Elxan Məmmədov: «AFFA İspaniya ilə oyuna görə çox yaxşı gəlir götürdü»

Elxan Məmmədov: «AFFA İspaniya ilə oyuna görə çox yaxşı gəlir götürdü»
MÜSAHİBƏ 19 Mart 2010 / 18:25 3324
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədovun Qol.Az saytına müsahibəsi

- Siz dünya futbolunda yeganə ən gənc şəxslərdən birisiniz ki, cəmi 27 yaşınızda futbol fedarasiyasının baş katibi olmusunuz. Elə ilk olaraq da, AFFA-ya gəlişinizin tarixçəsini bilmək istərdik.
- İngiltərədə təhsil alıb Bakıya qayıtdıqdan sonra yatırımlar, böyük binaların, otellərin idarəetmə sistemi ilə məşğul olan böyük bir holdinqdə işləyirdim. Səkkiz il həmin şirkətdə əvvəlcə müdir müavini, sonra isə müdir vəzifəsində çalışdım. Ümumiyyətlə, mən elə bir ailədə tərbiyə almışam ki, hansı ölkədə yaşamağımdan asılı olmaraq, həmişə doğma vətənimi düşünmüşəm. İngiltərədə oxuyanda da Azərbaycan üçün nəsə etməyə çalışırdım. Bura döndüm və həmin holdinqdə fəaliyyətə başladım. Bir gün xəbər gəldi ki, AFFA-da vakant yer var və xaricdə təhsil almış bir gənc kadr axtarılır. Təbii ki, buna inanmaq istəyənlər az ola bilər. Amma gerçəkdən mənə belə bir təklif irəli sürüldü. İlk əvvəl razılaşmadım. Çünki futbolda həm problemlər çoxdu, həm də futbol problemli yerdir. Yəni təklifə həvəssiz yanaşdım. Amma böyük futbol azarkeşi olduğuma və həmin şirkətdə öz missiyamı başa vurduğuma görə iki həftədən sonra yenidən həmin təklifi dəyərləndirdim və qəbul etdim. Nəhayət, 2007-ci ilin iyul ayında AFFA-nın baş katibi kimi vəzifəmin icrasına başladım.
- Təzə-təzə sizə ümid bəsləyənlər çox az idi. Hər halda Azərbaycan futbolundan kənar insan idiniz, futbol sahəsi üçün naşı adam sayılırdınız.
- Yadıma gəlir o dövrlər, mətbuatda belə yazıları oxuyurdum. Amma mən həmişə özümə güvənmişəm. Yadıma gəlir, AFFA-ya gələndən iki-üç ay sonra federasiyanın prezidenti rəhmətə getdi. Bundan sonra bütün işlər mənim çiynimə düşdü və hər şeyi yenidən başlamaq lazım gəldi. Hesab edirəm ki, 2008-ci ilin mart ayında Rövnəq Abdullayev AFFA-nın prezidenti seçiləndən sonra federasiya qısa zaman ərzində çox böyük irəliləyişlərə nail ola bildi. Əsas odur ki, gələcək uğurların təməlini qoya bildik. Hazırda bizim üç əsas prioritetimiz var: kütləvi futbol, futbol təhsili və infrastruktur.
Bura gələndə kimsədən işi təhvil almamışam. Mənə qədər AFFA rəhbərliyində dəyişiklik olmuşdu. Fürsətdən istifadə edib hazırda AFFA-da çalışan və o zaman mənə dəstək olan əməkdaşlara minnətdarlığımı bildirirəm. Bizim ilk gündən məqsədimiz bu idi ki, AFFA-nın işini çağdaş sistem əsasında quraq. Hazırda fəaliyyətimizi bu istiqamətdə davam etdiririk.
- AFFA-da fəaliyyət göstərdiyiniz bu müddətdə federasiyanın ən yaddaqalan addımlarından biri də ünlü alman məşqçi Berti Foqtsun milliyə baş məşqçi gətirilməsi oldu. Foqtsla müzakirələrin cəmiyyət üçün bilinməyən tərəflərindən danışmanız maraqlı olardı.
- Ramiz Mirzəyev vəfat etdikdən sonra, 2007-ci ilin dekabr ayından başlayaraq AFFA-da prezidentin səlahiyyətlərini Elşad Nəsirov icra etməyə başladı. Federasiyaya prezident seçkilərinə hələ üç ay qalırdı. Artıq o vaxtdan millinin baş məşqçi vəzifəsinə axtarışlara start verildi. Məşqçilərlə, agentlərlə danışıqları 2008-ci ilin əvvəlindən apardıq. Siyahımız çox böyük idi - orada 200-dən çox məşqçinin adı vardı. Onların arasında tanınmış məşqçilər də, gənc mütəxəssislər də vardı. Son nəticədə siyahıda beş nəfərin adı qaldı. Amma hələ AFFA-nın prezidenti seçilmədiyindən əsas namizədi müəyyənləşdirmədik. Çünki hər bir yeni prezident məşqçiylə bağlı bizim qərarı haqlı olaraq dəyişə bilərdi. Nəhayət, 2008-ci il martın 14-də Rövnəq Abdullayev AFFA-nın prezidenti seçildi, danışıqların nəticəsi barədə ona məlumat verildi. Aprelin əvvəlində isə Foqtsla müqavilə imzalandı. Buna qədər isə danışıqlar xarici ölkədə məxfi şəraitdə aparılırdı. Çünki dünya futbol ictimaiyyətinin bu məsələdən xəbərdar olmasını istəmirdik. Əks təqdirdə məşqçinin transfer qiyməti qalxa bilərdi. Danışıqları Elşad Nəsirov və mən aparırdıq. Sonra Foqts millini görmək istədi, biz ona komandamızın oyunlarının disklərini verdik. Litva millisi ilə martın 26-da keçirilən yoldaşlıq oyununa da gəldi və komandamızın oyununu canlı izlədi. Həmin oyundan sonra Foqts millidə işləməyə razılıq verdi. Nəhayət, AFFA-nın rəhbərliyi Foqtsun millinin baş məşqçi vəzifəsinə təsdiqlənməsi haqda qərar qəbul etdi.
- Foqtsun təyinatını dəstəkləməyənlər oldu?
- Yox, hamı bu qərarı yekdilliklə qəbul etdi. Bilirsiniz, Foqts dünya futbolunda böyük bir ad, Azərbaycan futbolunun dünyada tanıdılması üçün isə yaxşı bir reklamdır. Düzdür, bəziləri deyir ki, Almaniya komandasını Avropa çempionu etmək çətin deyil. Amma gəlin baxaq, Foqts 1996-cı ildə Almaniyaya qitə birinciliyini qazandırdıqdan sonra bu komanda eyni nəticəni göstərə bilibmi? Yox! Halbuki Almaniyanın 1996-cı ildən sonrakı dövrdə daha güclü heyəti olub.
Foqtsun gənc futbolçularla işləmək bacarığı da yüksəkdir. Biz də onu milliyə gətirəndə millidə gəncləşdirmə siyasəti aparmağı onun qarşısına əsas şərt kimi qoyduq. 2007-2008-ci ildə millidə orta yaş həddi 27-28 idi, indi isə 23-24-dür. Bu o deməkdir ki, biz milliyə gəncləri cəlb edə bildik. Komandamızın son oyunlarında 20-21 yaşlı futbolçular çıxış edir. Bu da bizi sevindirir. İnşallah, zədə və ya başqa bir problem ortaya çıxmasa, onlar növbəti 8-9 ildə Azərbaycan millisində oynaya biləcəklər.
- Amma Foqtsun milliləşdirilmiş əcnəbilərə komandada çox yer verməsi kütləvi narazılığa da səbəb olmuşdu.
- Bəli, doğru deyirsiniz. 2007-ci ildə və ondan qabaq da millidə Azərbaycan pasportu almış əcnəbi futbolçu çox idi. Hazırda milli komandada Fabio Luis Ramim və Aleksandr Çertoqanov istisna olmaqla, bütün futbolçular azərbaycanlıdır. Bildiyiniz kimi, Subaşiç artıq milliyə dəvət olunmur. Son təlim-məşq toplanışına Pereyra, Nduka da dəvət almadı. Bu onu göstərir ki, Azərbaycanda yerli gənc futbolçular yetişməkdədir. Əsas odur ki, iki il əvvəl biz yeni ehram sistemini tətbiq etdik. Bu sistem lap aşağıdan - U-15-dən başlayıb U-17, U-19, U-21 davam etməklə ən təpədə milli komandada dayanır. Bu sistem inkişaf etmiş futbol ölkələrindən çoxdan tətbiq olunur. Bildiyiniz kimi, bu gün U-16-da azərbaycanlı, U-17-də və U-19-da əcnəbi məşqçi işləyir. Onlar bir-birilərinə futbolçu yetişdirib verirlər. Elvin Məmmədov öz komandasında ehtiyatda qalmışdı. Amma biz onu U-21-ə dəvət etdik, sonra isə milli komandaya. Araz Abdullayev ötən il U-17-də çıxış edirdi, sonra U-19-a keçdi, indi isə U-21-də oynayır və hətta milliyə də dəvət alır. Həmçinin milliyə çağırılan digər gənc futbolçular Amit Quluzadə və Əfran İsmayılovun adını çəkə bilərəm. Bu onu göstərir ki, millidə gənclərlə bağlı inkişaf başlayıb. Yəni ehram sistemi yaxşı işləyir. Bu sistem klublarda da olmalıdır. Amma təəssüf ki, bizdə komanda nəticə göstərməyəndə baş məşqçini dərhal işdən çıxarırlar. Adını da qoyurlar ki, baş məşqçi doğru legioner gətirməyib. Bu, yanlış yanaşmadır. Mən hesab edirəm ki, klublarda ən böyük məsuliyyət gənclərdən ibarət komandaların məşqçilərinin üzərinə düşür. Onlardan soruşmaq lazımdır ki, haradadı gənc futbolçular?
Biz 2008-ci ildən bugünə qədər riyazi hesablamalar aparır, statistikanı öyrənir və buna uyğun qərarlar çıxarırıq. Bildiyiniz kimi, hazırda Premyer Liqada 12 klub çıxış edir. Çempionatda orta yaş həddi 26-nı keçir. Dünən mənim üçün ən yeni məlumatları gətiriblər. Bu o deməkdir ki, klublarda gəncləşdirmə prosesi getmir. Hal-hazırda Azərbaycan çempionatında 30 yaşı olan 28 nəfər futbolçu oynayır. 21 yaşında futbolçuların sayı isə cəmi 22-dir. Bu onu göstərir ki, bir çox klubda gənclərlə bağlı sistem düzgün işləmir. Düzdür, bəzi klublarda bu sistem yaxşı qurulub. Məsələn, çempionatda 19 yaşı olan 9 nəfər çıxış edir. Bu, normaldır. Amma bir təəccüblü rəqəm də var. Premyer Liqada 21 yaşa qədər cəmi 32 futbolçu oynayır. Bu isə mənfi göstəricidir. Bu, on faiz deməkdir. İnkişaf etmiş futbol ölkələrində isə bu rəqəm 20 faizə çatır. Bu faiz göstəricisi artandan sonra klublar da, milli komanda da yaxşı nəticələr göstərəcək. 21 yaşa qədər cəmi 32 futbolçu varsa, U-21-ə futbolçuları necə və haradan toplayaq? Ona görə də Bernhard Lippert Şotlandiya ilə oyunda əsas heyətə U-19-un beş futbolçusunu daxil etdi və 2:2 hesablı nəticə qeydə alındı. Bu, bizim üçün böyük uğurdur. Çünki Şotlandiyanın gənclərdən ibarət komandası Avropanın ən güclülərindən hesab olunur.
Siz indi soruşsanız ki, hazırda Azərbaycanda neçə futbolçu var, cavab verəcəyəm. Amma iki il əvvəl bunu edə bilməyəcəkdim. Hazırda Azərbaycanda səkkiz mindən çox futbolçu var. 2007-ci ildə isə 1500 futbolçu var idi. İki il ərzində biz bu qədər iş gördük, uşaqların futbola kütləvi axınına nail ola bildik. Təkcə U-13-ü yaratmaqla Azərbaycan futboluna 600 futbolçu bəxş etdik. Onlar mütəmadi oynayırlar. AFFA həftədə 100 oyun keçirir. Amma biz bununla fəxr etmirik. Biz nə zaman ki, oyunların sayını 500-ə çatdıracağıq, o zaman Azərbaycan futbolu daha da inkişaf edəcək.
- Yenə bayaqkı sualımızın üzərinə qayıdaq. Əvvəl millidə Azərbaycan vətəndaşlığını almış əcnəbilər çoxluq təşkir edirdi, indi onların sayı çox azdır. Belə bir qərar verməyiniz futbol ictimaiyyətinin etirazlarının nəticəsi idi?
- Təbii ki, biz millimizdə azərbaycanlıların daha çox oynamasının tərəfdarıyıq. Baxın, Subaşiç Azərbaycanı tərk edib xarici kluba gedəndə daha millidə nə əvvəlki kimi oynaya bilir, nə də ona can yandırırdı. Bu, normal bir haldır. Mən Subaşiçi tənqid etmirəm. Çünki o, azərbaycanlı deyil.
- Cəmiyyətin də narazılığı elə buna görə idi. Əcnəbilər can yandırmadığı üçün azarkeşlər millidə yerli futbolçuların oynamasını istəyirdi.
- Mən sizinlə tamamilə razıyam. AFFA rəhbərliyi və baş məşqçinin ümumi toplantısında belə qərara alındı ki, millidə azərbaycanlıların daha çox oynamasına çalışmalıyıq. Bu zaman həm də razılığa gəlindi ki, əsas heyətin 98 faizi bizim öz oyunçularımızdan təşkil edilsin. Bu istiqamətdə iş aparılır. Baş məşqçi Foqts da deyir ki, o, millidə əsasən azərbaycanlı futbolçuların oynamasını istəyir. O da söyləyir ki, yerli futbolçular komandaya daha çox can yandırırlar.
- Ölkə çempionatının hazırkı formatı ilə bağlı birmənalı fikir yoxdur. Sizin bu sistemə münasibətiniz necədir?
- Bildiyiniz kimi, iki il öncə AFFA Peşəkar Futbol Liqasını yaratdı, hazırda çempionatın təşkilini də bu qurum həyata keçirir. Hazırkı formata pilot test kimi yanaşmaq lazımdır. Bu formatın əsas məqsədlərindən biri də azarkeşləri stadionlara cəlb etməkdir. Çoxları deyir ki, nəyə görə PFL stadionlara azarkeş cəlb etmir. Axı, bu, PFL-in işi deyil. Bunu klublar həyata keçirməlidir. Onlar fan-klub yaratmalıdırlar.
Sualınıza gəlincə, AFFA İcraiyyə Komitəsinin son iclasında qərara alındı ki, may ayında formatla bağlı yeni görüş keçirilsin, orada bununla bağlı son söz deyiləcək. Mənim fikrimcə, birinci «altılıq»ın oyunlarına maraq var. Amma mənfi cəhət odur ki, ikinci «altılıq»ın oyunlarına maraq yoxdur. Təbii ki, İcraiyyə Komitəsi bunu nəzərə alacaq.
- Şəxsən siz özünüz çempionatın hansı formatda keçirilməsinin tərəfdarısınız?
- Bəzən mən baş katib kimi fikir bildirəndə bunu AFFA-nın qərarı kimi də qiymətləndirirlər. Amma belə deyil. May ayının sonunda çempionat bir daha təhlil olunmalıdır. Məncə, ən optimal variant 10 və 12 komandanın iştirakı ilə dörd dövrədən ibarət çempionatın keçirilməsidir.
- Peşəkar Futbol Liqasından söz düşmüşkən, mətbuatda sizinlə bu qurumun prezidenti Ramin Musayevin münasibətlərinin soyuq olduğu, hətta aranızda gizli savaşın getdiyi iddia olunur.
- Bu, yalnız kiminsə arzusu ola bilər, gerçəklik deyil. İndi mən sizinlə burada, AFFA-dakı iş otağımda söhbət edirəm. İstəyirsinizsə, elə bu dəqiqə Ramin Musayevin otağına gedək, ya da o bura gəlsin görüşək. Aramızda heç bir problem yoxdur. Bilirsiniz, bir binada oturmağın, orada fəaliyyət göstərməyin özü artıq bizim mehribançılığımızı göstərir. Hər şey qaydasındadır. Biz bu xəbərləri Ramin müəllimlə də müzakirə edirdik. Hansısa saytda və ya qəzetdə bizimlə bağlı yazı çıxanda birgə oxuyur və gülürdük. Amma o biri tərəfdən də biz mətbuatda belə məlumatların yayılmasını istəməzdik. Dediyim kimi, onunla tez-tez görüşürük, futbolumuzun durumu, problemləri ilə bağlı söhbət edirik. Elə dünən hakimlərlə bağlı iclas keçirdik. İkimiz də orada iştirak edib fikirlərimizi, tövsiyələrimizi bildirdik.
- Ötən il AFFA Avropa çempionu İspaniyanı Bakıya gətirdi. Azərbaycan millisinin və futbolumuzun dünyada reklamı üçün yaxın gələcəkdə daha bir məşhur komandayla millimizin oyununun təşkili gözlənilirmi?
- Təəssüf ki, bəzi məşhur komandaların yoldaşlıq oyunları ilə bağlı planları dolub. Amma təbii, biz böyük futbol ölkələrinin komandalarının Azərbaycana gəlmələrini istərdik. Bu, ilk növbədə futbolun təbliğatıdır. Ümumiyyətlə, yadınızdadırsa, Azərbaycan millisi ən yaxşı məşq prosesini də məhz İspaniya ilə oyunöcəsi keçirmişdi. Yadımdadır, İspaniya Futbol Federasiyası bizim dəvətimizi qəbul edəndən sonra mətbuatda mənfi məlumatlar getdi. Xüsusən maliyyə məsələləri ilə bağlı bəzi xoşagəlməz yazılar oldu. Biz ona fikir vermədik. Dəfələrlə demişik ki, İspaniya millisinin Azərbaycana gəlməsinin bütün xərclərini AFFA öz üzərinə götürüb. Amma heç kim soruşmadı ki, İspaniyanın Bakıya gəlməsinə görə AFFA nə qədər vəsait əldə edib? Biz İspaniya ilə oyuna görə çox yaxşı pul qazandıq. Ən başlıcası, futbolçularımız Avropa çempionuna qarşı oynamağın məsuliyyətini dərk etdi. Almaniya və Rusiya komandaları ilə yaxşı oynamağımız ispanlarla matçın nəticəsi idi.
Maraqlıdır ki, məhz ispanlarla oyunda Azərbaycanda futbola ailəvi axının təməli qoyuldu, millimizə maraq xeyli artdı. İspaniya ilə oyunda stadionda qadınların sayı daha çox oldu. Təkcə İspaniyanın oyundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionundakı məşqinə dörd minədək azərbaycanlı azarkeş gəlmişdi. Təsəvvür edirsiniz, dörd minə qədər! Aralarında yaşlı insanlar, qadınlar, uşaqlar vardı. Mən özüm həmin vaxt stadiona girməkdə problemlə üzləşmişdim. 
- Bəs, bu oyuna görə nə qədər qazanc əldə etdiniz?
- Bunu açıqlamaq istəmirəm.
- Yəqin ki, bu gəlir AFFA-nın büdcəsinə teleyayımdan daxil oldu.
- Yox. Məsələ burasındadır ki, bir əsas məqam mətbuatın diqqətindən yayınmışdı. Yadınıza salın, həmin oyunun baş sponsoru kim idi? «Azərsell» şirkəti. Stadionda ən böyük plakat həmin şirkətin idi. İspaniya millisini Bakıda gəzdirən avtobus bu şirkətin loqosu ilə bəzədilmişdi. Bunadək isə Fernando Yerro kimi əfsanəvi ispan futbolçusu Bakıda Futbol Akademiyasının açılışından sonra məhz «Azərsell» şirkətinin baş ofisinin qonağı olmuşdu.
Bir sözlə, biz ən böyük gəlirimizi məhz öz portnyorumuzdan götürdük.

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır