"Qarabağ"ın məşqçiləri futbolçuları bu psixoloji durumdan çıxara biləcək"

"Qarabağ"ın məşqçiləri futbolçuları bu psixoloji durumdan çıxara biləcək"
MÜSAHİBƏ 14 Avqust 2019 / 16:12 5945
-  A +

Milli komandamızın və "Qarabağ"ın sabiq üzvü Aslan Kərimov Qol.az-a müsahibə verib. Veteran futbolçu “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı çıxışları ilə bağlı sualları cavablandırıb.

- “Qarabağ”ın APOEL-lə oyundakı məğlubiyyətinin səbəblərini müxtəlif amillərlə əlaqələndirirlər. Siz bu uğursuzluğu nədə görürsüz?

- Sözsüz məğlubiyyətlə bağlı hər kəsin şəxsi fikri var. Mənə görə, məğlubiyyətin səbəbi bir qədər bəxtsizlik də ola bilər. Çünki bir neçə istifadə olunmayan qol epizodları, heyətdə tipik qoleadorun olmaması məğlubiyyətə səbəb oldu. Doğrudur, Mahir hücumda yaxşıdır və cinahlardan da fayda verirdi, ancaq o, tipik forvard deyil. Əgər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyi vaxt keçirdiyi oyunlara baxsaq, bəzən burda da klubun çətinliklərlə üzləşdiyini görərik. Dino Ndlovu kimi öndə sürətli, çevik, əlində olan imkanları dəyərləndirə bilən hücumçunun olması həmin mövsüm Ağdam təmsilçisinə ÇL-nın qrup mərhələsində oynamaq imkanı yaratmışdı. Dünən heyətdə o cür oyunçunun olmaması bir qədər oyuna təsir etdi. Əslində matç ərzində dominant olan “Qarabağ” idi, cinahlardan edilən hücumlar və sürət baxımından üstün olan komanda 100 faizlik üç qol epizodunu reallaşdıra bilmədi. Bu da tipik hücumçunun olmamasından irəli gəlir. Əgər belə bir oyunçu olsaydı, “Qarabağ” bu mövsümdə də pley-off mərhələsinə keçə və bəlkə də ÇL-ın qrup mərhələsində oynaya bilərdi.

- “Qarabağ”ın hücum xəttində boşluqlardan danışdınız. Ancaq komanda öz meydanında 2 qol buraxdı. Dünənki oyunda müdafiə xəttində boşluqlar harda idi?

- Hər qol buraxan komandanın sıralarında əlbəttə ki, səhvlər olur. Məgər Çempionluq Liqasında yarışan top klublar müdafiə xəttində səhv buraxmırlar? Rəqibin heyətində 1-2 cüzi səhvdən istifadə edən futbolçular olduğuna görə bu epizodları qola çevirməyi bacardılar. Əgər dünənki oyuna baxsaq, ÇL kimi ali bir turnirdə “Qarabağ”ın qapısı qarşısında 2-3 qol vəziyyəti yarandı. Bu 3 vəziyyətdən də 2-si qol oldu. Əvvəlcə qeyd etdiyim bəxt amili də burada rol oynadı. Əgər rəqib etdiyi 3 hücumdan 2-ni qola çevirməyi bacarırsa, burada ediləsi bir şey yoxdur. Ancaq bu cür səhvlər istənilən səviyyəli komandaların oyunlarında baş verir.

- Düşünürsüz ki, APOEL-in penaltidən vurduğu qol qələbə qazanmaqda əsas amil oldu?

- "Qarabağ" ilk dəqiqələrdə qol buraxsaydı, bu komandanı psixoloji olaraq sarsıda bilərdi. Çünki səfərdə qazanılan qələbə şərait yaradırdı ki, evdə rahat oynasınlar. Ağdam təmsilçisi elə ilk dəqiqələrdə rəqibin qapısına hücumlar edirdi. Amma penaltidən buraxılan qol da mərhələni keçmək üçün lazım olan nəticə və psixoloji baxımdan komandaya təsir göstərdi.

- “Qarabağ” iki fərqli APOEL-ə qarşı oynadı. Birinci oyunda baş məşqçi italyan idisə, Bakıdakı oyuna rəqib yeni alman baş məşqçi ilə çıxmışdı. Bunun nəticəyə təsir etdiyini düşünürsünüzmü?

- Fikrimcə, APOEL-in oyununa təsir etdi. Oyun planı baxımından dəyişən bir şey yox idi. Düşünmürəm ki, yeni baş məşqçi 3-4 gün ərzində komandanın bütün oyun üslubunu dəyişə bilər. Mətbuat konfransında Tomas Dollun “biz fərqli oyun nümayiş etdirdik” deməsinə baxmayaraq, sistem olaraq 1-2 futbolçu istisna olmaqla heç bir fərqlilik yox idi. Sadəcə, yeni baş məşqçinin gəlişi psixoloji baxımdan komandaya fayda verir. Yeni baş məşqçinin rəhbərliyi altında hər bir oyunçu özünü yaxşı tərəfdən göstərməyə çalışır. Belə olduğu halda onlar meydançada 100 faizlik performans göstərirlər. Əslində dünənki oyunda qeyd etdiyim fakt özünü hər tərəfli göstərdi. Oyunçular Kiprdə əzmkarlıq göstərsələr də, bu, Bakıdakı kimi deyildi.

- Bununla belə komandamızın avrokuboklar macərası bitməyib. Sizcə, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə oyuna psixoloji cəhətdən hazır ola biləcək?

- Mənə elə gəlir ki, “Qarabağ” hələ Çempionlar Liqasının qrup mərhələsində oynayacaq gücdə deyil. Azarkeşlər də bu fikrimlə tam razılaşar. Yalnız və yalnız tərəfdarlar top səviyyəli komandaları paytaxtımızda görmək üçün “Qarabağ”ı ÇL-ın qrupunda görmək istəyər. Ancaq reallığa baxsaq, “Qarabağ”ın gücü Avropa Liqasının qrup mərhələsində oynamaq üçün kifayət edir. Hətta klubun bu mərhələni adlamaq imkanları da ola bilər. Klub belə vəziyyətlərə tez-tez düşüb. Yadınızdadırsa, “Viktoriya” ilə də ilk oyun Çexiyada qolsuz heç-heçə yekunlaşmışdı və Bakıda keçirilən oyunda komanda 1:0 hesabı ilə irəlidə olduğu halda qapısından 1 top buraxdı. Bu hesab rəqib komandanı səfər qolu sayəsində növbəti mərhələyə daşıdı. Ancaq həmin mövsüm ÇL-dan kənarda qalmaqlarına baxmayaraq “Qarabağ” Avropa Liqasının pley-off mərhələsini keçərək qrupa düşməyi bacardı. Avropa təcrübəsi olduğununa görə məşqçi heyəti komandanı bu psixoloji durumdan çıxara biləcək. Oyuna gəldikdə isə Britaniya təmsilçisinə qarşı oynayacaqlar, daha doğrusu Şimali İrlandiya. Asan olmayacaq. Rəqib uzun ötürmələri ilə standart vəziyyətlərdə “Qarabağ”a problem yarada bilər. "Qarabağ"da əsas boşluğun standart vəziyyətlər zamanı olması APOEL ilə oyunda da açıq-aşkar görünürdü. Bu baxımdan "Linfild”lə matç çətin olacaq. İnanıram ki, qrupa düşməyi bacaracağıq. Bu mərhələdə rəqiblər dişimizə uyğun olsa, komanda qrupdan da çıxa bilər.

- “Qarabağ” indiki heyətlə Avropa Liqasının qrup mərhələsində çıxış edə bilər, yoxsa yeni transferlərə ehtiyac vaı?

- Əvvəlcə də qeyd etdiyim kimi, qrup mərhələsində oynaya bilərlər. Amma qol duyumu olan hücumçuya ehtiyacları var. Əgər “Qarabağ”ın oyun üslubuna nəzər salsaq, topu özündə saxlamağı bacaran komanda olduğunu görərik. Məhz belə komandanın 1 qol vuran ayağı olmalıdır. Bəzi komandalara qarşı görüşdə “Qarabağ” müdafiədən oynayır. Bu cür matçlarda əks hücumlarda yaxşı oynamağı bacaran forvarda ehtiyac var. APOEL ilə oyunda da əks hücumlardakı qeyri-sabit çıxışlar bu problemlərin olduğunu ortaya çıxardı və ən azından 1 hücumçuya ehtiyac duyduqları açıq-aşkar göründü. Ancaq səhv etmirəmsə, klub prezidenti Tahir Gözəl komandaya heç bir transfer edilməyəcəyini qeyd etdi. Bununla belə, qrup mərhələsində oynamağa gücləri çatacaq, qrupdan çıxmaq üçün qeyd etdiyim komponentlərə uyğun forvarda ehtiyac var.

- Son olaraq “Neftçi” haqqında danışaq. Avroliqanın 3-cü təsnifat mərhələsində “Bakcell Arena”da əldə etdiyi 2:2 hesablı bərabərlikdən sonra “Neftçi”ni sabah səfərdə “Bney Yehuda” ilə cavab matçı gözləyir. Səfərdə “Neftçi”dən gözləntiləriniz nədir?

- Əlbəttə, səfərdə ağır oyun olacaq. Bakıdakı matçın ikinci hissəsində nümayiş etdirdikləri oyunun davamın Təl-Əvivdə gətirə bilsələr, bu halda yaxşı nəticəyə ümid etmək olar. İsrail təmsilçisinin ilk hissədə etdiyi effektiv əks hücumlar məndə şok effekti yaratdı. "Neftçi"nin müdafiəçisi Kiril Petrovun sürəti məni qane etmədi. Digər müdafiəçi Stankoviç də hava toplarında yaxşı oynasa da, sürətdə rəqib oyunçulara uduzurdu. Səfərdə “Neftçi” açıq futbol nümayiş etdirmək istəsə, əks hücumlarda yaxalana bilər. Müdafiədən oynadıqları təqdirdə komandamızın əks hücuma çıxmaq şansları böyük olacaq. Bu baxımdan rəqib meydançasında seçilən strategiya önəmli olacaq.

Azad NURİYEV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır