UEFA siyasi pankarta görə araşdırmalara başladı
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilən “Legiya” (Polşa) - "Astana" (Qazaxıstan) matçında meydan sahiblərinin azarkeşləri tərəfindən açılan pankartla bağlı araşdırmalara başlayıb.
Qol.az-ın xəbərinə görə, oyunda "Legiya" klubunun azarkeşləri 1944-cü ildə faşistlər tərəfindən qətlə yetirilən insanları yad ediblər.
Pankartda Varşava üsyanında 160 min insanın qətlə yetirildiyi və onların arasında minlərlə uşaq olduğu qeyd edilib. Həmçinin, alman zabitin azyaşlı uşağın başına silah dirəmiş təsviri nümayiş etdirilib. UEFA avqustun 17-də qərarını açıqlayacaq.