“Banişevski hardadır, niyə gəlməyib?"

“Banişevski hardadır, niyə gəlməyib?"
ÖLKƏ FUTBOLU 22 Fevral 2021 / 13:39 3423
-  A +

Yaşasaydı, 2021-ci ilin fevralın 23-də Azərbaycan futbolunun əfsanəsi özünün 75 yaşını qeyd edəcəkdi

***
Azərbaycan futbol ictimaiyyətinin sevimlisi Anatoli Banişevski “Marakana” stadionunda Braziliya yığma komandası ilə oyunda başı ilə vurduğu qolla futbol aləminə səs saldı.

Qısa müddət kəsiyində onun adı xarici mətbuatda "Bakılı oğlan" kimi məşhurlaşdı.

Sadə malakan ailəsində böyüyən Tolikin ilk sevimli meydançası "Spartak" stadionu idi. Məhz yeniyetmə yaşında Banişevskinin istedadını görən Ələkbər Məmmədov və Boris Arkadyev onu Bakının "Neftçi" komandasına dəvət etdilər.

İstedadı ilə seçilən Banişevski qısa  zaman kəsiyində SSRİ yığma komanda rəhbərliyinin də maraq dairəsinə düşdü.  Lev Yaşin, Metreveli, Mesxi, Xurtsilava, Voronin, Bişovets, Malofeyev kimi məşhur futbolçularla bir komandaya dəvət olması futbolsevərlırin diqqətini cəlb etdi.
Onun yerdən sürəti, driblinqi, əsas da başla oyunu heyranedici idi. Təsadüfi deyil ki, məhz Marakana stadionunda başla vurduğu qola görə Pele onu "Qızıl baş" adlandırmışdı.
2015-ci ildə “Neftçi” FK-nın idman direktoru Vəli Qasımov Braziliyada səfərdə olarkən “Marakana” stadionunun muzeyinə Banişevskinin "9" nömrə “Neftç”i maykasını hədiyyə etməsi də Azərbaycan adına bir ehtiramdır.

Onun Londonda 1966-cı ildə dünya çempionatında Çili komandasına vurduğu qolu və oyunlardan birində ot örtüyünün zədələnməsini görərək geriyə dönüb meydanda səliqə yaratması da azərkeşlərin diqqətini çəkmişdi.

1966-cı ildə dünya çempionatında Eysebiyonun kapitanı olduğu Portuqaliya yığmasına qarşı oyundan sonra Anatoli Banişevskinin bürünc mükafata layiq görülməsi, eləcə də 1972-ci ildə Frans Bekkenbauerin kapitanı olduğu Almaniya  yığma lomandası ilə oyundan sonra Avropa Çempionatının gümüş medalı ilə mükafatlanması da Azərbaycan futbol tarixinə düşən paydır.
Dünya və Avropa çempionatları ərzində ona ingilis və digər xarici klublardan gələn təkliflərə susqunluqla cavab verməyi sovetlər ölkəsində futbolda transfer siyasətinin qapalı olması ilə bağlı olub.
Ömrünün sonuna kimi “Neftçi” Futbol Klubuna sadiq qalan Banişevski komanda yoldaşları ilə birgə qazandırları bürünc medallar 1966-cı il SSRİ çempionatının yekun nəticəsi idi. 



Banişevski ilə ilk tanışlığımız Afrikadan Burkino- Faso ölkəsində məşqçilik işindən geri döndüyü vaxta təsadüf edir.  1992-ci ilin oktyabr ayında T.Bəhramov adına Respublika Stadionunda Azərbaycanın veteran futbolçularının dostluq oyununda tamaşaçı qismində iştirak edən A.Banişevski alman qonaqlarla eyni cərgədə oturmuşdu.

Oyun öncəsi almanların Azərbaycana hədiyyə etdiyi "Mercedes Benz" təcili tibbi yardım maşını stadionu  dövr edərək tamaşaçılara təqdim olundu. Sonra professor Harmen von Lessen və Dr. Ağabəy Azərbaycani Alman -Azərbaycan Cəmiyyəti adından nəzərdə tutulan mükafatı Ələkbər Məmmədov başda olmaqla futbol ictimaiyyətinə təqdim etdilər.

Banişevski ilə növbəti görüşümüz Qaradağ Rayon Stadionunda keçirilən dostluq oyunundan sonra oldu. Oyunu izləyən ulduza meydançada verdiyim ötürmədən və yaranan qol situasiyasından danışdıqda "Nə olsun, qol ki vurulmadı!" cavabını verdi. 

 Oyundan sonra ziyafət zamanı Valeri Hacıyevin pianinoda müşayəti ilə Yaşar Babayev "Yağma yağış" mahnısını ifa edəndə salondakılar ona əl çalaraq alqışladılar. İfadan sonra Yaşar Babayev masaya əyləşəndə Banişevski sakitcə "Yaşar, sən futbol oynayanda heç bu qədər əl çalmırdılar" sözlərini zarafatla ona çatdırdı.

Maraqlı görüşlərdən biri də Şirvan şəhərində “Energetika” Futbol Klubu ilə “Neftçi” Veteran Futbol Klubu arasında keçirilən oyun öncəsi ona şəhər rəhbərliyi tərəfindən xalça hədiyyə  olunması ilə başladı. 2:2 hesabı ilə heç-heçə yekunlaşan oyundan sonra aldığımız mükafat əfsanəvi Ələkbər Məmmədovun təklifi ilə Banişevskiyə verildi. Çünki o şəkər xəstəliyindən əziyyət çəkirdi. Qonşuluqda yaşayan ünlü futbol hakimi Rüstəm Rəhimov ona daim diqqət yetirirdi.


1997-ci ilin fevral ayı idi. Suraxanıda Olimpiya Mərkəzinin açılışına dəvətli idik. Yoldan Rüstəm mənə telefon açıb dedi ki, evdən yeməyə bir şey götür ki,  Tolik şəkərə görə nəsə yesin. Məndə özümlə yemək götürdüm. Paltomu qarderoba təhvil verdiyim üçün yemək cibimdə qaldı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tədbirə gəldiyi üçün mühafizə heç kimi kənara buraxmırdı.
Çıxış yolu kimi mühafizəçilərdən birinə yaxınlaşıb Banişevskinin şəkər olmasını və yeməyini unutduğunu anlatdım. O isə fikirləşmədən Banişevskiyə görə “olar” -dedi. Yəni xalqımız onu çox sevirdi. Bir başqa nümunə isə, 1990-cı illərin sonlarında Nabranda "Şəfa" istirahət mərkəzində AZİ-də işləyən Çingiz Nağıyevin Macarıstanın məşhur jurnalında Banişevskinin şəkli ilə manşet yazısı verilməsini vətənpərvərlik ruhunda gənclərə danışmasını indidə xatırlayıram.

Bir neçə il sonra söhbətlərimiz zamanı  ona xarici səfərlərdəki maraqlı məqamlardan, “Neftçi”də futbolçu dostlarından sual verəndə o az danışardı. Komanda yoldaşları ona çox hörmətlə yanaşardılar. Bir dəfə soruşdum ki, onlar necə futbol oynayıblar?  "Futbolu mən oynayıb həzz almışam, onlar isə oynayanda əziyyət çəkirdilər" gülümsəyərək sualımı cavablandırdı.

Bir gün Rafiq Bağırovun təşəbbüsü ilə Tolikin 50 illik yubileyi münasibəti ilə qardaşım Nazimin Pirşağıdakı bağ evinə yığışmışdıq. Nazim şəhərdə olduğundan bir qədər sonra yubileyə qatılmışdı. Nazim evə daxil olanda gördü ki, Tolik pivəsini içib qəlyanaltı edir. Bu an Nazim "Tolik əsil bizim adamdır. Belə sərbəst olması çox xoşuma gəlir" - dedi.

Ümimiyyətcə, Tolik məhşur sima olmasına baxmayaraq həddən artıq təvazökar idi. Ulduz futbolçu ilə bağlı Xalq artisti Vasif Babayev, bu günlərdə 75 yaşını tamamlayan xalq rəssamı Ağaəli İbrahimov və əməkdar incəsənət xadimi Aydın Əzimov gənclik illərini xatırlayaraq, ona münasibətlərini xoş xatirə kimi yada salırdılar. Belə nümunələrdən biri futbol ictimaiyyətinin dostu Rəhim Əliyevin şəxsi təşəbbüsü ilə Anatoli Banişevskiyə həsr olunan yubiley tədbirlərinin keçirilməsi və yeniyetmə futbolçulara xatirə medallarının təqdim olunması ona olan diqqətin təzahürüdür.

1997-ci ilin yayında dostum, tanınmış futbol məşqçisi Bernd Ştangenin dəvəti ilə “Neftçi” Veteran Futbol Klubu Almaniyaya səfər etdi. Oyunlardan biri Yena şəhərində "Karl Zeiss" Klubuna qarşı idi. O komandanın heyətində Almaniyanın tanınmış futbolçuları Duka, Fogel, İrmşe və Kupervait təmsil olunurdular. Şəhərdəki mühit, futbol afişası, qəzetlərdəki xəbərlər ruhlandırıcı idi. Oyun öncəsi aftoqraf verdiyimiz zaman bir stajlı alman azarkeşi mənə yaxınlaşaraq SSRİ yığmasının şəklini göstərərək barmağı ilə Banişevskiyə işarə etdi. "O hardadır, niyə gəlməyib?" sualını verdi. Mən isə səhhəti ilə bağlı təyyarəyə minə bilmədiyini söylədim.
 
Səfərimizdən altı ay sonra dekabrın 9-da Banişevski gözünü əbədiyyətə yumdu. Sevimli 9 nömrəmizi 9 dekabrda torpağa tapşırdıq.
Allah rəhmət eləsin!

Çingiz ABDULLAYEV
Alman – Azərbaycan Cəmiyyətinin sədri

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı