"Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"

"Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"
MÜSAHİBƏ 16 Avqust 2018 / 18:02 6685
-  A +

"CBC Sport"un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli Qol.az-a müsahibə verib. Telekanalın son yenilikləri ilə bağlı danışan R. Əfsərli maraqlı fikirlər səsləndirib.

- "CBC Sport" yeni mövsümdən Çempionlar Liqası, Avroliqa, Millətlər Liqası, İspaniya La Liqası, AÇ-2020 və DÇ-2022-nin seçmə oyunlarının yayım hüququnu aldı. Bilmək istərdik, bu, necə gerçəkləşdi?

- Bu, daha çox rəhbərliyə ünvanlanmalı sualdır. Çünki onlar detalları daha yaxşı bilirlər. Amma mən bu kanalda çalışdığım və daxili prosesləri bildiyim üçün deyim ki, bir neçə ay idi bunun üzərində iş gedirdi. Bildiyim qədərilə danışıqlar prosesi çox çətin keçib. Kənardan göründüyü kimi asan deyil: "CBC Sport" gəldi, müsabiqədə iştirak etdi və aldı, getdi. Xeyr, belə deyil. Bunun üzərində kanal rəhbərliyinin, baş direktorumuz Volkan Üstün çox böyük əməyi var. Böyük prosesdir. Mən bir idman jurnalisti, telekanal əməkdaşı kimi bu məsələyə çox sevinirəm. Bu cür turnirləri yayımlamaq, şərh etmək hər birimiz üçün qürurverici bir şeydir. "CBC Sport" yarandığı gündən inkişaf etməyə, böyüməyə çalışır. Hər il irəliyə doğru bir addım atmışıq. Bəlkə bu addımlar daha da böyük ola bilərdi. Amma obyektiv və subyektiv səbəblərdən daha kiçik addım olub. Amma bu il irəli getmək, inkişaf etmək mənasında çox vacib addım atdıq. Bu isə təbii ki, üzərimizə daha böyük məsuliyyət qoyur. Öhdəsindən gəlməyə çalışacağıq.

- Dünya çempionatı ərəfəsində bəzi şərhçiləriniz İTV-də mundialın oyunlarını şərh etdilər. Eyni təcrübədən siz də istifadə edəcəksinizmi? Yəni, bu qədər oyunu şərh etmək üçün digər telekanallardan şərhçilər dəvət olunacaqmı? Yoxsa öz şərhçiləriniz kifayət edir?

- Dünya çempionatı ərəfəsində İctimai telekanalla bizim kanalın rəhbərliyi arasında danışıqlar oldu. Onların müraciəti var idi, bizdən xahiş etdilər. Bilirsiniz ki, İctimai Televiziya sırf idman profilli kanal deyil. Təbii ki, onların şərhçiləri də bir ay ərzində 40-50 oyunu şərh etmək üçün kifayət etmir. Ona görə də müraciət etdilər. Fürsətdən istifadə edib onlara təşəkkürümüzü bildirirəm. Amma o ki qaldı qarşılıqlı addım məsələsinə, açığı, hələlik bu barədə düşünməmişik. Ümumilikdə isə şərhçilərimizin sayı hələlik yetərincə deyil. Bunu indidən açıq demək istəyirəm. Müxtəlif səbəblərdən sıralarımız bir az seyrəlib. Yeni mövsümdə işimiz, oyunlarımız çoxdur. Yeni şərhçilər cəlb etməyə çalışacağıq. Konkret adlar çəkə bilmərəm, kimlər gələcək, necə gələcək. Amma onu deyim ki, daha çox "CBC Sport"da yetişən gənclərə şans verməyə çalışacağıq. Çünki öz kadrlarımızı da yetişdirməliyik, şərhçilərimizin sıraları genişlənməlidir. Kanal olaraq öz daxilimizdə bu işə başlamalıyıq. Çox istedadlı gənclərimiz var. Artıq bəziləri 1-2 ildir efirə çıxır. Şərhlər də ediblər. Düzdür, Çempionlar Liqası, dünya çempionatı kimi qlobal turnirlər olmayıb. Amma biz artıq Hollandiya, İtaliya çempionatının, Premyer Liqamızın, milli komandalarımızın oyunlarını yayımlayırıq. Bundan başqa, 2016-cı il Avropa çempionatı və Kopa Amerika turnirinin matçlarını vermişik. Orada təcrübə qazanmış gənc şərhçilərimiz var. Onları da cəlb etməyə çalışacağıq. Ancaq təbii ki, təcrübəli şəxslərə də ehtiyacımız var.

- Bir ara telekanalda maliyyə problemi olması ilə bağlı xəbərlər dolaşırdı. Bu, nə dərəcədə doğru idi?

- Bu suala daha dəqiq bizim rəhbərlik və Maliyyə Departamenti cavab verə bilər. Amma işçilərin, şəxsən öz adımdan deyə bilərəm ki, son ilyarımda maaşlarımızın nəinki uzunmüddətli, heç bir neçə gün gecikməsi belə mənim yadıma gəlmir. 2 il əvvəl hardasa müəyyən çətinliklər olurdu, hazırda isə hər hansı maliyyə problemindən söhbət gedə bilməz. Təbii ki, "CBC Sport"un büdcəsi böyük deyil. Bunu anlamaq lazımdır. Hazırda kanala reklam cəlb etmək üçün danışıqlar aparırıq. Düzdür, telekanalın sponsorları da var, amma maliyyə durumu hüdudsuz deyil. İşçi üçün nə lazımdır? Maaşını, mükafatlarını vaxtında alması üçün. Biz çoxdandır belə problemlər yaşamırıq.

- Son vaxtlar "CBC Sport"da bəzi şərhçilərin şərhi tənqid olunur. Buna münasibətin necədir?

- Bir filmə baxmışdım. Orada foksçu, sehrbazın müəllimi ona bir fənd öyrədirdi. Göyərçini gizlətmək, sonra ortaya çıxarmaq lazım idi. Fəndin məğzi belədir ki, göyərçin gizlədilir, onun kürəyində dəmirlərin arasında sıxılıb öldürülür, sonra yeni bir göyərçin ortaya çıxarılır. Sehrbaz bundan imtina etməyə çalışır ki, mən göyərçini öldürmək istəmirəm. Onda müəllimi buna deyir ki, göyərçini öldürmək istəmirsənsə, peşəni dəyiş. Bu suala obrazlı şəkildə cavab verməyə çalışdım. Mənə elə gəlir ki, istənilən şərhçi bunu təsdiqləyə bilər. Şərhçi olmaq istəyən adam kəfəni əyninə keçirib gəlir. Bir az qəribə səslənə bilər, amma belədir. Şərhçi olmaq istəyən başa düşür ki, tənqidlərlə üzləşəcək. Hazırda dünyanın ən çox sevilən 2 futbolçusu var: Ronaldo və Messi. Eyni zamanda, ən çox nifrət olunanlar da onlardır. Yaxud da ən çox sevilən klublar hansılardır? "Real", "Barselona", "Mançester Yunayted", "Yuventus" və sair... Ən çox tənqid və nifrət olunan da bu komandalardır. Bu, təbii bir şeydir. Tanınmış olmağın, auditoriyaya səslənməyin, sənin fikirlərinlə kiminsə hesablaşmasının əks tərəfi də var. Medalın iki üzü olduğu kimi. Səni tənqid edəcəklər. Bunu həmişə demişəm, şərhçilik bir zövq məsələsidir. Fikrim də heç zaman dəyişməyəcək. Şərhçiliyə obyektiv qiymət vermək çox çətindir. Bunu daha çox təcrübəli şərhçilər, bizim böyüklərimiz, müəllimlərimiz edə bilərlər. Amma şərh özü bir tamaşadır. Sən 90 dəqiqə ərzində bir tamaşa oynayırsan. Təbii ki, bu müddət ərzində tam tonusda olmaq çox çətindir. Kənar amillər də çox böyük rol oynayır. Hansı oyunu şərh etməyi, həmin matçın şəraitdə, hansı sürətdə keçməyi, futbolçuların oyunu, azarkeşlərin sayı, interşum, texniki məsələlərdən də çox şey asılıdır. Bütün bunlar birləşəndən sonra ortaya kamil, yaxşı bir şərh çıxır. Biz əlbəttə, başa düşürük ki, tənqid olunacağıq. İlk gündən bunu bilirik. Deməzdim ki, son vaxtlar, biz hər zaman tənqid olunmuşuq. İndi də tənqid olunuruq və yəqin ki, həmişə də tənqid olunacağıq. Amma bilirəm ki, Azərbaycan şərhçilərini bəyənənlər də var. Bəlkə də bəyənənlər bəyənməyənlər qədərdir. Deməzdim ki, insanların 90 faizi "CBC Sport"un şərhçilərini tənqid edir, 10 faizi bəyənir. Yaxud da əksinə. Belə ola bilməz. Biz bunu başa düşürük. Bu məsələlərdən incimirik. Əksinə, hər bir tənqidə rasional yanaşmağa, onlardan nəticə çıxarmağa çalışırıq. Amma bu, başqa məsələdir ki, bəzən tənqidlər məntiqsiz olur. Konkret misallar çəkə bilərəm, amma buna lüzum görmürəm. Sadəcə, çox istərdim ki, izləyicilərimiz daha çox fərdi məsələləri yox, ümumi qlobal məsələləri qabartsınlar. Düşünürəm ki, Rüstəm Əfsərli onların xoşuna gəlmirsə, bu, daha çox zövqdən irəli gələn bir şeydir. Burda konkret detal tapmaq çox çətindir. Bəzən hiss olunur ki, kimsə televizorun qarşısında oturub futbola baxmır, ancaq şərhçidə səhv tapmağa çalışır. Bəzən də görürsən ki, çox rasional tənqidlər olur. Bunlar hamısı təbii qarşılanan şeylərdir. Əgər şərhçi səhvə yol veribsə, bunun tutulması və müzakirəyə çıxarılması tamamilə təbiidir. Amma mən bu cür tərzi xoşlamıram, belə xoşlayıram və sən bu cür olmalısan tələbinə hər şərhçinin cavab verə bilməsi çox çətindir. Hamıya xoş olmaq mümkün deyil. Sən zövqünə uyğun şərhə qulaq asa bilərsən.
Tənqidlərə tamamilə normal, sakit yanaşırıq. Düşünürəm ki, tənqidin bu qədər qabarıq ortaya çıxmasının səbəbi ondan ibarətdir ki, tənqid yazanlar bu fikri bildirirlər. Bəyənənlər isə sadəcə bəyənirlər və keçirlər. Vəssalam. Hər bir şərhçimizlə bağlı sosial şəbəkədəki səhifəmizə onlarla, yüzlərlə məktub gəlir. Onlar adətən şəxsi məktublar, mesajlar olur. Yaxşı şeylər şəxsiyə gəlir, pis şeylər, tənqidlər isə ictimailəşdirilir. Ona görə gözə daha çox bu batır.



- Artıq bir neçə ildir televiziyada çalışırsan. Müasir dövrdə Azərbaycan teleməkanında idman şərhçiliyi səni qane edirmi?

- Desəm ki, məni tamamilə hər şey qane edir, birincisi, bu, qeyri-təvazökarlıq olar. İkincisi isə artıq inkişaf etmək, istəməmək kimi görünər. Təbii ki, hər şey 100 faiz hamını qane edə bilməz. Mən nə özümdən, nə də əməkdaşlarımızdan, həmkarlarımızdan tam razıyam. Amma ümumən, mənim həm bir izləyici, həm də az-çox təcrübəsi olan bir şərhçi, kanal əməkdaşı kimi mövqeyim bundan ibarətdir ki, Azərbaycanın şərhçilik səviyyəsi kifayət qədər yaxşıdır. Kifayət qədər ifadəsini hərə bir cür qəbul edə bilər. Qorxmadan deyə bilərəm ki, çox yaxşıdır. Son illərdə Azərbaycan dilində şərhlərə qulaq asan, Azərbaycan şərhçilərinə qulaq asan bir nəsil formalaşıb. Bunu hələ dünya çempionatının gedişində də demişdim, dəfələrlə manitorinq aparıb bunu izləmişəm, Azərbaycan şərhçilərini sevən, bəyənən, hətta rus və türk şərhçilərdən də üstün tutan bir nəsil formalaşır. Düşünürəm ki, son illərdə bizim şərhçilik məktəbi çox böyük bir inkişaf yolu keçib. Bu, ölkədə 2 idman kanalının olması ilə əlaqədar ola bir şeydir. Bunda "İdman Azərbaycan" və "CBC Sport"un böyük xidmətləri var. Çünki son illərdə tamaşaçı kütləsi yarandı. 15 il əvvəl necə idi? Azərbaycanda idman kanalı yox idi. Oyunlara ya rusca, ya da türkcə baxırdıq. Amma son 10 ildə 1, son 3 ildə isə 2-ci idman kanalı açıldı. Bütün idman növləri artıq Azərbaycanda yayımlanmağa başladı və yerli şərhçilər formalaşdı. İlk illərdə çətinliklərin, bir az təcrübəsizliyin olması təbiidir. Çünki hər şeyə sıfırdan başlayanda çatışmazlıqlar olacaq. Ancaq getdikcə öz üzərində işləyib çox artıran şərhçilərimiz var. Bu məsuliyyəti boynuma götürüb deyirəm ki, Azərbaycanda elə şərhçilər var ki, qlobal mənada Rusiya və Türkiyə şərhçilərindən nəinki geri qalmırlar, hətta onları qabaqlayırlar da.

- Həmin şərhçilərdən daha çox kimləri fərqləndirərdin?

- Əslində bir-bir hamının adını çəkə bilərəm. Ancaq məncə, burda məsələyə fərdi yanaşmaq lazımdır. Deyəcəyəm ki, mənim çox bəyəndiyim şərhçi filankəsdir, oxuyan deyəcək ki, yox, final cəhət onda çatmır. Yəni, bu, bir zövq məsələsidir. Düşünürəm ki, Rövşən Binnətli bizim üçün Azərbaycan şərhçilik məktəbinin ağsaqqalı, bizim böyüyümüz, "CBC Sport" kanalında çalışan şərhçilərin müəllimidir. Onunla birlikdə çalışmaqdan zövq alıram. Düşünürəm ki, Azərbaycanın ən yaxşı şərhçilərindən biridir. Nə qədər tənqidlər olsa da, bunu təbii qarşılamaq lazımdır. Ən yaxşı əsər belə tənqid olunacaq. Gündüz Abbaszadə artıq illərdir ki, bu işlə məşğuldur. Nə qədər tənqidlərlə üzləşsək də, bizim kanalda çalışan Şəmsəddin Abbasov, Elnur Məmmədli bu gün Azərbaycanda sözünü deyən, tanınan, sevilən şərhçilərdir. Pərviz Musayev özü çox universaldır. Bu insan istənilən idman növünü eyni səviyyədə şərh edər. Həmçinin İctimai televiziyadan Tural Dadaşovu deyə bilərəm. Dünya çempionatının gedişində onunla birgə çalışmaq çox zövq verirdi. "İdman Azərbaycan" telekanalındakı həmkarlarımı da unutmayacağam. Orda da çox sevdiyim, bəyəndiyim şərhçilər var. bunu hər zaman demişəm, Siyavuş Əliyev, Ramiz Mirzəzadə, İsmayılov Abdullayev, hər birinin öz dəsti-xətti var. Ən əsas vacib olan bir şeydir ki, adlarını çəkdiyim insanların heç biri bir-birinə bənzəmir. Hərə bir cür fərqlidir. Hər birinin çatışmayan və güclü cəhətləri var. Amma hamısı fərqlidir. Onların dilindən "axşamınız xeyir" sözünü eşidən kimi başa düşürsən ki, hansı şərhçidir və qarşıdakı matç ərzində ondan nə gözləmək olar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır