"Belə futbol, belə inkişaf olmur"

"Belə futbol, belə inkişaf olmur"
MÜSAHİBƏ 6 Dekabr 2019 / 15:59 5539
-  A +

“Kəpəz” klubunun məşqşisi, veteran futbolçu Vidadi Rzayevin Qol.az saytına müsahibəsi

-“Kəpəz”in birinci divizionda və Azərbaycan kubokunda keçirdiyi oyunlar barəsində nə deyə bilərsiniz?

- Birinci divizionda 5-ci yerdəyik. Normal çıxış edirik. Birinci dəstə üçün pis deyil. Kubokda “Keşlə” ilə oynadıq. 1:3 hesabı ilə məğlub olduq.

- Kubok matçında qol vurmağı bacaran yeganə birinci divizion təmsilçisi “Kəpəz” oldu. Digər klublar demək olar ki, böyük hesabla məğlub oldular. Birinci divizion təmsilçilərinin qol vura və mərhələ keçə bilməməsinə səbəb nədir?

- Birinci divizionla Premyer Liqa arasında böyük fərq var. O fərqi aradan qaldırmaq üçün federasiya düzəlişlər etməlidir, limiti götürülməlidir. Biz çox futbolçu itirdik. Bir 1998-ci il, 1 nəfər 2001-ci il təvəllüdlü, 4 nəfər isə təcrübəli oyunçu oynayır. 1997-ci ildən olan oyunçuya deyirik ki, bu yaşlıdır. 97-ci ildən olan oyunçunun nə yaşı var ki? 22 yaşı var. 22 yaşında futbolçuların üzərindən xətt çəkilir.  Gələcəkdə bu limit məsələsini birinci divizion üçün düzəltsələr, yaxşı olar. Həmişə demişəm ki, birinci divizionda yer tutan komanda Premyer Liqaya buraxılmalıdır. Gələcək üçün rəqabət olmalıdır. Birinci divizionda ilk 2 yeri tutan klub Premyer Liqaya buraxılmalıdır. Bunu dəfələrlə demişəm, Premyer Liqa üçün 8 komanda azdır. Bu fikir hər yerdə deyilir. Birinci divizionun səviyyəsi Premyer Liqadan çox geri qalır. Mən həmişə Türkiyə ilə Azərbaycanın birinci divizionunu müqayisə edirəm. O gün bir oyuna baxıram, Türkiyədə birinci divizion təmsilçisi kubok matçında “Qaziantep”i 2:1 udur. Onlarda birinci divizion təmsilçiləri ilə Super Liqa klubları arasında böyük fərq yoxdur. Arzu edərdim ki, bizdə də bu cür rəqabətli çempionat, inkişaf olsun.

- Futbol mütəxəssisləri bölgə klublarının Premyer Liqaya buraxılmamasından şikayət edirlər. Siz bununla bağlı nə düşünürsünüz?

- Bu sualı federasiya rəhbərlərindən soruşmaq lazımdır. Mən futbol veteranı kimi deyirəm ki, bölgələrdə futbol olmayana kimi futbolumuzun inkişafı yerində sayacaq, ləngiyəcək, irəli getməyi çox çətin olacaq. Bölgələrdə futbol olmalıdır. Tək Gəncədə yox, Şəmkirdə, Tovuzda, Mingəçevirdə Lənkəranda da futbol olmalıdır. Bunların hamısında ən azından birinci divizion səviyyəsində də olsa komandalar çıxış etməlidir. Fikrimcə, əvəzedicilərin birinci divizionda oynamağı məsləhət deyil. Onların əvəzinə bölgələrin hamısından ən azı bir komanda birinci divizionda oynasa, yaxşı olar.

- Hazırda “Kəpəz”də vəzifəniz nədir? Klubun inkişafı üçün hansı işləri görürsünüz?

-“Kəpəz”in köməkçi məşqçisiyəm. “Kəpəz”də indi Yaşar Vahabzadə ilə birlikdə işləyirik. Çalışırıq ki, yaxşı komanda düzəldək. Futbolçularla bağlı ədalətli, düzgün seçim edirik. Yaxşı oynaya bilən komandada çıxış edir. Təəssüflər olsun ki, bu gün Gəncədə oyunçular yetişmir. AFFA tərəfindən yeni süni meydança salındı. Yəqin ki, bundan sonra onlar da normal meydanda məşq edəcəklər. İnşallah, futbolçular da yetişər və gələcəkdə “Kəpəz”ə də xeyirləri olar.

-“Kəpəz”in növbəti mövsümdə Premyer Liqada iştirak etmək ehtimalı nə qədərdir?

- Qabaqcadan nəsə deyə bilmərəm. İstərdik ki, Premyer Liqada çıxış edək. Tək Gəncə yox, Tovuz, Şəmkir də təmsil olunmalıdır. Premyer Liqa bölgələrdə olmalıdır. Premyer Liqa Gəncəyə də qayıdarsa, çox yaxşı olar. Qərar onların özünündür. Yenə deyirəm, komandaların sayı artsa, bu hamı üçün yaxşı olar. Bunların hamısı gedib milliyə bağlanır. 8 komanda var və oradakı yerli oyunçuların sayını hesablasaq, 40 nəfər edir. Onların arasından həm U-21, həm də əsas milli üçün oyunçu götürülməlidir. Dadaşov qardaşları, Eddi İsrafilov, Nazarovu, Şeydayevi çıxmaqla milli üçün oyunçuların əksəriyyəti yerli çempionatdan gəlir.

- Azərbaycan yığmasının Avro-2020-nin seçmə mərhələsində keçirdiyi oyunlar barəsində nə deyə bilərsiniz?

- Bu barədə çox danışıldı. Bu nəticə gözlənilən idi. Əvvəlcədən demişdim ki, Millətlər Liqasındakı fiaskodan sonra orda hansı baş məşqçi olsaydı, bu hal olardı. Əgər milli çempionatın səviyyəsi yüksəlmirsə, milli komandadan nəsə gözləməyə dəyməz. Ona görə də bu gedişat gözlənilirdi. Millidə oynayan oyunçuları tanıyırsınız. Vaxtilə onların 22-23 yaşı var idisə, indi hamısı 30-u adlayır. Həm də U-21 yığmamız, U-17-lərimiz, U-19-larımız uduzur, mərhələ keçə, elit raunda çıxa bilmirlər. Onları əvəzləyəcək ehtiyat qüvvə gəlmir. Amma onları əvəzləyəcək yeni nəsilin gəlməsinə ehtiyac var. Millilərimizin heç biri yer tuta bilmədi, qrupda qaldılar. 21 yaşlılardan ibarət millinin oyunçuları daha sonra gəlib əsas yığmada oynamalıdır. Orada oynayıb üzə çıxa bilməyən, əsas millidə nə edə bilər?

Uğursuzluqlarımız hələ çox olacaq. Uşaq futboluna vaxtında diqqət yetirmək lazımdır. 2005-2015-ci illər üçün futbolun inkişafına dair Dövlət Proqramı çərçivəsində futbola ayrılan maliyyəni düzgün yönəltsəydik, indi bunların heç birini danışmazdıq.
 
- “Kəpəz”də uşaq futboluna diqqət hansı səviyyədədir?

-Bütün klublarda necədirsə, bizdə də elədir (gülür) Bundan da yaxşı etmək olardı.

- Futbol izləyiciləri, mütəxəssisləri indiki çempionatda Vidadi Rzayev kimi yarımmüdafiəçilərin yetişmədiyini deyirlər. Bu fikirlə razısınız?

- Bilmirəm, bu məsələ məşqçidən ya nədən asılıdır, amma futbol elə bir şeydir ki, məşqçinin dediyi oyunçu üçün az ola bilər. Futbolçunun özündə artım, inkişaf olmalıdır. Öz üzərində işləməli, əziyyət çəkməlidir. Çünki futbol əziyyətli işdir. Bilmirəm necə yetişdirmək lazımdır. Biz də işləyirik, vallah etmək olmur, çox çətindir (gülür).
 
- Hazırda Azərbaycan Premyer Liqasında ən yaxşı yarımmüdafiəçilər olaraq kimləri qeyd edə bilərsiniz?

- Xoşuma gələn pleymeykerlərdən “Neftçi”dən Emin Mahmudov, “Qarabağ”dan Riçarda Almeyda, “Səbail”dən Rahid Əmirquliyevi qeyd edə bilərəm. Yarımmüdafiəçilərin əksəriyyəti legionerlərdir. Bir “Neftçi”də Emin Mahmudovdur, ortada oynayır. Tərif kimi çıxmasın, özünüz də qeyd etdiniz ki, Vidadi Rzayev kimi, Mahmud Qurbanov kimi, Nazim Süleymanov kimi, Yunis Hüseynov kimi futbolçular yetişmir. Elə bu səbəbdən o mövqedə oynayanların çoxu legionerlərdir. Azərbaycanda hücumçu da çatışmır. Çatışmayan şeylər çoxdur. Məşqçilər də o mövqedə legionerləri oynatmağa məcburdurlar. Müdafiəçi qara iş görəndir, müdafiəyə kimi qoysan, bu işi görə bilər. Amma qol vurmaq, yekun nöqtəni qoymaq hücumçuya məxsusdur. Təəssüflər olsun ki, bunların hamısını kənardan gətiririk.

