“Bizim qanımızda oyun alıb-satmaq yoxdu” – Tahir Gözəl

“Bizim qanımızda oyun alıb-satmaq yoxdu” – Tahir Gözəl
MÜSAHİBƏ 17 May 2018 / 14:39 7447
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan sonra bu dəfə elə həmin klubun prezidenti Tahir Gözəllə müsahibəyə getməyimiz bəlkə də müəyyən suallar doğura bilər. Məsələ burasındadı ki, onunla görüş üçün müraciətimiz hələ Qurban Qurbanovdan daha əvvələ - 2 ay öncəyə təsadüf edirdi. Amma Azərbaycanda yaşamadığından təbii olaraq görüşümüzün baş tutması da yubanırdı. Təsadüfdən Tahir Gözəlin Bakıya budəfəki səfəri mənim Qurban Qurbanovla müsahibəmdən sonrakı günlərlə eyni vaxta düşdü və onunla görüşümüz də qəfil alındı.

***

- Az əvvəl diqqətimi bir şey cəlb etdi. Sizi “Qarabağ”ın ofisinin girişində klubun rəhbərliyi və bütün texniki heyəti alqışlarla qarşıladı. Belə təmtəraqlı qarşılanmalar hər gəlişinizdə olur?

- Yox. Bu dəfə Əmrah bəy (“Qarabağ”ın direktoru Əmrah Çəlikəl – A.B.) “Qarabağ”ın növbəti dəfə çempion olmasına görə mənə gözəl bir sürpriz hazırlayıb. “Qarabağ”ın çempionluğu rəsmiləşəndə mən ölkə xaricindəydim. Adətən, “Qarabağ”da ab-hava belə xoş olur. Sevgi, birlik-bərabərlik var. Amma belə təntənəyə səbəb komandanın çempionluğudu.

- Deyəsən, Azərbaycanda daimi yaşamırsınız.

- Bəli, ötən il İsveçrəyə köçmüşəm, Cenevrəyə.

- 3 övladınız var?

- Bəli. Üçü də oğlandır. Böyüyünün 14 yaşı var.



- Futbolla məşğuldurlar, yoxsa?

- Xeyr. İdmana deyil, daha çox intellektual sahələrə maraq göstərirlər. Yazı yazır, rəsm çəkir – belə şeylərlə məşğul olurlar. Elə Cenevrədə təhsil alırlar.

- Şablon sual olsa da, soruşum: onlardan hansınısa futbola cəlb etmək fikriniz var?

- Onların həyatıdı, mən qarışmıram. Düzdü, idmanla məşğul olmalarına, futbolu bilmələrinə təşviq edirəm. Amma hər üçü daha çox oxuyandı. Bilirsiz, iki cür insan olur. Kimisi zəkasının güclü olmasına üstünlük verir, kimisi də bədəninin. Mənim üç oğlum da intellektual çıxdı.

- Amma futbolla maraqlanmamış olmazlar, yəqin.

- Əlbəttə.

- “Qarabağ”ın matçlarını çox vaxt canlı izləyə bilmirsiniz. Ailə ortamında “Qarabağ”ın oyunlarına baxanda çoxmu həyacan olur? Sevinmələr, qol vurulanda qışqırmalar...

- Əlbəttə. Ən çox da “Neftçi” və “Qəbələ” ilə matçlarda. Bu iki klubun oyunları bizim evdə izlənilir. Canlı yayım olsun, yaxud Əmrah bəyin bizə verdiyi xəbərlər olsun. Avropa oyunları zamanı isə böyük oğlumu çalışıram özümlə stadiona gətirim.

- Ailənizdə “Qarabağ”ın ən sevimli futbolçusu kimdir?

- Rəşad Sadıqov. Birinci odur. Mənimkilər bir az müdafiəni sevirlər. Rəşad da bizi qoruyur. Onu qoruyucu kimi tanıyırlar. Rəşaddan sonra Riçard gəlir.

- “Neftçi” ilə oyunların xüsusi izləndiyini qeyd etdiniz. Yadıma gəlir, siz bir dəfə “Neftçi”yə məğlubiyyəti həzm edə bilmirəm” kimi fikir səsləndirmişdiniz. Səbəbi nədir?

- Nədir deməyək, kimdir deyək.

- Kimdir?

- Qurban Qurbanov... Bunu indiyədək kimsəyə deməmişəm. Mən “Qarabağ”a gələndə ilk oyunumuz “Neftçi”yə qarşı idi. 1:3 uduzduq, iki qolu Qurban Qurbanov vurdu. “Tofiq Bəhramov”da idi oyun. Həmin məğlubiyyət mənə çox təsir etdi. Elə o vaxt Allaha and içdim ki, bu məğlubiyyətin cavabı olacaq. Çünki həmin oyunun mənə böyük bir mənəvi travması oldu.

- O zədənin izləri hələ də qalır?

- Hə. Hələ də qalır ki, mən onların cavabını verməliyəm. Hər şey Qurban Qurbanova görə oldu (gülür). Bunu ilk dəfə sizə dedim. Heç klubdakılar da bilmirlər. Mənim “Neftçi” ilə məsələmin tarixçəsi bax budur. Amma “Neftçi” nəhəng  klubdur. Mən də o vaxt təzə gələndə heç “Neftçi” ilə özümüzü müqayisə edə bilmirdik. “Neftçi” böyük, “Qarabağ” kiçik klub idi. Biz təzə-təzə başlamışdıq. “Neftçi”nin Qurban Qurbanov kimi  hücumçusu var idi. Mənim ürəyimdə “Neftçi” çox böyük klubdur və elə də qalacaq. Bu dediyim digər klublarımızı kiçiltmək demək deyil. “Qəbələ” də möhtəşəm klubdur. Amma tarixə qalanda, “Neftçi”yə 2000-ci illərdən bəri mənim bir həsrətim var.




Onu futbol klublarımızın rəhbərləri arasında fərqləndirən xüsusi özəlliyi var. Şair təbiətli insandı. Elə insanlar necə olur? Kövrək, həssas, sözə, söz və fikir adamlarına sayğı duyan və qiymət verən biri. Həm də yaxşı natiqliq bacarığı var. Türkiyənin “Milliyyət” qəzetinin keçirdiyi tədbirdəki qısa çıxışı, daha sonra da böyük şairimiz Nəsiminin beytini heç bir həyəcansız, peşəkar səviyyədə söyləməsi çoxlarını yaxşı mənada təəccübləndirmişdi. Axı, onun Azərbaycana bioloji bir bağlılığı yoxdu. Bəs, nədir Tahir Gözəldə bu Nəsimi sevgisi?

-  Nəsimini oxumaq, başa düşmək həyatımda önəmli bir məqsəd olub. Hər zaman özümə həyat barədə dərin suallar vermişəm. Biz Nəsimini şair kimi tanıyırıq, amma onun filosof tərəfi də var. Dünya bu gün bir işıq axtarışındadır. Hamımız özümüzə böyük suallar veririk. Nəsiminin şeirlərində Nəsimi özünü yaradanla, həqiqətlə bir görür. Hər hərəkətində yaradanın həyata verdiyi mənanı axtarır. Və deyir ki, “o, mənəm, hər şey mənəm”. Bütün təbiəti özününkü qəbul edir. Bu isə məni təsir altına salır. Mən o filosofu oxumaqla, anlamaqla məşğulam. Mənim üçün bir həyat tərzidir.

- Belə başa düşdüm ki, fəlsəfə ilə dərindən maraqlanırsınız.

- Əlbəttə, əlbəttə... Nəsimi məncə, dünyaya tanıdılması lazım olan böyük bir insandır. Həmin tədbirdəki çıxışım təsadüfi deyildi. Mən iddia edirəm ki, Nəsimi müsəlman aləminin – dünyanın kəşf etməsi lazım olan böyük bir filosofu, böyük bir işığıdı. Necə ki, “Qarabağ” futbol klubu ilə Qarabağımızın – Azərbaycanımızın adını dünyaya tanıdırıq, bəlkə də, həyatımın bir məqsədi də Nəsimini dünyaya tanıtmaqdır. İlk addım da həmin axşam idi. Oxuduğum təkcə bir şeir deyildi. Bu, Nəsimi ilə bərabər başladığım həyat yolunun başlanğıcı idi.

- Siz Nəsimini Azərbaycana gəlib iş qurandan sonra tanımısınız, yoxsa onun əsərləri barədə daha öncədən məlumatınız var idi?

- Bilirsiz, Nəsiminin də Cəlaləddin Rumi, Hallac-ı Mansur, Mühyiddin İbn əl-Ərabi kimi, iranlı böyük şair Hafiz Şirazi kimi İslam dünyasında adı hər zaman hallanır. Onun işləri ilə daha yaxından Azərbaycana gəldikdən sonra tanış olmuşam. Ona qədər isə qismən tanıyırdım ki, sözləri dərin, çox böyük insandı. Azərbaycana gəldikdən sonra Nəsiminin, onun müəllimi Fəzlullah Nəiminin şeirləri ilə tanış olduqdan sonra böyük təsir altında qaldım. İndi ümid edirəm ki, onun adına bir konfrans təşkil edərəm. Ya da təşkil olunan konfranslarda iştirak edib, danışmaq istəyərəm. Əlavə olaraq, Londonda Nəsiminin adını dünyaya tanıtmaq da istəklərim sırasındadı.

- Bizim söz, fikir adamlarından tək Nəsimini oxumusunuz? Digər yazıçılarımız, şairlərimizin əsərləri ilə tanışsınız?

- Yox, mən əsasən Vəhdəti-Vücud adlanan fəlsəfə ilə məşğulam. Bilirsiz, iki cür anlayış var. Biri var, insanlar özləri ilə Allah arasında məsafə qoyurlar. Deyirlər ki, mən qulam, o da yaradandır. Və onların arasında əlaqə məhduddur. Qul Allahdan nəsə xahiş, rica edir, yalvarır.

- Bu, sufilikdir?

- Bu başqa bir anlayışdır. Nəsiminin, Nəiminin fəlsəfəsidir. Mən araşdırsam, əminəm ki, bu fəlsəfədə olan başqa şairlər də tapılacaq. Amma mən bu ikisi üzərində işləyirəm. Bu insanın həyatı, dramı məni vadar edir deyim ki, Nəsimi boşuna getməsin, boşuna dərisi üzülməsin, xatirəsi canlı qalsın. Onun faciəvi sonluğu da məni duyğulandırır, ona bağlayır.

- “Nəsimi” filminə baxmısınız?

- Əlbəttə.



- Böyük aktyorumuz Rasim Balayevin Nəsimini canladırmağı sizə necə təsir edib?

- Möhtəşəm! Amma Nəsimi barədə bir film bəs etməz.

- Rasim Balayevlə bir münasibətiniz varmı?

- Bu günə qədər təəssüflər ki, olmayıb. Amma onu tanıyan ortaq dostlarım var, yanına gedirlər, mənə deyirlər. Mənim arzum odur ki, Nəsimiyə aid konfranslardan birində özü ilə şəxsən tanış olum.

- Konfransı Bakıda təşkil etmək fikrindəsiniz?

- Bəli. Həm də təklifimiz budur ki, Londonda da edək.

- Haqqınızda internetdə məlumatlara baxsam da, daha çox futbol fəaliyyəti ilə bağlı açıqlamalarınıza rast gəlinir, amma iş adamı kimi fəaliyyətiniz, Azərbaycana necə gəlməyiniz, harada doğulmağınız, harada oxumağınız barədə demək olar, heç bir məlumat yoxdu.

- Mən 1972-ci ildə Qərbi Azərbaycanın Maku şəhərində anadan olmuşam. Özüm İran azərbaycanlısıyam. 1981-82 illərdə Türkiyəyə köçmüşük. Hardasa 10 il orada yaşadıq. 1990-1995 ci illərdə İngiltərədə biznes və dünya iqtisadiyyatı ixtisası üzrə ali təhsil almışam. Bir neçə il Dubayda çalışdıqdan sonra Azərbaycana gəldim. O vaxt Azərbaycan müstəqilliyinə qovuşanda, rəhmətlik Elçibəy, sonra ulu öndər Heydər Əliyev ölkə başçısı olanda, qismət elə gətirdi ki, Türkiyədə ticarətlə məşğul olan Gözəl bəy (“Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl – A.B.) Azərbaycana gəldi. Bilirsiz, o vaxt çox iş adamı bura gəlirdi. Gözəl bəy onlardan fərqli olaraq, Azərbaycanda qazandığı bütün pulları elə burda da dəyərləndirdi. Heydər Əliyevə, onun işığına pak bir niyyətlə bağlı olan bir iş adamı oldu. Həyatda qarşısına rəhmətliyin verdiyi hədəfləri yerinə yetirmək məqsədi qoydu. O vaxt ulu öndər iş adamlarını başına yığıb, tövsiyə verirdi. O, çox fərqli bir insan idi. Azərbaycanın gələcəyi üçün rol oynayan hər insanla şəxsən məşğul idi.

- Siz “Azərsun”da vitse-prezidentsiniz?

- Bəli.

- “Qarabağ”ın ağır günündə, dağılmaq üzrə olduğu 2000-2001-ci illərdə yanınıza gəlib sizdən kim dəstək istədi?

- Komandanın veteran futbolçuları - Yaşar, Səttar... Klubun o vaxtkı rəhbəri Adil Nadirov. Gözəl bəyin yanına gəlmişdilər. Deyirdilər ki, bizə çox cüzi imkanlar lazımdı. Futbolkalar, avtobus pulu... O zaman yavaş-yavaş başladıq komandaya kömək etməyə.

- Sonra “Azərsun” “Qarabağ”ı birdəfəlik himayəsinə götürdü. İlk gündən rəhbərlikdə təmsil olunmusunuz?

- Xeyr. “Qarabağ”da yox, amma “Azərsun”da ilk gündən var idim. 2003-cü ildə də kluba gəldim.

- Əmrah Çəlikəl də o zaman gəldi?




- Bəli.

- “Qarabağ”a rəhbərliyinizdən 15 il vaxt keçir. Yanılmıramsa, Azərbaycanda heç bir klubun rəhbərliyi eyni yerdə bu qədər uzun müddət çalışmayıb. Bir “Qarabağ”dı, bir də “Qəbələ”. Klubunuzun adı da maliyyə yeyintilərində hallanmayıb. Maraqlıdı, “Qarabağ”ın idarəetməsinə insanları hansı kriteriyalara görə seçirsiniz və bu davamlılığın qaynağı haradı?

- Belə deyim, bunun əsası Gözəl bəyin ürəyi və ulu öndərin verdiyi işığa sadiq olmasıdır. “Qarabağ”ın əsası dürüstlükdür, təmizlikdir, xoşməramlılıqdır, ciddiyətdir. Biz ilk başlayanda futbolda təcrübəsiz idik. Çox acı təcrübələrdən keçmişik. Elə məşqçilər gətirdik ki, fikirləri klubdan başqa hər şeydə idi. Ancaq özlərini düşünürdülər. Komandada intizam qura bilmirdilər, özləri də intizamsız idilər. Bizi isə bir yerdə saxlayan xoş niyyətimiz oldu. Həmişə işə ciddiyyətlə baxdıq və özümüzə sual verdik ki, bu klub üçün nələr edək? Məqsəd klubu idarə etməkdisə, iki oyun alıb-satmaqla nəyə nail olacaqsınız? Bizim üçün ilk məqsəd heç vaxt çempion olmaq deyildi. Çempionluğu istəyirdik, amma əsas məqsəd bu çempionluğa nail ola biləcək klub və onun gücünü yaratmaq idi. Biz özümüzü heç vaxt aldatmadıq. Deyək ki, bir il çempion olduq. Amma mən deyirdim ki, qarışqaların dünyasında çempion olmağın nə mənası var. Əgər sənin fikrin böyük deyilsə, qarışqa kimi qalmısansa, qarışqalar aləmində kral olmağın xeyri yoxdur. O vaxt Azərbaycan futbol dünyası da çox şeyə hazır deyildi. Oyunlar alınırdı, satılırdı. Nizam-intizam yox idi. Kefimizin pozulduğu çox anlar olurdu.

- Bəzən olur ki, bu günün özündə belə “Qarabağ”ın adı pərdərxası oyunlarda çəkilir. Konkretləşdirsək, komandanızın kiməsə bilərəkdən xal verməsi, müəyyən güzəştlərə getməsi kimi iddialar səslənir.

- Heç vaxt! Heç vaxt ola bilməz. Biz həmişə dəyərlərimizə sahib çıxan klub olmuşuq. Yaxşı və faciəli günlərimizi unutmamışıq. Bu ab-havanı yaşayan, yaradan klub necə aldada bilər? Yəni, bu əxlaqla, məsuliyyətlə gedən klubun adı xal verməkdə necə hallana bilər? Bizim qanımızda belə şey yoxdu.

- Çempionlar Liqasının qrupunda oynayan klubun rəhbərinə bu cür söhbətlər necə təsir edir?

- Mənə heç təsir etmir. Çünki həqiqətdən çox uzaq fikirlərdir. Klubumuz bir-birinə möhkəm bağlı olan böyük ailədi. Nəhayət, bizim Qurban Qurbanov kimi bir məşqçimiz var. Mən Qurban Qurbanovu ilk görəndə 6-ci hissim dedi ki, bu insan qısa müddətli iş görmək istəmir. Onun ciddi olduğunu, uğura nail olmaq istədiyini hiss etdim. Mənə xoş təsir etdi. Qurban Qurbanovla zamanla bir-birimizi tanıdıq, dostluq münasibəti yarandı. Qurbanla digər məşqçilərin fərqini deyim. Biz klubu cavanlaşdıraq deyəndə, digər məşqçilərdən etiraz gəlirdi. O vaxtkı məşqçilər cavan futbolçuları oynatmağa risk etmədilər. Dedilər ki, biz Türkiyədən, filan yerdən gəlmişik, məşqçiyik, adımız-sanımız var.



- Rasim Karanı nəzərdə tutursunuz, yəqin.

- Qurban Qurbanov isə söhbətlərimizdə dedi ki, biz birinci növbədə klub yarada bilmiriksə, hamısı boş söhbətdir. Və bu sözlər məni çox təsir altında saxladı. Bu insanın söhbətindən bir şey bildim ki, Qurbana şans, zaman vermək lazımdı. Bu qədər. O vaxt bilmirdim bu insan kimdir, nələri bacarır.

- Ətrafınızda məşhur əcnəbi iş adamları az olmaz, güman ki. Kimləri qeyd edə bilərsiniz ki, o adamlarla oturub, “Qarabağ”dan danışmısınız?

- Mənim adım “Qarabağ”ın adıyla hər yerdə bir hallanır. Onsuz da mənim hər iş görüşümdə söhbət “Qarabağ”la başlayır. Məsələn, siz bir iş adamı ilə görüşə gedirsiniz. Adətdi, onlar öncədən sizin haqda internetdən məlumat toplayırlar. Həmin an başlayırlar ki, xeyirli olsun, sizin futbol klubunuz var. Mən deyirəm ki, bəli, adı “Qarabağ”dır. O zaman soruşurlar ki, “Qarabağ” futbol klubu necə qurulub və sair. Yüksək səviyyədə iş görmək istədiyimiz hər insanla söhbətin bir parçası “Qarabağ” olub. Amma dostlarımın içində futbolla yaxından maraqlananlar da, maraqlanmayanlar da var. Məsələn, “Qarabağ” çempion olanda “Roma”nın prezidenti zəng edib təbrik etdi. Eyni ilə “Atletiko”, “Çelsi”dən dostlarımız zəng vururlar, təbrik edirlər.

- “Çelsi”nin sahibi Roman Abramoviçlə şəxsi münasibətiniz varmı?

- Xeyr. Amma onun komandası ilə var. Mənim işlərimlə onun işləri bir deyil. Amma “Çelsi” rəhbərliyi ilə əlaqəmiz, çox yaxın ünsiyyətimiz davam edir.

- Siz daha çox ölkə xaricində olursunuz deyə, klubdakı işləri Əmrah Çəlikəl və komandası idarə edir. Klub prezidentinin inandığı adamların işinə müdaxilə etməməsinin müsbət tərəflərini bilirik. Bəs, işlərə şəxsən qarışmamağınızın hər hansı mənfi tərəfi olurmu?

- Əgər siz şəxsən işə qarışmaq istəmirsinizsə, gərək əvvəlcə bir neçə ilinizi kluba sərf edəsiniz. Bir klubun, işin rəhbəri əvvəlcə həmin işə, ab-havaya  bələd olmalı, komandasını yaratmalıdır. Artıq onunla bərabər işləyən insanlar biləcək ki, bu insan kimdir. Kəlmə ağızdan çıxan kimi söhbətin nədən getdiyini başa düşəcəklər. Mən indi klubun idarəçiliyini Əmrah bəyə həvalə etmişəm. Amma sizin yadınızdan çıxmasın ki, biz 2003-cü ildən 2010-a qədər hər gün klubdaydıq. İlk 5 il hər gün olurdum, sonra isə yavaş-yavaş azaldı. Bu insanlar – Asif bəy, Nurlan bəy mənimlə bərabər böyüdülər. Artıq inana biləcəyim komandanı öz əlimlə yetişdirdim. Əmrah bəyi mən özüm gətirmişəm. Qurbanla əvvəlki illərdə biz çox yaxın işləyirdik. Daha sonra inam, etibar oldu, bir-birimizi başa düşdük. Əgər rəhbərin ruhu, qanı, canı işin içində yoxdursa, heç vaxt alınmayacaq. Bilirsiz, insanları sərbəst buraxmaq, onlara yaradıcı yol açmaq lazımdır. Hamımız fikir yaratmağa çalışırıq. Mən də deyirəm ki, biz 7 il işlədik, artıq siz yaradın. O zamanlar klub yox idi, az qala xaos idi. Qurbanın da özünəməxsus bir xarakteri var. Onunla dil tapmağımız da vaxt aldı. O, bizi tanıdı, biz onu tanıdıq. Təbii ki, ilk gündən yox, zamanla baş verdi. Hər şeyin təməlində insan var, etimad var.



- Tahir bəy, siz həmişə Azərbaycanın dəyərlərinə xüsusi önəm verdiyinizi deyirsiniz. Yadıma düşmüşkən, mənim Bakıdakı stadionlardan birinə Anatoli Banişevskinin adının verilməsi ilə bağlı təşəbbüs yazıma dərhal reaksiya göstərərək bununla bağlı AFFA-nın baş katibi ilə də danışmısınız. Halbuki Banişevskinin “Qarabağ”a, Ağdam futbolunun tarixinə birbaşa bağlılığı olmayıb. Fürsət düşmüşkən, bu mövqeyinizə görə sizə təşəkkür edirəm.

- Mən sizə o məqələyə görə təşəkkür edirəm. Doğrudan da, zəng etdim və dedim ki, siz bu yazını diqqət altında saxlayın, dəstəkləyirəm.

- Başqa bir məsələyə toxunmaq istəyirəm. Hansi ki, artıq bunun “Qarabağ”a və onun təmsil etdiyi  Ağdam, Qarabağ bölgəsinə birbaşa aidiyyatı var. Səhv etmirəmsə, “Qarabağ” Azərbaycanda yeganə klubdur ki, onun kapitanı və məşqçisi vətən uğrunda döyuşlərdə şəhid olub. Söhbət Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdan gedir. Onun xatirəsinin “Qarabağ”ın stadionunda əbədiləşdirilməsi üçün klub tərəfindən bir fikri varmı? Məsələn, tribunalardan birinə, yaxud komandanın məşq meydançasına onun adının verilməsi və ya stadionda onun kiçik də olsa muzeyinin yaradılması kimi...

- Bunu gözəl bir təklif kimi qəbul edirəm və buna görə təşəkkürümü bildirirəm. Mən buna ancaq müsbət rəy verə bilərəm. Əlbəttə, niyə də olmasın? Bilirsiz, hər bir şəxs tarixinə, keçmişdə fədakarlıq edən insanına sahib çıxmalıdır ki, o insanın həyatı nümunə olsun. Rəhmətlik Allahverdi Bağırov da həyatını vətən üçün fəda etmiş bir qəhrəmandır. Bu, çox mənəvi bir təklifdir. Təklifinizə müsbət yanaşıram. Məncə, biz bunu klub səviyyəsində qiymətləndirməliyik. Elə sizin yanınızda Əmrah bəyə deyirəm ki, fan-klublarla bərabər bu məsələylə bağlı müzakirə edib mənə təkliflərini hazırlasınlar.

- Bilirəm ki, az sonra siz yenidən xaricə qayıdırsınız və təyyarəyə gecikdiyiniz üçün tələsirsiniz. Ona görə son sualla müsahibəni yekunlaşdırmaq istəyirəm. Bu sualım klub rəhbərliyinin ən çox tənqid olunduğu mövzu – transferlərlə bağlıdı. Bu il transfer büdcəsini artırmağı nəzərdə tutursunuz? Nəzərə alaq ki, bu mövsüm UEFA-dan avrokuboklarda iştiraka görə 16 milyon avro gəlir əldə etmisiniz.

- Bilirsiniz ki, Çempionlar Liqasına görə UEFA-dan bizə maddi dəstək gəlib. Amma həmin o dəstək “Qarabağ”ın sadəcə bir illik xərclərini ödəyir. Məsələn, ola bilər ki, biz gələn mövsüm ÇL-nin qrupuna vəsiqə qazana bilmədik. O zaman klubun büdcəsi yenə havada qalır. Biz o qədər mükafatlar veririk ki, elə gələn gəlir də o xərclərə gedir. Xarici ölkələrə gediş-gəliş, otel xərcləri, futbolçuların maaşları və s. Bunları da nəzər almaq lazımdır. Ancaq transfer məsələsi UEFA-nın verdiyi pula baxmır. Qarşımızda olan bir həqiqətdən danışaq. Bu il Avropaya getmək keçən ilə görə daha çətindir. Bu, bir faktdır. Mən bir klub prezidenti kimi Qurban Qurbanova deyirəm ki, sən futbolçunu seç, biz yanındayıq. Yəni bu il daha çətindir. Qurban Qurbanov “Qarabağ” rəhbərliyinə fikrini deməlidir. Yəni, biz də fərqindəyik ki, komandamızın ciddi uğur qazanması üçün transferlər olmalıdı, yaxşı hazırlaşmalıdı. Mən artıq bu mesajı Qurban Qurbanovun şəxsən özünə də vermişəm. Demişəm ki, imkanları dəyərləndir, qərar ver, biz də yanındayıq.

Aydın BAĞIROV
[email protected]

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi