“Yox, paxıl deyiləm” - Pərdis Fərcad-Azad

“Yox, paxıl deyiləm” -  Pərdis Fərcad-Azad
MÜSAHİBƏ 2 Aprel 2018 / 00:00 5388
-  A +

“Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqanın 21-ci turunun “Qarabağ”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qolsuz başa çatan matçı şərh edib.


- Bu gün yaxşı oynadıq. Pressinq edib, “Qarabağ”ın topu özündə saxlamasına imkan vermədik. Baxımlı oyun alındı. Qələbə qazanmasaq da, sonadək mübarizə apardıq.

- Yerli komandalar “Qarabağ”a qarşı adətən qapalı futbol oynayırlar. Siz isə bu gün liderə açıq oyun təklif etdiniz...

- Baş məşqçi matçdan öncə bizə demişdi ki, “Qəbələ” ilə görüşün ikinci hissəsində göstərdiyiniz oyunu oynayın. Rəqibi təzyiq altında saxlayıb, rahat oynamasına imkan verməməyi tapşırmışdı. Doğrudan da meydanda açıq futbol getdi. Azarkeşlər də yaxşı mübarizə izlədilər. Belə davam etsək, yaxşı olar.

- Səncə, 2 xalı “Qarabağ” itirdi, yoxsa “Keşlə”?

- Məncə, ədalətli nəticə idi. “Qarabağ” ikinci hissə pis oynamadı. Hər iki tərəfin epizodları var idi.

- Razısan ki, “Keşlə” fasilədən sonra ən yaxşı oyununu keçirdi?

- Hə, razıyam. “Qəbələ”yə qarşı da yaxşı mübarizə aparmışdıq. Amma bu, fasilədən sonra ən yaxşı oyunumuz idi.

- Oyun ərzində 2 dəfə əks-hücum zamanı nəzarətsiz qalan komanda yoldaşına ötürmə etmək əvəzinə qapıya zərbə endirdin. Hətta onlar da sənə etiraz etdilər...

- Hücumçuyamsa, cərimə meydançası yaxınlığında top düşəndə zərbə vurmalıyam. Bəlkə də pas verə bilərdim. Amma mənim vəzifəm qol vurmaqdır. Alınmadı.

- Bununla bağlı oyundan sonra baş məşqçi sənə irad bildirdi?

- Yox. Heç bir irad olmadı. Vurdum da, top qapıya düşmədi.

- Amma paxıllıq etdin...

- Yox, paxıl deyiləm, pas verə bilirəm. Amma mənim fikrim belədir ki, hücumçu topu ələ keçirən kimi cərimə meydançasının yaxınlığında qapıya doğru zərbə vurmalıdır.

- Oyunun sonlarında Rəşad Sadıqovla aranızda mübahisə oldu. Nə baş vermişdi?

- Heç nə. Rəşad bir az hirslənmişdi, ona görə qısa söhbətimiz oldu. Rəşada böyük hörmətim var, yaxşı oyunçudur. Adi mübahisə idi.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi