"Onunla çox qələbələr qazanacağıq" - Denis Silva

"Onunla çox qələbələr qazanacağıq" - Denis Silva
MÜSAHİBƏ 15 Fevral 2018 / 18:15 4963
-  A +

"Keşlə"nin müdafiəçisi Denis Silva Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 15-ci turunun "Səbail"lə oyunundakı heç-heçəni şərh edən braziliyalı futbolçu digər məqamlara da toxunub.

- Fasilədən sonra keçirdiyiniz ilk oyunda xal itirdiniz. Sizcə, "Səbail"ə qalib gəlməyinizə nə mane oldu?

- Qış transfer pəncərəsində "Keşlə"yə çoxlu yeni futbolçu gəldi. Baş məşqçimiz də yenidir. Komanda onun taktiki sxemlərinə uyğunlaşmağa çalışır. Ona görə də başlanğıcda müəyyən səhvlərin olması normaldır. Amma vəziyyət heç də həll olunmayacaq dərəcədə kritik deyil. "Səbail"ə qarşı, komanda olaraq, əla oynadıq. Bir neçə oyundan sonra, düşünürəm ki, futbolçular arasında anlaşma daha yaxşı səviyyədə olacaq.

- Necə düşünürsünüz, yeni futbolçuların komandaya uyğunlaşmasına çox vaxt lazımdır?

- Məncə, çox yox. Amma səbr etmək lazımdır. Çünki yeni transferlərin bir-birilərinə alışması vaxt apara bilər.

- Antalyadakı təlim-məşq toplanışınız necə keçdi?

- Çox məhsuldar oldu. Ağır və intensiv məşqlər keçdik. Bundan başqa, yaxşı oyunlarımız oldu ki, bu da baş məşqçiyə bütün futbolçuları hərtərəfli təhlil etməyə imkan yaratdı.

- Fasilədən əvvəl "Keşlə"nin bütün futbolçuları deyirdilər ki, yeni transferlər olsa, hər şey düzələcək, komanda autsayderlər qrupundan uzaqlaşacaq. Siz özünüz buna inanırsınız?

- Əlbəttə, inanıram. Yaxşı futbolçularımız var və əminliklə deyə bilərəm ki, hazırkı vəziyyəti öz xeyirimizə dəyişəcəyik. Hələ çempionatın ortasındayıq. Problemi aradan qaldırmaq üçün qarşıda çox oyunlarımız olacaq.

- Amma istənilən halda əsas hədəfiniz ölkə kuboku olacaq...

- Oyunlara bir-bir köklənməliyik. Hazırda "Kəpəz"lə matçı düşünürük. Amma onu deyim ki, kubokda finala çıxmaq şansımız var. Özümüzü buna da hazırlayırıq.

- Çempionatda növbəti oyununuz səfərdə "Kəpəz"ə qarşı olacaq. Autsayderlərin duelindən nə gözləmək olar?

- Rəqib haqda fikirləşmirik. Hazırda baş məşqçi komandanı qarşıdakı oyuna kökləməyə çalışır. Bütün diqqətimizi Gəncədəki qarşılaşmaya ayırmağımızı istəyir.

- "Keşlə"yə yeni gələnlərdən biri də Yuri Maksimovdur. Baş məşqçi haqda hansı fikirdəsiniz?

- O, yaxşı insan və güclü məşqçidir. Futbolçularla daim ünsiyyətdə olur. Baş məşqçiyə hər şeyin ən yaxşısını arzu edirəm. Onunla çox qələbələr qazanacağıq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi