"Bəzi mövqelərə futbolçu tapa bilmirik" - Samir Əliyev problemlərdən danışır

"Bəzi mövqelərə futbolçu tapa bilmirik" - Samir Əliyev problemlərdən danışır
MÜSAHİBƏ 12 Fevral 2021 / 13:23 2641
-  A +

19 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təşkil edilən təlim-məşq toplanışını başa vurub.

Komandanın durumunu öyrənmək üçün baş məşqçi Samir Əliyevlə danışdıq. O, Qol.az-a müsahibəsində millidə bir çox problemlərin olduğunu bildirdi.

- Yanvarın 25-dən fevralın 7-dək Bakıda hazırlıq keçdik. Təəssüf ki, pandemiya ilə əlaqədar ölkədən kənara çıxa bilmədik, beynəlxalq oyun keçirmədik. Bakıda iki 1-ci divizion və 1 Premyer Liqa klubu ilə yoxlama oyununda qüvvəmizi sınadıq. Bütün dəvət alan futbolçuları sınaqdan keçirdik.

- Komandanın durumu necədir?

- Bizdə olan futbolçuların əksəriyyəti 1-ci divizionda oynayır. Çempionat hələ başlamamışdı deyə futbolçular hazır deyildilər. Bu da normal haldır. Hər bir futbolçu çalışırdı ki, özünü maksimum yaxşı tərəfdən göstərsin. Çünki bizim qarşıda seçmə mərhələ oyunlarımız var. Onun üçün 18-liyi seçməliyik.

- Yəqin ki, yoxlama oyunlarındakı rəqiblərin səviyyəsi sizi razı salmadı.

- Əlbəttə, beynəlxaq oyun olsaydı, daha yaxşı olardı. Futbolçularımız o ab-havanı, həyəcanı yaşayardı. Biz məşqçilər də həmin oyunlarda komandanın potensialının hansı səviyyədə olduğunu görərdik. Bilərdik ki, bu komanda nəyə qədərdir, bu heyətlə nə etmək olar, nə yox. Bakıda “Qaradağ Lökbatan”, “Neftçi”nin əvəzedici komandası və “Sabah”ın əsas komandası ilə oynadıq. Qarışıq heyətlərlə oynasaq da, futbolçuların işinə yanaşmasından razı qaldım. Çatışmayan cəhətlər var, amma onları da başa düşürük. Bu uşaqlar son iki ilə yaxın cəmi iki beynəlxalq oyuna çıxıblar. Bəzi oyunçular bizimlə deyildilər. Çünki həmin vaxt Azərbaycan kubokunun oyunları keçirilirdi. Əsas heyətimizin 7 futbolçusu klublarda idi.

- Mart ayında seçmə mərhələinin oyunları başlayır. Rəqibləriniz Fransa, Yunanıstan və Moldovadır. Bu komandaları necə dəyərləndirirsiniz? 

- İnanın ki, rəqiblərlə bağlı məlumatsızıq. Artıq bir ildən çoxdur ki, pandemiyaya görə Fransa və Yunanıstan  beynəlxalq oyun keçirməyib. Bütün əlaqələrimizi işə salıb, rəqiblərlə maraqlanırıq. Yalnız Moldova yanvar ayında Antalyada təlim-məşq toplanışında oldu. Bolqarıstan və Şimali Makedoniya ilə yoxlama oyunu keçirdilər. Son oyunlarının videomaterialını əldə etmişik. Ona görə də yalnız Moldova haqqında məlumatımız var. Komanda gərək oyun keçirə ki, onlar haqda məlumat toplayasan. 
Məni rəqiblərdən çox əsas öz komandamızın mart ayında hansı vəziyyətdə olacağı narahat edir. Əsas bunu düşünürük.

- Heyətə yeni futbolçular cəlb edə bilmisiniz?

- Bu yaş qrupunda seçim bir az azdır. Üzdə kimlər varsa, onlardır. Biz bu komandanın keçən ilin yanvarından qəbul etmişik. Elə futbolçu var ki, bu bir ildə artırıb, eləsi var ki, zəifləyib. Bu da məşqlərin və oyunların olmamasına görə idi.

- Seleksiya işlərini necə aparırsınız?

- Seleksiya işləri ölkədaxilində gedir. Xaricdə barmaqla sayılası qədər futbolçularımız var. Biz həmişə axtarırıq. Elə azərbaycanlı futbolçu var ki, dəvət etmişik, ancaq onların hazırlıq səviyyəsi bizi qane etməyib. Görmüşük ki, burdakı futbolçuların hazırlıq səviyyəsi ondan üstündür. Elə futbolçu da olub ki, təklifimizdən imtina edib.

- Son illər aşağı yaş qrupu üzrə millilərimizə türkiyəli futbolçular cəlb olunur. Bunun əvəzinə Rusiya yaxud da Ukraynada çıxış edən azərbaycanlı oyunçuları gətirmək olmaz?

- Bizdə mövqelər var ki, tam səmimi deyim, nəinki rəqabət, heç ora futbolçu da tapa bilmirik. Əvvəl başqa ölkələrə əl atırdıq. İndi qardaş ölkədən gətiririk. Bu da məcburiyyətdən atılan addımdır, sevgidən atılan addım deyil. Düzdür, biz də türkük, qardaş ölkəyik. Ancaq söhbət Azərbaycan futbolunun inkişafından gedir. Bizdə elə mövqe var ki, artıqlaması ilə futbolçumuz var. Ancaq elə mövqe var ki, ümumiyyətlə, futbolçu tapmırıq.

- Hansı mövqeyə futbolçu tapa bilmirsiniz?

- Bildiyiniz kimi, Azərbaycan futbolunda hücumçu problemi var. U-19-da stopper çatışmır. Bu yaş qrupumuzun iki futbolçusu  U-17-lərin heyətində Avropa çempionatında qırmızı vərəqə alıb. Onlar U-19-a keçəndə də cəzaları qalır. Bu cür problemlərimiz də var. Əsas çatışmazlıq müdafiənin mərkəzindədir. Ümumiyyətlə, səviyyəli oyunçularımız azdır.

- Ölkə xaricində yaşayan və Azərbaycan millisini seçmək istəməyən futbolçular  limit məsələsini əsas gətirirlər. Onları başa düşmək olar?

- Hardasa başa düşmək olar. Ona görə də yaxşı olar ki, keçmiş Sovet ölkələri öz aralarında limitlə bağlı danışıq aparsın. Əsas milli komandalar səviyyəsində də belə problemlər var. Onlar da öz karyeralarını düşünürlər. Futbolçular da özbaşına hərəkət etmir. Valideynləri düşünür ki, uşağı özünə yaxşı bir yerdə karyera qursun. Amma elə futbolçu da var ki, heç limitə baxmır. Yəni limiti bəhanə gətirmir, sadəcə deyir ki, gəlmək istəmirəm, mənə burada daha xoşdur. Belə bir şey olub.

- Azərbaycan əməkdar məşqçisi Ağasəlim Mircavadov da deyir ki, ölkədə futbolçu tapa bilmirik. Sizcə, nə düzgün deyil ki, belə problem yaranıb?

- Söhbət keyfiyyətli futbolçulardan gedir. Bizdə həmişə futbolçular olub, yenə də olacaq. Ancaq biri var ki, seçimin çox ola, biri də var ki, barmaqla sayılacaq qədər. Gərək onların da nazı ilə oynayasan. Futbol da belə şeyi xoşlamır. Yenə də gəlib çıxırıq bölgələrdə futbolun olmamasına. Premyer Liqada olmasa belə, birinci, yaxud ikinci dəstədə çoxlu bölkə klubları olmalıdır. Bunu hamı deyir, amma hələ ki, heç nə yoxdur. Bölgələrdə klubların sayı çox olmalıdır ki, seçim də çox olsun. Məncə, bu, hər şey sayın az olması ilə bağlıdır. Ola bilməz ki, 100 futbolçudan 3-4 yaxşısı ortaya çıxmasın.

- Bəlkə, futbolda kütləviliyin olmaması, getikcə ölkədə bu idman növünə marağın azalmasına görə bu mənzərə yaranıb?

- Bəlkə də yox, elə əsas səbəb odur. O qədər şeylər var ki, mən gərək danışa-danışa keçim siyasətə. O da alınmır. Bunu siz də bilirsiniz, biz də.

- Azərbaycan Premyer Liqasının səviyyəsi necə, sizi qane edir?

- Vallah hərə bir söz deyir. Biz də qıraqdan izləyirik. Hamı istəyir ki, klubların sayı çox olsun. İstəmirik ki, komandalar öz aralarında 4 dəfə oynasınlar. Kubok oyunlarını da nəzərə alanda bəzən komandalar mövsüm ərzində 6 dəfə qarşılaşırlar. Klub sayı çox olsa, gənc məşqçilərin özünü göstərməyi üçün də imkan olar. Ümumi baxanda görürük ki, Premyer Liqada aşkar autsayder yoxdur. Bir də baxırsan ki, sonuncu yerdə gedən komanda ilk pillərdə olan komandaya gücünü göstərə bilir. İndi bilmirəm bu, səviyyənin qalxmasıdır, yoxsa enməsi. Demək olmur ki, komandalar hamısı güclənib, yoxsa zəifləyib.

- Bunu avrokuboklarda görürük.

- Bəli, Avropada bunu hiss edirik. Avrokuboklara hazırlıqlı səviyyədə çıxmaq lazımdır.  Sən Avroliqaya çıxanda baş məşqçini göndərirsən, yaxud da komandanın yarısını göndərirsən, onda da Kərəmi ağlamaq tutur (gülür). Bunlar üçün də peşəkarlıq lazımdır. Ümumi götürəndə bu mövsüm avrokuboklarda nəticələrimiz zəif oldu.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər