Yeni müsahib kimi Vaqif Cavadovu seçməyimin bir neçə səbəbi oldu. Uzun müddət kölgəyə çəkilməsi, mediada çox danışmağa həvəsli görünməməsi. Bəlkə də haqqındakı tənqidlərə görə jurnalistlərdən incik düşməsinə görə idi bunlar. Müsahibə üçün əsas səbəb tək bunlar deyil, əlbəttə. “Keşlə”dəki son vaxtlar uğurlu oyununu qeyd etmək vacib olar. Müsahibənin gedişatında biz bir çox məsələyə toxunacağıq. Ona görə giriş hissəni elə qısa olaraq da yekunlaşdırıb birbaşa söhbət keçək.
***
- Səninlə görüşə gələndə təsadüfən Maksim Medvedyevin müsahibəsi rastıma çıxdı. Və bu zaman onun sənin barəndə elə bizim Qol.az saytına hələ 2009-cu ildə söylədiyi bir fikri yadıma düşdü. Milliyətcə rus olan Maksim Medvedyevin azərbaycanlı Vaqif Cavadova belə bir məsləhəti olmuşdu: “Ona tövsiyə edirəm ki, Azərbaycan dilində mənim kimi yaxşı danışsın”.
- Biz müsahibəyə başlamazdan əvvəl də sizinlə bir xeyli danışdıq. Buna qədər də müsahibələrimin demək olar, hamısı doğma dilimizdə olub. Özünüz şahidsiniz ki, indi Azərbaycan dilində necə rahat danışıram. Qrammatikam yaxşıdı. Ola bilər ki, Rusiyadan bura təzə gələndə danışmaqda problemlər olurdu. Çünki 7 il orda yaşamışam. İstər-istəməz rusca çox danışırdım.
- Ümumiyyətlə, deyəsən, ailəniz rusdillidir...
- Yox, elə deməzdim. Evdə rusca da danışırıq, azərbaycanca da. Burda heç bir problem yoxdu.
- Maksim sənin barəndə həmin sözləri dəyəndə eyni komandada - “Qarabağ”da oynayırdınız. 2009-cu il idi. Mənə görə, Vaqif Cavadovun karyerasının indiyə qədərki qızıl dövrüdü həmin il. “Qarabağ” və milli komandanın aparıcı fiqurlarından idin. Rusiya millisinin qapısına uzaq məsafədən vurduğun qol da, həmin il üçün Azərbaycanın ən yaxşı futbolçusu seçilməyin də çoxumuzun yadındadı. Sonra o vaxt Hollandiyanın ən məşhur klublarından olan “Tvente”yə keçdin. Bu transferə görə “Qarabağ”la razılaşdırılan, amma deyəsən, sonra tam ödənilməyən məbləğ səhv etmirəmsə, indiyə qədər də Azərbaycan futbolu üçün rekord sayılır.
- Bunu bilə bilmərəm. Çünki pul məsələsində mən yox idim. Ancaq onu deyə bilərəm ki, böyük bir kluba transfer olundum. Şadam ki, karyeramda belə bir klub oldu. Orada möhkəmlənmək istərdim. Həyatdı, belə alındı.
- Əminəm ki, oxucular da müsahibəni oxuyanda məbləğin nə qədər olması ilə maraqlanacaqlar. Qeyri-rəsmi məlumata görə, söhbət müasir futbol üçün cüzi, amma bizim üçün böyük görünən bir milyon – bir milyon iki yüz min avrodan gedir.
- Yenə deyirəm ki, mən pul məsələsində iştirak etməmişəm. Nə olubsa, iki klub arasında olub. Bilirsiniz ki, mənim menecerim yoxdur. Sağ olsun “Qarabağ” rəhbərliyi, həmin keçidi onlar özləri həll etdilər. Klubun razılığı ilə imza atdım. Amma qiyməti bilmirəm. Bir milyondumu, iki milyondomu... Kim nə qazanıbsa, halal xoşu olsun. O işdə “Qarabağ”ın zəhməti var idi. Ona görə də burda heç bir problem görmürəm.
- Bəs, öz qazancın nə qədər idi?
- Aylıq 10-15 min avro alırdım, amma “Tvente”də qalsaydım, məbləğ aylıq 30-40 min dollara qədər artacaqdı.
- Diqqətimi bir fikrin çəkdi. Bayaq söylədin ki, “Tvente”yə keçəndə menecerim yox idi.
- Heç indi də yoxdu. Menecer əgər xaricdə oynamağa gedirəmsə onda lazım olur. Azərbaycanda isə mən menecerə ehtiyac duymuram. Xaricdə isə buna ehtiyac var. Çünki səni tanıtmalıdır. Ona görə də yaxşı menecer olmalıdır. Həmişə demişəm ki, işini yaxşı gör, həm sənə düşən payını al, həm də artığını.
- Yerli menecerlərlə işləmisən?
- Yox, ancaq xaricilərlə.
- Onlara inamsızlığın var?
- Yerlilərdən Kamillə dostuq. Amma başqaları nədənsə yaxınlaşmırlar.
- Yəni özləri səninlə çalışmaq istəmirlər?
- Özləri heç nə demirlər. Mən də nəsə deməyi lazım bilmirəm. Çünki mənimlə işləmək istəsəydilər, çoxdan üzə çıxardılar.
- Heç vaxt əməkdaşlığa can atmayıblar?
- Heç vaxt.
- Amma sən onlarla işləməyə can atmısan?
- Mən hər bir insanla işləməyə açığam. Heç kim söyləyə bilməz ki, Vaqifə nəsə deyilib, söhbətdən qaçıb, yaxud da təklifi qəbul etməyib.
- Deyilənə görə, səninlə bağlı klublarla danışıqlarda atan iştirak edir.
- Ya o danışır, ya da özüm. Hamı bilir ki, mənim atamla necə münasibətim var. Biz sanki ikimiz bir insanıq. Ona görə də heç bir problem yoxdur. Amma atam heç vaxt futboluma, oyunuma qarışmayıb. Pis oynayanda isə təbii ki, məni ilk tənqid edən o olur.
- Bir az daha əvvələ getmək istəyirəm. Rusiyada SSKA-nın əvəzedici heyətində oynadığın vaxta. Ordan hələ o vaxt yalnız Azərbaycan səviyyəsində tanınan “Qarabağ”a niyə gəldin ki?
- Əsas komandaya düşməyin çətinliyini görəndən sonra bu qərarı verdim. Valeri Qazzayevin vaxtları idi. Heyətdə Vaqner Lav, İvitsa Oliç kimi hücumçular oynayırdı. Əsas komandada məşq etdim, “dubl”un futbolçusu olsam da, kubok oyunlarında iştirak etmişdim. Rusiya vətəndaşlığım vardı. Həmin ölkənin aşağı yaş qrupları üzrə millilərində də oynamışdım. Hətta Avropa çempionu olan U-17 komandasının üzvü idim. Amma U-17 ilə Avropa çempionatına getmədim. Çünki Şahin Diniyevin dəvətindən sonra Azərbaycan millisini seçmişdim. O özü yəqin bu sözlərimi təsdiqləyər. Ondan sonra mənə qarşı Rusiyada münasibət dəyişdi. Azərbaycanı seçdikdən sonra Rusiyanın, artıq heç bir yığmasında oynaya bilməzdim. Bu qərarımdan sonra mənə artıq özgə malı kimi baxmağa başladılar. Hardasa sıxdılar da.
- Və onda “Qarabağ” variantı yarandı?
- Yox, əvvəlcə getdim Türkiyəyə. “Kocaelispor”da Fatih adlı baş məşqçi var idi. Komanda Superliqada oynayırdı. 17 yaşımdaydım, baxışdan keçdim. Amma Türkiyədə maliyyə böhranı hökm sürürdü deyə o transfer alınmadı. Sonra Fatih hoca məni “Qarabağ”ın o vaxtkı baş məşqçisi Rasim Karaya tövsiyə etmişdi. Rasim Karanın da istəyi ilə “Qarabağ”a keçdim və əsas komandanın üzvü oldum.
- Şahin Diniyev səni birbaşa A milli komandaya çağırmışdı?
- Hə. 16 yaşım var idi. İlk dəvətdəcə təklifə müsbət cavab verdim. Bəziləri kimi 15-20 dəvətdən sonra qəbul etmədim. Debütüm 2006-cı ildə səfərdə Moldovaya qarşı oldu. 15 dəqiqə meydanda oldum.
- “Bəziləri kimi 15-20 dəvətdən sonra qəbul etmədim”. Bu sözlərini tikanlı atmaca kimi də qəbul etmək olar. Aleksandr Səmədov ikinci dəvət zamanı bizim milliyə gəlmədi. Emin Mahmudov, Ramil Şeydayev yalnız uzun danışıqlardan sonra AFFA-nın təklifini qəbul etdi. Hazırda Ayaz Quliyevlə də danışıqlar gedir, amma o, bizimkilərə müsbət cavab vermir.
- Səmədov uşaqlıqda gəlmişdi, bəyənməmişdilər. Özünü sübut edəndən sonra istədilər, onda isə özü gəlmədi. Bilirsiniz, orada inciklik də vardı. Amma vətənini sevən insan hər şeyi gözə almalıdır. Bayrağını hər şeydən üstün tutmalısan. Bizim ailəmiz Azərbaycan futboluna hər şeyini verib. Şəxsən mən başqa cür yanaşa bilməzdim. Bəli, bəlkə də orada qalsaydım, vətəndaşlıq alıb, başqa yerdə ola bilərdim. Amma indi də Allaha şükür edirəm ki, hər şey belə alındı.
- Sənə görə o futbolçulara dəvət gələn kimi də qəbul etməliydilər?
- Hər bir insanın öz fikri var. Bəlkə də Şeydayev və Mahmudov gördü ki, onlara heyətdə həm yerli, həm də legioner kimi yer yoxdu, ona görə bu addımı atdılar. Amma bunlar mənim şəxsi fikirlərimdir. Onların həyatlarını bilmirəm. “Spartak”da, “Zenit”də oynaya-oynaya Azərbaycanı seçsəydilər, bu başqa məsələ olardı. Onlar da artıq hər şeyi dərk edirdilər. İstənilən halda hesab edirəm ki, əgər sənə dəvət göndərilirsə, heç nəyə baxmayaraq, öz vətənini seçməlisən. Amma oynamayandan sonra dəvəti qəbul edib bura gəlirsənsə, bu, artıq insanı düşünməyə vadar edir.
-Bu məsələdə ictimai fikir daha çox Emin Mahmudov və Ramil Şeydayevin əleyhinə oldu. Onlara görə, hər iki futbolçu Azərbaycanın təklifini dərhal qəbul edib gəlib oynamalı idilər.
- Yaxşı futbolçulardır. İstənilən azərbaycanlı futbolçu vətənində ona ehtiyac varsa, birinci zəngdən sonra öz millisini seçməlidir. Ola bilər ki, səni U-17, U-19-a çağırırlar, bəlkə də tələsməyə bilərsən. Çünki Rusiyanın da həm U-17-sində, həm də U-19-da oynayırsan. Amma bir halda ki, dəvət A milli komandadan gəlib, onda tərəddüd etmədən qəbul etməlisən.
- Bəs, səncə, dəvətə tərəddüdlə yanaşan futbolçuların arxasınca düşmək lazımdı?
- Əlbəttə, lazımdı. Çünki bizim yaxşı futbolçulara ehtiyacımız var. Ancaq nəinki Rusiyada, harda oynamalarından asılı olmayaraq, birinci dəfədən dəvəti qəbul etsələr, daha yaxşı olar. Rəhbərliyin 5-6 dəfə onlara dəvət göndərməsi, bu futbolçulara olan sevginin göstəricisidir. Bu özü də yaxşı haldır.
- Aleksandr Səmədovun özü ilə münasibətin var idi?
- Salam-sağolum vardı.
- “Tvente”dən ayrıldıqdan sonra “Qarabağ”a qayıtmayıb, o vaxt Azərbaycanın ən zəngin klublarından olan “Bakı”nı keçməyin “Qarabağ” azarkeşlərinin təəssüfünə və təəccübünə səbəb olmuşdu.
- “Bakı”dan sonra yenidən “Qarabağ”a qayıtdım. Azarkeşlər də bilirlər ki, “Qarabağ” mənə doğma komandadır. Bu komandanın azarkeşlərini sevirəm. Hamısı mənim dostlarımdır.
- Bunu başa düşdük. Sual cavabsız qaldı. Niyə “Qarabağ”ı deyil, “Bakı”nı seçdin?
- Ona görə ki, ilk dəvət onlardan gəldi. “Qarabağ”ı son anadək gözlədim, amma səs çıxmadı. Bura icarəyə gəlmişdim. Hafiz Məmmədovla Zeynal Məmmədov təklif etdilər ki, gəl “Bakı”ya. Mən də dedim ki, əgər “Qarabağ”dan dəvət olmasa, “Bakı”ya keçəcəyəm. Amma vaxtında təklif gəlmədi. “Bakı” ilə müqavilə bağladıqdan sonra isə “Qarabağ”dan təklif aldım. Amma artıq gec idi. Onlara dedim ki, sizi gözləyirdim.
- “Qarabağ”dan kiminlə danışdın?
- Danışığımız Əmrah bəylə olmuşdu. Üzr istədim və dedim ki, artıq “Bakı”ya söz vermişəm, razılaşmışıq.
- Bəs, “Bakı”ya keçənə qədər “Qarabağ”a qayıtmaq istəyini bu kluba eşitdirmişdin?
- Yox. Çünki bilirdilər ki, mən boşluqdayam və oynamaq istəyirəm. Və onda ilk olaraq “Bakı” təklif göndərdi. Müqaviləyə imza atdım. Artıq bütün saytlar bu haqda yazdıqdan sonra “Qarabağ”dan mənə zəng gəldi. Mən də dedim ki, bağışlayın, artıq hər şey rəsmiləşib, mən necə gəlim? Bu, düzgün olmazdı. Hətta onlara dedim ki, müqaviləm bitsin, “Qarabağ”a keçərəm.
- Onlar tərəfdən inciklik hiss elədin?
- Məndə inciklik yox idi. Cünki bir insana söz verirəmsə, sonradan başqa cür hərəkət etmək olmaz. İnanıram ki, onlar da məni başa düşdülər. Çünki bir neçə ildən sonra yenidən “Qarabağ”a döndüm.
- Karyeranda yerli və xarici də daxil olmaqla, gərək ki, 10 klub olub. Çönüb arxaya baxanda hansı klubda oynadığına təəssüflənirsən?
- “Sumqayıt” və AZAL-ı qeyd edə bilərəm. Mən “Sumqayıt”ın formasını geyinəndə komanda 4-cü yerdə gedirdi. Bu il 5-ci yeri tutdular. Prosineçki millinin baş məşqçisi olanda deyirdi ki, “Sumqayıt” nə klubdur ki, mən ordan futbolçu götürüm. İndi isə görürük ki, Qurban Qurbanov milliyə “Sumqayıt”dan da futbolçu çağırır. Normalda belə də olmalıdı. Çünki millinin baş məşqçisi klublar arasında ayrı-seçkilik etməz. Mən onda məəttəl qalmışdım ki, klubun rəhbərliyi Prosineçkiyə o sözlərinə görə niyə heç bir cavab vermədi. Bundan sonra komandanı dəyişmək barədə düşünməyə başladım.
- Sənə görə, bu fikirlər “Sumqayıt”ı aşağılamaq idi?
- Bir tərəfdən aşağılamaq, digər tərəfdən də futbolçu üçün zərbə idi. Çünki hamı milliyə düşmək istəyir. Əgər millinin baş məşqçisinin gözü “Sumqayıt”ı görmürdüsə, artıq komandanı dəyişməyi düşünməliydim. Ancaq get-gedə gördük ki, ”Sumqayıt”dan danışmağa başladılar. Komanda bu il 5-ci yeri tutsa da, yaxşı futbol sərgilədi. O vaxtkı “Sumqayıt”ın da indikindən heç bir fərqi yox idi. O ki qaldı AZAL-a, mən o komandaya kömək etməyə getmişdim. İnanıram ki, hər bir komandaya xeyrim dəyib. Özünüz də bilirsiniz ki, AZAL həmin vaxt necə çətin vəziyyətdə idi. Buna baxmayaraq, əlimdən gələni etdim. Hər iki klub həyatımda yeni mərhələ oldu, hansı yerlərdə düz etmədiyimi dərk etdim. Nələrisə öyrəndim.
