"Millini tərk etməmişdim" - Ansi Aqolli
"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib.
Qol.az-ın xəbərinə görə, Albaniya millisinin kapitanı olan 35 yaşlı müdafiəçi yenidən yığmaya qayıdışından və Millətlər Liqasında İsraillə keçiriləcək oyundan danışıb.
- Ansi, kritik bir anda milliyə qayıtdınız...
- Millidən dəvət almaq üçün həmişə hazır olmalıyam. Bura gəlmişəm ki, komandama təcrübəmlə meydanda kömək edim. Üzərimə düşən işi maksimum şəkildə yerinə yetirəcəm.
- Milliyə qayıtdıqdan sonra komandada hansı dəyişikliyi gördünüz? Son iki yoxla oyunundakı məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- Düşünmürəm ki, mən milli komandanı tərk etmişdim. İndi yığmada bir neç yeni oyunçu var. Onlar özləri düşünməlidirlər ki, ölkəmiz üçün oynayırıq. Kollektivdə ab-hava yaxşıdır. Biz növbəti oyuna hazırlaşırıq. Ona görə də millinin uduzduğu keçmiş oyunlardan danışmağın vaxtı deyil. Məncə, o məğlubiyyətlər qarşıdan gələn rəsmi oyunlar üçün bir dərs oldu.
- Millətlər Liqasında qarşıya hansı hədəf qoyulub?
- Bu barədə danımaq bir qədər tezdir. İlk növbədə yaxşı oyun göstərmək və qələbə qazanmaq istəyirik. Sonra gələcəyə baxarıq. Bütün oyunlar barədə ayrıca düşünməliyik.
- 2016-cı ildə İsrailə 0:3 hesabı ilə uduzmuşduq. İndi Albaniya millisi həmin dövrlə müqayisədə güclüdür, yoxsa zəif?
- İsraillə oyun bizim üçün pis təcrübə oldu. Həmin vaxt oyunumuza bir çox amillər təsir göstərdi. Komandamız 9 nəfərlə qalmışdı. Bu da planlarımıza böyük təsir etmişdi. İndi isə yeni bir oyun olacaq. Komandamız tam hazırdır.
- Milli komandanın ümumi hədəfləri və üzləşdiyi problem nədir?
- Hamı Avropa çempionatına gedən bir komandadan danışır. Hər şey gözlənilmədən oldu. Biz Avropa çempionatına yollandıq. İnanıram ki, sabahdan başlayan yolun sonu da belə uğurlu olacaq.