"Bu gün ondan çox narazı qaldım" - Rəşad Sadıqov

"Bu gün ondan çox narazı qaldım"  -  Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 9 Mart 2021 / 19:36 3671
-  A +

"Oyunu diqqətlə analiz etmək lazımdır. "Qarabağ" əlinə düşən fürsətdən belə istifadə edirsə, mübarizə aparmaq çətindir".
 
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 19-cu turunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətin üzücü olmasına baxmayaraq, artıq növbəti oyunu düşünməli olduqlarını bildirib: "Rəqibin pressinqini də nəzərə almaq lazımdır. Belə edəcəklərini bilirdik. "Qarabağ"ın ustalığına və potensialına bələd idik. Oyuna nəzarət onlarda idi, amma 100 faizlik şansları olmadı. Məyusuq, lakin "Qəbələ" ilə oyunu düşünməliyik".

R.Sadıqov uduzmalarının səbəbini belə izah edib: "İkinci hissədə daha inamlı oynamağı planlaşdırırdıq. Düşünürdük ki, ilk hissə 0:0 hesabıyla bitsə, rəqib artıq tələsəcək. Qapımıza iki zərbə oldu, onlar da qolla nəticələndi. "Qarabağ" inamlı şəkildə pressinq edirdi, bu da biz tərəfdən top itkilərinə səbəb olurdu. İkinci yarıda oyuna nəzarət etdik. Matçı çevirmək mümkün olmadı, qol epizodu yarada bilmədik. "Qarabağ" Çempionlar Liqasında oynayır. Biz isə orada oynamağa hazır deyilik".

R.Sadıqov oyunun sonlarında zədələnərək meydanı tərk edən Klesio Baukun durumuna da toxunub: "Baxırsan ki, yıxılır, çiyni çıxır. Bu gün Klesio qaçdığı yerdə ayaq biləyi burxuldu. Ümid edirəm ki, zədəsi ciddi deyil. Sıx qrafikdə oynamaq çətindir. Yanvarda proqramımız dəyişdi. Gərək, qrafik tərtib olunanda həm milli, həm də klublar nəzərə alınsın. Heyətimiz kasad olduğu üçün oynamaq çətindir. Ağabala zədədən qayıtmışdı, onu qorxa-qorxa oynadıram. Şikayət etmirəm, amma çalışacağıq ki, bu vəziyyətdən çıxaq".

Baş məşqçi sağ cinah müdafiəçisi Sərtan Taşkından narazı qaldığını söyləyib: "Son oyunlarda yaxşı çıxış edirdi. Lakin bu gün ondan narazı qaldım. İlk 5 dəqiqədə onun cinahından təhlükəli hücumlar gəldi. İmkanım olsaydı, 20-25-ci dəqiqədə dəyişərdim. Lakin mən belə şeyləri sevmirəm. Özünə də demişəm, bu gün ondan çox narazı qaldım. Potensialı var, amma özünə bənzəmirdi".

Daha çox


Son xəbərlər
topaz banner