- Bəzi futbol veteranları AFFA-nın diqqət və qayğısından kənarda qaldıqlarını bildirirlər. Vidadi Rzayev Azərbaycan millisinin heyətində ilk rəsmi qələbə qolunun müəllifidir. Sizə AFFA tərəfindən diqqət hansı səviyyədədir?

- Arzu edərdim ki, AFFA tərəfindən tək Vidadi Rzayevə yox, bütün futbol veteranlarına kömək olunsun. Təbii ki, hamıya əl tutmaq olmur. Ancaq bəzi insanlar var ki, SSRİ dönəmində çıxış edib, əziyyət çəkib, ən azından SSRİ İdman Ustası adını daşıyır. Belə insanlara, futbol veteranlarına diqqət nə qədər çox olsa, bir o qədər yaxşı olar. Bizdən qabaq oynayan nəsillər də var. Allaha şükür, çoxu sağdır. Səmədağa Şıxlarov, Nazim Süleymanov işsizdir. Belə insanlara AFFA tərəfindən diqqət və qayğı çox olmalıdır. Bu deyəcəyim bəlkə də Premyer Liqada işləyənlərin xətrinə dəyə bilər. Amma futbol veteranları, futbol üçün canını qoyan, əziyyət çəkənlər klublarda bəzi vəzifələri tutsalar, futbolumuzun inkişafı baxımından yaxşı olar. Fikrimcə, bu vəzifələrdə onlar olmalıdır. Onlara güvənib bu vəzifələri versələr, futbolumuza bu adamların xeyri daha çox dəyər, nəinki bəzi futbola aidiyyatı olmayan insanlar. Belə insanların hər biri futbola təsadüfən düşən insanlardır. Futbola düzgün, şəffaf olan adamlar lazımdır. Futbolumuzun bu gün bu vəziyyətdə olmasının ən böyük səbəblərindən biri də budur. Maliyyənin lazım olmayan yerlərə xərcləndiyinə görə uşaq futbolu da bu günə düşdü. Düzdür, diqqət ayırırlar, çempionat keçirirlər. Onların hamısı çox azdır. Hər şey maliyyədən asılıdır. Əfsuslar olsun ki, maliyyə də qurtarıb. Bir az qalıb. Hamı da çabalayır ki, birtəhər futbol düzəlsin.

- Bildiyiniz kimi, “Qəbələ” klubunun taleyi də qeyri-müəyyəndir.

- Futbol biznesdir, bunu hamı bilir. Təəssüflər olsun ki, bu biznes bizdə yoxdur. Kimsə haradansa maliyyələşir. Camaat oyunçu satır, oyunçu alır, satdığı oyunçunu gəlirini göstərir. Məsələn 500 minə oyunçu satdı, onun əvəzinə 250 minə 2 oyunçu aldı. Üstəgəl reklamdan gələn pullar. Təəssüflər olsun ki, burada heç bilinmir ki, reklamdan kim aldı, oyunçunu kim satdı. Bu da belə çox uzun, davamlı gedə bilməz. Allah canını sağ etsin,  Taleh müəllim o komandanı saxlayırdı. Deyə bilmərəm ki, indi hansı nüanslara görə o komandanı maliyyələşdirmirlər? Heyif. O boyda meydançalar tikdilər. Yenə də deyirəm, futbol gəlir mənbəyi də olmalıdır. Futbola təkcə pul xərcləməklə kifayətlənmək olmaz. Qazanc da olmalıdır.

Yoxsa, hamı gəlsin bir günə cibimi doldurdum, qaçım. Ümumi durumu deyirəm. Belə futbol, belə inkişaf olmur. Süni şəkildə hər şeyin qiymətini qaldırmaq düzgün deyil. Hər şeyə lazım olan qiyməti vermək gərəkdir. Bunları deyə-deyə gəlirik. Təəssüf ki, qulaq asan yoxdur. Lazım olan adamlarla işləmirlər. Problem onların özündədir. Əgər belə istəyirlərsə, belə sərf edirsə, futbol belə davam edəcək.

Azad NURİYEV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır