"Transferlərə həddindən artıq çox pul istəyirlər" - Qurban Qurbanov

"Transferlərə həddindən artıq çox pul istəyirlər" - Qurban Qurbanov
MÜSAHİBƏ 30 İyun 2021 / 22:07 4766
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 3:1 hesabı qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Toplanışın ilk mərhələsini başa vurdunuz. Hazırlıq prosesini necə dəyərləndirirsiniz?

- Oyunlaradək razı qaldığım məqamlar olub. Hansı ki, öz proqramımız var. İyulun 22-dək komandanı tam hazır etmək istəyirik. Məşqlərimiz düşündüyümüz kimi gedir. Futbolçular bu il daha yaxşı istirahət etdilər. Toplanışa daha istəkli gəliblər. Həqiqətən hər məşqdən sonra inamlı oluram. Bugünkü matç iyulun 2-də və ya 3-də planlaşdırılmışdı. "Sumqayıt" Türkiyəyə getdiyi üçün proqram dəyişdi. Amma hər bir halda Bakıda iki oyun keçirdik, futbolçulardan istədiyimizi ala bildik. Sadəcə, bu gün iki 45 dəqiqə oynadıq. Qarşılaşma iki gün sonra olsaydı, plan başqa cür idi. Hər oyunun müəyyən faydası olur və çatışmayan cəhətləri görürsən. Çalışırıq ki, yaxşı cəhətləri daha da yaxşılaşdıraq və çatışmazlıqları aradan qaldıraq. İki oyundan razı qaldım.

- Hamını narahat edən sual var. "Qarabağ" transferlərdə gecikirmi?

- Bəli. Transferlər gecikir. Mən də istəyərəm ki, daha tez reallaşsın və istədiyimiz oyunçuları əldə edək. Çünki Konfrans Liqasınadək oyunçu nə qədər tez bizimlə olsa, onun performasını yaxşılaşdırmaq üçün əlimizdə böyük şans yaranar. İnanın ki, danışıqlar dayanmır. Daha çox gücü, qüvvəni transfer məsələsinə yönəltmişik. Ola bilər ki, bir az gec olsun. Amma transfer etməyi planlaşdırırıq və edəcəyik. Sadəcə, bəzən bizdən asılı olmayan nüanslar var. 4-5 futbolçu ilə danışıqlar davam edir.

- Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağınız İsrailin "Aşdod" klubu barədə nə deyə bilərsiniz? Onların hansısa xüsusi özəllikləri varmı?

- İsrail futboluna maraq son vaxtlar böyüyüb. Çempionatları həddindən artıq maraqlıdır. Hansısa klubun yaxşı olması üçün çempionatın səviyyəsinin də yaxşı olması vacibdir. İsrail Premyer Liqası son vaxt seçilən çempionatlardan biridir. Komanda üçüncü yeri tutubsa, bu, təsadüf deyil. Bizim üçün çox ciddi rəqibdir. Amma mən həmişə istəmişəm ki, futbolçuların oyunu və performansı daha da yaxşılaşsın. Öz komandamı tam hazırlayandan sonra oyunçulara "Aşdod" barədə məlumat verəcəyəm. Rəqibin oyunlarını izləmişik və futbolçuların da az da olsa məlumatları var. Amma yeni turnirdə hamı yaxşı nəticə əldə etmək istəyəcək. Biz çalışacağıq ki, qüsurları aradan qaldıraq və bu oyuna tam istədiyimiz kimi hazır olaq.

- Yeni transferlər "Qarabağ"a güc qata biləcəkmi?

- Bu gün deyə bilmərəm ki, sırf hansısa futbolçunu götürəcəyik. Çünki 3-4 futbolçu ilə danışıqlar gedir. Amma bunların içində ən yaxşısını əldə etmək istəyirsən. Komandaya nə cür fayda verə biləcəklərini deyə bilməyəcəyəm. Maraqlandığımız hər futbolçunun özünəməxsus üstün keyfiyyətləri mövcuddur. Hücum xəttinə mütləq transfer etmək istəyirik. Bu mövqedə minimum bir oyunçunun olması vacibdir. Amma çalışacağıq ki, iki futbolçu əldə edək. Müdafiə xəttinə və yarımmüdafiəyə də yeni futbolçu istəyirik.

- Kadi Yuri Borqes Malinovski komandaya uyğunlaşa bilirmi?

- Düşündüyümüzdən daha tez komandaya uyğunlaşacaq. Məşqlərdə hiss edirəm ki, hansısa tapşırıq veriləndə rahat yerinə yetirir. Məncə, tez zamanda uyğunlaşacaq. Sadəcə, fiziki formasından bir az uzaqdır. Bu günə kimi ondan başqa futbol tələb ediblər. Biz isə başqa şeylər tələb edəcəyik. Düşünürəm ki, komandaya faydalı olacaq.

- Yeni transfer maddi məsələlərə görə gecikir? Yoxsa Azərbaycana gəlmək istəmirlər?

- Bəzi oyunçuların keçidi maddi məsələlər səbəbindən gecikir. Bu isə futbolçuya görə yox, məhz klubuna görədir. "Qarabağ"ın adına bir az fərqli yanaşırlar. Elə bilirlər ki, 7 ildir avrokubokların qrupunda oynadığımıza görə bizim pulumuz Avropa klubları ilə eyni səviyyədədir. Transferlərə həddindən artıq çox pul istəyirlər. Əlbəttə danışıqlar gedir və məbləğdə müəyyən dəyişikliklər olur. Bu gün yaxşı oyunçunun qiyməti fərqlidir. Sadəcə, bəzən düşündüklərindən artığını istəyirlər. Bəlkə başqa klub istəsə, məbləğ aşağı olacaq. Amma "Qarabağ" istəyəndə görürsən ki, daha artıq məbləğ tələb edirlər. Hər bir halda uyğun qərar verəcəyik. Bizdə də futbolçunun transferi üçün ayrıca məbləğ ayrılmalıdır. Böyük klublarda belədir. Transfer məbləği ilə futbolçunun məbləği arasında çox böyük fərq var. Transfer məbləği hərdən bizə mane olur və futbolçunu götürə bilmirik. Bəzi klublar bizimlə əməkdaşlıq etmək istəyirik və hər varianta əl atırıq. Son vaxtlar müsbət yöndə danışıqlar gedir. Əvvəl-axır bizim klublarımız və futbolumuz da böyüyəcək. Bunun üçün bəzi Avropa standartları ilə ayaqlaşmalıyıq. Klub olaraq bunları rəhbərlik səviyyəsində yoluna qoymağa çalışırıq. Dəfələrlə olub ki, bəzi problemləri aradan qaldıra bilmişik. Amma ölkə klubları olaraq bu addımları atmağa məcburuq. Bunu daha da tezləşdirməliyik.

- Bu mövsüm də oyunların azarkeşsiz keçirilməsi gözlənilir. Klub olaraq AFFA vasitəsi ilə məsələnin həll edilməsi üçün müraciət etməyi fikirləşirsiniz?

- Məncə, ehtiyac yoxdur. Hamı bilir ki, azarkeşsiz futbol elə də maraqlı deyil. Avropa çempionatına, sonra isə digər oyunlara baxandan sonra görürük ki, fanatlarsız futbol yaxşı alınmır. Bizdən asılı olmayan nüanslar var. İnsanların sağlamlığını qoruyub saxlamaq lazımdır. Bəzi qaydalara da riayət etmək vacibdir. Mən də çox istərdim ki, azarkeşləri stadiona buraxsınlar. Futbolçular yenidən basqını, tələbləri canlı hiss etsin və meydanda öz potensiallarını göstərməyə gücləri olsun. Ümid edək ki, Avropa çempionatına azarkeşlər buraxılması bizim oyunlarda fanatların iştirakına köməklik edəcək (Report).

 

Daha çox


Son xəbərlər