- Prosineçkinin dövründə milliyə dəvət olunmusan?
- Cəmi 1 dəfə çağırıldım.
- Səni milliyə dəvət etməməkdə haqlı idi?
- Türkiyədə oynayanda Mahir Şükürovla mənim yanıma gəlmişdi. Bir yerdə milli komanda haqda söhbət etdik. Dedi ki, səni dəvət edəcəm. Bütün oyunlarını görmüşəm, bacarığına bələdəm. Mən də “çox sağ ol” dedim. Malta ilə Bakıda 2:0 hesablı qələbə qazandığımız oyunda mən meydana çıxmadım. O matçdan sonra isə ümumiyyətlə, çağırmadı. Ola bilsin ki, Türkiyədə az oynadığım üçün çağırmadı. Sonra “Sumqayıt”a gəldim. Məncə, pis oynamadım orda. Amma ondan sonra da Prosineçki məni çağırmadı. Rusiyadan bir kluba keçməli idim, sonradan alınmadı. Ona görə də 2-3 ay futbolsuz qaldım. Ola bilər, 1 ay oynamayasan, amma millidə sənə ehtiyac olduğu üçün çağıralar. Bu, normaldı. Misal üçün, Kamranı götürək. Berti Foqtsun vaxtında mənim özümdə də olub elə bir şey. Ancaq 4-5 ay oynayan futbolçunun milliyə dəvət alması düzgün deyil. Mən də bunu dərk edirdim. Əgər özünü yaxşı tərəfdən göstərirsənsə, baş məşqçi sənin oyununa bələddirsə, lakin səni yığmaya çağırmırsa, istər-istəməz sənə təsir edir. Nəyə görə bunları deyirəm? Çünki Prosineçki mənimlə söhbətində həmin sözləri özümə demişdi. Sonradan fikrini dəyişməsi adama pis gəlir.
- Çağırılmadığın müddətdə Prosineçki ilə hansısa görüşün, söhbətin oldumu?
- Heç bir söhbətimiz olmayıb. Heç müsahibələrimdə də bu barədə danışmamışam. Düzdür, gedib artıq, amma onu pisləmirəm. Hər bir məşqçinin öz baxışı var. Amma sözləri ilə əməli düzgün gəlmədiyi üçün bir az adam pis olur. Həmişə demişəm ki, milli mənim üçün birnömrə olub və belə də qalacaq.
- Berti Foqts necə, sənin karyeranda müsbət və ya mənfi, hansı izi qoydu?
- Foqts Azərbaycan futboluna yeni çox şey gətirdi.
- Məsələn, nə gətirdi?
- Futbolçularla olan davranışı qeyd edə bilərəm. Futbolçu necə həyat yaşamalıdır, A millinin üzvünün önəmi nə qədərdir. Bunları bizə dərk etdirdi.
- Foqtsa görə, futbolçu necə həyat yaşamalıdır?
- Ən yaxşı şəraitdə. Yaxşı geyinməli, özünə baxmalı, yaxşı oteldə qalmalı, davranışlarına fikir verməli, nümunə olmalıdır. İdman geyimlərinə xüsusi diqqət yetirirdi. Forma əyində böyük, yaxud balaca qalmamalıydı. Xaricə gedəndə həmişə səliqəli olmağımızı tələb edirdi. Deyirdi ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi milli komandanın formasını geyinən futbolçular fərqlənməlidirlər. Aeroportda VİP keçiddən keçməlidirlər.
- Foqtsun yeniliklərindən danışanda yadıma başqa bir fakt düşür. Məğlubiyyətə görə milli üzvlərinə mükafatın təyin edilməsini nəzərdə tuturam. Uduzmağa görə pul vermək yəqin ancaq bizdə olur.
- Çox pul vermirdilər.
- Amma fakt budu ki, verilib, doğrudu?
- Desəm ki, verilməyib, yalan olar. Amma nəyə görə verildiyini də deyim. Bizdə ardıcıl iki oyun olub. Mükafatı iki oyuna görə almışıq, sırf uduzduğumuza görə yox.
- Hansı oyunlar idi?
- İndi yadımdan çıxıb. Amma yenə deyirəm, birinci oyunda uduzub, ikinci görüşdə qələbə qazandığımız üçün mükafat veriblər.
- Heç olmasa, normal mükafat verirdilər?
- Mətbuat həmişə bu haqda yazır. Futbolçunun pulunu saymayın. Əlbəttə ki, çox adama maraqlıdır. AFFA hansı məbləği açıqlayırsa, o qədər də verilir. Deyilmirsə, deməli, belə məsləhətdi.
- Belə başa düşdüm ki, Foqts karyeranda müsbət rol oynayıb.
- Əlbəttə, rol oynadı, amma gedənə yaxın da hər şeyi məhv etdi.
- Nəylədi ki?
- Dedi, futbolçular klublarında çox maaş alır. Almamalıdır.
- Bunu sizin gəlirinizə təsiri oldu ki?
- Gedənə yaxın mətbuata açıqlamasında bu sözləri dedi. Bildirdi ki, futbolçular çox pul alırlar, amma oynamırlar. İşlədiyi 6 il müddətin 5 ilində heç vaxt bu məsələyə qarışmamışdı. Amma gedənə yaxın bunları deməyə başladı. Özünüz də gördünüz ki, bundan sonra həm maaşlar, həm də çempionatın səviyyəsi aşağı düşməyə başladı.
- Bunların yaranmasının səbəbi Foqtsun sözləri ola bilməz axı.
- O vaxt böhran da oldu.
- Bəs millidəki mükafatlarda azaltma etmişdi?
- Yox, belə şey olmadı.
- Karyeranla bağlı sənin üçün bəlkə də üzücü sayılacaq bir məqam da diqqətimi çəkir. Azərbaycanın bir çox iddialı klubunda oynasan da, bir dəfə olsa ölkə çempionu adını qazanmamısan.
- Çempionluğum yoxdur, amma 2 kubok qazanmışam. Birdə “Tvente”ylə Hollandiya çempionluğum var.
- Amma “Tvente”də deyəsən, rəsmi oyunlara çıxmadın, ya da çıxdınsa da, az halda.
- Siz deyirsiniz ki, Hollandiyada az oynamışam. Qarşıdan dünya çempionatı gəlir, hər bir komandanın neçə üzvü olacaq?
- 23.
- Amma 23 nəfərin hamısı oynamır, düzdü? Birinci yeri tutan komandanın hər bir üzvü isə çempion olur. Kimsə deyə bilməz ki, filan futbolçu çempion olmadı. Ona görə oyun sayı vacib deyil. Sən bu komandanın şərəfini qoruyursansa, artıq çempionsan. O ki qaldı bizim çempionata, qismət olmadı.
- Bundan sonra özünü hansı komandada görürsən?
- Hazırda “Keşlə”dəyəm. İnanıram ki, bu klub növbəti illərdə liderlik edəcək. Son oyunlar da bunu deməyə əsas verir ki, “Keşlə” iddialı komanda olacaq. İndiki halda özümü bu klubda görürəm. Çoxları deyə bilər ki, sən tez-tez klub dəyişirsən. Amma bunun da öz məqsədləri var. Deməli, o komandada nəsə düz getmir ki, belə addım atıram.
- “Keşlə”dən danışanda komandanın uğurlarının memarı Yuri Maksimovla bir söhbətimi qeyd etmək istəyirəm. Səndən söhbət düşəndə dedi ki, Vaqifə çox inanıram, ona görə də onu meydana buraxıram.
- Deyə bilərəm ki, Maksimov məndə nəyisə gördü ki, inandı da. Mən də onu pis vəziyyətdə qoya bilməzdim. Hər bir məşqçi mənə güvənib. Amma bu insan hər şeydə mənə inandığını hiss etdirdi. Hər şeyi mənim öhdəliyimə buraxdı. Mən də ona maksimum köməklik etməyə çalışdım. Maksimov komandaya olan güvənini hamıya inandırdı və yaxşı kollektiv formalaşdırdı. “Keşlə” bu heyətlə qısa müddətdə Azərbaycan kubokunu qazanıbsa, bu, birbaşa baş məşqçinin və futbolçuların işidir. Bilirsiniz ki, komandada ciddi söz-söhbətlər, problemlər oldu, kimlərisə futboldan sildilər. O vəziyyətdən komandanı çıxarıb kubok qazanmaq asan iş deyil. Düzdür, uğurda rəhbərliyin də rolu oldu.
- Rəhbərliyiniz mükafatlarınızı verir? Bir müddət klubun ciddi maddi problemləri vardı...
- Mükafatlar verilir. Maaşı da vaxtı-vaxtında almışıq. Ona görə də nəticəmiz sabitdi.
- Deyəsən, hələ “Keşlə” ilə yeni müqavilə bağlamamısan.
- Hələ ki, bağlamamışam, amma böyük ehtimalla komandada qalacam. Hazırda bütün fikrimiz Avroliqadadı.
- Jurnalistlərlə münasibətlərinə toxunmaya bilmərəm. Mənə elə gəlir ki, tənqidlərə dözümsüz yanaşırsan.
- Dözümsüz?
- Hə. Kənardan belə görünür.
- Sizin fikrinizcə, mən tənqidə dözümsüzəmsə, onda bir müsahibəmi göstərin ki, orda hardasa bu barədə danışım.
- Fikrimizi izah edim. Tənqid edən təbəqə jurnalistlərdi. Mənə görə sən müstəqil Azərbaycan futbolunun ən istedadlı oyunçularından biri olmusan və indi də eləsən. Amma karyeranda yüksəlişlə yanaşı, ciddi eniş dövrü də olub. Məncə, enişdə olduğun vaxtlarda sənə ünvanlanan haqlı tənqidləri qəbul etməmisən. Həmişə hesab etmisən ki, eniş dövründə də yaxşı formada olmusan.
- Mən sizi başa düşdüm. Sadəcə olaraq, bilirsiz, necədi? “Sumqayıt”da yaxşı oyun nümayiş etdirdim, heç kim bunu demədi. Milliyə çağırılmadım, heç kim bundan yazmadı. Amma AZAL-a keçib bir az zəif oynayan kimi, o dəqiqə tənqidlər başladı. Əlbəttə, belə şeylər adama təsir edir. Heç vaxt tənqidlərə çox fikir verməmişəm. Ola bilər ki, kənardan elə görünür. Həmişə çalışmışam, həyatımı bildiyim kimi yaşayım. Onsuz da bilirəm ki, məni ikiqat tənqid edirlər. Bilmirəm, kimlərin yaddaşında necə qalmışam. Ad çəkmək istəmirəm, mən bəzi futbolçular kimi deyiləm. Məni hamıdan iki dəfə çox tənqid edirlər. Səbəblərini bilmirəm. Amma artıq bununla barışmışam.
- Qış fasiləsindən sonra sərgilədiyin oyun səni yenidən gündəmə gətirdi. Millidən dəvət gözləyirsən?
- Belə şeylərə çox da fikir vermirəm. Çoxları düşünə bilər ki, mənim əsas fikrim yenidən milliyə düşməkdir. Birinci növbədə öz oyunuma diqqət yönəltmişəm. Hər bir futbolçu yığmaya can atmalı, millinin şərəfini qorumaq üçün layiqli oyun göstərməlidir. Qurban Qurbanovun rəhbərliyi altında oynamışam. İnanıram ki, belə davam etsəm, milliyə qayıda bilərəm.
- Hücumçu Vaqif Cavadov futbolumuzdakı hücumçu probleminin səbəbini nədə görür?
- Birmənalı şəkildə uşaq futbolunda. Çünki bizdə aşağı yaş qruplarında futbolçu yetişdirilmir. Topu verirlər ki, gedin futbol oynayın. Amma futbolçuya futbol öyrətmək lazımdır. Hansı mövqedə oynamağından asılı olmayaraq, məşqçilər hər bir uşağın bacarığını görməlidir. Topu qabaqların atıb oynatmaqla futbolçu yetişdirə bilmərik.
- Elə isə 2 oğlu olan Vaqif Cavadov əgər uşaqları gələcəkdə futbolçu olmaq istəyərsə, onları azərbaycanlı məşqçilərə etibar edəcək?
- Əlbəttə ki, edəcəm. Bizdə də yaxşı məqşçilər var. Amma gecikmişik.
Aydın BAĞIROV
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı