“Neftçi" də 8 nəfərlə qalanda ləng oynayırdı” – Yunis Hüseynov

“Neftçi" də 8 nəfərlə qalanda ləng oynayırdı” – Yunis Hüseynov
MÜSAHİBƏ 28 Aprel 2021 / 14:29 3370
-  A +

Futbol mütəxəssisi Yunis Hüseynovun Qol.az saytına müsahibəsi

- “Keşlə”dən ayrıldıqdan sonra sizə təklif olubmu?

- Hələ iş təklifi yoxdur. Ramazan ayıdır, evdə oluram. Yalandan deyə bilmərəm ki, təklif var, amma getmirəm (gülür)…

- Bəs, Ramazan ayından sonra həyata keçirmək istəyiniz bir planınız varmı?

- Xeyr, hansına biznes ideyam da yoxdur ki, həyata keçirim. Federasiyadan xəbər gözləyirik. Yəqin ki, Elxan müəllimlə görüşəcəyik.

- Hazırda Premyer Liqamızın gedişatını necə dəyərləndirirsiniz?

-  Bildiyiniz kimi, çempionluğa 2 namizəd var - "Qarabağ" və "Neftçi". Bir müsahibəmdə deyirdim ki, "Qarabağ" istəksizdir. O üzdən "Neftçi"ni daha şanslı sayırdım. Bu fikrim əsəb yerə deyildi. Çünki onlar daha istəkli görünürdü. Son oyunlarda isə gördüm ki, "Qarabağ" çox aqressivləşib. "Sumqayıt"la kubok matçında bir az söz-söhbətlər oldu. Eyni zamanda həm ölkə kubokunun, həm də Premyer Liqanın qalibi olmaq istəyirlər. Hazırda "Qarabağ" turnir cədvəlinin liderdir. Mən belə düşünürəm ki, onlar bu şansı əldən verməyəcəklər. "Neftçi"yə gəldikdə isə görürük ki, bir oyun yaxşı çıxış edirlər, başqa oyunda isə sabitlik olmur. 70 faiz "Qarabağ" çempion olmağa yaxındır. Amma istərdim ki, "Neftçi" çempion olsun. O komanda məni Azərbaycana tanıdıb, 15 il şərəfini qorumuşam, 9 il kapitanı olmuşam.

- Bəs, son klubunuz "Keşlə" haqda nə deyə bilərsiniz?

- Ordan ayrılanda demişdim ki, "Keşlə" Konfrans Liqasına vəsiqə qazanacaq. Komandanın potensialı buna imkan verir. Amma çempionatda bu, real görünmür. Kuboka gəldikdə isə heç nə itirilməyib. İlk oyunda "Zirə"yə 1:2 hesabı ilə məğlub olsalar da, şansları var. Yenə deyirəm "Keşlə" Avropada oynayacaq bir komanda idi.

- Qalmaqallı "Sabah" - "Neftçi" görünüşü izlədiniz? İzləmisinizsə, şərhiniz necə olardı?

- Orda əsas fikirlər hakimə yönəldi. Mən hakimlik barəsində çox danışmaq istəmirəm. Çünki hakimlər komitəsi var, işi onlar daha yaxşı bilir. Mediada da oxuyuram ki, həmin hakimin işinə baxırlar. Mən deyərdim ki, hakim oyunda idarəetməni itirdi. Sonda da belə davaya, söz-söhbətə gətirib çıxardı. Oyun çox maraqlı keçdi, həm "Sabah", həm də "Neftçi" xal qazanmaq istəyirdi. Bayaq dediyim kimi, "Neftçi" sabit oyun göstərmir. "Zirə" ilə çox yaxşı oynadı, "Sabah"la oyunda isə bunu görmədik. "Sabah" həmin oyunda əzmkarlıq göstərib xal qazandı. Amma hakim elə səhvlər etdi ki, oyunun gərgin keçməyinə səbəb oldu. Penalti epizodlarında yanlışlığa yol verdi, tez-tez vərəqələr göstərirdi. Sizə qırmızı vərəqələrin səbəbini deyim. Düzdür, özüm də futbolçu olmuşam, məşqçiyəm, adam oyunda aqressiv olur. Samir Abasov da bir az aqressiv idi. Bu da başadüşüləndir. Çünki komanda çempionluq uğrunda mübarizə aparır. Amma qırmızı vərəqlərin səbəbi oyunun ilk dəqiqələrində göstərilən sarı vərəqədir. Hakimlərimiz sanki ilk sarı vərəqələri bağışlamağı bacarmırlar. Halbuki xəbərdarlıq etməklə kifayətlənə bilərlər. Hər xırda epizoda sarı vərəqə vermək olmaz. 8-ci dəqiqədə sarı vərəqə alan futbolçu oyun ərzində qayda pozacaq. İlk aldığı vərəqə onun meydanda qovulmasına səbəb olur. Yenə deyirəm, ilk sarı vərəqələri xəbərdarlıqlarla əvəz etmək olardı. Həmin oyunda 3 qırmızı vərəqə oldu. Təmkin Xəlilzadə ikinci sarı vərəqəni qayda pozduğuna görə aldı. Amma birinci sarı vərəqələr olmasaydı, daha yaxşı olardı. "Neftçi"nin vurduğu ilk penalti əslində cərimə meydançasından kənarda olan qayda pozuntusu idi. Həmin futbolçular çox əsəbiləşir. Elə epizodlar olur ki, adam özündən çıxır. Bəhlulun qırmızı vərəqə almasında da yanlışlıq var idi. Belə çıxır ki, hər küncdən zərbə vurulanda penalti təyin olunsun? Küncdən zərbə zamanı mübarizə gedir, bu da normaldır. O anda Bəhlul tullanıb topu çıxarmaq istədi, guya dirsək zərbəsi oldu deyə, qırmızı vərəqə aldı. Belə baxanda rəqibin nə başı, də nə qaşı partladı. Həm penalti, həm qırmızı vərəqə verdi. Bunlar oyunun gərginliyinə səbəb oldu.

- Keysuki Hondanın qolu saylmadı. Sizcə, həmin epizodda qol sayılmalı idi?

- Mən belə düşünürəm ki, hakim orda verdiyi yalnış qərarları belə kompensasiya etdi. Özünü sığortalamaqdan ötrü təmiz qolu saymadı. Düzdür, irəlidə oyunçu var idi, amma passiv idi. Topa tərəf hərəkət etmədi. Təmiz qol idi. Yəqin özündə fikirləşib ki, bu qolu saymamaqla yalnış qərarların bədəlini ödəsin.

- Dediyiniz kimi 15 il "Neftçi"nin şərəfini qorumusunuz, azarkeşlərini də yaxşı tanıyırsınız. Fanatlar oyundan sonra Saşa Stamenkoviçi vaxtı uzatdığına görə çox qınadılar.

- Saşa "Neftçi"nin şərəfini qorumuş bir futbolçudur. Orda olduğu zamanda da komandası xal qazansın deyə belə edib. Bu, normaldır. Hər bir oyunçu komandasının xeyrinə nə edirsə, mən onu alqışlayıram. Mən futbolçu olmuşam, indi də məşqçiyəm. Uduzan vaxtı mənə xal lazımdırsa, 8 nəfərlə qalmışamsa, niyə topu oyuna vaxtında daxil edim? Kim bunu edər? Heç kim.

Topu oyuna tez daxil edim ki, rəqib də qolu tez vursun? Dünyanın harasında belə şey olub ki, azlıqda qalan komandanın futbolçuları topu oyuna tez daxil etsin, vaxt uzatmasın. "Qarabağ" - "Neftçi" oyununu götürək. "Neftçi" də 8 nəfərlə qalanda ləng oynayırdı. Saşa komandasının xeyri üçün çalışdı. Düzdür, o hərəkət azarkeşlərə, rəqib komandaya, mənim özümə də xoş gəlmir. Sadəcə olaraq öz komandasının xeyri üçün edir. Çox da mən əsəbiləşim, nə dəyişəcək? (gülür)

Mən azarkeşləri gözəl başa düşürəm, əsəblər tarıma çəkilir. Oyunu gecikdirən futbolçulara qarşı həmişə aqressiya olub. Amma həmin futbolçu öz komandası üçün çalışır, buna görə pis bir şey yoxdur burda. "Neftçi" azarkeşləri çox sadiqdirlər, həmişə komandanın yanında olurlar, onları gözəl başa düşürəm. Bu oyunda Saşanı başa düşmək olar.

- Bəs, həmkarınız Samir Abbasovun Şaşa Stançenkoviç barədə səsləndirdiyi qeyri-etik ifadəyə münasibətiniz necədir?

- Məşqçilər belə oyunlarda aqressiv olur. Amma düşünürəm ki, elə şeylərə ehtiyac yoxdur. Elə anlarda səbrli olmaq lazımdır.

Ağa Dadaşzadə

Daha çox


Son xəbərlər