Ötən həftə "Zirə"dən istefa verən Ayxan Abbasov Qol.az-a müsahibə verib. Komandadan gedişinin səbəblərini açıqlayan gənc mütəxəssis Samir Abasovun təyinatına da münasibət bildirib.
- Yeni mövsümdə cəmi 2 turdan sonra gözlənilməz şəkildə istefa verdiniz. "Zirə"dən gedişinizə təsir edən başlıca amil nə oldu?
- Amillər çoxdur. Düzdür, 2 tur tez idi. Amma bu, o demək deyil ki, komandamız zəif idi, inamım yox idi. Sadəcə, ikinci oyundakı məğlubiyyət mənə çox pis təsir etdi. O günə kimi "Zirə"nin belə zəif, "dişsiz" oyununu görməmişdim. Düzdür, ötən mövsüm qış fasiləsindən sonra 9 oyunda qalib gələ bilməmişdik. Amma həmin vaxt komanda daha yaxşı görünürdü, oyunu ilə seçilirdi. Bəlkə də ötən ilin yorğunluğuna görə bu addımı atdım. Bir çox şeyi fikirləşdim və sonda getmək qərarına gəldim.
- Yəni deyirsiniz ki, burada başqa səbəb axtarmaq mənasızdır...
- Başqa səbəb deyəndə nəyi nəzərdə tutursunuz?
- Misal üçün, klub rəhbərliyi ilə aranızda yaranmış hər hansı fikir ayrılığı və ya bir başqa səbəb. Çünki hələ ötən mövsümün sonunda klubun büdcəsinin azaldılacağı ilə bağlı xəbərlər yayılmışdı. Aparıcı futbolçularınızı komandada saxlaya bilməməyiniz, yayda istədiyiniz oyunçuların alınmaması da hardasa bunu təsdiqlədi. Büdcə azalanda isə istər-istəməz iddia da azalır. Bəlkə Ayxan Abbasov iddiasız klubda işləmək istəmədiyi üçün istefa verdi...
- Fikir ayrılığı hər zaman ola bilər. Komandada çatışmazlıqlar var. Deyə bilmərəm ki, hər şey mükəmməl idi. Transfer məsələlərində boşluqlar var idi. Bizə oyunçu lazım idi. Ancaq deməzdim ki, "Zirə" bu mövsüm iddiasızdır. Düzdür, indi heyətdə cəmi 5 legioner var. Daha 2 əcnəbi futbolçu almağı planlaşdırırdıq. Amma bizdən asılı olmayan səbəblərə görə bunu edə bilmədik. Bütün bunlara baxmayaraq, "Zirə" yenə də iddialıdır. 3 komanda - "Qarabağ", "Neftçi" və "Qəbələ"ni çıxsaq, digər klublar səviyyə baxımından bir-birinə yaxındırlar. Amma yenə deyirəm, istefa məsələsində iddialı-iddiasız söhbəti olmadı. Əsas səbəbləri az öncə sadaladım. Fikirləşdim ki, dəyişiklik etsək, daha yaxşı olar. Məncə, düzgün addımdır.
- Maraqlıdır, rəhbərliyə istefa verməklə bağlı qərarınızı açıqlayanda, sizi fikrinizdən daşındırmağa çalışdılarmı?
- Mən öz fikrimi dedim. Ümumi danışıq oldu. Rəhbərliklə hər zaman aramızda yaxşı münasibət olub. İndi də var. Fikrimi onlara çatdırdım, razılaşdıq.
- Yəni, sizə "qalıb işinizi davam etdirin" demədilər...
- Yox, mən elə sözlər dedim ki, onlar fikirlərimə hörmətlə yanaşdıqlarını bildirdilər.
- Eyni gündə sizin istefanızın açıqlanması, ardınca isə yeni baş məşqçinin təyinatı ilə bağlı rəsmi məlumat verilməsi birmənalı qarşılanmadı...
- Mən istefa qərarımı "Sabah"la oyunun ertəsi rəhbərliyə çatdırmışdım. Komandanın qısa vaxt ərzində yeni baş məşqçi tapması normal haldır. Çünki boşda olan mütəxəssislər də var idi. Yəni burada mənə təəccüblə gələn heç nə yoxdur. Bura Azərbaycandır, belə şeylər olur. Tez bir zamanda kimisə tapmalısan.
- Müsahibənin əvvəlində dediniz ki, hələ belə "dişsiz" "Zirə" görməmişdiniz. Sizcə, komandanın mövsümə bu cür uğursuz başlaması nə ilə əlaqədardır?
- Əslində "Keşlə" ilə ilk oyunda komanda çox yaxşı oynamışdı. Hesabda da irəlidə idik. Oyunun sonlarında öz səhvlərimizdən qollar buraxdıq. "Sabah"a qarşı isə pis oynadıq. Komandanın hazırlıq mərhələsini, keçirdiyi yoxlama oyunlarını nəzərə alsaq, mən başqa "Zirə" gözləyirdim. Yaxşı nəticələrə ümid edirdim. Bəlkə də 3-cü oyun yaxşı olacaq, ardıcıl xallar qazanacaqdıq.
- Samir Abasovun təyinatını necə qarşıladınız? Ümumiyyətlə, rəhbərliyin bu seçimi etməsində sizin rolunuz oldu?
- Xeyr, klub rəhbərliyinin bu barədə mənimlə söhbəti olmayıb. Bir məşqçi gedəndə, digəri gəlməlidir. Yəqin, rəhbərlik də bir çox müzakirələrdən sonra Samiri bu vəzifəyə dəvət edib. Ona da uğurlar arzulayıram. Düzdür, müsahibələrimdə gedişatı, öz fikirlərimi bildirməliyəm. Amma "Zirə" dəftəri mənim üçün qapandı. Bu haqda çox danışmaq istəmirəm. Yeni məşqçilər heyəti də hansı yükün altına girdiyini bilir. Samir Abasovun təcrübəsi var. İnanıram ki, yaxşı olacaq.
- Yeni baş məşqçiyə nə məsləhət görərdiniz?
- (Gülür) Samir Abasov məndən təcrübəlidir, nə etmək lazım olduğunu bilir. Amma nəsə lazım olsa, canla-başla kömək etməyə hazıram. Hər məşqçinin futbola baxışı eyni cür ola bilməz. Vaxtı var, yəqin ki, komandanı daha yaxından tanıyacaq.
- Samir Abasov təyinatından sonra sizə zəng vurdu? Demişdi ki, hər şey rəsmiləşəndən sonra sizdən halallıq istəyəcək...
- Həmin ərəfədə Bakıda deyildim, telefonum da bağlı idi. Amma sonradan əlaqə saxladı. Ona bildirdim ki, futbolda belə şeylər normaldır. Biri gedər, o biri gələr. Samirə uğurlar arzuladım. Belə şeylər bizim münasibətimizə heç bir təsir göstərə bilməz. O ki qaldı digər məsələyə, "Zirə" mənim daimi yerim deyil ki, kiməsə halallıq verməyim, kin bəsləyim. Sağ olsun, məni saydı. Belədə istər-istəməz halallıq verməlisən. Getmişəmsə, yerimə kimsə gəlməlidir.
Elnur SALAHOV
U-18 Qəbələdə toplanır
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"