Birinci divizion təmsilçisi "Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev Qol.az-a müsahibə verib. Divizionla əvəzedicilərin çempionatının birləşdirilməsi qərarına münasibət bildirən gənc mütəxəssis komandasının aqibəti haqda da danışıb.
- "Şüvəlan"ın yeni mövsümdən birinci divizionda iştirak edəcəyi dəqiqləşib?
- Bizə rəhbərlik tərəfindən heç nə deyilməyib. Məşqlərimiz davam edir. Yəni, bizə komandanın aşağı dəstədə olmayacağı barədə heç bir fikir bildirilməyib.
- Bir neçə gün öncə AFFA İcraiyyə Komitəsi divizionla əvəzedici heyətlərin çempionatının birləşdirilməsi ilə bağlı qərar verdi. Sizin buna münasibətinizi bilmək maraqlı olardı...
- Komanda sayı baxımından pis hal deyil. Çünki çempionatda 13-14 komandanın iştirak edəcəyi barədə məlumatlar var. Ancaq divizion klublarında limitlə bağlı bir az problem var. Futbolçu tapmaqda çətinlik çəkirik. Bu, tək bizə yox, bütün divizion komandalarına aiddir. Bilirsiniz ki, əvəzedici heyətlərdə 1998, 1999 və 2000-ci il təvəllüdlü uşaqlardır. Premyer Liqa komandalarının hamısında aşağı yaş komandaları var. Onlara oradan futbolçu götürmək problem olmur. Bizdə isə oyunçu gətirmək barədə problemlər var.
- Sizcə, bu qərar Azərbaycan futbolunda hansı nəticələrə səbəb ola bilər?
- 1995-2000-ci illər aralığında uşaqların çoxu 16, 17, 18 yaşlarında Premyer Liqada oynayırdılar. Hətta bu şeylər 2004-2005-ci ilə qədər davam etdi. Amma sonradan legionerlərin Azərbaycana çox axını, klubların sayının azalması 21-26 yaş arası yerli uşaqların Premyer Liqa klublarında oynamaq şanslarını azaltdı. Onlar güclə əsas heyətə düşürdülər. Amma siz bir neçə il öncə futbolu atmış oyunçuların keyfiyyətinə də baxın, indikilərin də. Söhbət gənc nəsillərdən gedir. Limit yerli futbolçular üçün mənfi haldır. Çünki 1995, 1996 və 1997-ci il təvəllüdlü uşaqlar, ötən mövsüm divizionda oynayan futbolçuların 70-80 faizi bugünkü gündə çöldə qalıblar. Çox istərdik ki, 1996-1997-ci il təvəllüdlülər Premyer Liqada olduğu kimi gənc futbolçu sayılsınlar. Amma federasiya qərar verdi ki, divizionda 1998, 1999, 2000 və 2000-ci il təvəllüdlü futbolçuların 7-si əsas heyətdə oynamalıdır. Təbii ki, bizim üçün çətindir. Elə futbolçu var ki, 23-24 yaşından sonra təcrübə yığır, hətta milli komandaya qədər gedib çıxırdı. Amma indi fikirləşin ki, 21 yaşlı futbolçu bayırda qalacaq, heç kimə lazım olmayacaq. Onun əlindən futboldan başqa heç bir iş gəlmir. Divizionda 6 klubun iştirak edəcəyini nəzərə alsaq, hərəsinə 8-9 futbolçu lazım olur. Bu da digərlərinin futbolsuz qalmağına səbəb olacaq. Bu qərarına gələcəkdə müsbət və ya mənfi nəticələrə gətirib çıxaracağı barədə heç nə deyə bilmərəm. Hər şeyi gələcək göstərəcək. Amma hazırkı durum budur ki, həm o futbolçular, həm də divizion klubları üçün çox çətindir.
- AFFA divizionla əvəzedicilərin birləşdirilməsinin başlıca səbəbi kimi aşağı dəstədə son 1-2 ildə danışılmış oyunların olmasını göstərdi. Siz bu barədə nə deyə bilərsiniz? Divizion klublarından həqiqətən şübhələnməyə dəyərmi?
- Təbii ki, bu, futbolumuz adına yaxşı hal deyil. Fərqi yoxdur, hansı liqada danışılmış oyunlar, bunda iştirak edən adamlar varsa, yəqin federasiya bunun izinə düşüb, hüquq-mühafizə orqanları da bu işlə məşğul olurlar. Belələrini tək futboldan yox, idmanımızdan uzaqlaşdırmaq lazımdır. Çünki onlar Azərbaycan futboluna qara ləkə gətirən insanlardır. Mən tək özümə və klubuma cavabdeh ola bilərəm. Biz bu şeylərdən uzağıq. Başqa klublar haqda kiminsə yerinə danışa bilmərəm. Federasiya belə bir qərar veribsə, buna hörmətlə yanaşıram. Çünki onlar da Azərbaycan futbolunu düşünüb bu addımı atıblar. Bu cür şeylərə ancaq dəstək verə bilərəm. Əgər belə insanlar varsa, gələcək nəsillərimizi məhv etməmək üçün vaxtında bu virusu aradan götürmək lazımdır. İnanıram ki, bunun öhdəsindən gələcəklər və həmin insanların adı gələcəkdə Azərbaycan futbolunda olmayacaq.
- Yeni mövsümdə divizonda iştirakınız təsdiqlənsə, başlıca hədəfiniz nə olacaq?
- Açığı, rəhbərlik səviyyəsində bizə hədəflər barədə bir söz deyilməyib. Amma ümumi götürəndə hər bir komanda istəyər ki, mövsümün sonunda yaxşı nəticə qazansın. Biz də çalışacağıq ki, iddialı komanda formalaşdıraq, yuxarı pillələrdə medalçılar sırasında yer alaq. Təbii ki, limit məsələsi bir az çətinlik yaradacaq. Bilirsiniz ki, AFFA-nın müəyyənləşdirdiyi yeni limitə uyğun gələn ən keyfiyyətli uşaqlar Premyer Liqa klublarının öz əvəzedicilərində, aşağı yaş qruplarında olur. Elita klublarına lazım olmayan futbolçular isə divizion təmsilçilərinə üz tutacaqlar. Buna baxmayaraq, biz də onlardan maksimum yararlanıb, iddialı komanda qurmağa çalışacağıq. Əsas hədəfimiz məhz budur.
- Premyer Liqa barədə düşünürsünüz, yoxsa son illər divizionda birinci yeri tutan klubların aqibətini görüb aşağı dəstədə çempionluğu mənasız hesab edirsiniz?
- Divizionda iştirak edən hər bir klub Premyer Liqaya çıxmaq istəyər. Təbii ki, söhbət peşəkar, formalaşmış klubdan gedir. Yoxsa bir il divizionda oynayıb Premyer Liqaya çıxım, sonra da çempionatı yarıda qoyub tərk edim, bunlar yaxşı hal deyil. Misal üçün, "Xəzər" divizionda çempion oldu, sonradan isə fəaliyyətini dayandırdı. Bəzi insanlar federasiyanı günahlandırdılar ki, çempion komandanı Premyer Liqaya buraxmadılar. Amma sonradan gördülər ki, federasiya həqiqətən də haqlı addım atıb. Ona görə də hər bir rəhbər əvvəlcə klubun formalaşdırmalı, sonra elita haqda düşünməlidir. Bizə gəlincə, bilirsiniz ki, komanda 2005-ci ildən Premyer Liqada çıxış edib, 12-13 illik təcrübəsi var. Yəni, "Şüvəlan" yeni klub deyil. Öz bazası, yaxşı şəraiti var. Əgər divizionda çıxışını davam etdirsə, inanıram ki, gələn il Premyer Liqada öz yerini alacaq. Öz adımdan deyə bilərəm ki, komandanın durumu yüksək dəstədə çıxış etməyə imkan verir. Təbii ki, bun gələcəkdə klubun sahibləri qərar verəcəklər. Amma çox istərdik ki, komandamız Premyer Liqada oynasın. "Şüvəlan" bu şəraitlə divizona layiq komanda deyil.
Elnur SALAHOV
U-18 Qəbələdə toplanır
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"