"Həm “Keşlə”yə, həm də meydançaya qarşı oynadıq" - Qara Qarayev

"Həm “Keşlə”yə, həm də meydançaya qarşı oynadıq" -  Qara Qarayev
MÜSAHİBƏ 3 Mart 2019 / 20:37 2782
-  A +

"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Premyer Lİqanın 19-cu turunda səfərdə "Keşlə"yə qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, yarımmüdafiəçi əvvəlcə görüş haqda danışıb.


- Düşündüyümüz kimi oldu. Ölkə çempionatın ən ağır səfərinə hazırlaşmışdıq. Həm “Keşlə”yə, həm də meydançaya qarşı oynadıq. Çox ağır səfər idi. Şükürlər olsun ki, bunun öhdəsindən gəldik və çox vacib olan üç xalı aktivimizə yazdıq. Son zamanlar komandalar bizə qarşı daha motivasiyalı oynayır və bu da işimizi çətinə salır. Belə meydanlarda rəqibin aqressiv oynaması bizə çətinlik törədir. Yaxşı hazırlaşmışdıq və lazım olan nəticəni qazandıq.

- İkinci hissədə demək olar ki, hücum təşkil etmədiniz. Müdafiədə niyə erkən oturdunuz?

- “Keşlə” istənilən an rəqibi əks-hücumda yaxalayıb, cəzalandıra bilən komandadır. Biz də bunun ehtiyatını görmüşdük. Oyunun sonuna yaxınlaşdıqca bizim üçün vacib olan nəticəni qoruyub saxlamaq idi. Biz müdafiədən oynamağı düşünmürdük. Heç vaxt belə fikrimiz olmayıb. Sadəcə, rəqib məcbur edəndə belə alınır. Bundan sonrakı oyunlarda 90 dəqiqə müdafiə olunub, 3 xal qazanmaq mümkün olsa, bizə yetərlidir.

- Ötən tur “Qarabağ”la heç-heçə edən  “Sabah” bu tur “Neftçi”yə 0:3 hesabı ilə uduzdu.

- Başqa komandaların oyunu barədə danışmağı xoşlamıram. Bundan sonra özümə söz vermişəm ki, rəqiblər barədə danışmayacam. Onu deyim ki, “Sabah”ın bizə qarşı istəyini “Neftçi” ilə matçda görmədim. Yəqin ki, bizimlə oyundan sonra yorulublar. Digər komandalara fikrimizi ayırsaq, zirvədə qərarlaşmaq düşüncəmiz puça çevrilə bilər. Öz oyunumuzu analiz edirik.

- İlk hissənin sonunda Mahir Mədətovla Maksim Medvedev arasında fikir ayrılığı yaşanmışdı.

- Mən əslində, oyun zamanı belə şeylərin yaşanmasını xoşlayıram. Burda bir istək var. Bu, ancaq bizi sevindirir. Bizim belə şeylərimiz ancaq meydandadır. Bir-birimizə irad bildirib, düz yol göstərməyə çalışırıq. Futbolçular arasında prinsip yoxdur ki, bir-birimizə qışqıraq və kənardakılar da bunu görsün. Doğruları deyəndə bəzən aqressiv şəkildə deyilə bilərik və bu da normaldır.

- Sizcə, çempionluq mübarizəsi son turda həll olunacaq?

- Xalların bərabər olması son tura aparır. Hələ 9 tur qalıb və bu da 27 xal edir. Hələ çox qalıb.  2-3 tur qalsaydı, son tura planlaşdırmaq olardı. Bəlkə də son tura lüzum qalmayacaq. Ancaq yarışın gərgin keçməsinin futbolumuz adına xeyri var. Bu da bizi sevindirir.

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Bu oyunla bağlı fikirləriniz necədir?

- Son 4 oyunda uduzmayan komandaya qarşı oynayacağıq. Samir müəllim qış fasiləsindən sonra komandaya oyun sistemini aşılayıb. Evdə oynayacağıq. Bu yolu davam etdirmək üçün sona qədər mübarizə aparmalıyıq.

- Millimizin Xorvatiya ilə oyununa az qalıb. Sizcə, Premyer Liqaya fasilə verib, toplanış etmək olar? Çünki Xorvatiya kimi rəqiblə qarşılaşacağıq və yığmanın çalışdırıcısı Nikola Yurçeviç də futbolçuları yaxşı tanımır.

- Məncə, bizi tanıması üçün toplanış lazımdır. Biri var oyunçu barədə məlumat eşidəsən, biri də var futbolçunu məşqdə görəsən. Bunlara yeni baş məşqçi qərar verəcək. Əgər toplanış olacaqsa, biz sevə-sevə gedəcəyik. Yeni baş məşqçinin bizdən nə istədiyini bilmək üçün toplanış yaxşı olardı. Çox ağır səfərə gedəcəyik.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır