"O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim" - Qara Qarayev

"O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim" -  Qara Qarayev
MÜSAHİBƏ 19 Fevral 2018 / 11:40 7824
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqanın 16-cı turunda "Səbail" üzərində 1:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.

- Rəqiblər bizə qarşı yaxşı hazırlaşırlar. Xal almağa çalışırlar. Biz də meydana yüksək motivasiya ilə çıxmışdıq. "Qəbələ" ilə xal fərqini qoruyub-saxlamaq üçün qalib gəlmək istəyirdik. Sevinirik ki, istədəyimiz nəticəni qazandıq. İşimiz çox çətindi. Rəqiblər əlavə motivasiya ilə oynayırlar. Sanki biz daha ağır çempionatda oynayırıq. Bu da normaldır. Lider olmağımız bəzən qıcıq, bəzən həvəs, bəzən də istək yaradır ki, rəqiblər belə aqressiv oynayırlar. Artıq hər bir komanda normal futbol oynaya bilir. Artıq çempionatımızda böyük hesabla qalib gəlmək çətinləşib. Bizim üçün vacib olan 3 xal idi ki, bunu da qazandıq.

- Artıq 2 turdur ki, meydana əvəzetmədən daxil olursan. Bu, nə ilə bağlıdır?

- Antalya toplanışının son günündə ayağımda möhkəm ağrılar oldu. Zədə deyildi, yüklənmədən yaranmış bir problem idi. Ağrı keçmişdi. Bu yaxınlarda yüngül zədə aldım. Ona görə gözləməli oldum. Zədəli olduğum üçün baş məşqçi riskə getmək istəmirdi.

- "Səbail" meydanda çox sərt mübarizə aparırdı...

- Bu, digər komandaların da bizə qarşı bu cür oynayacağından xəbər verir. Bunlara baxmayaraq, hər bir oyunda yaxşı nəticə qazanmağa çalışacağıq.

- Mahir Mədətov 2 real qol imkanından yararlana bilmədi. Ümumiyyətlə, komanda son nöqtəni qoymaqda çətinlik çəkir. Belədə, Dino Ndlovunun yeri görünürmü?

- Gedən oyunçunun komandamızda yeri görünür desəm, bu, digərlərinə hörmətsizlik olar. Gedibsə, deməli, baş məşqçi belə məsləhət görüb. O, bizdən daha yaxşı bilirdi ki, Dinonun faydası olacaq, ya yox. Sözsüz ki, Ndlovunun komandamızda olması bizə faydalı idi. Amma düşünmürəm ki, onun yoxluğu bizə hansısa problem yaradır. Baş məşqçi özü bu barədə bir neçə dəfə jurnalistlərin suallarına cavab verib. Bundan sonra mənim nəsə danışmağım fayda verməz.

- Çempionlar Liqasında daim start heyətdə meydana çıxırdın və öz oyununla ən azı Avropanın ortabab klublarında oynaya biləcəyini göstərdin. Amma hələ də "Qarabağ"dasan. Təklif yoxdur, yoxsa özün qalmaq istəyirsən?

- Vallah, təklif yoxdur. Bəzi təkliflər olmuşdu. Qərar verməzdən əvvəl birinci milli komandanı, ölkəni fikirləşirəm. Gələn təklif futbolumuz adına yaxşı deyildi. "Qarabağ" onsuz da mənim üçün hazırda ideal yerdir. Bu komanda ilə hər il avrokubokların qrupunda oynayıram. Düşündüm ki, bu təklifə baxanda, elə "Qarabağ"da qalsam, yaxşıdır. Amma yaxşı təkliflər olsa, dəyərləndirmək istəyirəm. Bilmirəm, çempionatda komanda sayının azlığındandır, ya nədəndir, təkliflər çox azdır.

- Həmin təklifi tramplin kimi istifadə edib, daha yaxşı komandaya keçmək olmazdı?

- Ola bilərdi. Əgər 3-4 il bundan əvvəl o təklifi alsaydım, getmək olardı. Bu yaşımda tramplin məsələsi mənim üçün bir az çətindir. Gedib 2 il oynayandan sonra artıq gənc futbolçu sayılmayacam. Allah eləməsin, alınmasaydı, necə olacaqdı?! Buna heç kim zəmanət verə bilməz. "Qarabağ"da isə ən azı sabit oynaya bilirəm

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi