“Nə vaxt uğurlu işimiz olur, nəsə bir zibil qaynadırlar” – Samir Abasov

“Nə vaxt uğurlu işimiz olur, nəsə bir zibil qaynadırlar” –  Samir Abasov
MÜSAHİBƏ 27 Dekabr 2017 / 15:34 6146
-  A +

"Kimin mənimlə şəxsi qərəzliyi varsa, başqa yol seçsin"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Qol.az saytına müsahibəsində komandasının qış fasiləsinə qədərki çıxışından, transfer planlarından və digər məsələlrdən danışıb.

- "Sumqayıt" Topaz Premyer Liqanın ilk yarısını 4-cü pillədə tamamladı. Komandanın oyunu və nəticə qanedicidir?

- Nəticələrimiz elə də pis deyil. Fasiləyə qədər çempionatda da yaxşı çıxış etdik, ölkə kubokunda da. Hələ ki, hər şey istədiyimiz kimi gedir. Açığı, kubokdan nəsə gözləmirdik. Düşünürdük ki, çempionatda bacardığımız qədər irəli gedək. Hər il olduğunu kimi, bu dəfə də "Qarabağ" bizə rəqib olanda artıq fikirləşdik ki, kubok bizim üçün keçilməz bir turnirdir. Fikiləşirdik ki, bütün gücümüzü çempionata verərik. Ancaq "Qarabağ"ı keçəndən sonra kubokda davam edə biləcəyimizi anladıq. İndi işimiz daha çətin olacaq. Həm çempionat, həm də kubok oyunların hazırlaşmalıyıq.

- Adətən "Sumqayıt" qış fasiləsinə qədər iddialı olur, mövsümün sonunda isə aşağı pillələrdə qərarlaşır. Bunu digər klubların qış fasiləsində daha çox güclənməsi ilə əlaqələndirmək olar?

- Bizdə həmişə belə olub. Biz transferi yayda planlaşdırırıq. Yəni əsas transferləri yay fasiləsində edirik. Hansısa problem çıxmasa, mövsümün sonuna qədər belə davam edirik. Qışda bəzən 1-2 transfer edirik. Ancaq digər klublar qışda heyətlərinə əl gəzdirirlər. O baxımdan çətinliklərimiz olur. Ancaq inanıram ki, bu dəfə sona qədər ən azı mövqeyimizi qoruyacağıq. Hazırkı heyətimiz yaxşıdır. Komandada bizə yaraşan oyunçular cəmləşib. Düşünmürəm ki, hər çey əvvəlki illərdəki kimi olacaq.

- Yarımmüdafiə xəttinə iki transfer etmisiniz. Daha hansı mövqeləri gücləndirməyi düşünürsünüz?

- Bilirziniz ki, bizdə transfer məsələsi çətindir. Biz heyətimizə yeni oyunçunu necə cəlb edə bilərik? Tutaq ki, "Qarabağ", "Qəbələ" və ya "Zirə"də hansısa oyunçu qəti oynamaq şansı qazana bilmir və klub onu icarəyə vermək istəyir. Bu zaman biz onu komandaya gətirə bilərik. Ancaq desəm ki, hazırda hansısa mövqeyə oyunçu axtarırıq, yalan olar.

- Komandadan gedənlər olacaq?

- Bizim elə geniş heyətimiz yoxdur ki, komandadan kimisə göndərək. Futbolçularla söhbət etmişəm, məmnuniyyətlə komandada qalmaq istəyirlər. Bu da məni sevindirir.

- Bəlkə digər klublardan təklif alanlar var.

- Təklif alan futbolçular da var. Ancaq bizə bir söz deməmiş futbolçular qərar vermir. Hamısı komandada qalmaq istəyir.

- Gənc hücumçu Amil Yunanov son vaxtlar oyunu ilə diqqət cəlb edir. Ona hansısa klubdan təklif gəlib?

- Təklif gəlsə, birinci biz biləcəyik. Əksər futbolçularımızla uzunmüddətli müqaviləmiz var. Amil Yunanovla da həmçinin. Hələ ki, Amili istəyən klub yoxdur. Amil son vaxtlar oyunu ilə diqqət çəkir. Ancaq o, sabit çıxış etmir. Bu, məni narahat edir. Özü də dərk etməlidir ki, əgər bir yaxşı oyunu ilə onun haqqında danışırlarsa, deməli, 10 dəfə sabit oyun nümayiş etdirsə, 5-6 klubdan təklif alar.

- Komandanızın qış hazırlıq planı necədir?

- Yanvarın 5-də toplaşacağıq. İki həftə Azərbaycanda hazırlığımız olacaq. "Səbail"lə yoldaşlıq oyunu keçirmək fikrimiz var. Yanvarın  21-də Türkiyəyə gedəcəyik. Orada da 4 yoxlama oyunu keçirəcəyik. Rəqiblərdən 3-ü bəllidir. Ancaq yadımda qalan təkcə "Anji"dir.

- Ölkə kubokunun yarımfinalında "Keşlə" ilə qarşılaşacaqsınız. "Qarabağ"ı mübarizədn kənarlaşdırdıqdan sonra iddia artıb?

- Bəli, iddia artıb. Ancaq durumu bizdən də pis olan "Keşlə" istəyir ki, bundan istifadə etsin. Düşünürük ki, avrokuboklara getmək çempionata nisbətən kubokla daha asandır. Qarşımızda keçilməz "Qarabağ" səddi var idi, onu keçdik. Ancaq uşaqlar da başa düşür ki, "Keşlə" ilə oyun daha çətin olacaq. Çünki indi "Keşlə" bizə çox ciddi yaşacaq. İndi üzərimizdə daha çox təzyiq olacaq. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

- Siz "Atletiko"nun düşərgəsində olanda komandanız kubok oyununda "Qarabağ"a qalib gələrək yarımfinala yüksəldi. Belə fikirlər dolaşır ki, Samir Abasov futbolçularla çox sərt davranır. Yəni sizin yoxluğunuzda komanda sərbəst oldu və "Qarabağ"ı məğlub etməyi bacardı.

- Ən azından futbolçularım mənim kimi bir şəxsiyyətdirlər. Məndən 1-2 yaş balacası da var, lap gənc oyunçular da. Hansı futbolçu məndən özünə qarşı kobudluq görsə, sumkasını götürüb deyər ki, mən bu insan olmayan bir varlıqla işləmək istəmirəm. Əgər hazırda təkliflərə baxmayaraq, futbolçular bizimlə qalırsa, Samir Abasov olan vaxt komanda 4-cü pillədədirsə, Samir Abasovun vaxtında çempionatda da "Qarabağ"ı udursa, bu, əməyimizə kölgə salmaqdan başqa bir şey deyil. Mənim işim qıraqdan kiməsə sərt görünürsə, o adama bir söz deyə bilmərəm. Dəyişmək fikrində də deyiləm. Mənim yolum budur. Hər il müxtəlif klublardan bizə oyunçular gəlir. Son iki transferimizdən biri "Zirə"nin, biri də "Keşlə"nin oyunçusudur. Hər iki komandada bizim sabiq futbolçularımız var. Əgər mən futbolçu ilə kobud rəftar etsəydim, komanda yoldaşları yeni transferlərimizə deyərdi ki, Samir Abasov insandı ki, sən oyun yanına gedirsən? Əgər futbolçular komandamıza sevə-sevə gəlirsə, onda bu cür söhbətlər nəyə lazımdır? "Sumqayıt"da pul da yoxdur ki, deyək, ona görə gəlirlər.

Bu cür söhbətlər tək mənə yox, "Sumqayıt"ın işinə də kölgə salmaqdır. Özüm də müşahidə etmişəm ki, nə vaxt uğurlu işimiz olur, nəsə bir zibil qaynadırlar. Bəzən yazırlar ki, Samir Abasovla rəhbərlik arasında soyuqluq var. Kimin mənimlə şəxsi qərəzliyi varsa, başqa yol seçsin.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi