"Kimdəsə günah axtarmaq lazım deyil" - Anar Nəzirov
"Zirə"nin kapitanı Anar Nəzirov Qol.az-a müsahibə verib. Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan təcrübəli qolkiper həm hazırkı durumundan danışıb, həm də komandasının fasilədən sonra qeyri-stabil çıxışının səbəblərini açıqlayıb.
- Topaz Premyer Liqanın 21-ci turunda səfərdə "Kəpəz"lə qolsuz heç-heçəyə razılaşdınız. Qələbə qazanmağınıza nə mane oldu?
- Deyərdim ki, başlıca səbəb qol epizodlarını dəyərləndirməməyimiz oldu. Hamı gördü ki, "Kəpəz"dən üstün oynadıq. Fərqlənmək üçün yetərincə imkanlarımız oldu. Sadəcə, son nöqtəni qoya bilmədik.
- Çempionatın son 2 oyununda qapını sən qoruyursan. Uzunmüddətli zədədən sonra oyuna uyğunlaşa bilirsən?
- Hiss etdirməməyə çalışıram. 6 ay idi oynamırdım. İlk oyunda üzərimdə məsuliyyət və bir qədər təzyiq var idi. Ondan sonra bir yoldaşlıq görüşümüz oldu. "Kəpəz"lə səfər matçında isə həmin təzyiqi üstümdən ata bildim.
- Artıq tam hazır olduğunu söyləmək olar?
- Düşünürəm ki, bəli, artıq tam hazıram. Əsas oyun praktikasıdır ki, bunu da zamanla yenidən qazanacam.
- Yoxluğunda "Zirə"nin qapısını Kamal Bayramov qorudu. Həmkarının çıxışı səni qane etdi?
- Bəli, Kamal çox inamlı təsir bağışladı. Qapıda layiqincə dayandı. Yoxluğumu hiss etdirmədi.
- Komandanız fasilədən sonra qeyri-stabil çıxış edir. Bunun nəticəsidir ki, qələbə qazana bilməyib...
- Qara zolağa düşmüşük. Ordan çıxmağa çalışırıq. Əslində komanda pis təsir bağışlamır. Sadəcə, dediyim kimi, qol vəziyyətlərini boşa veririk. Uduzduğumuz oyunlarda belə kifayət qədər imkanlarımız olur, amma vura bilmirik.
- Onda belə çıxır ki, bu vəziyyətə düşməyiniz hücumçuların günahıdır?
- Yox, heç kimdə günah axtarmaq lazım deyil. Bu, hamımızın günahıdır. Bir oyunda 4-5 epizodumuz olur, fərqlənə bilmirik. Fasilədən sonra 3 oyun uduzmuşuq. Qalanları heç-heçə bitib. Bir qələbə qazansaq, davamı gələcək.
- Fasilədən sonrakı qeyri-stabil çıxış "Zirə"ni 3-cü pillədən də etdi...
- Açığı, bilirdik ki, xal və ya xallar itirsək, əsas rəqiblərimiz bizə çatacaq. Amma ruhdan düşmürük. Sona qədər mübarizə aparacağıq. İnanıram ki, çempionatı ilk 3-lükdə bitirəcəyik.
Elnur SALAHOV