“Bəli, bizdə futbolçunu artıq çəkiyə görə cərimələyirlər”

“Bəli, bizdə futbolçunu artıq çəkiyə görə cərimələyirlər”
MÜSAHİBƏ 12 Fevral 2018 / 13:50 4209
-  A +

“Kəpəz”in kapitanı Şəhriyar Rəhimov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 15-ci turunda səfərdə “Neftçi”yə 0:1 hesablı məğlubiyyəti şərh edən müdafiəçi komandanın baş məşqçisi Yunis Hüseynovun futbolçuların çəkisi ilə bağlı mətbuat konfransında səsləndirdiyi fikirlərə də aydınlıq gətirib.

- “Kəpəz”  son dəqiqələrdə buraxdığı qolla “Neftçi”yə uduzdu. Səncə, məğlubiyyətə hansı amillər səbəb oldu?

- Gözlədiyimiz kimi, ağır oyun oldu. Bilirdik ki, “Neftçi”yə xal lazımdır. Bizim də vəziyyətimiz elədir ki, xala ehtiyacımız vardı. Əslində oyuna pis başlamadıq. Sonradan müdafiəyə çəkildik. Epizodlar baxımından üstünlük “Neftçi”də idi. Bəzən isə üstünlük bizim tərəfimizə keçdi. Ümumiyyətlə, taktiki planımız elə idi ki, qapalı oynayıb, topa nəzarəti “Neftçi”yə verməliydik. Rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Hesab 0:0 olarkən yaxşı imkanlarımız oldu. 2-3 baxımlı əks-hücum təşkil etsək də, son nöqtəni qoya bilmədik. Onları dəyərləndirsəydik, qalib də gələ bilərdik.

- Necə düşünürsən, “Neftçi” bu oyunda qələbəyə, yaxud da “Kəpəz” məğlubiyyətə layiq idi?

- Belə suala cavab vermək bir az çətindir. Kimsə fikirləşə bilər ki, “Neftçi” layiqli qələbə qazandı. Bizim azarkeşlər də düşünə bilərlər ki, məğlubiyyətə layiq deyildik. Düzdür, topa nəzarət edən tərəf “Neftçi” idi. Amma qol epizodlarına görə üstünlük bizdəydi. Rəqib əsasən standart vəziyyətdən qapımız qarşısında təhlükə yaratdı. Bir də qol epizodlarını qeyd edərdim. Başqa ciddi bir şeylə yadda qalmadılar. Heç-heçəlik oyun idi. Belə matçlarda bir səhv hər şeyi həll edir. Bəlkə də bərabərlik ədalətli nəticə olardı.

- Epizodların birində sol cinahdan cərimə meydançasına daxil olub Dieqo Souzaya ideal ötürmə verdin. O isə qapını dəqiq nişan ala bilmədi. Həmin epizoda görə hətta komanda yoldaşına əsəbləşdin...

- Yox, sırf Dieqoya əsəbləşmədim. Topun qapıya daxil olmamağına pis oldum. Orda başqa futbolçu olsaydı da, eyni reaksiyanı verəcəkdim. Oyunboyu “Neftçi” bizim qapımız qarşısında belə real qol epizodu yaratmamışdı. Sadəcə, bir az ustalıq səviyyəsi və dəqiqlik çatmadı ki, bu oyunda xal qazanaq. Həlledici məqamlarda dəqiq zərbələr vura bilmədik. Düzdür, komanda bir oyunçunun üstündə qurulmur. Amma bu, sırf Dario Frederikonun oyunu idi. Oyunu əks-hücumlarda qurmuşduq ki, onun sürətindən və driblinqlərindən istifadə edək. Təəssüf ki, Darionun sənədi gəlmədi deyə, oyun planında məcburi dəyişikliklər oldu. Bu da çıxışımıza mənfi təsir göstərdi.

- Qış transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər oldu. Fasilədən əvvəlki və sonrakı komanda arasında nə kimi fərqlər var?

- Düzdür, adlar baxımından dəyişiklik çoxdur. Komandadan bir neçə futbolçu getdi. Onların əvəzinə yeniləri gəldi. Amma birinci oyundan bu barədə qəti fikir söyləmək olmaz. İnanırıq ki, hazırkı “Kəpəz” daha uğurlu nəticələr qazanacaq. Desək ki, biz artıq başımızdan yuxarı tullandıq, əvvəlki “Kəpəz”dən daha yaxşıyıq, düz çıxmaz. Hamımız istəyirik ki, nəticələrimizi yaxşılaşdıraq. Bunu isə sözlə yox, oyunumuzla sübut etməliyik.

- Yunis Hüseynov oyunsonrası mətbuat konfransında maraqlı açıqlama verib ki, hər matçdan əvvəl futbolçuları çəkirik və artıq çəkisi olan oyunçuya cəza veririk.

- Məncə, tək “Kəpəz”də yox, bütün peşəkar komandalarda futbolçular öz çəkilərinə fikir verməlidirlər. Bizdə də oyunqabağı, Antalyada isə hər səhər çəki söhbəti var idi. Ona görə də bu normaldır. Bir çox klublarda belə bir hadisə olub.

- Artıq çəkiyə görə cəza verirlər?

- Bəli, futbolçunu cərimələyirlər. Belə olmalıdır ki, çəki məsələsinə məsuliyyətli yanaşsınlar. Başqa klublarda da belə bir şeyin olduğunu həm görmüşəm, həm də eşitmişəm. Düzdür, 500 qram, 1 kq yox, görünəcək qədər artıq çəki varsa, futbolçu bu haqda fikirləşməlidir.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi