«Qarabağ» klubunun direktoru Əmrəh Çəlikəl Qol.Az saytının oxucularının suallarını cavablandırıb
Emin Kərimov:
1. Emin İmaməliyevin, Namiq Yusifovun, Ayxan Abbasovun oyununa baxanda heç ürəyiniz ağrımır? İnanın Allaha, onların aldığı maaşın üçdə bir hissəsini mənə versəniz başınızı hər yerdə uca edərəm. «Borussiya» ilə səfər oyununun videoyazısına diqqətlə baxsanız, Eminin ucbatından uduzmağımızı açıq-aşkar görərsiniz.
2. Bir də, nə vaxta kimi «Qarabağ» milli çempionatda 2-3-4-cü yerlər uğrunda mübarizə aparacaq? Sizcə, çempion olmağın vaxtı yetişməyib?
Əmrəh Çəlikəl: Salam, Emin bəy! Suallarınıza görə təşəkkür edirəm.
Adlarını çəkdikləriniz uzun illərdir «Qarabаğ»ımızın şərəfini qorumuş, «Qarabağ»ın adı ilə bütövləşmiş, bir-birindən qiymətli futbolçularımızdır. Mən bir klub rəhbəri kimi futbolçularımızın insani keyfiyyətləri ilə daha çox maraqlanıram, nəinki onların hansı oyunda özlərini necə göstərməsi ilə. Bircə onu bilirəm ki, «Qarabağ»da baş məşqçimizin güvəndiyi və şans verdiyi hər bir futbolcu canla-başla əlindən gələnin ən yaxşısını etməyə çalışır. Futbol həm də ona görə ən maraqlı idman növüdür ki, hər bir futbolçu, bütün oyunlarda eyni qaydada çıxışı ilə yadda qalmır. Mənə görə əsas odur ki, futbolçu klubuna ürəkdən bağlı olsun və ona can yandırsın. Emin İmaməliyev vaxtı ilə millimizin də şərəfini qoruyan, Azərbaycan futbolunda öz sözünü deyən, sayılıb-seçilən futbolcularımızdandır və bütün səmimiyyətimlə Sizi əmin edə bilərəm ki, həmin futbolçularımızı, onların oyununu görəndə ürəyim ağrımır, əksinə açılır. Taktiki məsələlərlə bağlı hər hansı fikir bildirməyimin isə bir qədər etik olmayacağı fikrindəyəm. Çünki «Qarabağ»ımızın bu gün böyük uğurlara daşıyan səviyyəli bir baş məşqçisi var.
Bizim hamıya, o cümlədən Sizə və gördüyünüz işlərə böyük hörmətimiz var və mən fikirləşirəm ki, kimsə bir başqasının ürəkdən, canla-başla gördüyü işi, pulun və ya başqa nəyinsə hesabına daha yaxşı görə bilməz.
İkinci sualınıza cavab olaraq onu deyə bilərəm ki, «Qarabağ»ın həmişə əsas hədəfi Azərbaycan futboluna faydalı işlər görmək olub.
Biz 2003-cü ildən bu yana ancaq bu fikirlə işlərimizi qururuq. Bir günün içində heç nəyi həll etmək olmur. İki ildir əsasən azərbaycanlı futbolçularımızdan ibarət heyət qura bilmişik. Avropada gösdərdiyiniz nəticələr düzgün yol seçdiyimizin bir sübutudur.
Əlbəttə, Azərbaycan cempionu kimi də azarkeşlərimizi sevindirmək yaxşı olardı. Ancaq bizlər üçün Azərbaycan futboluna ən azı 1-2 səviyyəli futbolçu bəxş etmək və Avropada «Qarabağ», «Azərbaycan» şüarlarının səslənməsi də çempionluğa bərabərdir.
Elnur Şərifli:
1. «Qarabağ» nə üçün pul xərcləmək istəmir? Komandanız transfer bazarında həmişə ən passiv klublardan olub.
2. Nə üçün Quzanlıdan Bakıya köçdünüz? Əgər «Qarabağ» da Bakıya köçürsə, onda klubun adını «Qarabag Ağdam» yerinə niyə dəyişib «Suraxanı FK» qoymursunuz?..
Əmrah Çəlikəl: Elnur bəy, suallarınıza görə təşəkkür edirəm.
Bildiyiniz kimi, «Qarabağ»ımıza «Azərsun Holdinq» Şirkətlər Qrupu sponsorluq edir. Bugünə kimi futbol klubu olaraq bütün ehtiyaclarımız ən yüksək səviyyədə təmin olunub. Fikir vermisinizsə, «Qarabağ»ımızda oynayan legioner futbolçuların beşindən üçü öz ölkələrinin əsas milli komandalarının şərəfini qoruyur. Yerli futbolçularımızın isə böyük hissəsi Azərbaycan millisinin şərəfini qoruyur. Biz bu göstəricələrlə fəxr edirik. «Qarabağ»ımıza legioner kimi gələn bütün futbolçular həm təcrübələri, həm də öz oyunları ilə yerli futbolcularımıza örnək təşkil etməkdədir.
Birdə ki, «Qarabağ»ımız uşaq futboluna və uşaq futbolunun inkişafına xüsusi diqqət yetirir. Əsas hədəfimiz önümüzdəki bir-iki il ərzində «Qarabağ»ın uşaq futbol akademiyasından yetişən futbolçularla böyük uğurlar qazanmaqdır.
Öz futbolçularımızı yetişdirmək, əlbəttə, transfer bazarında bizləri passiv duruma gətirir ki, bu da bizi narahat etmir. Əsas heyətdə oynamayacaq və ya cavan futbolçumuzun oynayıb yetişməsinə əngəl törədəcək legioner futbolçu gətirməkdənsə, bu vəsaiti öz uşaq komandalarımızda daha çox futbolçunun yetişməsi üçün ayırmağı uyğun görürük.
Əvvəldə də qeyd etdiyim kimi, «Qarabağ» futbol klubunun baş sponsoru «Azərsun Holdinq» klubumuz üçün pul xərcləməkdən çəkinmir, sadəcə olaraq, klubumuz üçün ayrılan büdcənin düzgün istiqamətdə xərclənməsini istəyir.
Bildiyiniz kimi, ötən mövsüm bütün oyunlarımızı Quzanlı olimpiya kompleksinin tərkibində yer alan meydançda keçirirdik. Quzanlıdakı hər bir oyunun, orda olduğumuz hər bir günün bizim üçün dəyəri çox böyükdür. Bizim bu ildən etibarən oyunlarımızı Bakıda keçirmək istəyimizin səbəbləri çox açıq və anlaşılan faktlarla bağlıdır:
«Qarabağ» futbol klubu bu gün milliyə ən çox futbolçu verən komandadır. Milli çempionatın 8-ci turunu geridə qoysaq da, indiyə kimi yığmanın dörd dəfə təlim-məşq toplanışı keçirilib. Bizlər əlbəttə ki, yığmamızın uğuru üçün hesablanmış bu toplanışlara etiraz etmirik. Hətta öz növbəmizdə Azərbaycan əsas yığma komandasının uğurları üçün çalışmalıyıq. Bu toplanışlarda iştirak edən və onsuz da yorğun gələn futbolçularımızı Ağdama aparmaq bizdə futbolçuların bir-birinə uyğunlaşması üçün vaxt itkisinə səbəb olurdu və bizə nisbətən yığmaya daha az futbolçu verən rəqiblərimiz üçün üstüklük kimi ortaya çıxırdı.
Ötən il çempionatın bitməsi ilə komandamız Türkiyəyə yollandı və ardından Avroliqa matçlarımız oldu. Bu müddət ərzində Azərbaycanda olduğumuz zamanı Bakıda keçirirdik. Çempionatın əvvəlində Quzanlı olimpiya kompleksinin durumu ilə maraqlandıqda ot örtüyünün vəziyyətinin yaxşı olmadığını gördük.
Bildiyiniz kimi, bu gün «Qarabağ»ımızda əsas komandamızla yanaşı uşaq futbol komandalarında da böyük işlər görülür. Uşaq futbol akademiyamızın mərkəzi Bakıdadır və bizim Suraxanıda məskunlaşmaq istəməyimizin əsas səbəbi «Qarabağ»ımızı futbolçu istehsal edən bir zavod halına gətirməkdir. Bizim bu gün aşağı yaş qruplarımızda həm Bakının, həm də Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş uşaqlar var. Onların bir futbolçu kimi yetişməsinə ən uyğun şəraiti bu gün Bakıda yaratmaq mümkündür.
Qarabağ adı müqəddəsdir və bu adı Azərbaycan bayrağı altında yaşatmaq, «Qarabağ», «Azərbaycan» şüarlarını Avropada və dünyada layiqincə səsləndirmək çox böyük bir missiyadır. Bizlər bu missiyani layiqincə yerinə yetirməyə çalışırıq. Əlbəttə, bu gün «Qarabağ»ımızın Avropada seçilən bir komanda olması, sayılıb-seçilməsi bizləri sevindirməyə bilməz.
Ağdam torpaqlarında olmaq komandamız üçün həmişə xoşdur. Komandamız orada olduğu vaxt bizlərə həmişə ən yüksək səviyyəli şərait yaradılıb və hər hansı bir narazılıqla üz-üzə qalmamışıq.
Gərək indi bizlər daha irəli getmək haqda düşünək. Bizim bu gün Bakıda olmağımız Quzanlıda nələrinsə çatışması və ya çatışmamasından çox klub infrastrukturunun daha da yaxşılaşdırılması ilə bağlıdır.
Yamən: Salam. Əmrah müəllimə təsəkkürümüzü bildiririk ki, onun gəlişindən sonra nəinki «Qarabağ», həm də Azərbaycan futbolu inkişaf etməkdədir. «Qarabağ»a uğurlar!
Əmrah Çəlikəl: Xoş sözlərə görə çox sag olun. “Qarabağ”ımızın bu gün böyük ugurlara imza atması daha çox orada gözəl kollektivin yığılması ilə bağlıdır. Fikrimcə, ən böyük təşəkkür «Qarabağ»ımızı yaşadan klubumuzun prezidenti Abdolbari Gozel bəyə, bizlərə inanaraq ən yaxşı və ən çətin günlərimizdə bizi tək qoymayan vitse- prezidentimiz Tahir Gozel bəyə və «Qarabağ»ımızı, Azərbaycanın ən perspektivli, ən cavan, yerli klubu olma yolunda çəkinmədən, öz karyarasını da fikirləşmədən qəbul edən və bu gün böyük uğurlara imza atan Qurban Qurbanova düşür. Mənim əsas görəvim isə rəhbərliyimizin istədiyi hədəflərə ən tez və ən düzgün yoldan komandamızı çatdırmaqdır.
Mənim bu vəzifəyə gəldiyim 2004-cü illə bugünkü futbol qurumları və infrastuktur arasında çox böyük fərqlər var. Azərbaycanda futbol böyük sürətlə inkişaf edir. Digər dövlətlərin 15-20 ilə əldə etdiyi uğurları Azərbaycanda daha qısa müddət ərzində əldə edəcəyik.
Azərbaycanda futbolun qısa müddət ərzində çox böyük inkişafa nail olması birbaşa AFFA rəhbərliyinin düzgün siyasəti ilə bağlıdır.
Xoş sözlərinizə görə bir də çox sağ olun deyirəm.
Kamil Dünyamalıyev:
Salam Qol.Az redaksiyası. Cənab Əmrah bəyi salamlayıram. Sizə bu cür gözəl, inamlı kollektiv yaratdığınıza görə öz adımdan təşəkkür edirəm. Əminəm ki, yaxınlarda bizim üçün hələ də əlçatmaz olan Avropa kuboklarındakı qrup arzularımızı da gerçəkləşdirəcəksiniz. Mənim narahatlığım Əfranla bağlıdır. Onun yeri açıq-aşkar görünür. Sizcə, ona layiqli əvəzedici yoxdurmu? O olmadıqca, «Qarabağ» sol cinahda axsayır. Bir də komandaya səviyyəli hücumçu lazımdır.Yəqin ki, bu barədə bir fikriniz olar. Təşəkkürlər.
Əmrəh Çəlikəl: Kamil bəyə sualına görə təşəkkür edirəm. Gələn mövsümdən tək istəyimiz qrup mərhələsində Azərbaycanı «Qarabağ» adı ilə ən yüksək seviyyədə təmsil etməkdir.
Əfranın zədəsi bizləri də çox narahat edir. Avropada çıxış etdiyi vaxtda ən sərrast futbolçular siyahısına da düşmək şansını əldə edən Əfranın zədələnməsi çox pis bir vaxta təsadüf etdi. Bilirsiniz ki, Əfranın zədələndiyi «Neftçi» matçından sonra komandamız «Borussiya» Dortmundla üz-üzə gəldi və bu iki oyundan sonra isə bütün diqqətimizi milli çempionatdakı oyunlarımıza yönəltdik. Bizim bəxtimiz onda da gətirmədi ki, Əfran zədələnəndə milli çempionatlar da başlamışdı. Əfranın yerinə səviyyəli bir legioner gətirmək istəyimiz buna görə baş tutmadı. Əgər biz bu mövqeyə bir transfer etsəydik belə, o, ən azı Əfranın gücündə olmalıydı. Təəssüf ki, bu səviyədə futbolçu tapılmadı. Biz bu gün Türkiyənin ən güclü həkimlərindən və fizioterapistlərindən Əfranın ən tez vaxta sağaldılması üçün kömək alırıq. İnşallah, tez zamanda əvvəlkindən daha güclü, daha istəkli Əfranı görəcəyik.
Perviz Muradov:
Əmrah bəy, düşünmürsünüz ki, «Qarabağ»ın bu gun zəif cıxış etməsinin səbəbi heç bir transferin olmamasıdır? Bəlkə də yaxşı bir transfer olsaydı, «Borussiya» səddini də keçmək olardı. Bu gün «Qarabağ»a yeni qan lazımdır. Bundan bir dərs götürüb heç olmasa, qış transfer pəncərəsi açılanda lazımi transfer heyata keçirəcəksiniz, yoxsa yenə belə davam edəcək?
Əmrah Çəlikəl: Salam Murad bəy. Sualınıza görə təşəkkür edirəm.
Yuxarıda qeyd etdiyim kimi, bizim futbolçu transfer etməklə bağlı maddi heç bir problemimiz yoxdur. Sadəcə olaraq, bizim hədəfimiz yerli futbolçularımızın Avropa səviyyəsinə çatmasında lazımi şəraiti yaratmaqdır.
Qış transfer pəncərəsi açılanda əgər transferə ehtiyac yaranarsa, əlbəttə, bunu gerçəkləşdirəcəyik.
Etibar Abdullayev:
Salam Əmrah bəy! Mən «Qarabağ»ın bir fanatı kimi sizə bu sualımı cavablandıracağınız üçün əvvəlcədən təşəkkür edirəm. Vaqif Cavadovun yenidən «Qarabağ»a qayıtmamasının əsas səbəbi nə oldu? Və ya niyə «Bakı» bizdən daha çox maraqlı oldu onun transferində? Kiçik bir sual daha. Təbii ki, «Qarabağ»ın pis günündə də, yaxşı günündə də bacardıqca stadionda olmuşam, uduzanda da pis olmamışam. Həmişə demişəm ki, «canın sağ olsun!» Çunki bir ağdamlı kimi «Qarabağ»ın vurğunuyam, amma bu il bizə hansı nəticələri verəcəyinizi bilmək daha xoş olardı. Təşəkkür edirəm və unutmayın ki, bundan sonra da «Qarabağ»la olacağam! Sizə uğurlar!!!
Əmrah Çəlikəl: «Qarabağ»a ürəkdən verdiyiniz dəstəyə görə çox təşəkkür edirəm.
Vaqif`peşəkar bir futbolçu, «Qarabağ» isə peşəkar bir klubdur. Əlbəttə, futbolçu özünü harda rahat hiss edirsə, orada da oynamalıdır. Əgər bu gün Vaqif «Bakı» komandasının şərəfini qoruyursa, deməli, belə olmalı imiş. Biz Vaqifin Avropada öz sozünü deməsini daha çox istəyərdik, nəinki «Qarabağ»a qayıtmasını və ya «Bakı»da oynamasını. Amma hələ itirilmiş heç nə yoxdur. İcarə müddətinin bitməsindən sonra «Tvente»nin onu yenidən heyətinə qatmaq istəyəcəyinə ümidim var. Vaqif bizim Avropaya etdiyimiz hələ ilk transferimiz idi. İnşallah, gələn illərdə daha çox futbolçumuzu böyük klublara göndərəcəyik. Az əvvəl qeyd etdiyim kimi, «Qarabağ» peşəkar bir klubdur. Ancaq peşəkarlarımızın yanında mənəviyyata böyük üstünlük veririk, bundan sonra da belə olacaq.
«Qarabağ» həmişə yuxarı yerlər uğrunda mübarizə aparıb. Bu il də belə olacağından şübhəmiz yoxdur. Klub prezidentimiz bizə illik hədəflərimizi verərkən, ən əsası yerli və perspektivli oyunçulara üstünlük verərək, yaxşı kollektiv qurmağımızı tapşırır və əgər biz bunları edərsək, nəticənin özü gələcəyini bizə deyir. Mənə elə gəlir ki, iki ildi biz bunun hesabına gözəl nəticələr qazanırıq.
Kənan Babayev:
Salam. Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Azərbaycan millisində 2 pleymeyker var. Onlardan biri Elvin Məmmədov, digəri isə Fabio Luis Ramimdir. Əgər nəzərə alsaq ki, Fabio Elvindən zəif təsir bağışlayır, onda yeganə ümidimiz Elvinə qalır. Di gəl ki, Elvin Məmmədovu «Qarabağ»ın nəinki əsas heyətində, çox vaxt heç ehtiyatda da görmürük. Bəzən isə onun meydanda olduğu yalnız 20-30 dəqiqə vaxtla kifayətlənirsiniz. Mənim sualım belədir: Əgər Elvini oynatmaq fikriniz yoxdursa, olmaz ki, onu başqa bir kluba ya icarəyə verəsiniz, ya da digər kluba keçməyinə şərait yaradasınız?
Əmrah Çəlikəl: Salam Kənan bəy! Dəyərli fikirlərinizə görə çox sağ olun.
Elvin Azərbaycan futbolunun yetişdirdiyi gənc və perspektivli futbolçulardan biridir. Əgər o, bu gün ehtiyatda qalırsa və ya əsas heyətə düşə bilmirsə, yəqin ki, öz üzərində daha çox işləməlidir. Elvinin potensialına hamımız bələdik. Onun ötən il avrokuboklardakı çıxışı unudulmaz idi. Mənə elə gəlir ki, əgər futbolçu öz potensialından aşağı oyun göstərirsə, ehtiyatda qalmalıdır, bunu normal qarşılamalıyıq. Unutmayaq ki, tək Elvinin yox, bütün futbolçuların tam performans göstərməsi birinci növbədə baş məşqçiyə lazımdır. Elvin hələ çox cavandır və onun Azərbaycan futbolunda iz buraxanlar siyahısına düşəcəyinə inanıram.
Vüqar:
Hami bilir ki, Berti Foqtsun tez-tez təlim-məşq toplanışları keçirməsi «Qarabağ»ın futbolçularına mənfi təsir gostərir, baş məşqçiniz Qurban Qurbanovun planları pozulur. «Qarabağ» komandası nə vaxt bu məsələylə bağlı AFFA-ya müraciət edəcək?
Əmrəh Çəlikəl: Salam Vüqar bəy, sualınıza görə təşəkkür edirəm. Azərbaycan futbolu inkişaf yolundadır və hamımız bu inkişafa öz töhvəmizi vermək üçün çalışmalıyıq. Bu gün əsas yığma komandamızın uğur qazanması ən çox bizləri sevindirəcək və biz istenilən fədakarlığı bundan sonra da göstərməyə hazırıq.
Nizami Əhmədov: Sizin rəsmi adınız İşık Əmrah Çəlikəl gedir. Mənə maraqlıdır, əsl adınız İşıkdır, yoxsa Əmrah?
Əmrah Çəlikəl: Salam, Nizami bəy! Sualınıza görə təşəkkür edirəm. Əsl adım İşık Əmrahdır. Yəni hər iki adımla müraciət oluna bilər.
Qulu Kələntərov:
Əmrah bəyi salamlayıram və “Qarabağ”ın Avropadakı uğurlarına görə klub rəhbərliyinə, məşqçilərə və futbolçulara təşəkkür edirəm. Suallarım belədir:
1.Nəyə görə “Qarabağ” mövsümün əvvəlində baş məşqçinin qarşısında çempion olmaq vəzifəsi qoymur? Axı, Avropada uğurlu çıxış etmiş bir komanda çempionluğa da layiqdir.
2. Səmimi və konkret deyin. “Qarabağ” Quzanliya qayıdacaq, ya yox?
Əmrah Çəlikəl: Suallarınıza görə təşəkkür edirəm.
Klubumuzun ən əsas hədəfi, yeni futbolçular yetişdirərək, güclü, sağlam kollektiv ruhunu yaratmaqdır. Bununla da həm milli çempionatımızda, həm də Avropada uğurlu nəticələr alacağımıza inanırıq. Əlbəttə ki, çempion olmaq hər bir «Qarabağ»lı kimi bizim də arzumuzdur və gənclərimiz inkişaf etdikcə, gələcəkdə bu sevinci tez-tez yaşayacağımıza inanırıq.
Quzanlı ilə bağlı sualınıza gəldikdə isə, onu deyə bilərəm ki, bizim bu gün Bakıda məskunlaşmağımız gələcəyə hesablanmış addımdır. Biz hələ ki, oyunlarımızı Bakıda keçirmək fikrindəyik. Gələcəkdə nə olacağını isə indidən deyə bilmərəm.
Nahit Əliyev, Rusiya:
Emrah bəy, Qurban Qurbanov “Qarabag”a gələndən sonra komandanızda irəliləyiş var. Qurban bəyin sizinlə müqaviləsi nə zaman bitir? Onunla uzunmüddətli müqavilə bağlamaq fikriniz varmı?
Əmrah Çəlikəl: Qurban müəllimlə, rəsmi müqaviləmiz gələn mövsümün sonunda bitir. Ancaq biz onun daha uzun illər «Qarabağ»da qalıb işləməsini istəyirik.
Elməddin: Əmrah bəy, sizcə, «Qarabağ»ın ən yaxşı futbolçusu kimdir?
Əmrah Çəlikəl: «Qarabağ» formasını geyinən bütün futbolçular mənə görə ən yaxşılardır. Kimisə ayrıca qeyd edə bilmərəm.
Rəşad: “Qarabag”ın Avropadakı uğurlarından sonra mən bu komandanın fanatına çevrilmişəm. Mənim sizə sualım yoxdur. Amma bir azarkeş kimi tələbim var: «Qarabağ»ın fan-şopunu açın. Mən heç bir yerdə “Qarabağ”in formasını tapa bilmirəm.
Sizə uğurlar!
Əmrah Çəlikəl: Rəşad bəy, dəyərli fikirlərinizə görə çox təşəkkür edirəm.
İnşallah, tez bir vaxtda bu məsələni qaydasına qoyacağıq.
Səməd Niyazov:
Əmrah bəyi salamlayıram.
Mənə elə gəlir ki, sizin klubunuzun himni elə də yaxşı deyil. Klubun himnini dəyişmək fikriniz varmı?
Əmrah Çəlikəl: Salam Səməd bəy. Dəyərli fikirinizə görə təşəkkür edirəm Hələ ki, bu barədə fikrimiz yoxdur.
Aftandil Xəlilov:
1.Sizin üçün Azərbaycanın ən güclü futbolçusu kimdir?
2. Rəşad Sadıqovu «Qarabağ»da niyə saxlamadınız? Axı, Rəşadın yeri görünür komandada.
Əmrah Çəlikəl: Suallarınıza görə təşəkkür.
Bu gün göstəricilərdə, çıxış etdiyi çempionatda, komandamızda olduğu dövrdə həm bir futbolçu, həm də lider kimi yaxından tanımaq imkanı əldə etdiyim Rəşad Sadıqovu fərqləndirərdim.
İkinci sualınıza gəlincə, biz Rəşadla əvvəl danışanda belə razılığa gəlmişdik ki, xaricə getmək istəsə, onun qarşısını kəsməyəcəyik. Əlbəttə, bu gün mən Rəşadın «Qarabağ»da olmasını bəlkə də hamıdan çox istəyirəm. Amma əgər Türkiyədə özünü yaxşı tərəfdən göstərib daha irəli getməsinə imkan yaransa, buna da ən çox sevinənlərdən biri mən olacağam.
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video