Mircavadov klubları və liqaları tənqid etdi - "Bu nə turnir ola bilər?"

Mircavadov klubları və liqaları tənqid etdi -  "Bu nə turnir ola bilər?"
MÜSAHİBƏ 2 Noyabr 2018 / 17:01 5620
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az-ın sullarını cavablandırıb. U-17 yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki uğursuz çıxışı ilə bağlı danışan 71 yaşlı mütəxəssis aşağı yaş qrupları üzrə millilərimizin ümumi problemlərini göstərib.

- U-17 millimizlə Avropa çempionatının seçmə mərhələ oyunlarının keçirildiyi Albaniyaya səfər etmişdiniz. Yığmamız 3 oyunun hamısında uduzdu. Bu uğursuzluqla bağlı nə deyə bilərsiniz?


- Gəlin, sualı belə qoyaq ki, Azərbaycanda aşağı yaş qrupları üzrə komadaların çempionatı hansı səviyyədə keçir? Əgər bir çempionatda 7:0, 10:0 hesabı qeydı alınırsa, bu nə turnir ola bilər? Biz həmişə problemi milli komandada axtarırırıq. Ancaq uğurlar, futbolçular yığmaya klublardan gəlir. Futbolçular klublarında oynamır. Klubdakı problemləri həll etsək, yığmamız da yaxşı oynayacaq.

- Bəs AFFA-nın təşkil etdiyi liqaların aşağı yaş qupları üzrə millilərimizə faydası yoxdur?

- Bəli, liqalar keçirilir. Fayda verməsi üçün gərək gənc futbolçular klublarında da oynasınlar. Son zamanlar mənə qəribə suallar verirlər. Hər bir klubda 16-17 yaşlı uşaqlar var. Gəlin görək, son vaxtlar hansı klubların akademiyalarında yetişən uşaqlar əsas komandada 11-liyə düşür? Yox dərəcəsindədir. Biz əsas keyfiyyətli oyunçuları diqqətdə saxlamalıyıq ki, itməsinlər. 14-15 yaşlı uşaqlardan nəticə gözləmək düzgün deyil. Nəticəni kim verir? Keyfiyyətli oyunçular. Ona görə də yaxşı futbolçu yetişdirmək lazımdır ki, nəticə də olsun. Biz 12 yaşlı futbolçudan tələb edə bilmərik ki, mütləq udmalısan. Əvvəlcə ona futbolu, topu sevdirmək, oynamağın sirlərini öyrətmək lazımdır. Sonra nəticə haqda düşünmək olar. Bizdə istedadlı futbolçular var. Ancaq onları "açan" məşqçilər olmalıdır. Gənc futbolçular məşqi harda edirlər? Bununla maraqlanmaq lazımdır. "Qəbələ" çıxmaq şərtilə heç bir klubumuzda gənc futbolçuların yetişməsi üçün normal şərait yoxdur. Son vaxtlar bu klub milli komadalarımıza oyunçular verir. U-17-də 7 nəfər "Qəbələ"li var idi.

- Aşağı yaş qrupları üzrə milli komadalarımızın əsas problemi nədir?

- Əsas problemi klublarda axtarmaq lazımdır. Klublarda işlər düzgün qurulmasa, millilərimiz üçün ağır olacaq. Baxın, Rəşad Sadıqov 1 ildir milli karyerasını başa vurub. Onu əvəzləyəcək bir oyunçu yoxdur. Hələ axtarırlar. Niyə? Hazırda bütün aşağı yaş qruplarında qapıçı problemi var. Niyə? Biz bu problemin üzərində işləməliyik. Peşəkarlar bununla məşğul olmalıdır. Demirəm ki, klublarda iş getmir. Ancaq iş keyfiyyətli olmalıdır.

- U-17 mllimizin oyunlarından danışaq. Yığmamızın rəqibləri ilə arasında səviyyə fərqi çox idi?

- Uşaqlar hər bir oyunda can yandırdı. Ancaq Azərbaycan çempionatında qollar vuran elə futbolçularımız var idi ki, bu turnirdə heç nə edə bilmədi. Çexiya və Norveç bizdən güclü idi. Səviyyə fərqi hiss olunurdu. Həm takiti, həm də fərdi cəhətdən bizdən üstün idilər. Albanlarla oyunda isə fərq hiss olunmurdu. Hətta komandamız azlıqda qalanda da rəqibi üstələyirdi.

- Nəticəni qoyaq bir yana, yığmamız uduzmaqdan başqa, həm də 3 oyuna cəmi 1 qol vurdu.

- Razıyam, bizdə qol epizodu yaratmaq problem idi. Hücumda çox aşağı səviyyədə oynadıq. Yaratdığımız qol epizodlarından istifadə etməyi də bacarmırıq.

- Ümidverici nəsə yoxdur?

- 17 yaş elə yaşdır ki, ola bilər futbolçu bir oyunu yaxşı oynasın, digərində pis.  Bu yaşda uşaqlara il boyu baxmaq lazımdır. Fikir vermək lazımdır ki, bu oyunçu artırır, yoxsa geri gedir. Hazırda U-17 millimizdə 2-3 nəfər uşaq var ki, onlardan nəsə gözləmək olar.

- 2-3 nəfər çox az deyil?

- Əlbəttə azdır. Hələ onlar da hazır deyil, işləmək, indiki uşaqlara futbolu sevdirmək lazımdır. Bizim vaxtımızda bizə heç kim demirdi ki, futbol oyna. Özümüz hər gün məhlədə futbol oynayırdıq. Yəni özümüzün həvəsimiz var idi. İndiki uşaqların məhlədə futbol oynağını görmürəm.

- Bəlkə, ölkədə futbol populyarlığını itirib?

- Küçə futboluna görə bəli, itirib. Ona görə də 15 yaşına qədər futbolçulardan nəticə tələb etmək yox, onlara futbolu sevdirmək lazımdır.

- Bünövrəsi bu cür olan əsas millimizdən 4-5 il sonra nəsə gözləyə bilərik?

- Bu suala birmənalı cavab verə bilmərəm. Ağırdır. Əgər futbolçular il boyu millidə oynasa, başqa məsələ. Ancaq bunlar klublardan gəlirlər axı. Klublarda böyük işlər görülməlidir. Bu,olmasa, çətin olacaq. Getdikcə, qapıçı, müdafiəçi, hücumçu problemi yaranacaq.

- Gənc futbolçularla işləyən məşqçilərdən də çox şey asılıdır. Hər il AFFA neçə-neçə məşqçiyə lisenziya verir. Bəlkə, bu məşqçilər futbolçuları yetişdirməyi bacarmır?

- Bəli, AFFA-nın məşqçiləri oxutması əladır. Amma lisenziyanı alan məşqçi də gərək öz üzərində işləsin. Mütləq bu haqda düşünmək lazımdır. Gərək bu məşqçilər istedadlı futbolçunu kəşf etməyi bacarsınlar, onları üzə çıxarsınlar. İndi aşağı yaş qruplarında bütün məşqçilər cavanlardır. Bir nəfər orta yaşlı məşqçi yoxdur. Bu da çox pis haldır. Adətən aşağı yaş qruplarında orta nəslin nümayəndələri çalışırdı. 2-3 nəfər də gənc məşqçi onların yanında işləyib, öyrənirdi. Bu məqama da diqqət etmək lazımdır. Cavanlaşdıraq əladır. Mən həmişə bunun tərəfdarı olmuşam. Amma birdən-birə hamısını gənc məşqçi təyin etmək düzgün deyil. Lisensiya almısanda, o demək deyil ki, dərhal baş məşqçi olmalısan. Əvvəlcə öyrən, sonra işlə də. Cavan məşqçilər çox işləməlidir. İndi öyrənmək üçün hər bir şərait var.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır