“Bunu Qurbana demək lazım deyil, özü maraqlanacaq” – Mirbağır İsayev
17 yaşadək futbolçulardan ibarət millimizin sabiq baş məşqçisi Mirbağır İsayev Qol.az-a müsahibə verib. Komandadan göndərilməsinin səbəbini hələ də bilmədiyini söyləyən mütəxəssis aşağı yaş qrupları üzrə millilərə yeni təyinatlara da münasibət bildirib.
- U-17-dən ayrıldıqdan sonra nə işlə məşğul olursunuz?
- Millidən ayrılandan sonra işləmirəm, evdəyəm. Birinci diviziondan təkliflər oldu, amma getməyi məqsədəuyğun saymadım.
- Qurban Qurbanovun əsas milliyə baş məşqçi təyin olunmasından sonra aşağı yaş qruplarına yeni məşqçilər cəlb olundu. Sizə həmin vaxt hansısa təklif oldumu?
- Xeyr, mənə təklif gəlməyib. Amma mənə hələ də qaranlıq qalır ki, mən kim tərəfindən yığmadan uzaqlaşdırıldım. İnsan işindən gedəndə ona səbəbi deyilməlidir. Mən isə bilmədim. Düzdür, 2 oyunda uduzduq. Amma o demək deyil ki, mən buna görə işimdən ayrılmalı idim. İlk növbədə uzaqlaşdırılmağımın səbəbini bilməliyəm. Niyə mənə 1 mərhələ vaxt verdilər? Halbuki mən işlədiyim dövrlərdə hər il mərhələ keçirdim. Keçə bilmədiyim zaman istefa verib gedirdim.
- U-16 milimizə hələlik təyinat olmayıb. Bu komandadan dəvət gözləyirsinizmi?
- Əlbəttə, hər an təklif gözləyirəm. Amma ümidim tək olan Allahadır. Heç bir bəndəyə ümid etmirəm.
- Aşağı yaş qruplarına yeni baş məşqçi təyinatlarını necə qarşıladınız?
- Bunu artıq nəticələr göstərəcək. Hər birini təbrik edirəm. Orda Əli işlədi, Miri işlədi, fərqi yoxdur. Bu, bizim hamımızın komandasıdır. Çalışmalıyıq ki, hər zaman bayrağımız ucalsın və himnimiz səslənsin. Mən həmişə U-15, 16 və 17-ə əsas milli kimi baxmışam. Çünki hər biri gələcəyin əsas millisidir.
- Aşağı yaş qrupları üzrə yığmalarda kifayət qədər təcrübəniz var. Sizcə, yeni gələnlər nəyi dəyişməlidirlər ki, futbolumuz inkişaf etsin?
- Bu sualı Qurban Qurbanovun özünə versəniz, daha məqsədəuyğun olar. Birinci növbədə aşağı yaş qrupları üzrə yığmalara diqqət ayrılmalıdır. Özü də tək millilərə yox, çempionatlara, klublardakı məşq prosesinə də baxmaq lazımdır. Biri var məşq keçmək, biri də var nəsə öyrətmək. Bunlar fərqli şeylərdir. Əsas milliyə məşq keçə bilərsən. Çünki onlar peşəkardırlar, öyrənib ora gəliblər. U-15 və U-17-yə məşq keçməklə heç bir nəticə vermək olmaz. Ona görə də uşaqlara nəyisə öyrətmək lazımdır. Məşq keçməklə kifayətlənmək olmaz. Qurban Qurbanovun gəlişinin müsbət tərəfi odur ki, U-17-dən əsas milliyə kimi bütün komandaları bir sistemdə işlədəcək. Ən əsası odur ki, Qurbanov aşağı yaş qrupları ilə maraqlanacaq. U-15 də, U-17 də, U-19 da ona doğma olacaq. Bilirsiniz niyə? Çünki o azərbaycanlıdır.
- Yəni deyirsiniz ki, əvvəlkilər maraqlanmırdılar?
- Əvvəlkilərə xahiş-minnət edirdik ki, sən mənim canım, gəl uşaqların oyununa bax, fikrini de. Foqtsu ümumiyyətlə aşağı yaş qruplarının oyununda görməmişəm. Bilirsiniz ki, onun da vaxtında yığmada işləmişəm. Prosineçki işlədiyi dövrdə sağ olsun, etiraz etmədi. Özüm ondan xahiş etdim ki, gəl, uşaqlara öz tövsiyyələrini ver. Həmin vaxt komandamız elit mərhələdə mübarizə aparırdı. Avropa çempionatına 1 addım qalmışdı. Amma bunu Qurbana demək lazım deyil. Özü maraqlanacaq. Təki bizim komandalar minimum birinci mərhələni keçsinlər ki, bu şansı Qurban Qurbanova versinlər.
- “Qarabağ”ın U-19 komandasının üzvü, sizin də yaxından tanıdığınız Turan Vəlizadənin “Fənərbaxça”ya keçəcəyi xəbərləri yayılsa da, özünü doğrultmadı...
- 18 yaşı tamam olmamış Turanın “Fənərbaxça”ya keçidi problem olar. Çünki Anton Krivatsyukla bağlı da belə bir problem olmuşdu. Onu 16 yaşında “Neftçi”yə gətirmişdik. 18 yaşı tamam olandan sonra milli çempionatda oynamağa başladı və üzə çıxdı. Ola bilsin, keçidinin alınmaması yaşla bağlıdır. O ki qaldı onun istedadına, böyük potensialı var. Futbolçu deyil, amma ola bilər. Yeganə futbolçu idi ki, “Mançester Yunayted” Uşaq Futbolu məktəbində fərqləndi. Hətta ingilis seleksiyaçıların da diqqətini cəlb etdi. Onlar da Turanın potensialının böyük olduğunu vurğuladılar. Amma onun “Fənərbaxça”ya keçib-keçməyəcəyi valideynləri və klubun daxili işidir. Mənim ona qarışmağa ixtiyarım yoxdur.
- Rəşad Sadıqov mətbuata açıqlamasında bildirib ki, əgər Turana “Fənərbaxça”da əsas heyətdə oynamaq zəmanəti verilsə, o zaman keçid barədə düşünmək olar...
- Mən təkcə onu deyə bilərəm ki, bu yaşda uşaqlarımız nə qədər çox legioner həyatı yaşasalar, yaxşı klublara ezam olunsalar, oynasalar, gələcəkdə A millimizin uğuru deməkdir. Subyektiv fikrimdir ki, Turanın “Fənərbaxça”da oynamasını istəyərəm. “Qəbələ”nin aşağı yaş qruplarından Samir Oruclunun Çexiya klubuna getdiyini bilirəm. Özüm də maraqlanıram. Çünki belə şeyləri eşidəndə sevinirəm. Ümid edirəm ki, bundan sonra daha çox gəncimiz bizi Avropada təmsil edəcək. Yalnız belə olanda əsas millimiz 4-5 il sonra yüksək səviyyəyə çıxa bilər.
Elnur SALAHOV