BİRİNCİ HİSSƏ
Əgər həmin günü, daha doğrusu, o söhbətimiz vaxtı hər şey bizim ikimizdən asılı olsaydı, yəqin müsahibəmiz iki saata yaxın deyil, bəlkə iki saat daha artıq davam edəcəkdi. Komandası “Qarabağ”ın məşqinə gecikməsi bu istəyimizə mane oldu. Amma iki saatlıq söhbətimiz belə, mənə istədiyim bir çox sualı ona ünvanlamağa, onun da elə öz təbirincə desək, ürəyini boşaltmağa kifayət etdi.
Rəşad Sadıqovun maraqlı persona olması yenilik deyil. Tipik azərbaycanlı futbolçularla arasında yerlə göy qədər fərq var. Ünsiyyətə, dialoqa və müzakirəyə açıq biridi, ona görə də onunla söhbət qətiyyən darıxdırıcı olmadı. Bu mənada, bir yazı müəllifi olaraq, oxuculara bəri başdan vəd edə bilərəm ki, söhbətimiz hər nə qədər uzun olsa da, darıxmayacaqsınız və “Qarabağ”ın futbolçuları, Qurban Qurbanov, Rəşadın milliyə gəlişiylə bağlı indiyədək bilmədiyiniz faktları və s. bu müsahibədə oxuyacaqsınız.
Başladıq!
***
- Az qala doğulan gündən futboldasan. Karyeranı bitirməyə yaxın isə məşqçiliyə də başladın. Ailə üzvlərindən kimsə heç deyirmi ki, Rəşad daha bəsdi futbol?
- Düzü, əvvəl deyilmirdi, amma axır üç ayda deyilməyə başlayıb. Ona görə ki, öz şəxsi həyatıma lazımınca vaxt ayıra bilmirəm. İdman formamı çox nadir hallarda əynimdən çıxarıram. Futbol, futbol, yenə də futbol... U-21 millisinə baş məşqçi təyin ediləndən sonra isə işlər daha da çoxalıb. Üstəgəl “Qarabağ”ın U-19 komandası. Birinci liqanın, əvəzedicilərin, əsas komandanın, xaricdəki futbolçuların oyunlarını izləyirəm. Davamlı görüşlər də bir tərəfdən. Məşqçilik üçün son mərhələ olan Pro dərəcəsi almağa hazırlaşıram. Gecə saat 2-3-ə qədər imtahanlara hazırlaşmışam. Üzümdən görürsən də, necə yorğun olduğumu. Səninlə söhbətdən sonra da “Qarabağ”ın məşqinə gedəcəyəm. Yəni iş dəhşət çoxdu. İş də çoxalandan sonra uşaqlarımın üzünü demək olar ki, nadir halda görürəm. Evə gec gəlirəm, tez də gedirəm. Ona görə də indi-indi bir balaca şikayətlər olur. Anam da deyir ki, özünü daha bu qədər yorma, bir gün ürəyin, beynin dayanacaq. Amma inşallah, düşünürəm ki, yaxşı olacaq.
- Yadıma düşür, 3 il əvvəl idi, səninlə söhbət edəndə deyirdin ki, məşqçiliyə başlamağa tərəddüdlərin var. Amma bu gün düz iki komandanı birdən çalışdırırsan. Maraqlıdı, sonra səni kim inandırdı ki, Rəşad, bəli, sən yaxşı məşqçi ola bilərsən? Qurban Qurbanov?
- Yüz faiz! Bilirsən, ümumiyyətlə, mənim məşqçiliyə hələ uşaqlıqdan böyük həvəsim olub. 14-15 yaşım vardı. Bəlkə də inanmayacaqsan, amma o yaşda özüm üçün Moskva “Spartak”ının oyunlarını analiz edirdim. Necə müdafiə olunurlar, müdafiədən hücuma necə çıxırlar və sair. Məktəbdə 11-ci sinifdə oxuyanda 8-ci sinif uşaqlarına məşq keçirdim, yarışlara hazırlayırdım. Yəni məşqçiliyə həvəs, maraq məndə həmişə olub. Amma doğru deyirsən, son illər tərəddüdüm varıydı. Çünki bir işin məsuliyyətini dərk edirəm. Yükün altına girirsənsə, gərək onu daşımağı da bacarasan. Amma gör neçə ildi futboldayam, yetərincə təcrübə toplamışam. Məşqçilik futbolun ən ağır tərəfidi. Çox düşünürdüm ki, məşqçiliyə başlayım, ya yox. Elə həmin ərəfədə məşqçilik kurslarını uğurla keçdim, Qurban müəllimlə də söhbətlərimizdən sonra, sadə desək, başladım alovlanmağa.
- Qurban müəllimin hansı fikri, sözü məşqçiliyə gəlməyində həlledici qərar verməyinə səbəb oldu?
- Onunla məşqçilik barədə çox söhbətimiz olurdu. Deyirdi, nahaq yerə tərəddüd edirsən. Mən əgər uğurlu bir məşqçi olsam, bunda ən böyük pay sahibi birbaşa Qurban müəllim olacaq. Məni inandırdı ki, sənin məşqçi kimi potensialın var, mən də bu sözlərdən ruhlanıb məşqçiliyə başladım.
- Sənin bir sözün yadımdadı. Demişdin, yaxşı məşqçi olmaq üçün Qurban Qurbanov kimi təmkinli, səbirli olmaq lazımdı.
- Bəli, bu gün də o fikirdəyəm. Qurban müəllim çox səbrli, təmkinli, amma eyni zamanda çox da sərtdi. Bütün bunları bir yerə cəmləmək isə artıq böyük bir ustalıqdı.
- Gəl, elə bir az da onun sərtliyindən danışaq. Yoxsa TV-də, ictimaiyyət arasında hamının gördüyü Qurban Qurbanov çox sakit adam təsiri bağışlayır.
- Bu sərtlik komanda daxilində də, həyatda da olur. Yumşaq ürəyi var. Amma yeri gələndə çox sərtdi.
- Hansı futbolçunu qeyd edə bilərsən ki, bəli, Qurban Qurbanovun sərtliyi onu bir insan və futbolçu kimi düzəldib?
- Bir çoxunu. Mən indi ad çəkmək istəmirəm.
- Mümkünsə gəl, ad çəkək, hər şeyin üstündən ötəri keçməyək.
- Mahir Mədətov! Hamımız bilirik ki, Mahirin çətin xasiyyəti var. Onu “Bakı” və U-19 millimizdəki davranışlarından yaxşı xatırlayırıq. Bilirsiniz ki, belə davranışından zaman-zaman narazılıqlar olub. Hətta millidən uzaqlaşdırılıb da. Bəli, yüksək potensialı var, amma bu o demək deyil ki, hər yaxşı potensialı olan futbolçu daim oynayacaq. Görürsən ki, bir çox futbolçunun xarakteri onun yaxşı futbolçu olmasına mane olur. Mahirin insan kimi çox yaxşı xasiyyəti var. Amma bir az nadincdi. Belə futbolçular Qurban müəllimin əlinin altına düşdükdən sonra hərəsinə müxtəlif cür yanaşır. Mahiri “Qarabağ”a gəldiyi ilk gündən çox sıxır. Çünki bilir ki, daha yaxşı futbolçu olması üçün belə etmək lazımdır. Bu da öz nəticəsini verir. Qurban müəllimin bu addımından sonra Mahir klubda yaxşı səviyyəyə çatdı, sonra əsas milliyə də dəvət aldı.
- Gəl, elə o sıxma mərhələsinin incəliyinə gedək. Nə edir konkret?
- Bu proses Mahirin U-19 millisində problemi olandan sonra başlayıb. İndinin özünə qədər də toplanışda hamıdan çox Mahir saxlanılır. Əgər biz bazada bir gün qalırıqsa, Mahir üç gün, bəzən hətta beş gün də qalır. Qarşıdakı oyunların əhəmiyyətindən də çox şey asılıdı.
- Bu “sıxma prosesi” indi də davam edir?
- Bəli. Yaxud da ondan tələb olunur ki, gecə 11-dən sonra evdə olmalısan. Evdə olmasa, cərimələnəcək. Məsələn, hansısa başqa fubolçu evinə gecə 12-də, 1-də gedə bilər, kimisi daha sərbəst də ola bilər, amma Mahirə münasibətdə sərt qadağa var. Mahir gecə 11-dən sonra çöldə görülməməlidi.
- Bəs, yaxşı, buna necə nəzarət edilir?
- Qurban müəllimin öz metodları var. Qəfil zəng vurar atasıyla danışar ki, Mahir evdədir, ya yox. Ya da özünə zəng edər. Amma bunu həmişə yox, bəzi hallarda edir.
- Bir ara Qurban müəllim Mahirin atasından gileyləndi. Transfer məsələsini nəzərdə tuturam. Demişdi ki, bunu məndən yox, futbolçunun atasından soruşun.
- Mahirin atasının bəzi müsahibələri olmuşdu. Bu da Qurban müəllimin xoşuna gəlməmişdi. Qurban müəllim ümumiyyətlə, bu şeylərə çox önəm verən insandı. Yəni evdəki münasibət, azarkeşlərin, mətbuatın münasibəti… Bütün bunlar sonda futbolçunun psixologiyasına təsir edir. Qurban müəllim heç vaxt istəmir ki, futbolçunun valideyni, dostu süni şəkildə onu tərifləsin. Ümumiyyətlə, mediada futbolçunun çox təriflənməsini istəmir. Təkliflərin şişirdilməsinin əleyhinədir. Çünki böyük nəticələr əldə etmək istəyirsənsə, futbolçuların psixoloji durumu çox önəmlidi. Kiminsə çox tərifləməsi axırda futbolçuya zərər verir.
- “Qəbələ” ilə son oyununuz bitəndə sən də çox əsəbiləşmişdin Məhirə.
- Bəli, belə bir şey oldu. Səhv eləmirəmsə, Asiflə (“Qəbələ”nin futbolçusu Asif Məmmədov – A.B.) arasında bir balaca narazılıq olmuşdu. Mən də ona sərt formada etirazımı bildirdim ki, qurtar bu məsələni, fikrini cəmlə futbola. Mən də daim komanda içində onunla söhbətlər edirəm. Bir az çılğındı, həm də qüvvətli oyunçudu deyə, ona qarşı sərt oynayırlar.
- İradlarınızı nəzərə alır?
- Ən üstün cəhəti odur ki, hər şeyi qəbul edir və çalışır ki, bir də etdiyi səhvlərə yol verməsin. Ola bilsin, bir müddətdən sonra yenə boşluqlar buraxır, bu da normaldı. Amma o, fikrimizi qəbul etməsəydi, deyilənləri eşitməsəydi, mən Mahirə həyatı boyu bir də söz deməz, saymazdım onu.
- Amma bu siyahı tək Mahirdən ibarət deyil, yəqin ki. Başqa kimlər var?
- Bu gün sabit oynayan yerli futbolçuların hamısının üzərində Qurban müəllimin əməyi böyükdür. İstər mən Rəşad Sadıqov, istər Maksim Medvedyev, istər Qara Qarayev, istərsə də Coşqun Diniyev… Biz Azərbaycan futbolçuları özümüzə münasibətin bir az fərqli olmasına, yəni cırtqozluğa öyrəşmişik. Zamanında mən özüm də elə olmuşam. Amma Qurban müəllimlə işdə belə şeylər keçmir. Hamı da bilir ki, tələbkardı, sərtdi. Səni izləyir, hər addımına baxır. Futbolçu hər zaman yaxşı formada olmalıdır, əks halda kimliyindən asılı olmayaraq, oturacaq ehtiyat skamyada. Bu qərarı da heç kim müzakirə edə bilməz. Ona görə də hamı məşqlərdə maksimum gücünü qoyur.
Qurban Qurbanov və Rəşad Sadıqov. Azərbaycan futbol tarixinin bəlkə də ən uğurlu tandemi. Amma onları birləşdirən təkcə futbol deyil təbii ki. Bir-birilərinə dost kimi möhkəm bağlılıqları var və elə buna görədi ki, məşqçisi yox, dostu Qurban Qurbanovdan söz düşəndə, Rəşad onun haqqında daha müəllim kimi danışmır.
- “Neftçi”dən qovulduğum mərhələ idi. Futbolsuz qalmışdım. “Qarabağ”a gəlməzdən əvvəl mənimlə təkbətək söhbət etdi. Dedi, sənin potensialın var, komandanı arxanca apara bilərsən. Məni inandırmağı bacardı və gəldim “Qarabağ”a. “Rusenborq”la vacib oyunda da qələbə qolunu vurdum. O, bizim uğurlarımızın memarıdı, amma həmişə özünü kölgədə saxlayır.
- Niyə?
- Bu, onun sadəliyi, təvazökarlığından irəli gəlir. Böyük ürək sahibidi. Düşünürəm ki, onun uğurlarının sirri də bundadır. Allah da onu daha da bərəkətləndirir. Elə məqamlar var ki, azarkeşlər bilmirlər. 28-29 yaşımda futbolçu karyeramı bitirmək istəyirdim. Amma Qurban Qurbanov imkan vermədi. Yenə də məni inandırmağı bacardı. Mən karyeramın son 7-8 ilini birbaşa ona borcluyam. Qurban yeganə insandı ki, mənə sözü keçir. Həmişə elə olub. Millidə də biz birlikdə oynayanda yeganə futbolçu olub ki, sözü mənə keçib. Məndən yaşca böyük olan başqa veteran futbolçuların da sözünü dinləmişəm, amma həmişə öz bildiyimi etmişəm. Yeganə Qurbandı ki, o, məni inandıra bilirdi və bilir. Onun sözünü yerə sala bilmirdim. Futbolda intizamı pozanda, yaxud şəxsi həyatımda problemlər yarananda məni çağırıb sözünü deyirdi. Mən də onun sözündən çıxmırdım, çalışırdım həmin problemləri düzəldim. Karyeramın son 7-8 ilində mənim peşəkarlaşmağımda onun çox böyük rolu olub.
- Futbol adamı olmağınızı bir tərəfə qoyaq. Yəqin həyata baxışlarınız da üst-üstə düşür.
- Əlbəttə, 90-95 faiz. Yerdə qalan 5-10 faizə gəlincə, aramızda 10 yaş fərq var, ola bilər ki, bir məsələyə fərqli baxışlarımız olsun. Amma yenə də sonda çox vaxt onun dediyi olur.
- Neçə ildi dostsunuz?
- Hardasa 15 ildi. Millidə birgə oynadığımız vaxtlardan. Mənim 21, onun 31 yaşı vardı. Münasibətlərimiz “Neftçi”dən başladı, millidə də davam etdi.
- Nə vaxt qərara gəldin ki, bu adamla dost ola bilərsən?
- Mərddi. Komandanın, kollektivin içində özünü aparmağı… (pauza)
- Gəl, üstündən keçməyək. Mərdlik deyirsən, bu məsələdən də danış.
- Hər şeyi danışmaq olmur. Bilirsən, Qurban kollektivin içində hər zaman fərqlənib. İstər yığmada, istərsə də “Neftçi”də. Davranışıyla, danışığıyla, oturuşu-duruşuyla, böyük-kiçik yeri bilməsiylə… Cavanlara həmişə qayğı göstərib, hər zaman sadəliyi ilə fərqlənib. Onun sözü kollektivdə heç vaxt yerə salınmırdı. Elə o vaxtdan münasibətimiz yarandı. Mən cavan olanda gəlib ondan məsləhətlər alırdım. “Belə təklifim var, hara gedim, nə edim...” Beləcə yavaş-yavaş isinişdik bir-birimizə və millinin düşərgəsində olanda başladıq bir otaqda qalmağa. Sonra bu münasibətlər dostluğa çevrildi.
Söhbətin axarını “Qarabağ”ın digər futbolçularına yönəldirəm. Danışdıqca ürəyi açılır. Qurban Qurbanova, “Qarabağ” klubuna yönələn bəzi tənqidlərə cavab verir. Komandaya ürəkdən bağlı olmayanları isə qınamağa başlayır. Davam edək…
- Biz futbolçular hamımız üzərimizdə Qurban müəllimin futbol savadını, insani keyfiyyətlərini hiss edirik. Bu da daha çox formada qalmağımızda, komanda şəklində yaxşı oynamağımızda rol oynayır. Kiminsə başqa komandaya getməsi futbolun içində olan şeylərdi. Qurban müəllimin bir xasiyyəti var, kim olursan ol, gəl de ki, getmək istəyirsən, o adamı saxlamayacaq. O deyir ki, “Qarabağ”da ürəyi yüz faiz bizimlə döyünən uşaqlar oynamalıdı. Kollektiv bu prinsip üzərində qurulur. Bəzən görürsən ki, hər hansı bir legioner futbolçu gedəndə narazılıq yaranır, hardasa bizə tənqidlər olur. Amma bilin ki, futbolçu göndərilirsə, səbəbi olur,. Sadəcə olaraq, hər şeyi mətbuata açıqlamaq olmur.
- Rəşad, bəlkə elə o səbəblərdən danışaq? Niyə hər şey gizli qalmalıdı ki?
- Bir təklif olan kimi başlayırlar böyük-böyük danışmağa, özlərini yekə futbolçu saymağa. “Mən getmək istəyirəm, mən gedirəm” deyirlər. Qurban müəllim də getmək istəyəni heç vaxt zorla saxlamır. Deyir, get. Ondan daha yaxşısını tapacağını söyləyir. Amma bildirir ki, bu futbolçu komandaya mütləq ürəkdən bağlı olmalıdı. Həmişə vurğulayır ki, biz fərqli komandayıq. “Bu, “Qarabağ”dır, fərqlidir” deyir. Yəni, burada atmosfer elə olmalıdı ki, hamının komandaya canı yanmalıdı. Dərk etməlidi ki, hansı komandanı təmsil edir. Dalaşmaq, söyüşmək olmaz, nizam-intizam yüksək səviyyədə olmalıdır. Futbolumuzla, davranışımızla hamıya nümunə olmalıyıq. Çox şeylərə önəm verir. Yəni onun yanaşması dərin bir fəlsəfədi. “Qarabağ”ın adına, azarkeşlərinə çox fərqli münasibəti var.
Bu yaxınlarda mənə Dino Ndlovuyla bağlı sual vermişdilər. Əslində onun mətbuata verdiyi açıqlamalar yanlış idi. O söyləyir ki, “Qarabağ”da məni istəmədilər, çıxdım getdim. Mən bilmirəm, həmin açıqlamaları həqiqətən o verib, ya verməyib. Əgər deməyibsə, çıxıb təkzib edə bilərdi. Dinonun bundan sonra bizimlə hələ il yarım müqaviləsi vardı. Qurban Qurbanov onu necə istəməyə bilərdi? Sadəcə olaraq, yaxşı təklif oldu. Və yaxşı təklif olanda Dino elə bir reaksiya verdi ki, şoka düşdük.
- Nə etdi ki?
- Heç kim bilmirdi bu söhbəti və ilk dəfə də indi açıqlayıram. Qış fasiləsi zamanı söhbəti gətirib o həddə çatdırdı ki, axırda dedi, Antalya toplanışına gəlməyəcəm. Hətta Bakıda tanıdığı taksi sürücüsü vasitəsi ilə evindən əşyalarını yığdırdı ki, mənə göndər, Azərbaycana qayıtmıram.
- Türkiyədəki toplanışa da gəlmədi, doğrudu?
- Bəli. “Mənə yaxşı pul verilir, kluba da təklif var, buraxın gedim” demişdi. Belə olan halda, Qurban müəllim bildirdi ki, mən hücumçusuz oynayaram, amma belə futbolçunu komandada saxlamaram. Çünki “Qarabağ” ona çox şey vermişdi, nəinki Dino “Qarabağ”a. Mən bu fikirdəyəm. Və onun belə yanaşması bizə və klubumuza böyük haqsızlıq idi. Bu söhbət Qurban müəllimə də çox pis təsir etdi. Axırda tapşırdı ki, danışıqlarınızı aparın, razılaşın, buraxın çıxıb getsin. “Ürəyi “Qarabağ”la döyünməyən futbolçuları istəmirəm” dedi. İndi mən nəyə gətirirəm bu söhbəti? Götürək bizim Qara Qarayevi, Mahir Mədətovu, elə Qurban Qurbanovun özünü. Bu insanlar rəhbərliklə heç vaxt müqavilə söhbəti eləmirlər. “Mən nə qədər istəyirəm, mənə nə qədər veriləcək” kimi şərtlə danışmırlar. Digər futbolçular da elədir. Rəhbərlik məşqçiylə məsləhətləşir kİ, futbolçuların normal müqavilələri olsun, yəni, haqları ödənsin. Ancaq futbolçu heç vaxt demir ki, mənə 10, 15, 20 min artıq ver. Mənə də bu gün təsir edən odur ki, klubdan kənarda belə futbolçulara layiq olduğu qiymət verilmir. Onların haqqı yeyilməməlidi. Bu uşaqlar pul söhbəti eləməyib, çıxıb meydanda canlarını qoyurlar, amma biz misal üçün, 5-10 manat artıq pul olan kimi “Qarabağ”ı atıb gedən Dinonu axtarırıq. Biz Dinonu axtarmamalıyıq, Qara, Mahir kimi oyunçularımızı qorumalıyıq. Onlara “sağ ol” deməliyik. Mən heç vaxt belə şeylər danışmamışam. Amma gördüm ki, futbolçulara Dinonun gedişi haqda tez-tez sual verilir. Bu komanda nə Dinonun gəlişi, nə də gedişi üzərində qurulub. Allaha şükür, “Qarabağ” həmişə bir komanda kimi bütövlüyünü qoruyub. Reynaldo da, başqa futbolçular da gəlib-gedib. Həmişə çalışmışıq ki, komanda nə Rəşad, nə Reynaldo, nə də Dino üzərində qurulsun. Biz bir komanda olmalıyıq və ordakı uşaqların mənəviyyatı yüksək olmalıdı. Bu gün bu yerli uşaqların hansınınsa pul davası etdiyini xatırlamıram. Maksimin, Bədavinin özü olsun. Yəni klub filan qədər pul təklif edir, qəbul edirlər. Başlarını aşağı salıb, işlərini görürlər. Bu gün bizim komandamız mənəviyyat üzərində qurulub. Və bu gün kimsə də gəlib, Qurban müəllimə “mən toplanışa gəlmirəm” deyirsə, Qurban müəllim də deyir, gəlmə. Qurban müəllim deməyəcək ki, xahiş edirəm, dur gəl toplanışa. Gəlmirsən, problem yoxdur. Tək Dino deyil ki… Əvvəllər də belə söhbətlər olub.
Çox legionerlə belə münasibətdən sonra yollar ayrılıb. Heç kimin də bu haqda məlumatı olmayıb. Hamı bilməlidi ki, biz sıradan komanda deyilik. Bunu ən birinci dərk edən Qurban Qurbanovdu. Bizə yaşadan, canlandıran odu. Biz də, xüsusilə yerli futbolçular heç vaxt pul söhbəti etməmişik. Təklif olunanla razılaşmışıq. Amma rəhbərlik də, Qurban müəllim də sağ olsun, hər zaman qızıl ortanı tapıblar. Futbolçular da razı qalıblar. Durub deyə bilərdilər ki, nə olar, 50 min artır. Bəlkə də rəhbərlik də, Qurban müəllim də artıracaqdı. Amma sizi inandırım, belə hallar baş verməyib. Ona görə fikirləşirəm ki, uğurlarımızın sirri bundadır.
Bir faktı da deyim. Tarik Elyunussi və Dino Ndlovunun gedişi ilə komanda hardasa, bir milyon yarım avro pul qazandı. Amma Qurban Qurbanov iki futbolçu itirdi. İstənilən başqa məşqçi bu pulla 3-4 futbolçu gətirərdi. Amma Qurban Qurbanov həm də onu düşünür ki, komandanın büdcəsinə ziyan olmasın. Bu gün yaxşı futbolçu tapa bilmədisə, düşünür ki, eybi yox, yayda daha yaxşısını və “Qarabağ”a layiq olanını taparam. Əgər ideal futbolçu yoxdusa, almır. Bu prinsiplə yaşayır. Deyir, eybi yox, bu futbolçularla oynayacam. Amma burdan komandaya 1 milyon yarım qazandırdığını düşünür. Bu insanın zəhməti, kluba verdiyi töhvələr var. Məncə, qədrini bilməliyik. Mən özüm bu şeyləri edə bilməzdim. Mən şəxsən, dirənib, ən azı, 2-3 futbolçu almışdım o pula.
- Bəs hazırda “Qarabağ”da oynayan legionerlərin kluba bağlılığı necədir? Almeyda, Aqolli, Miçel…
- Çox böyük bağlılıqları var. Əgər bağlılıq barədə bir balaca problemləri olsa, bu gün o futbolçular komandada olmaz.
- Bunu nəyə görə soruşdum? Qeyd etdin ki, Dinoya təklif gələn kimi getdi. Almeydanın özü gözəl oyun sərgiləyir. Sən özün də yaxşı bilirsən ki, ona nə qədər təkliflər olub.
- Bəli. Almeydanın özü də nümunədi. Ona nə qədər yaxşı təklif oldu. Yenə gəldi Qurban müəllimlə üzbəüz, açıq danışdı. Qurban müəllim də onun komandada qalmağını istədi və hiss etdi ki, ürəyi bizimlədi. Əgər Almeyda da o görüşlərdə başqa cür davransaydı, böyük ehtimalla o da komandada olmayacaqdı. Dani Kintanaya da yaxşı təkliflər oldu . Ötən il idi. Amma o da komandada qaldı.
İKİNCİ HİSSƏ BURADA
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."