"Xorvatiyadan qorxmuruq" - Ramil Şeydayev
Milli komandamızın hücumçusu, hazırda Rusiya Premyer Liqa təmsilçisi “Krılya Sovetov”da çıxış edən Ramil Şeydayev Qol.az-a müsahibə verib. Nikola Yurçeviçin yığmaya baş məşqçi təyinatı haqda danışan futbolçu Avro-2020-nin seçmə mərhələsindəki şanslarımızı da dəyərləndirib.
- Əvvəlcə yığmanın yeni baş məşçqçisi Nikola Yurçeviçlə bağlı fikirlərini bilmək maraqlı olardı. Xorvatiyalı məşqçini tanıyırsan?
- Xeyr, Yurçeviçi tanımıram. Ona görə də hələlik baş məşqçi haqqında heç nə deyə bilmərəm.
- Yurçeviçlə bağlı qısaca onu deyim ki, baş məşqçi kimi heç bir uğuru yoxdur və daha çox köməkçi məşqçi kimi fəaliyyət göstərib. Səncə, milli onun başçılığı altında uğur qazana bilər?
- Futboldur, hər şey ola bilər. Millinin uğur qazanması həm ondan, həm də komandadan asılıdır.
- Yeni çalışdırıcıdan dəvət gözləyirsən?
- Əlbəttə, gözləyirəm. Ən əsası da inanıram ki, millidən kənarda qalmayacağam.
- “Krılya Sovetov”dakı vəziyyətin necədir? Hazırkı durum səni qane edir?
- Hər şey əladır. Təlim-məşq toplanışındayıq. Məşq edirik, çempionata hazırlaşırıq. Qarşıda daha bir toplanışımız olacaq.
- Yoxlama oyunlarında meydana çıxsan da, hələ ki, qol vura bilməmisən. Niyə alınmır?
- Açığı, bu suala cavab verə bilməyəcəyəm. Çünki səbəbini özüm də bilmirəm.
- Gələcəkdə səni yenidən Azərbaycan çempionatında görə bilərik?
- Azərbaycanı, Bakını çox sevirəm. Vətənim üçün darıxıram. Ancaq yenidən orada oynayıb-oynamayacağımı dəqiq deyə bilmərəm. Bunu zaman göstərəcək.
- Bir müddət öncə Rusiya mətbuatına müsahibəndə Azərbaycanda futbolun səviyyəsinin yüksək olmadığını, oyun sayının azlığına görə ölkəmizdə çıxış etməyin düzgün olmadığını vurğulamışdın. Ölkəmizdə futbolun səviyyəsini qaldırmaq üçün nə etmək lazımdır?
- Hər şeyə uşaq futbolundan başlamaq lazımdır. Qısa vaxt ərzində nəyisə dəyişmək çox çətindir. Futbolun səviyyəsini yüksəltmək üçün uzun zamana ehtiyac var.
- 1 il “Qarabağ”da oynadın. Milli komandanın üzvüsən, demək olar ki, bütün toplanışlara dəvət alırsan. Burada olduğun müddətdə Azərbaycan futbolunda hansı problemləri gördün?
- Bu, artıq başqa söhbətin mövzusudur. İndi bu haqda fikir bildirmək istəmirəm.
- Yaxşı, millidən danışaq. Qarşıda Avro-2020-nin seçmə mərhələsinin oyunları gəlir. Qrupumuzdakı komandalar isə Xorvatiya, Uels, Slovakiya və Macarıstandır. Rəqibləri necə dəyərləndirirsən?
- Əlbəttə, hamısı güclü yığmalardır. Çətin rəqiblərlə qarşılaşacağıq. Ancaq əlimizdən gələni edib, ölkə üçün oynayacağıq. Qrupda yaxşı yer tutmağa çalışacağıq.
- Səncə, milli komandamız qrupda neçənci yeri tuta bilər?
- Düşünürəm ki, 2-ci yeri tuta bilərik.
- Nəyə əsasən belə fikirləşirsən?
- Çünki bizim yaxşı komandamız var. Mən yığmaya inanıram. Ona görə də 2-ci yeri tuta biləcəyimizi fikirləşirəm.
- Ancaq komanda Millətlər Liqasında qrupdan çıxa bilmədi...
- Bu, bizim üçün bir dərs oldu. Bundan sonra daha inamlı çıxış etməli və yaxşı nəticələr qazanmalıyıq.
- Qrupda ilk oyununuz səfərdə Xorvatiyaya qarşı olacaq. Son dünya çempionatının gümüş medalçısı ilə oynamaq sizi qorxutmur?
- Xeyr, qorxutmur. Onlar da meydana 11 nəfərlə çıxacaqlar.
- Həmin oyun haqda nə deyə bilərsən?
- İndiki məqamda heç nə demək istəmirəm. Çünki mən hələ heç baş məşqçini də tanımıram.
Elnur SALAHOV