"Yəqin, akademiya açılandan sonra klubu da Premyer Liqaya buraxarlar"

"Yəqin, akademiya açılandan sonra klubu da Premyer Liqaya buraxarlar"
MÜSAHİBƏ 15 Aprel 2019 / 17:42 5591
-  A +

Millimizin sabiq üzvü Aqil Nəbiyev Qol.az-a müsahibə verib. Bir müddət öncə AFFA-nın baş katibi Elxan Məmmədovun Tovuzda açılacaq futbol akademiyası ilə bağlı bölgəyə səfəri haqda danışan gənc mütəxəssis Premyer Liqadakı çempionluq mübarizəsinə də toxunub.

- “Şüvəlan”dan ayrıldıqdan sonra nə iş görürsünüz?

- Məşqçi kurslarına qatılmışam. A kateqoriyasını oxuyuram. Kurslar yenicə başa çatıb. Çox vaxt Tovuzda oluram, hərdən Bakıya da gedib-gəlirəm. Futboldan tam uzaqlaşmamışam. Çempionatın bitməyini gözləyirəm. Bundan sonra gələcək planlar barədə düşünmək olar. Belə vaxtda harasa getmək istəmirəm. Bir aydan az vaxt qalıb. Premyer Liqada komandaların sayının necə olacağını biləndən sonra işləmək barədə düşünmək olar. Hələ ki, bir qədər futboldan kənardayam.

- Birinci divizion və Premyer Liqa kənardan necə görünür?

- Divizionun səviyyəsi zatən məlumdur. Əvvəlki kimi deyil. Premyer Liqada demək olar ki, bütün oyunları izləyirəm. Boş vaxtım çox olduğu üçün hamısına baxıram. Komanda sayı az olsa da, səviyyə var. Lap keçmişə qayıtmaq istəmirəm. Bilirsiniz ki, bölgə klubları yüksək dəstədə çıxış edəndə ajiotaj, gərginlik lap çox olurdu. Bu gün daha çox Bakı klubları olduğu üçün azarkeşlər də oyunlara az gəlirlər. Bu isə çempionatın səviyyəsinə təsir edir. İndi sponsorlar əvvəlki kimi futbolla bağlı deyillər. Əvvəl hər bir klubun şəxsi sponsoru var idi. Amma indi məcburiyyətdən federasiya klubları maliyyələşdirir ki, lap bərbad günə düşməsinlər. Hə, bölgələrdə futbol olsaydı, lap yaxşı olardı. İnanıram ki, növbəti mövsümdə bölgələrlə bağlı nəsə irəliləyiş olar.

- Bu mövsüm Premyer Liqada çempionluq uğrunda gərgin mübarizə gedir. Son tura qədər “Neftçi” və “Qarabağ” eyni xalla malik idi. Çempionatın sonuna 4 tur qalıb. Necə düşünürsüz, “Neftçi” – “Qarabağ” duelindən kim qalib çıxacaq?

- Çempionluğa oynayan komandalar nə qədər çox olsa, yarış bir o qədər maraqlı keçir. Çünki onlar çempionata rəng qatırlar. Son 3-4 ildə 2-3 komanda qızıl medallar uğrunda yarışırdı. “Neftçi” bu il daha keyfiyyətli futbol oynamağa çalışır. Bildiyim qədərilə, “Qarabağ”la aralarında oyun olacaq. Düşünürəm ki, hər şey həmin matçda bilinəcək. Orada kim qələbə qazansa, çempion da o olacaq. Ona qədər inanmıram ki, hansısa komanda xallar itirsin. Mübarizənin belə getməsi daha yaxşı olar. Bu gün Premyer Liqada “Səbail”in də oyununu qeyd etməliyəm. 2-3 ilin komandası olsa da, bu mövsüm baxımlı futbol göstərirlər. Hətta dünən “Neftçi”yə qalib gəlirdilər. 90+6-cı dəqiqədə qol buraxdılar. Əgər Aftandil Hacıyev orada qalsa, inanıram ki, gələn il komanda çempionluğa da oynaya bilər. Baxırsan ki, sabit oyun sərgiləyirlər.

- Milli komandadakı baş məşqçi dəyişikliyilə bağlı nə deyə bilərsiniz? Qurban Qurbanovun istefaya göndərilməsindən sonra komandaya Nikola Yurçeviç gətirildi. Yəqin ki, yığmanın son iki oyununu izləmisiniz. Hazırkı milli nə vəd edir?

- Hər iki oyunu izlədim. Xorvatiya ilə matçda komanda pis təsir bağışlamadı. Hətta hesabda önə də çıxmışdılar. Litva ilə oyun isə sırf hazırlıq xarakteri daşıyırdı. Yoldaşlıq görüşləri istər heyət, istər köklənmə baxımından tam fərqli olur. Nə qədər motivasiya etməyə çalışsan da, futbolçular bu cür matçlara tam hazırlaşa bilmirlər. Ona görə də millimiz Litva ilə oyunda istənilən səviyyədə çıxış edə bilmədi. Təbii ki, yoldaşlıq görüşü olsa belə, qalib gəlməyə borclu idik. Düşünürəm ki, getdikcə komanda daha yaxşı ola bilər. Çünki çempionatın sonudur. Seçmə mərhələdəki bəzi matçlarımız növbəti mövsümə təsadüf edəcək. İnanıram ki, bölgə klubları da Premyer Liqaya qatılsa, bu, milli komanda üçün də faydalı olacaq. Bölgələrdə klub nə qədər çox olsa, yığma üçün bir o qədər yaxşıdır. Bakıda bir oyuna 200-300 azarkeş gəlirsə, rayonlarda bu rəqəm 5-10 min arası dəyişir. İndiki məqamda milli haqda danışmaq tezdir. Seçmə mərhələ yeni başlayıb. Müəyyən vaxtdan sonra Yurçeviçin işinə qiymət vermək olar. İstər millinin əvvəlki məşqçisi Qurban Qurbanov olsun, istərsə də hazırkı çalışdırıcı, onlardan çox şey istəmək bir az çətindir. Çünki Premyer Liqada 8 komanda var, futbolçu sayı azdır. Belə vəziyyətdə seçim etmək o qədər də asan olmur. Legioner həyatı yaşayan futbolçularımız çox olmalıdır.

- AFFA-nın baş katibi Elxan Məmmədov Tovuzda inşa olunacaq futbol akademiyası ilə bağlı 3 gün öncə rayona səfər etmişdi. Baş katibin Tovuzda rayon və klub rəhbərliyi, işçi, məşqçi heyəti ilə keçirdiyi görüşdə siz də iştirak etmisiniz. Akademiyanın inşası nə vaxt başlayacaq və işlər nə zaman yekunlaşacaq?

- Buralı olduğum üçün demirəm, Tovuz futbol məkanıdır. Tarix boyu burada futbol olub, inanıram ki, həmişə də olacaq. Akademiyanın Tovuzda yaradılması bizim üçün gec olsa da, ölkə futboluna yeni nəfəs gətirəcək. Bir müddət öncə tikinti şirkətinin nümayəndələri gəlib bazaya baxış keçirdilər, vəziyyətlə tanış oldular. Elxan Məmmədov isə 3 gün öncə bura gəlmişdi. Görüləcək işlərlə tanış oldu. Məşqçilər, azarkeşlər, klub rəhbərliyi ilə görüşdü. Sağ olsun, həm federasiya, həm də rayon rəhbərliyi bugünkü gündə çox dəstək olur. Bu, tək Tovuz yox, ölkə futbolunun gələcəyi üçün xeyirli bir layihə olacaq. Bir neçə il öncə hər klubda tovuzlu uşaqlar var idi. İndi də var, amma azdır. Son illər Tovuzdan az futbolçu çıxmağının səbəbi bölgəni təmsil edən klubun Premyer Liqada olmamasıdır. Burada 16-17 yaşa qədər futbolçu yetişir, ondan sonra itib-batır. Çünki başqa bir yerə getmək imkanı olmur. Əsgərlik, təhsil məsələləri ortaya çıxır, məcburiyyətdən futboldan kənarda qalırlar. Komanda Premyer Liqada olsa, orada irəliləyə bilərlər. Bildiyim qədərilə yaxın 1-2 ay ərzində, çempionat başa çatandan sonra tikinti işləri başlayacaq. Sentyabr-oktyabr aylarında isə akademiya artıq istifadəyə veriləcək. İnanıram ki, 3-4 ilə Azərbaycan futbolu bunun bəhrəsini görəcək.

- Bayaq özünüz də qeyd etdiniz ki, bölgəni təmsil edən klub Premyer Liqada çıxış etmədiyi üçün futbolçular müəyyən yaşdan sonra itirlər. Yəni, təkcə akademiya açmaqla iş bitmir. Mütləq bölgə klubları da elitada olmalıdırlar ki, akademiyada yetişən uşaqlar orada oynayıb, özlərini göstərə bilsinlər. Bu mənada Elxan Məmmədovla görüşdə akademiya açıldıqdan sonra “Turan Tovuz”, “Kəpəz” kimi əyalət təmsilçilərinin də Premyer Liqada çıxış etməsi müzakirə olundumu?

- Yox, açığı, o barədə söhbət olmadı. Amma mən inanıram ki, akademiya olandan sonra komanda da Premyer Liqada çıxış edər. Çünki futbolçu müəyyən yaş dövrünə çatdıqdan sonra oynaya biləcəyi komanda tapmadığı üçün kənarda qalır. Çox güman ki, bunu da müzakirə edəcəklər. Bəlkə də artıq danışırlar. Yəqin ki, gələcəkdə müəyyən addımlar atılacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır