Ramil Şeydayevə nə olub?

Ramil Şeydayevə nə olub?
ÖLKƏ FUTBOLU 9 Mart 2021 / 17:13 4415
-  A +

Azərbaycan milli komandasının və "Sabah" klubunun hücumçusu Ramil Şeydayev bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkir. 24 yaşlı hücumçu bu mövsüm Premyer Liqamızda 17 oyunda meydana çıxıb və cəmi 3 qol vurub. Bundan başqa, ötən həftə futbolçu birinci divizionda “Sabah”ın əvəzedici heyətində də meydana çıxıb və görüşdə qırmızı vərəqə alıb.

Bir vaxtlar Rusiya, Slovakiya Premyer Liqasında çıxış edən, millimizin heyətində Almaniya, Xorvatiya kimi komandalara qol vuran Şeydayevin problemi nədir?

Futbol mütəxəssisi Yunis Hüseynov Qol.az saytına deyib ki, əvvəla Şeydayevin Rusiyadan Azərbaycana gəlməsi düzgün qərar deyildi:

“Həmişə millidə Şeydayevi fərqləndirirdim. Bunu da səbəbi onun Rusiyadakı çıxışları idi. Oyun və qol vurma baxımından o həmişə seçilirdi.  Ancaq təəssüf ki, bura gələndən sonra çox zəifləyib. Bu da praktikanın az olmasından irəli gəlir.

Futbolçu geriləyirsə, səbəb həmişə onun özündə olur. Rusiya çempionatı bir qədər yüksək çempionatdır. Orada heyətə düşmək üçün mübarizə aparmaq lazım olur. Amma mən belə düşünürəm ki, Azərbaycana gələndən sonra həmişə özünü əsas heyətdə oynayan futbolçu kimi hiss edib və geriləmə gedib. Futbolçu problemi özündə axtarmalıdır.  Yəqin ki, məşq və oyun proseslərində tam potensialını ortaya qoymur”.

Bəs, problemdən çıxış yolu kimi nədir?

Yunis Hüseynovun bu suala cavabı belə olub: “Şeydayev pis futbolçu deyil, hər şey özündə asılıdır. Dediyim ki, Rusiya çempionatında yaxşı nəticə göstərirdi. Amma hazırda daha intizamlı və ciddi çalışmaq onun özündən asılıdır. İnanıram ki, o, bunu bərpa edə bilər. Hər bir futbolçuya inansan, əminəm ki, o bunu hiss edəcək. Futbolçunun üzərinə çox gedəndə, o, psixoloji cəhətdən də zərbə alır. Bir qədər Şeydayevə şans vermək lazımdır ki, özünə gələ bilsin."

Millimizin sabiq hücumçusu Vaqif Cavadovun fikrincə, Şeydayevin geriləməsi onun hazırkı komandası, məşqçisi və oyunçulardan qaynaqlanır:

“Mən dəfələrlə demişəm ki, biz onu komandaya qazandırmaq istəyiriksə, baş məşqçi ona şans verməlidir, daimi güvənməlidir. Təəccüblüdür ki, Şeydayev Premyer Liqada çıxış edə-edə onu birinci diviziona göndərirlər. Hara baxırlar ki, Şeydayev gedib birinci liqada oyanır. Əgər futboldan başım çıxmasa, susaram. Biz ona görə bu gündəyik. Bilirsən ki, bu adam psixoloji cəhətdən orada oynamağa hazır deyil. O, millinin əsas forvardlarından biri sayılır, siz isə onu göndərirsiniz əvəzedici heyətə. Bu, futbolçuya təsir edir. 

Əgər "Sabah" onu 90-cı dəqiqədə meydana buraxırsa, bu, doğru deyil. Sən millinin əsas futbolçusunu almısan. Əgər hazır deyilsə ümumiyyətlə, oyuna buraxma. Hazır olandan sonra ya əsas heyətə qoyursan, ya da sonra ikinci hissədə meydançaya buraxırsan.  Biz görürük ki, "Sabah" bu futbolçunu aldığı gündən “sındırıb”. Əsas hücumçusunu 89-cu dəqiqədə meydançaya buraxır. Bu bir, ya iki dəfə ola bilər ki, son dəqiqə oyuna daxil olan oyunçu qol vursun. Hər dəfə mümkün deyil, ancaq 10 faiz işə yaraya bilər. Sən üç dörd dəqiqəyə heç nə göstərə bilməzsən.

Tək-tük şans düşə bilər ki, bu zaman ərzində qol vurulsun. Bu o demək deyil ki, biz futbolçunu belə edərək itirməliyik. İndi hamı deyir, ay Şeydayev pisdir. Bəli, indi formadan düşüb. Bunun da səbəbləri var. Mən daim demişəm, baş məşqçi ona güvənmir. Təlim-məşq bazasındakı insanların dedi-qoduları onu ruhdan salır. Bu amillərin hamısı öz təsirini göstərir. Gərək baş məşqçi onu oyuna qazandırsın və güvənsin”.

V.Cavadov Şeydayevə tövsiyələrini də verib: “Mənim tövsiyəm odur ki, heç nəyə qulaq asmasın, öz məşqini etsin. Yenə də deyirəm ki, futbolçu baş məşqçidən asılıdır.  Baş məşqçi hər bir futbolçunu endirə də bilər, qaldıra da. Gərək oyunçuya güvənəsən. Əgər biz millini düşünürüksə, bunu etməliyik. Bilməliyik ki, hər bir futbolçunun potensialı nədir. Onu itirməmək üçün üstünə getmək lazım deyil, əksinə qazandırmaq lazımdır. Qazandırmaq da ona məşqlərdə güvənmək, əsas heyətdə oynatmaqdır”.

Ağa Dadaşzadə

Daha çox


Son xəbərlər
topaz banner