"Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır" - Elşad Əhmədov

"Məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır" -  Elşad Əhmədov
MÜSAHİBƏ 15 Avqust 2019 / 17:17 4099
-  A +

"Sabah”ın baş məşqçisi Elşad Əhmədov Qol.az-ın suallarını cavablandırıb. O, komandasının çempionata hazırlığından, yeni transferlərdən və digər məsələlərdən danışıb.

- Elşad müəllim, sabah Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür. Komandanız çempionata nə dərəcədə hazırdır?

- İyunun 1-dən hazırlıqlara başlamışıq. Azərbaycan və Türkiyədə təlim-məşq toplanışı keçirdik, yoldaşlıq görüşlərimiz oldu. Türkiyədəki yoldaşlıq görüşləri bizim üçün daha vacib idi. Bu oyunların ikisində qalib gəldik, ikisində isə uduzduq. Komanda yeni mövsümə 80-85 faiz hazırdır.

-Əsas qol silahınız Marko Deviç "Sabah"dan ayrıldı. Onun əvəzində yeni transfer olacaqmı?

- Heyətə həm xarici, həm yerli futbolçular cəlb edilib. Ola bilsin ki, bir hücumçu transfer olunsun. Yeni transferlər komandaya uyğunlaşıblar. Yeganə problem Kevin Kubembanın Türkiyə toplanışı zamanı zədə alması oldu. Yerdə qalan bütün futbolçular ilk turdakı oyuna hazırlaşırlar.

- Ötən mövsüm “Sabah” Premyer Liqada debüt etməsinə baxmayaraq, baxımlı oyun nümayiş etdirdi. Bu mövsüm üçün klubun hədəfləri nədir?

- Keçən mövsüm çempionata yaxşı başlamışdıq. Amma bu mövsüm tamamilə başqadır. Avropa Liqasına vəsiqə qazandıran yerlərdən birini tutmağa çalışacağıq. Kuboku qazanmaq da əsas hədəflərdən biridir. Komandanı Avropa Liqasında görmək istəyirik.

- Ötən mövsümdəki "Sabah"la indiki arasında hansı fərqlər var?

- Taktika, üslub və istək eyni olaraq qalır. Futbolçuların keyfiyyətində dəyişikliklər ola bilər, meydanda isə taktiki baxımdan istədiyimiz oyunu nümayiş etdirmək istəyirik.

- “Sabah” bu mövsüm çempionluğa oynaya bilər? İlk turda çempionluq uğrunda yarışan "Neftçi" ilə qarşılaşacaqsınız. 

- “Neftçi” və “Qarabağ”Azərbaycanda həm tarixinə, həm də strukturuna görə seçilən komandalardır. Bu iki komandaya qarşı oynamaq daha maraqlıdır. Ona görə ki, bu rəqiblərə qarşı keçirilən oyunlar “Sabah”ın futbolçuları üçün həm motivasiya olur, həm də liderlərə qarşı çıxış etmək istəyi futbolçu üçün önəmlidir. İlk görüş çətin olacaq, bununla belə həvəslə hazırlaşırıq.

- Aslan Kərimov bizə müsahibəsində çempionluğa namizəd 4 komanda arasında “Sabah”ın da adını qeyd etdi...

- Aslan Kərimov sağ olsun, bizim komandanın adını çəkib. Çempionluğa iddialı komandalar arasında adımızı çəkməsi bizə inandığını göstərir. Amma yenə də sıfırdan başlayırıqsa, çempionluq uğrunda imkanlar 50/50-dir.

Azad NURİYEV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır