"Qoy, Qleb "Qarabağ" haqda bir də belə danışmasın"

"Qoy, Qleb "Qarabağ" haqda bir də belə danışmasın"
MÜSAHİBƏ 14 Avqust 2018 / 16:50 9970
-  A +

Milli komandamız və "Qarabağ"ın sabiq üzvü Aslan Kərimov Belarus mətbuatına geniş müsahibə verib. Qol.az-ın məlumatına görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE ilə cavab oyununda Ağdam klubunun şanslarını dəyərləndirən mütəxəssis Bakıdakı matçdan sonra Belarus klubunun yarımmüdafiəçisi Aleksandr Qlebin səsləndirdiyi fikirlərə də münasibət bildirib.

- İlk oyundakı nəticə sizin üçün gözlənilməz oldu?

- Açığı, təəccübləndim. BATE-nin HİK-lə cavab oyununu izləmişdim. Belaruslular Finlandiyada tamam fərqli oyun göstərmişdilər. Bakıda isə komandanız hər şeydən öncə ilk hissədə sərgilədiyi oyunla həqiqətən təəccübləndirdi. Hamı yaxşı bilir ki, "Qarabağ" avrokuboklarda yaxşı təcrübəyə sahibdir. Komanda hər oyunda nəzarəti ələ almaq istəyir. Ancaq Bakıdakı matçın ilk hissəsində praktiki olaraq bizdə heç nə alınmadı. Bunda BATE-nin baş məşqçisi və futbolçularının böyük əməyi oldu. Xüsusilə komandanızın müdafiədən hücuma sürətli çıxması xoşuma gəldi. İkinci hissədə isə "Qarabağ"ın rəqibi elə də inamlı təsir bağışlamadı. Buna baxmayaraq, futbolçularımız bərabərlik qolunu vura bilmədilər. Topa nəzarət bizdə olsa də, bu kifayət etmədi. Ümumiyyətlə, ilk oyunun nəticəsi mənim üçün sürpriz oldu.

- "Qarabağ" yalnız oyunun sonlarında, BATE-nin futbolçuları yorulandan sonra qol epizodları yaratmağa başladı. Deyəsən, ilk matçda Aleksey Baqa Qurban Qurbanova qalib gəldi...

- Sizin məşqçiniz komandasını yaxşı hazırlamışdı. "Qarabağ"ın ən üstün tərəfi dəqiq ötürmələrlə rəqibin müdafiəsini yarmasıdır. BATE ilə ilk oyunda isə onlarda heç nə alınmadı. Ancaq "Qarabağ"ın aparıcı futbolçusu Dani Kintananın da meydana çıxmamağını qeyd etmək lazımdır. Hansı ki, o, bir dəqiq ötürmə ilə müdafiəni yara bilir. Dani çox texnikalı futbolçudur. O, ikili mübarizələrdə yaxşı oynaya və müdafiəçilərin düzülüşünü poza bilir. Lakin o zədə səbəbindən meydana çıxa bilmədi. Kintanın yerində isə "Kukesi" ilə matçın sonlarında meydana daxil olan başqa bir futbolçu oynadı.

- Siz "Qarabağ"ın güclü tərəfləri haqda danışırsınız. Bəs BATE-dən hansı futbolçu sizin yadınızda qalıb?

- Üzrlü sayın, adını bilmirəm, amma bir çox mübarizələrdən qalib ayrılan hücumçunuz çox xoşuma gəldi. Bəlkə də hazırda BATE-nin ən güclü futbolçusu sol cinahda oynayan vinger idi.

- İqor Stasyeviç?

- Bəli-bəli, çox sürətli və texnikalı futbolçudur. Səhv etmirəmsə, milli komandanızda çıxış edir. Çox tez qərar qəbul edir və ideal ötürmələr verir. Düşünürəm ki, cavab oyununda "Qarabağ"ın əsəblərini daha çox korlayacaq. Müdafiəçilərə gəlincə, burada kimisə fərqləndirə bilmərəm. Bütün müdafiə xətti inamlı oynadı. Yalnız saçını başının ortasından yığan sol cinah müdafiəçisi oyunun əvvələrində bir qədər axsadı. Onun cinahından bir neçə təhlükəli hücumlar təşkil olundu. Ümumilikdə isə BATE-nin çox inamlı müdafiə xətti var. Yenə deyirəm, Borisov təmsilçisi bütün komanda ilə yaxşı müdafiə oluna bilir və xəttlər arasında rəqibə topu qəbul etməyə imkan vermir. BATE-nin futbolçuları dəqiq və sinxron şəkildə bir-birilərini sığortalayırlar.

- İlk oyundakı nəticənin sizin üçün sürpriz olduğunu bildirdiniz. Bu barədə Azərbaycanın digər mütəxəssisləri nə düşünürlər?

- Praktiki olaraq, Azərbaycan xalqı "Qarabağ"ın qələbə qazanacağına əmin idi. Ancaq futboldan anlayan insanlar BATE-yə daha ehtiyatlı yanaşırdılar. Ünutmayaq ki, Belarus klubu avrokuboklarda böyük təcrübəyə sahibdir və nəhəng komandalar üzərində qələbələr qazanıb. Hamı BATE ilə oyunun "Kukesi" ilə matçdan daha çətin keçəcəyini gözləyirdi, amma məğlubiyyətdən söhbət belə gedə bilməzdi. Ən pis halda heç-heçə olacağını düşünürdülər.

- İlk oyundan sonra Aleksandr Qleb jurnalistlərə açıqlamasında "Qarabağ"ı özündənrazılığa görə cəzalandırdıqlarını deyib. Bu sözlərə Azərbaycanda münasibət necə oldu?

- "Qarabağ"ın futbolçularının özündənrazı oldquqlarını düşünmürəm. Bu komandada hamı istənilən kluba böyük hörmətlə yanaşır. Düşünürəm ki, Qleb qola səbəb olan epizodu nəzərdə tutub. Müdafiəçimiz rəqibin hücumunun qarşısını aldıqdan sonra ötürmə etdi, ancaq səhvə yol verdi. Bu isə heç bir halda özündənrazılıq deyil. Məncə, rəqibin ünvanına belə ifadə işlətmək düzgün deyil. Əminəm ki, "Qarabağ"ın futbolçuları BATE-yə yuxarıdan aşağı baxmırdılar. Çünki oyundan əvvəl onlarla danışmaq imkanım olmuşdu. Hamısı bildirmişdi ki, BATE "Kukesi"dən daha çətin rəqibdir. Heç kim rəqibi alçaltmamışdı. Amma Qlebin sözləri "Qarabağ" azarkeşlərinə toxunub. Ola bilsin, onlar bu sözü başqa cür qəbul ediblər. Qoy, Aleksandr bir də belə danışmasın (gülür).

- İndi BATE-ni bu cütün favoriti saymaq olarmı?

- Növbəti mərhələyə çıxmaq şansları əvvəlki kimi bərabərdir. Sözsüz, səfərdə qazanılan 1:0 hesablı qələbə yaxşı nəticədir. Ancaq elə də böyük üstünlük deyil. Üstəlik, "Qarabağ"a səfərdə oynamaq daha asan olacaq. Qurban Qurbanovun komandası sıx müdafiə olunan rəqiblərə qarşı oynamaqda çətinlik çəkir. BATE doğma azarkeşləri önündə istər-istəməz daha hücumameylli futbol sərgiləyəcək. Bu isə bizə şans yarada bilər. Unutmayaq ki, "Qarabağ"da fərdi keyfiyyətlər baxımdan ikili mübarizələrdə oynaya bilən və minimum imkandan istifadə etməyi bacaran güclü futbolçular var.

- "Qarabağ"ın hansı zəif tərəflərini qeyd edərdiniz?

- Standart vəziyyətlər. Hamıya məlumdur ki, cənublular ikinci mərtəbədəki oyunları ilə tanınmırlar. Bizdə cəmi bir neçə futbolçu var ki, başla yaxşı oynamağı bacarırlar.

- Sizcə, "Qarabağ" BATE-ni keçməlidir?

- Azarkeş kimi "Qarabağ"ı növbəti mərhələdə görmək istərdim.  Amma proqnoz verməyi düşünmürəm. İlk hissədə qol vura bilsək, bərabərsəviyyəli oyun görəcəyik. Ancaq qol buraxsaq, geridönüş etmək çox çətin olacaq.

- Əgər Çempionlar Liqasında növbəti mərhələyə BATE keçsə, bu, sizin üçün faciə sayılacaq?

- Şəxsən mənim üçün faciə olmayacaq. Amma azarkeşlər çox pis olacaqlar. Azərbaycanda insanlar artıq Çempionlar Liqasına öyrəşiblər. Ancaq hətta bu turnirin təsnifat mərhələsində belə zəif komanda yoxdur. Buna baxmayaraq, məğlubiyyət "Qarabağ" azarkeşləri üçün əsl faciə olacaq.

- Cütün qalibi pley-off mərhələsində PSV ilə qarşılaşacaq...

- Məncə, müxtəlif futbol fəlsəfəsinə sahib olsalar da, "Qarabağ"la BATE təxminən eynisəviyyəli komandalardır. Fərqi yoxdur, növbəti mərhələyə hansı keçsə, onun üçün asan olmayacaq. Hollandlar topla çox sürətlidirlər və istənilən halda favorit onlardır. Düşünürəm ki, güc nisbəti PSV-nin xeyirinə olacaq. Gəlin, axşamı gözləyək, hər şey bilinəcək. Bizi çox çətin oyun gözləyir. Matçda əlavə vaxt da ola bilər. Kim bilir?

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır