçirilən bir turnirdə gələcəyin ümidverici komandası adına layiq görüldü. Bu cür naliyyətlərin qazanılması sizin klub üçün mütərəqqi hal olar. Bəs, gələcəkdə “Qəbələ”nin futbol məktəbindən yeniyetmə uşaqların “Arsenal”da təcrübə keçməsi mümkündür?
Toni Adams: Təbii ki, “Qəbələ”nin U-15 komandasının uğur qazanması bizi sevindirməyə bilməz. Lakin mən hər hansı bir xarici klubla müqavilə imzalamağın əleyhinəyəm. Çünki bir neçə ildən sonra klubunda hər hansı bir istedadlı futbolçu üzə çıxarsa, o zaman müqavilə bağladığın klub həmin futbolçunu səndən tələb edəcək. Belə olan təqdirdə isə sən də o futbolçunu verməyə məcbur olacaqsan. Bu isə bizə sərf etməz. Daha yaxşı olar ki, Azərbaycanda aşağı yaş qrupundakı futbolçuların çempionatı yüksək səviyyədə təşkil edilsin. Onları beynəlxalq yarışlara göndərməklə təcrübə yığmalarını təmin etməliyik. Məhz bu tədbirlərdən sonra futbolun inkişafını görmək mümkündür. Hazırda biz də rəhbərliklə birlikdə aşağı yaş qrupu komandalarının oyunlarına xüsusi diqqət yetiririk.
Ruslan: Salam cənab Adams. Araz Abdullayevin “Arsenal” klubuna keçməsini siz istəmisiniz, yoxsa bu, sadəcə KİV-lərin uydurmasıdır?
Toni Adams: Xeyr. Mənim bu məsələdən xəbərim də yoxdur. Həmçinin bayaq dediyim kimi, mən Arazın oyununu da izləməmişəm. Onun necə bir futbolçu olduğunu deyə bilmərəm. Yəni, bu, mətbuatda gəzən şayiədir.
Ruslan: “Qəbələ”də British PUB-lar fəaliyyət göstərirmi və yaxud harada qalırsınız və dincəlirsiniz? Bakıda, yoxsa Qəbələdə?
Toni Adams: Mən “Qəbələ” klubunun baş məşqçisi olduğum üçün elə Qəbələdə də qalıram. Oranın çox gözəl şəraiti var. Qəbələdəki otellər Bakıdakı otellərdən heç də fərqlənmir. Hələ ki, heç bir şeydən narazılığım yoxdur. Hər şey qaydasındadır.
Vüqar Əliyarov: Salam Qol.Az. Cənab Adamsa iki sualım olacaq. Nəyə görə “Qəbələ” klubu gözlənilən oyunu və nəticəni hələ də sərgiləyə bilmir?
Toni Adams: Qarşıda bizi hələ uzun marafon gözləyir. Bir qədər vaxta ehtiyacımız var. Düşünürəm ki, zaman keçdikcə biz də öz sözümüzü deyəcəyik.
Vüqar Əliyarov: Ümumiyyətlə, “Qəbələ”dən nəsə gözləməyə dəyər, yoxsa elə belə də olacaq?
Toni Adams: Komandadan məzmunlu oyun gözləməyə dəyər. Lakin bu mövsüm hansısa bir titul qazanacağımıza inanmıram. Çünki biz hələ buna hazır deyilik.
Sərxan Carçı: Salam Qol.Az. Bu rubrikanı yaratdığınız üçün sizə öz minnətdarlığımı bildirirəm. Cənab Adamsa sualım isə belədir. Bu mövsüm “Qəbələ” klubunun konkret hədəfi nədir?
Toni Adams: Dediyim kimi, bu mövsüm bizim konkret hədəfimiz yoxdur. Sadəcə olaraq biz futbolçularımızı nəzərdən keçiririk. Klubdakı problemləri aradan qaldırmağa çalışırıq. Lakin gələn mövsüm hansısa yerə ümid etmək olar.
Laçın Namaz: Salam Qol.Az. Sirr deyil ki, stadionların ot örtüyünün pis vəziyyətdə olması futbolumuzun inkişafı yolunda ciddi maneədir. İngiltərədə isə bu sahədə problem yoxdur. Bu yöndə sizin klubda hansı işlər görülür? Əgər stadionların ot örtüyü İngiltərədə olduğu kimi olsa, təxminən nə qədər vaxta Azərbaycan Premyer Liqası aparıcı Avropa ölkələri ilə müqayisə oluna bilər?
Toni Adams: Əlbəttə ki, futbolun inkişafı üçün infrastrukturun olması vacib şərtdir. Təəssüflər olsun ki, Azərbaycanda bu sahədə işlər olduqca ləng gedir. Lakin Qəbələdə isə bu yöndə intensiv işlərə başlamışıq. Qəbələdə tikilən stadionların bəziləri hətta “Arsenal”ın stadionları ilə müqayisə oluna bilər. Ikinci suala gəldikdə isə, Azərbaycan Premyer Liqasının Avropanın aparıcı çempionatları ilə müqayisə olunmasına hələ bir neçə il lazımdır.
Ülvi: Hər kəsi salamlayır və işlərinizdə sizə uğurlar arzulayıram. “Arsenal” hər zaman gənc istedadları tapıb komandaya gətirən skautları ilə seçilib. Bəs, “Qəbələ” klubunun skautları varmı? Əgər varsa, onların işindən nə dərəcədə razısınız?
Toni Adams: Əvvəla, gəlin, “Arsenal”ı “Qəbələ” ilə müqayisə etməyək. “Arsenal” böyük tarixə malik olan dünyəvi bir klubdur. Onun büdcəsi də həddindən artıq zəngindir. Lakin “Qəbələ” klubu isə yeni yarandığı üçün burada hər şeyi sıfırdan başlamalı oluruq. Klubda futbolçularla bağlı bütün məsələlərə mən nəzarət etdiyim üçün skautun vəzifəsini də özüm həyata keçirirəm. Yəni ki, bu sahədə məsələlərin taleyi mənim qərarımdan asılıdır. Gələcəkdə isə klubda səviyyəli skautların fəaliyyət göstərməsi nəzərdə tutulur.
Rasim Nəcəfov: Salam Qol.Az və Toni Adams. Siz artıq bizim gənc futbolçuların oyununa bələdsiniz. Ölkəmizdə İngiltərə Premyer Liqasında oynamaq potensialı olan gənc futbolçular görürsünüz? Əgər varsa, adlarını çəkə bilərsinizmi?
Toni Adams: Çox təəssüf ki, mən Azərbaycanda bu səviyyədə olan futbolçuları görmürəm. Belə istedadlı futbolçular yetişdirmək üçün hələ çox çalışmaq lazımdır. Lakin gələcəkdə ola bilsin ki, “Qəbələ” futbol akademiyasından hansısa səviyyəli futbolçumuz yolunu İngiltərədən salsın.
Etibar Abdullayev: Salam Qol.Az. Bu mövsüm layiqli yerlərdən birini tutmaq üçün hansı vacib amillərə diqqət yetirəcək və hansı taktiki gedişlərə üstünlük verəcəksiniz?
Toni Adams: Klubda görüləsi işlərim çoxdur. Belə ki, mən futbolçularımı həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən hazırlamağa çalışıram. Bununla yanaşı, futbolçuların ustalıq səviyyələrinin yüksək olması da vacib şərtlərdən biridir. Təbii ki, bu amil məni düşündürməyə bilməz. Bu sahədə də xüsusi işlər görülməkdədir. Eyni zamanda “Qəbələ”nin turnir cədvəlində tutduğu mövqedən asılı olaraq, çempionat ərzində müxtəlif taktiki gedişlərə də əl atacağam.
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev