"Yaxşı futbolçu bura gələndə deyirik, yəqin başı xarab olub" - Bəxtiyar Musayev

"Yaxşı futbolçu bura gələndə deyirik, yəqin başı xarab olub" - Bəxtiyar Musayev
MÜSAHİBƏ 16 Oktyabr 2019 / 16:17 6086
-  A +

Millimizin sabiq üzvü Bəxtiyar Musayevin Qol.az-a müsahibəsi

(Əvvəli burada)

- Uşaq futbolundan danışdınız, elə o mövzuda söhbətimizi davam etdirək.

- Ən əsas problem uşaq futbolundadır. Hamı uşaq futbolu haqda danışır, amma lazımi iş görmür. Mənim də oğlum futbolla məşğuldur. Uşaq futbolu ilə birbaşa təmasdayam. Görürəm ki, çempionat necə keçirilir, klubların yanaşması, məşq prosesləri necədir. Yazıq uşaqların məşq bitdikdən sonra qalıb əlavə məşq etmək üçün yerləri yoxdur. İndi məhəllə futbolu da yox dərəcəsindədir. Mən 17-18 yaşda SSRİ çempionatında çıxış etdiyim vaxtlarda,  “Neftçi” ilə hər həftə ağır məşqlərdən sonra gəlib, məhəllədə futbol oynamasam, ləzzət almırdım. Məşqdə edə bilmədiyim şeyləri məhəllədə uşaqlara qarşı edirdim. İndi məhəllə futbolu da yoxdur. Demək olar ki, məhəllələrdə meydançalar da yoxdur. Ancaq maşın saxlamağa yer tapılır, ya tapılmır. İndi görürəm ki, ən az günahkar uşaqlardır. Ona görə də hər bir klubun bazası olmalıdır. Uşaq 1 saat, saat yarım məşq etməklə heç bir nəticə verməyəcək. Yenə deyirəm, məhəllə futbolu yoxdursa, əlavə məşqlər mütləq olmalıdır. Uşaqlarla yaxşı məşqçilər məşğul olmalıdır. Məşqçilər üçün də çox yaxşı şərait yaradılmalıdır ki, fikirləri, diqqətləri ancaq uşaqlara yönəlsin. Yəni, kompleks tədbirlər olmalıdır. Klublar mütləq şəkildə aşağı yaş qruplarındakı çempionatlarda məşqçilərin işlərinə baxmalıdır ki, hansı məşqçi necə işləyir. O gün gedib U-15-lərin, U-17-lərin çempionatına baxırdım. Doğrudan da acınacaqlı durumdayıq. Matç boyu bircə normal epizod, qapıya zərbə görəndə adam sevinir. Oyun boyu tək 1 epizod olur, bəlkə də, digər oyunda ümumiyyətlə, olmur. Texniki, taktiki, fiziki cəhətdən çox aşağı səviyyədədirlər. Ona görə də U-19 0:2 uduzur, U-21 0:5 uduzur, əsas milli də uduzur.

- Uşaq futbolundakı problemlər zəncirvari şəkildə əsas milliyə qədər gəlib çıxır və özünü hazırda biruzə verir.

- Bəli, ən böyük bəlalı yerimiz uşaq futboludur. Əlbəttə, milliyə də oyunçu gəlməlidir. Güc-bəla ilə 20-22 nəfər tapılır. Bir oyunçu azca ötürməni yaxşı verəndə, başqası da müdafiədə nisbətən başla yaxşı oynayan kimi gəlib milliyə düşür. Biri o birinə nisbətən daha yaxşı olmalıdır ki, rəqabət yaransın. Təsəvvür edin, Şəhriyar 23-24 yaşlarında milliyə yaxın gəlməyən futbolçu idi. 30-31 yaşında milliyə çağırıldı. Bu, Şəhriyarın günahı deyil. Onun ayağını “tapdalayan” futbolçuların yoxluğununu günahıdır. Ən yaralı yerimiz uşaq futboludur. Uşaq çempionatları daha da mükəmməl keçirilməlidir. Tək Bakıda da çempionat olmur. Düzdür, rayonlarda da gəlirlər, amma məcburiyyətdən. Mən bunların şahidiyəm, təsəvvür edin, uşaqlar gecə avtobusa minib, yola çıxırlar, səhəri gün də oyun bitən kimi geri qayıdırlar. Yorğunluq, ac-susuzluq bir tərəfdən, həm də gələndə 5-10 qolla uduzub gedirlər. Gün boyu nə yeyib içdikləri də bilinmir. Bölgələrdə mütləq şəkildə uşaq futboluna diqqət ayrılmalıdır. Çempionata bölgə  komandaları çıxış etməlidir.

- Çıxış yollarından danışdınız, bu problemlərin həllində klubların da rolunun böyük olduğu danılmazdır. Məsələn, Bəhluldan danışdıq, “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Bəs digər klublar, elə “Qarabağ” aşağı yaş qruplarına lazımı qədər diqqət ayrırmı?

- Tam doğrudur. Aşağı yaş qruplarına diqqət mütləqdir. Bu, federasiyadan əlavə, klubların nəzarətindədir. Uşaqlar üçün çox yaxşı məşqçilər seçilməlidir və məşqçilərə də şərait yaradılmalıdır. Amma tək “Qarabağ”la da iş bitmir. Uşaq çempionatlarındakı klublar arasında da rəqabət olmalıdır. Deyək ki, “Qarabağ” uşaq futbol klublarına yaxşı mütəxəsislər cəlb etdi, güclü heyətləri formalaşdı. Amma rəqabət apardığı klub normal səviyyədə olmayanda, inkişaf da olmur. Birinə 5, digərinə 7 qol vuracaqlar və uşaqlar olduqları potensialda da qalacaqlar, irəli gedə bilməyəcəklər. Gərək onda onlar hər ay xarici səfərlərə çıxıb, turnirlərdə iştirak etsin. Bunun da xərci çoxdur. Bir-iki komandanın güclənməyi ilə də olmur, gərək bütün komandalar normal səviyyədə olsun. O vaxt “Bakı” futbol klubunun akademiyası var idi. Mən düşünürəm ki, “Bakı” daha 2-3 il fəaliyyət göstərsəydi, indi bir çox futbolçumuz xarici klublarda çıxış edirdi. Həm skautlarımıza, həm də seleksiyaçı-məşqçilərimizə yerli futbolçuların yetişməməsi ziyandır. Biz də istəyərdik ki, xaricdə çox gözəl futbolçularla təmsil olunaq. Onların uğurlarına baxaq sevinək. Başqa ölkələrin heyətlərinə baxırsan ki, çox güclü olmasa da, futbolçuları ortabab xarici klublarda oynayır. Amma bizdə təəssüf ki, belə deyil. Bir Şeydayevimiz var, o da son vaxtlar klubunda şans qazana bilmir. “Bakı”nın xarici klublarla birbaşa əlaqələri var idi, bu barədə böyük işlər görülürdü. Əsas komandadan əlavə, uşaq futboluna da çox böyük diqqət var idi. Uşaqları “Lans”ın, “Atletiko”nun akademiyalarına göndərirdilər. Çox təəssüf ki, “Bakı”nın dağılması futbolumuza böyük zərbə vurdu.

- Hazırda millidə çıxış edən Mahir Emreli də “Bakı”nın yetirməsi idi.

- Bəli, Mahir, Namik Ələsgərov. Yenə deyirəm, 2-3 il də lazım idi ki, daha da püxtələşsinlər. Ordan 16, 17 yaşa qədər futbolçular çıxdı, daha sonra klublar dağıldı. Görün, 5 il də fəaliyyət göstərsəydi, necə olardı. Təkcə Bakı birinciliyi olmasın, rayonlardan, regionlarımızdan da klublar olsun. Tovuz, Gəncə, Masallı, Mingəçevir, Qusar, Zaqatalada həmişə futbol məktəbləri olub.

- Çempionatda “Qəbələ”dən başqa bölgə klubunun olmaması, futbolçu yetişməyinə nə dərəcədə əngəl olur?

- Uşaqların oynadığı klubların Premyer Liqada da komandası olmalıdır. Çünki uşaqları futbol məktəbinə yazdıran valideynlər görür ki, əsas komandada futbolçuları futbolla yaşayır, azarkeşlər onlara necə dəstək olur, şəraitləri necədir. Daha sonra rahatlıqla uşaqlarını kluba əmanət edirlər. Yoxsa, tutaq ki, Tovuzun komandası 1-ci liqada oynayır və valideyn görür ki, onların əsas heyət oyunçuları şəraitsiz vəziyyətdə futbol oynayıb, 300-500 manat pul alır. Uşağın valideynləri onu heç vaxt ora buraxmaz, axı. Ona görə də bölgələrin əsas komandaları da olmalıdır. Həm uşaqlara motivasiya, həm də klub sayı çox olanda rəqabətə davamlı daha çox futbolçular yetişəcək. Ən böyük problemimiz futbolçuların gəlməməyidir. Bayaq elə-belə demədim ki, 30-31 yaşında Şəhriyar millidə oynayır, amma 23-24 yaşında heç milliyə yaxın gələ bilmirdi.

- 8 komandalı çempionatımzda bu mövsüm çox daha rəqabətsizlikdir. “Qarabağ” ən yaxın rəqibindən 10 xal öndə olmaqla maksimum nəticə ilə liderdir. Çempionatın ümumi səviyyəsi haqda nə düşünürsünüz?

- Vəziyyət çox acınacaqlıdır. Bütün oyunları oturub, izləyirəm. Elə oyun olub ki, həvəslə oturub baxmışam, amma yuxum gəlib, yuxulamışam. Yəni, çempionat oyunlarının səviyyəsi bu dərəcə aşağıya düşüb. Bir “Qarabağ”ı kənara qoymaq lazımdır, bir də futbolçu potensialına görə “Neftçi”ni. Oyunlara baxıb görürsən ki, sadə epizodlarda çox top itkilər olur. 5 metrdən ötürmə verə bilmirik. Maraqlı kombinasiyalı oyun görmək olmur. Hər oyun az qolla - ya 1:0, ya da 2:0 bitir. Heç bir həyəcan da olmur. “Qarabağ” 7 oyunda da qalib gəlib. Çox istəsə, 28 oyunun hamısında qələbə qazanar və dünyada ilkə imza ata bilər. Çünki fərq həddən artıq böyükdür. Mən düşünürəm ki, “Qarabağ” əsas yox, hətta 2-ci heyətlə də bütün oyunlarda qalib gələ bilər. Yəni, belə bir rəqabətsizlik var. Bu, ilk növbədə, “Qarabağ”ın özünə də ziyandır. Özün özünlə rəqabət aparmaq çətindir. Futbolçular görür ki, sabahkı oyunda elə də güclü komanda olmayacaq, istər-istəməz onlarda boşluq yaranır. Bu, insan psxiologiyasıdır. Bilsən ki, hər həftə rəqiblərin güclü olacaq, məşqə, məşqdən sonra rejiminə də daha çox diqqət edirsən. Bu rəqabətsizlik “Qarabağ”ın da zəifləməyinə səbəb ola bilər.

-  “Qarabağ”ın Avropada uğurlarını Azərbaycan futbolunun, yoxsa yalnız bu klubun öz uğuru   sayırsınız?

- Birmənalı şəkildə “Qarabağ”ın uğurunu futbolumuzun inkişafı olaraq saymaq olmaz. Yenə də deyirəm, çempionatımız geriləyir. “Qarabağ”ın özünün də artırdığını demək olmaz. 2-3 il öncəki “Qarabağ”ın indikindən güclü olduğunu düşünmürəm. Hətta 2-3 il bundan öncə “Qarabağ”ın daha güclü oynadığı oyunlar olub. “Qarabağ”ı xilas edən beynəlxalq təcrübəsinin olmasıdır. “Qarabağ”ın uğuru futbolumuzun inkişafı yox, birmənalı şəkildə illərdi özünün beynəlxalq arenada topladığı təcrübənin, uşaqlardakı özgüvənin, düzgün məşq prosesinin, idarəetmənin nəticəsidir. Klub olaraq – məşqçidən futbolçulara, rəhbərlikdən bütün klub işçilərinə öz əziyyətlərinin bəhrələrini görürlər.

- Çempionatın səviyyəsindən, uşaq futbolundan danışdıq. İstərdim ki, bu məsələlərə bir də sizin işiniz tərəfindən baxaq. Seleksiya ilə məşğul olursunuz, çempionatın səviyyəsi sizin işinizə hansı problemlər yardır? Bir çox məşqçi legioner futbolçuların çempionatımızın səviyyəsinə görə bura gəlmək istəmədiyini, ya da əvəzində daha çox pul istədiyini deyir.

- Mən də çox vaxt belə problemlərlə rastlaşmışam. Yaxşı futbolçudusa, gərək artıq pul verilsin. Artıq bu, sirr deyil də. Elə futbolçular var ki, azarkeş qarşısında oynamağı sevir. Bizim çempionatda da azarkeş sayı həddən artıq azdır. Boş tribunalarda oyunlar keçirilir. Elə televiziya qarşısında baxanda da görürük, azarkeşsiz oyun futbolun keyfiyyətini 40-50 faiz aşağı salır. Çünki azarkeşlər tam başqa bir şeydir. Onlar futbolçulara ilham verir. Hərdən futbolçu meydanda oyuna köklənə bilməyəndə azarkeşlərin reaksiyasından sonra özünə gəlir. Onun oyunu daha keyfiyyətli olur və məsuliyyətlə oynayır. Bilir ki, kənardan azarkeş ona nəsə artıq bir şey də deyə bilər, qışqıra da bilər.

- Məsələn, hansı futbolçu olub ki, yüksək məbləğ təklif etsəniz də, çempionatın səviyyəsinə görə gələ bilməyib. Hansı faktlar olub?

- Belə futbolçular çoxdur, sadəcə, ad çəkmək istəmirəm. Bu günün sabahı da var. Biz futbolçuları həmişə nəzərdə saxlayırıq ki, bəlkə sabah ağlı qaçıb bizim çempionata gələr (gülür). Bu zarafatdır, amma doğrudan futbolçu gətirmək çətindir. Gənc futbolçular olur, danışıqlar aparırıq. Baxır çempionatın səviyyəsinə deyir ki, mən gəlib burda necə inkişaf edəcəm? Bu səviyyəni görüb, gəlmirlər. İstəyirik ki, yaxşı futbolçular cəlb edək. Hərdən çox yaxşı futbolçu da gələndə özümüz özümüzə deyirik ki, bunun deyəsən, başında problemi var ki, bizim çempionata gəlir (gülür). Hardasa bir az bədbəxtlikdir. Bunlar acı zarafatdır. Amma “Qarabağ” avrokuboklarda daimi çıxış etməklə özünə yetərincə reytinq yığıb.Təbii ki, gələn futbolçu da əvvəlcədən klub haqda məlumat toplayır ki, hansı kluba gəlir, şəraiti necədir. Çoxu çempionatın səviyyəsi, azarkeşsiz oyunlara görə gəlmir. Pul yox, futbol istəyən gənc, əla potensiallı futbolçuları cəlb etmək həddən artıq çətindir.

- “Qarabağ”ın avrokuboklardakı daimi çıxışına, nüfuzuna görə Asmir Beqoviç kimi futbolçunu icarəyə də olsa komandaya cəlb edə bildi.

- Elədir. Çox istərdik ki, çempionatımıza belə futbolçular gəlsin. Bəlkə, yenidən futbolumuzda bir yüksəliş olar. Təəssüf ki, belə futbolçuları gətirməkdə çox çətinliklər olur. Eşitdiyimə görə, Beqoviç daimi çıxış edəcəyi klub istəyib və “Qarabağ” haqda əvvəldən çox müsbət məlumatlar alıb. Bu da onun “Qarabağ”a transferində mühüm rol oynayıb. “Qarabağ”da olan ab-havanı kənardan öyrənmək çətin deyil.

- İstərdim, 10 ildən çox formasını geyindiyiniz “Neftçi”nin komandasının hazırkı durumu haqda danışaq. Ötən mövsüm “Qarabağ”la rəqabətə etməyi bacarsalar da, bu mövsüm 7 turdan sonra Ağdam klubundan artıq 10 xal geridədir. Əlavə olaraq, Avroliqada da gözlənilənləri vermədi.

- Həm bir futbolçu, həm də məşqçi kimi püxtələşməyimdə “Neftçi” klubuna borcluyam. “Neftçi” həyatımda xüsusi bir rol oynayıb. Nəinki biz mütəxəsislər, azarkeşlər də həmişə “Neftçi”ni çempionluq yarışında görməyə alışıb. Amma hazırkı durum haqda onu deyim ki, görünən yerə bələdçi lazım deyil. Onların çempionluq uğrunda rəqabətə qoşula biləcəyi çətin görünür. “Neftçi” çempionluq uğrunda mübarizə apara bilməyəcək, liderlə olan xal fərqi də daha da böyüyə bilər. Təəssüf ki, biz bu rəqabəti görə bilməyəcəyik. Amma məncə, rahat 2-ci yeri tuta bilərlər. Məşqçi işindən asılı olmayaraq, istər-istəməz belə olacaq. Çünki həm şərait, həm futbolçu keyfiyyəti baxımından digər komandalardan çox üstündür. “Neftçi” Bordinsiz  də olsa, gəlib 2-ci yeri tuta bilər.

- Sizcə, əsas problem nədir? Nəzərə alsaq ki, klubun yüksək büdcəsi var.

- Gərək məşqçi iş görsün. Məşqçi nəyə görədi? Mən yenə də deyirəm, bu heyətlə məşqçi olmadan da 2-ci pillədə qala bilərlər. Məşqçi işi görünməyi üçün gərək komanda liderlik uğrunda mübarizə aparsın.

- Bordinin müsbət bir iş görmədiyini deyirsiniz?

- Problem məşqçidən qaynaqlanır da. Ötən il Qurban müəllimin başı bir çox işə qarışmışdı. Həm millidə idi, həm Avroliqa oyunları. Bununla belə, “Neftçi” keçən il çempionluğu əldən verdi. “Qarabağ”dan 5 xal öndə olduğu vaxt da var idi. Elə komandalarla oyunda xal itirdi ki, başqalarında günah axtarmağa ehtiyac yoxdur. Bu imkan, baza, şəraitlə məşqçisiz də 2-ci yer tutmaq olardı. Məşqçiyə də nəzarət etmək klubun üzərinə düşən məsələdir. Futbolçuları idarə edən məşqçidir, məşqçini də rəhbərlik. Məsələn, gərək mən nəsə bilim ki, sizdən də nəsə soruşum və məşqçi də məni aldatmasın. Mən futbolun dərinliyini bilmədikdən sonra məşqçi mənim üçün min dənə bəhanə deyəcək. Demirəm ki, Bordinin insani keyfiyyətləri aşağıdır. Məsələn deyirəm, əgər pis insan, hiyləgər biri olsa, tamam klubun başına oyun aça bilər. Yəni, hər oxuyan da Molla Pənah olmur. Hər bir futbolçudan da klub idarəçisi, məşqçi olmur. Klublarda mütləq şəkildə futbolu bilən, canla-başla işini görən futbol adamları olmalıdır ki, gələn məşçqilər də rəhbərliyi aldada bilməsin. Məşqçi bir söz deyəndə, ona cavab olaraq demək lazımdı ki, bu, bəhanədir, bizdə keçmir. Bunu da demək üçün gərək sən nəsə biləsən, axı. Məşqçi nə desə, deyəcəksən ki, düz deyir. Məşqçi qədər klub rəhbərliyinin də günahı var. Təkcə futbolu bilmək azdır. İnsanı keyfiyyətləri də yaxşı olmalıdır ki, futbol biliyini dürüst yerə sərf etsin. Eləsi var ki, futbolu guya bir az bilir, amma insanı keyfiyyətləri azdır, şəxsi mənafeylərin düşünür. Mən bunu sırf “Neftçi” yox,  bütün klublar üçün deyirəm. Gərək belə insanlar rəhbərlikdə olsun.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır