“Qarabağ” və “Neftçi”yə qarşı həmişə aqressiv oluram” – Erik Ramos

“Qarabağ” və “Neftçi”yə qarşı həmişə aqressiv oluram” –  Erik Ramos
MÜSAHİBƏ 27 Fevral 2019 / 14:43 3175
-  A +

“Sabah”ın yarımmüdafiəçisi Erik Ramos Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunda “Qarabağ”la bərabərə qaldıqları oyundan danışan paraqvaylı futbolçu martın 2-də sabiq komandası “Neftçi” ilə keçirəcəkləri matça da toxunub.

- Topaz Premyer Liqanın 18-ci turunda evdə “Qarabağ”la heç-heçə etdiniz. Azlıqda qalmağınıza baxmayaraq, 1:1 hesabını sonadək qorudunuz və xal qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?

- Bizim üçün çox çətin oyun oldu. Ancaq yaxşı mübarizə apardıq. Xüsusilə ilk hissədə daim pressinq edib, bir neçə qol imkanı yaratdıq. İkinci yarıda isə bir qədər dayandıq. Bu hissədə “Qarabağ” bizdən daha yaxşı təsir bağışladı. Hesabı açdıqdan sonra ikinci qolu da vura bilərdilər. Lakin biz daha yaxşı müdafiə olunub, istədiyimiz nəticəni qazandıq.

- Həmin gün meydanda çox aqressiv görünürdünüz...

- Mən həmişə “Qarabağ”, “Qəbələ”, “Neftçi” kimi komandalarla matçlarda aqressiv oluram. Çünki böyük komandalara qarşı oynamağı sevirəm.

- Görüşün 78-ci dəqiqəsində qırmızı vərəqə gördünüz və komandanı azlıqda qoydunuz. Hakimin qərarı haqlı idi?

- Sarı vərəqə gördüyüm hər iki epizodda hakim şifahi xəbərdarlıqla kifayətlənə bilərdi. Hər ikisində “sarı” vermək məcburiyyətində deyildi. Ümumiyyətlə, cəzalanmağımın aqressivliklə əlaqəsi yox idi. Əlbəttə ki, hakimin qərarları ilə razı deyiləm. Referi matçın 20-ci saniyasində futbolçumuza sarı vərəqə göstərdi. 10 dəqiqənin tamamında isə artıq 3 oyunçumuz rəsmi xəbərdarlıq almışdı. Bu, düzgün deyil.

- “Qarabağ”dan xal alıb, “Neftçi” üçün yaxşı imkan yaratmışdınız ki, liderliyini möhkəmlətsin. Ancaq sabiq komandanız doğma meydanda “Səbail”ə uduzaraq, fürsətdən yararlana bilmədi.

- Son 2 oyunda “Neftçi” cəmi 1 xal qazanıb. Əvəzində isə “Qarabağ” ilk pilləni ələ keçirmək üçün yaxşı imkan qazandı. Ancaq hələ heç nə bitməyib. Çempionatın sonuna 10 tur qalıb. Deyərdim ki, həmin matçlar olduqca maraqlı keçəcək.

- Qarşıda 10 tur var. “Qarabağ”, yoxsa “Neftçi”? Sizcə, hansı komanda çempionluğa əsas namizəddir?

- Mənə görə, şanslar bərabərdir. Mövsümün sonunda hər iki komanda çempion ola bilər.

- Növbəti oyununuz “Neftçi”yə qarşı olacaq. Artıq ikinci matçdır ki, cəzalı olduğunuz üçün sabiq komandanıza qarşı oynaya bilməyəcəksiniz...

- Əlbəttə, “Neftçi”yə qarşı oynaya bilməyəcəyim üçün üzülürəm. Artıq onlarla 2-ci oyundur ki, buraxıram. Mənim üçün bu, sadəcə, təsadüfdür. Başqaları bunu necə qəbul etdiyini isə deyə bilmərəm. Çünki hər kəs öz fikrini deməkdə azaddır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır