"Məşqçinin Messi ilə məsləhətləşməsində pis heç nə yoxdur" - Mircavadov

"Məşqçinin Messi ilə məsləhətləşməsində pis heç nə yoxdur" - Mircavadov
MÜSAHİBƏ 17 İyun 2018 / 13:07 4945
-  A +

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az-a müsahibə verib. Rusiyada keçirilən dünya çempionatı ilə bağlı danışan mütəxəssis favoritlərini açıqlayıb.

- İyunun 14-də Rusiyada futbol üzrə dünya çempionatı start götürdü. Artıq bəzi yığmalar ilk oyunların keçiriblər. Əvvəlcə mundialla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Dünya çempionatı yüksək səviyyədə keçir. Demək olar ki, bütün yığma komandaların yoldaşlıq görüşlərinə baxdım. Fransa və Belçika çox xoşuma gəldi. Onlardan mundialda çox şey gözləyirəm. İspaniya məşqçi dəyişikliyindən sonra istəksiz görünür. Komandada sönüklük var. Bu, Portuqaliya ilə oyunda da öz əksini tapdı. Braziliya da yoldaşlıq görüşlərində yüksək səviyyəli futbol sərgilədi. Ümumiyyətlə, bu dünya çempionatında ən zəif yığma belə ağıllı futbol oynayır. Misal üçün, düzdür, Səudiyyə Ərəbistanı Rusiyaya 0:5 hesabı ilə uduzdu, amma mübarizələri çox xoşuma gəldi. Onu deyim ki, Rusiya da sürət və texnika baxımından yaxşı səviyyədə deyil. Hər bir komanda öz taktikası ilə oynayır ki, bu da çox gözəldir. 2014-cü ildəki çempionatla indiki mundial arasında xeyli müsbət fərqlər olmalıdır. Əsasən dayaq yarımmüdafiəçilərin oyunundan çox şey asılı olacaq.

- Dünən Argentina millisi İslandiya ilə bacarmadı və vacib 2 xal itirdi. Oyundan sonra Lionel Messi çox tənqid olundu və heç-heçəyə görə o günahlandırıldı. Argentinalı ulduzun çıxışı barədə siz nə düşünürsünüz?

- Hər dahi oyunçu belə turnirlərdə öz sözünü deməlidir. Bu cür futbolçuların oynadığı yığmalarda ya komanda liderə kömək edir, ya da lider özü komandasını xilas edir. Ancaq birinci variant yaxşı cəhət deyil. Çünki lider zədələnsə, yaxud oyunu alınmasa, komanda pis vəziyyətdə qalır. Ulduz futbolçular həm hücumda, həm də müdafiədə komandasına kömək etməlidirlər. Messi İslandiya ilə oyunda zəif çıxış etdi. Bununla yanaşı, islandiyalılar çox gözəl təsir bağışladılar. Bu ölkədə futbolun inkişafı açıq-aşkar hiss olunur. Komandanın azarkeşləri heç bir futbolçu haqda pis söz demir. Çünki onlar meydanda bütün güclərini ortaya qoyurlar. Dünən də İslandiya Argentinanı oynamağa qoymadı. Bütün zonaları bağlamışdılar və bir-birilərini vaxtında sığortalayırdılar. Ən əsası isə əks-hücumlara çox yaxşı çıxırdılar. Hətta bir neçə qol epizodları oldu. Argentina bu tempdə oynasa, onlar üçün çox ağır olacaq. Bu qrupda dünən Xorvatiyanın da oyununa baxdım, çox əla çıxış etdilər. Düzdür, ilk oyunlar bir qədər ağır olur. Amma Argentina kimi top-yığmalar qrupdan çıxmağa borcludurlar.

- Messi ilə bağlı müəyyən söz-söhbətlər var ki, taktikanı o qurur, milliyə dəvət olunan futbolçuları o müəyyənləşdirir. Sizcə, bu amillər baş məşqçinin işinə nə dərəcədə təsir edir?

- Vallah, mən orda deyiləm, ona görə bu barədə nəsə deyə bilmərəm (gülür). Hesab edirəm ki, baş məşqçi Messi ilə məsləhətləşir. Bunda isə pis heç nə yoxdur. Mən özüm də işlədiyim klublarda aparıcı futbolçularla məsləhətləşmişəm. Onların da fikirləri önəmlidir.

- Məsləhətləşmək ayrı, oyunçu seçmək, taktika qurmaq ayrı. Məsələn, İtaliya “İnter”inin hücumçusu Mauro İkardinin məhz Messi istəmədi deyə yığmaya çağırılmadığı haqda məlumatlar var...

- İkardinin oyununu görmüşəm, amma məncə, oyunçu seçimi məşqçinin işidir. Bəlkə də o Aquerodan güclüdür, əksi də ola bilər. Dünən Aquero meydanda az hərəkət etdi, amma qolunu vurdu. Çox da baxımlı qol alındı. Ümumiyyətlə, mənə görə Aquero qol deməkdir. Hücumçu qol vurursa, deməli, oynayır. Messinin taktika qurması, oyunçu seçməsi barədə heç nə deyə bilmərəm. Amma Sampaoli yaxşı məşqçidi, onu tanıyıram. Bəzi fikirlər var, razıyam. Söz-söhbəti çıxarmağa nə var ki? Elə şeylər deyirlər ki, adam məəttəl qalır.

- Həm Messinin, həm də Ronaldonun ilk tur çərçivəsində oyunlarını izlədiniz. Sizcə, hansı futbolçu mundialda öz sözünü deyə biləcək? Sanki İspaniya ilə oyunda (3:3) het-trik edən portuqaliyalı hücumçu bir addım öndədir...

- Hələ qarşıda çox oyun var. Bu barədə danışmaq tezdir. Bir oyunla hansısa futbolçuya qiymət vermək olmaz. Messini necə oynadığını, komandasını dəfələrlə necə xilas etdiyini görmüşük. Argentina və Messinin gücü qrupun ikinci oyununda bilinəcək. Eyni sözləri Portuqaliya və Ronaldo haqda da demək olar. İspaniya ilə matçda Portuqaliya elə də yaxşı çıxış etmədi. İspanlar daha ağıllı oynayırdılar və topu özlərində daha çox saxlayırdılar. Hətta sonradan hesabda önə də çıxdılar. Messi və Ronaldoya gəldikdə isə məncə, yalnız ikisi haqda danışmaq düzgün olmaz. Çünki mundialda başqa ulduz futbolçular da var.

- Favoritiniz hansı yığmadır?

- Mən heç vaxt bir yığmaya azarkeşlik etməmişəm. Daha çox oyuna, məşqçinin bacarığına fikir vermişəm. Ancaq yoldaşlıq görüşlərində 2 komanda - Fransa və Belçika həddindən artıq xoşuma gəldi. Braziliya isə tamam başqa futbol oynayır. Onların üstünlüyü daha çoxdur. Futbolçuları elə klublarda oynayır ki, adam söz tapa bilmir. Braziliya, Fransa və Belçika səhvlər etməsə, xeyli irəliləyə bilər. Amma psixoloji durum da önəmlidir.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi