“Qarabağ”a uduzmuşuq, burda nə var ki?” – Cavid Hüseynov

“Qarabağ”a uduzmuşuq, burda nə var ki?” –  Cavid Hüseynov
MÜSAHİBƏ 17 Fevral 2019 / 20:55 4333
-  A +

“Qəbələ”nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın 17-ci turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, yarımmüdafiəçi qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Çox aqressiv oyundan sonra özünüzü necə hiss edirsiniz?

- Əlbəttə, çox yorulduq. İçi mən qarışıq, uşaqlar meydanda əziyyət çəkdilər. Bunun bəhrəsini görmək istəyirdik. Həqiqətən də deməyə söz tapmıram. Çünki yaxşı oynasaq da, alınmadı. Uduzmağa layiq deyildik.

- Oyunun sonlarında bir-iki epizodda Ceyms Adeniyi qapını görsə də, zərbə endirmirdi. Bu, kənardan bir qədər qəribə görünürdü. Bir hücumçunun qol vurması üçün daha nə lazımdır?

- Açığı, mən belə düşünmürəm. Oyun yeni qurtarıb, heç kimin fikirlərini öyrənməmişik. Sadəcə, bu dəfə belə alındı. Əksər vaxtlar o cür epizodları qaçırmırıq. Oyun baxımından yaxşı təsir bağışlasaq da, son zərbələri vura bilmədik.

- Səncə, oyunun ədalətli nəticəsi necə olmalıydı?

- Uduzmaq istəmirdik. Yaxşı olardı ki, uduzmayaq. Özümüzü bir balaca toparlaya bilsəydik, ikinci hissədə bərabərlik qolunu vura bilərdik.

- Qışdan sonra “Qəbələ” nisbətən özünə gəlmişdi. Ancaq bu gün yenə məğlub oldunuz...

- Məğlub olduq deyəndə ki, “Qarabağ”a uduzmuşuq. Burda nə var ki? Təbii ki, istəməzdik. Necə mübarizə apardığımızı siz də gördünüz.

- Qırılma nöqtəsi 2-ci qol olmadı? Qolu çox erkən buraxdınız. Orada nə baş verdi ki?

- Bəli, hesabı bərabərləşdirdikdən sonra ilk hücumda qol buraxdıq. Sırf ani konsentrasiya itkisindən qapımızda 2-ci topu gördük. Çox tez oldu. Əslində belə davam etsəydik, ilk hissə 1:1 bitsəydi, axırını bilmək olmazdı. Hər şey bizim xeyirimizə də bitə bilərdi.

- Penalti epizodu haqda nə deyə bilərsən?

- Bu haqda nə danışım? Kənardan baxan sizsiniz. Televiziya vasitəsilə, daha aydın görünür.

- Davit Volkovi əvvəlki iki oyundan fərqli olaraq bu görüşdə özünə oxşamırdı...

- Volkovi yeni gəlib, “Qarabağ”ın oyununa bələd deyildi. Bu komandaya qarşı ilk dəfə oynayırdı. Əvvəlki matçlara baxanda bir az zəif çıxış etdi. Daha yaxşı oynaya bilərdi. Amma özünü göstərə bilmədi. Bu, o demək deyil ki, oynaya bilmir.

- Əvvəlki illərdə “Qarabağ”la çempionluq uğrunda mübarizə aparan “Qəbələ” var idi. Bu gün isə həmin komanda yoxdur.

- Siz bugünkü oyunda mübarizəni görmədiniz?

- Söhbət turnir cədvəlindən gedir.

- Açığı, pis oynadığımızı düşünmürəm. Ola bilər, büdcə baxımından əvvəlki illərdə daha inamlı, iddialı görünə bilərdik. Bu gün büdcə aşağı olsa da, zəif sayılmırıq.

- Əvvəlki illərlə müqayisədə büdcə çox azalıb?

- Bəli, kifayət qədər azalıb. Amma bu, bizə mane olmur. Futbolçu meydana çıxanda pul amili o qədər də rol oynamır. Əsas göstərdiyin oyundur. Ancaq təbii ki, maliyyə də önəmlidir.

- Son olaraq, milli komanda ilə bağlı soruşmaq istərdim. Artıq yeni baş məşqçi bəllidir. Hər şey sıfırdan başlayacaq. Yəni, Nikola Yurçeviç üçün Cavid Hüseynov, ya bir başqası hələ elə tanış deyil.

- Əlbəttə, yeni məşqçidir. Oyunlara baxır, kim xoşuna gəlirsə, onu da çağıracaq.

- Səncə, oyunun Yurçeviçin xoşuna gələ bilər?

- Bilmirəm. Bu barədə nəsə deməyə çətinlik çəkirəm.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır