Azərbaycan dövlət televiziyasının və «İdman Azərbaycan» kanalının tanınmış şərhçisi Altay Əliyev «Komanda» qəzetinə müsahibə verib. Müsahibəni Qol.Az-ın oxucularına təqdim edirik.
- 1978-ci il may ayının 14-də Ağdamda doğulmuşam. Adımın rəsmiləşməsi SSRİ dövrünün bürokratiyasıyla əlaqədar gecikib. Uşaq vaxtı adımdan müəyyən mənada utanırdım. Hətta, çağıranda gizlənirdim ki, kim olduğumu görməsinlər. Amma illər keçdikdən sonra alışdım. İndi çox razıyam. Məktəbə Ağdamda getmişəm. Əlaçı olmuşam. 1991-cı ildə Bakıya köçmüşük və təhsilimi paytaxtın 266 saylı məktəbində davam etdirmişəm. 4 il sonra orta təhsilimi başa vurub, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Beynəlxalq münasibətlər” fakültəsinə daxil olmuşam. Bakalavr təhsilini başa vurduqdan sonra Prezident yanında İdarəçilik Akademiyasında dünya siyasəti və beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili almışam və 2000-ci ildən təhsillə işimi bitirmişəm.
- Jurnalistikaya necə gəlmisən?
- Ümumiyyətlə, ailəmiz ziyalı ailəsi olub. Hətta, o vaxt heç kimin evinə «Sovetski sport» gəlmədiyi halda, rəhmətlik babam Moskvadan bu qəzeti, «Futbol-Xokkey» qəzetini gətizdirirdi. Atam isə yerli qəzetlərə abunə olmuşdu. Bütün bunlar məndə də jurnalistikaya, qəzetçiliyə maraq oyadırdı. Amma jurnalist olmağı ağlıma da gətirmirdim. Əvvəlcə hüquqşünas, sonradan diplomat olmaq qərarına gəldim. Birinci kursda oxuyanda institutun divar qəzetini hazırlayırdıq. İnstitutumuz siyasi cəhətdən çox aktiv idi. Tez-tez siyasi partiyaların liderləriylə görüşlər keçirilirdi. İkinci kursda tələbə şurasının sədri seçildim və institutun qəzetini həm rus, həm də Azərbaycan dillərində buraxmağa başladıq. İstəyirdim ki, ehtiyaclarımı özüm ödəyim. Tələbə yoldaşımlarımdan bir neçəsiylə «525-ci qəzet»ə müraciət etdik. Sonradan çoxu ordan ayrıldı, amma Kamran Həsənliylə - o indi Prezident Aparatında işləyir - mən möhkəmləndik. Qəzetin siyasi-satirik səhifələrini hazırlayırdıq. Çox rəğbətlə qarşılanırdı və hətta ayrıca satılırdı. «525-ci qəzet»in populyarlaşmasında bizim də rolumuz oldu. Az, yaxud çox - bunu o vaxt orda işləyənlər deyə bilər. O vaxt Azərbaycanda loto oyunu geniş yayılmışdı. «Vətən» kinoteatrında Tofiq Qarayev adlı Xalq artisti loto daşları çəkib deyirdi. İlk yazım onun haqqında idi. Sonradan müsahibələr alıb, yavaş-yavaş ixtisasıma uyğun olan siyasi jurnalistikaya meyillənməyə başladım. Televiziyaya keçəcəyimi də ağlıma gətirməzdim. Hətta, qəzetdəki fəaliyyətimi müvəqqəti sayırdım. İnstitutun məndən əvvəlki tələbə şurasının sədri bir gün dedi ki, tələbələri yaxşı tanıyırsan, AzTV-2-yə 1-2 jurnalist lazımdı. Bir müddət uşaq axtardıq, amma onun istədiyini tapa bilmədik. Sonra dedi ki, gedək televiziyaya, bir-iki gün məni xilas et, bəlkə o müddətdə kimisə tapdım. «Baksovet»dən (indiki İçərişəhər - red.) telestudiyaya qədər piyada getdik. Yolboyu deyirdi ki, televiziya müvəqqəti işləmək üçün normal sahədi, populyarlıq falan…və mən də bir gənc kimi istər-istəməz xəyallar qururdum. Amma sonradan gördüm yox bataqlıqdı, girdinsə, çıxa bilməyəcəksən. Elə ilk illər özüm də düşünürdüm ki, müvəqqətidi, uzağı 1-2 il işləyərəm. Əvvəlcə «Üz-üzə» verilişində siyasi xəbərlər oxuyurdum. Sonra verilişin redaktoru rəhmətlik Samir Əsgərxanova dedim ki, idman sahəsinə marağım var, istəyirəm bu sahə ilə bağlı veriliş hazırlayım. 1997-ci ilin fevralında «Taym aut» adlı ilk 10 dəqiqəlik verilişimiz efirə verildi. O verilişin 6-7 ay ömrü oldu. Sonra AzTV-1-in «Səhər» proqramına keçdim. 97-ci ilin noyabrında «Səhər»də ilk dəfə canlı yayıma çıxdım. Telekanalda işləsəm də «525-ci qəzet»lə əlaqəmi kəsmirdim. AzTV-dən çıxıb qəzeti redaksiyasına gedirdim, axşam yenidən televiziyaya gəlir növbəti günün proqramını hazırlayırdım. İnandırım sizi, ilk illər AzTV-də qazandığım xərclərimdən az idi. Qəzetdə qazandığımı orda xərcləyirdim. Məsələn, televiziyada bir aparat var idi, ondan yalnız «Xəbərlər» üçün istifadə oluna bilərdi. «İdman xəbərləri» həmişə 10-20-ci dərəcəli idi. Evimizə «B&B» TV çəkdirmişdim. Gecə 2-3-ə qədər oyunları kassetlərə yazıb, səhər tezdən gəlirdim işə. Təsəvvür edin, proqram saat 8-də efirə gedir, montajçılar isə 9-da işə gəlirdilər. Absurd bir şey idi. Özüm montaj eləməyi öyrənmişdim, səhər işə gəlib, gecə videokassetlərə yazdığım oyunları montaj edirdim. Gecə 3-də İspaniya çempionatında oyun olurdusa, səhər onun videogörüntülərini efirə verirdik.
Bu minvalla «Səhər»in «İdman xəbərləri» operativliyinə görə çox populyarlaşdı. 1998-ci il fevralın 6-da ilk müəllif verilişim «Futbol+qol» efirə çıxdı. Tamamilə «Birlik kuboku»na həsr olunmuşdu. Azərbaycan tarixində sırf futboldan - həm ölkə, həm də dünya futbolu - bəhs edən ilk proqram idi. Uzun müddət müəyyən dəyişikliklərlə ikinci-beşinci günləri AzTV-də yayımlandı. Sonradan bazar ertəsinə keçirdik.
- Bir ara AzTV-dən çıxıb ATV-yə keçmişdin. Dövlət televiziyasına qayıdışın nəylə bağlıydı?
- 2002-ci ildə AzTV-dən ayrıldım və bir müddət işsiz qaldım. Hətta, Azərbaycanı tərk etmişdim. Qayıdanda ATV-dən dəvət etdilər. Dünya çempionatında oyunları şərh etdim. Sonra «Futbol+qol» verilişimi ATV-yə keçirdim. Hər həftənin bazar ertəsi axşam efirə çıxırdı. 2003-cü ilin mayında bu telekanaldan ayrıldım və sentyabrında AzTV-yə qayıtdım.
- Yəni qayıtmaq öz təşəbbüsün idi?
- 2002-ci ilin dünya çempionatı davam etdiyi günlərdə AzTV rəhbərliyi geri qayıtmağımı istəmişdi. Amma ATV-dəki işimdən məmnun idim və yalnız burdan ayrıldıqdan sonra qarşılıqlı razılıq əsasında dövlət televiziyasına döndüm.
- Nə şərt qoymuşdun qarşılarında?
- Əslində şərt qoyulmamışdı. İşsiz qalanda adam şərt haqqında da fikirləşmək istəmir.
- Belə başa düşdüm ki, bir növ məcburiyyətdən qayıtmısan.
- Məcburiyyət deyəndə, bəlkə də, başqa variantlar ortaya çıxardı. Amma AzTV-dən real təklif gəldi və qayıtdım. Qayıdışımda müəyyən dostların da rolu oldu.
Ümumiyyətlə, ora qayıdana qədər 6 il AzTV-də məktəb keçmişdim, müəyyən işlər görmüşdüm. Bayaq qeyd etdim, «Futbol+qol»a qədər həftəlik sırf futbol proqramı yox idi. Bəlkə də, olsaydı, yalnız «Neftçi»nin SSRİ dövründəki fraqmentlərindən efirə verərlərdi. Amma sırf dünya və ölkə futbolundan bəhs edən veriliş hazırlamaq çox çətin idi.
- «Neftçi»dən söz düşmüşkən, bu komandanın son illər düşdüyü böhranın səbəbini nədə görürsən?
- Bu yaxınlarda yaxşı bir söz dedilər: «Rövnəq Abdullayevdən sonra «Neftçi»nin prezidenti olmaq çətin məsələdi». Abdullayev klubu qəbul etdiyi ilk gündən normal komanda quruldu və təbii ki, burada mərhum vitse-prezident Abbas Abdullayevin də xidmətləri danılmazdır.
- Rövnəq Abdullayevdən sonra gələn prezidentlərdə yox idi bu xüsusiyyət?
- Rövnəq Abdullayevin klubda Ramin Musayev kimi işgüzar, enerjili kadrı vardı. Ancaq sonradan da kurs eyni olmalı idi. Hər halda, onlara inanırdım. Əkbər Hacıyevin prezidentliyi dövründə «Neftçi» İntertoto kubokunda uğurlu çıxış etdi. Sadıq Sadıqov hələ yeni gəlib, bu barədə şərh vermək yersiz olar. Amma onun «Neftçi» İSM-in rəhbəri kimi gördüyü işlər göz qabağındadı. Bu qüvvəsini futbola verə biləcək, ya yox - bunu gələcək göstərəcək. Ümumiyyətlə, işin birbaşa içində olmaq və kənardan idarə etmək başqa-başqa şeylərdi.
- Səninlə tam razıyam. Bu məntiqlə, Rövnəq Abdullayevin AFFA-da işlərə birbaşa nəzarət etməməsi nöqsanları ortaya çıxaran amil deyilmi?
- AFFA-da işləmədiyimdən, Rövnəq Abdullayevin assosiasiyada işə bibaşa nəzarət edib-etmədiyini bilmirəm.
- Hər halda, «Neftçi»də də işləməmisən, amma bayaq belə bir müqayisə apardın. Ümumiyyətlə, təkcə «Neftçi»də, AFFA-da yox, bütün təşkilatlarda rəhbərin işə birbaşa nəzarəti vacib məsələ deyilmi?
- Müqayisəni belə aparardım, «Neftçi»də prezident olanda Rövnəq Abdullayev zavod direktoru idi, klubda işləri Ramin Musayev görürdü və bütün hesabatı o verirdi. O vaxt ki işlər çoxalır, millət vəkili olursan, ARDNŞ-nin prezidenti vəzifəsinə keçirsən, işlər artır. Ona görə də konkret iş bölgüsü aparılır. Milli komandalara görə Elxan Məmmədov, PFL-ə görə isə Ramin Musayev məsuliyyət daşıyır. Konfranslarda da hesabatlarını məqbul verirlərsə, deməli, Rövnəq Abdullayev onlardan razıdı.
- Konfranslar şablonlaşmış bir şeydi. Demək istədiyim odu ki, qonşu ölkələrin heç birində federasiya rəhbərləri başqa işlə məşğul olmurlar, yalnız federasiyada çalışırlar. Rövnəq Abdullayev isə millət vəkilidi, ARDNŞ prezidentidi və AFFA-ya rəhbərlik edir. Yəni, Abdullayevin AFFA-da prezident kürsüsündə oturması şərtdimi? Assosiasiyaya lazım olan puldusa, ARDNŞ-i sponsor kimi cəlb etmək olar. Əvəzində, AFFA-ya yalnız futbol haqda düşünən insanı rəhbər seçmək mümkündü. Bu gün Rövnəq Abdullayev assosiasiyanın binasına ildə bir dəfə Konfransda iştirak etmək üçün gəlirsə, hansı irəliləyişdən danışa bilərik? Qalmaqallar bir-birini izləyir.
- Gəlin, Rusiya, Türkiyə və ya digər ölkələrin təcrübəsiylə Azərbaycan təcrübəsini müqayisə etməyək. Nazirlərin bir və ya iki federasiyaya rəhbərlik etməsi Azərbaycan reallığıdı. Və bu da idmanı inkişaf etdirmək üçün ən uğurlu üsuldur. Bu gün Milli Olimpiya Komitəsinin prezidenti, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdi. Cənab Prezidentin MOK-a gedib-gəlməyə, orda oturmağa, işləri idarə etməyə vaxtı yoxdu və bunu normal qarşılamaq lazımdı. Hətta, ay ərzində 3-5 faiz idman haqda düşünürsə, bunun özü böyük şeydi. Rövnəq Abdullayev bu gün Ramin Musayevin və ya Elxan Məmmədovun işindən narazı olsaydı, istefaya göndərərdi. O ki qaldı sizin dediyiniz problemlərə, mən onları görmürəm. Məncə AFFA prezidenti vəzifəsində gördüyüm ən layiqli adam əyləşib.
- Hə, gəldik əsas məsələyə. Belə danışaq, Azərbaycan futbolu ölkə rəhbərliyinin yaratdığı şəraitin, ona ayrılan pulların qarşılığını verirmi?
- Mən hesab edirəm ki, o yoldadı.
- Yolda olmaq başqa şeydi. Konkret olaraq, qarşılığını verir, ya yox? Məsələn, Abdullayevə qədər iki AFFA prezidenti olub və onların dövründə milli komandalar bu qədər vəsait ayrılmayıb, bu qədər təlim-məşq toplanışları keçirilməyib. Bəs hanı nəticə?
- Mən əbəs yerə «o yoldadı» demədim. Elə işlər var ki, qurulması üçün 3-5 il vaxt lazımdı. Əgər 5-7 il sonra indiki, yaxud daha aşağı səviyyəli yığma komandalar görəriksə, o zaman vəsaitin, diqqətin boşuna getdiyini düşünə bilərik. Azərbaycan futboluna 2004-cü ildən başlanan sərmayə yatırımı uşaq futboluna yox, futbolçuların transfer qiymətlərinin artırılmasına edildi bir növ. Uşaq futboluna hələ indi-indi yatırım edirik. Əgər bu yatırımın qarşılığını 5 ildən sonra ala bilməsək, deməli, bu işlə məşğul olan insanların işində nöqsan var. Yox, bir ildən sonra yenə uşaq futbolu diqqətdən kənarda qalsa, klublarımız yalnız əsas komandaya pul buraxmaqla işlərini bitmiş sayacaqlarsa, heç nəyə nail ola bilməyəcəyik. Mən inanıram ki, klublarımız, AFFA bugünkü yolu eyni qaydada davam etdirsə, qarşılığını görəcəyik. Necə ki yavaş-yavaş görürük. Artıq əsas milliyə gənc oyunçular gətirilir.
- «Lipalaşdırılmış» oyunçular…
- Bu saxtalığı Rövnəq Abdullayev, Elxan Məmmədov, Hafiz Məmmədov yaratmayıb. Bu bəla onlar Azərbaycan futboluna gələnə qədər də var idi. Düzdü, müəyyən faktlar ortaya çıxdı. Təbii ki, AFFA bu məsələdə nəticə çıxardı və inanıram ki, «lipalaşdırma»yla mübarizə üçün görülən işlər bəhrəsini verəcək.
- Demək istəyirsən ki, hər hansı futbolçunun sırf yığmada oynaması üçün «lipalaşdırılma»sından AFFA rəhbərliyinin, konkret olaraq Elxan Məmmədovun xəbəri yoxdu?
- Məşqçilərin günahıdı. Mən inanmıram ki, AFFA-nın baş katibi, prezidenti, eləcə də klub rəhbərləri bu məsələdə təşəbbüs göstərsin, yaxud bu işlər onların razılığı ilə həyata keçirilsin.
- Tez-tez efirdə «Azərbaycan futbol inkişaf edir» - deyirsən. İndi mikrofon yoxdu, bu iddianı sübut edə bilərsən?
- Mənim dilimdən heç vaxt «Azərbaycan futbol inkişaf edir» sözləri çıxmayıb. «Azərbaycan futbolu son illər inkişaf yolundadı», «möcüzə birdən-birə baş vermir», «inkişaf yolunda hamımız bir olmalıyıq», «inanıram ki, getdiyimiz inkişaf yolu bizi işıqlı gələcəyə çıxaracaq» və s. Mənim işlətdiyim sözlər bunlardı. Hətta, Rusiya millisiylə oyundan sonra bir sözümü təhrif etmişdilər. Guya «Qarabağ» - «Neftçi» oyununun şərhində «Azərbaycan futbolunun inkişafını görməyənlər futbolumuzun düşmənləridilər» kimi sözlər işlətmişəm. Həmin görüşün videoyazısı məndə var, kim istəyirsə, alıb bir də baxa bilər.
- Bu iradı sənə mən demişdim. Daha doğrusu, belə bir söz dediyini eşitmişdim və özündən soruşmuşdum həqiqətən deyib-demədiyini.
- Səndən başqa deyənlər də olmuşdu. Lent də var, mən də sağam, buyurub istənilən vaxt baxa bilərsiz. Demişəm ki, milli komandamızın Rusiyayla heç-heçəsinə, Lixtenşteyn üzərindəki qələbəsinə müxtəlif don geyindirənlər Azərbaycan futbolunun düşmənləridilər. Bu gün də həmin fikirdəyəm. Yoxsa, «Azərbaycan futbolu inkişaf edib», «milli komandamız «dağıdır», «biz Avropa çempionatında oynayacağıq» kimi sözlər… Bunları kim desə, deyərəm ki, bu adam dəli olub. İnkişaf edirik, amma Avropaya nə vaxt çatacağıq - bunu kimsə deyə bilməz. Çünki dünya da yerində dayanmayıb, futbol inkişaf edir. Mən deyirəm ki, biz inkişaf yolundayıq və nəticəni bu gün gözləmirəm. Təbii ki, hər görülən işdə problemlər, maneələr, işini bacarmayan insanlar olur. Bu gün desək ki, AFFA idealdı, orda işləyənlərin hamısı işini bilir, yalan olar. Hətta, bu gün assosiasiyada çalışan elə insanlar var ki, heç futboldan xəbərləri yoxdu. Amma bu o demək deyil ki, həmin futboldan bixəbər insanlar futbolumuzun inkişafına maneə yaradırlar.
- Niyə törətmirlər ki?
- Onlar heç məmur da deyillər, sadəcə, icraçıdılar. Bu gün işlərinin öhdəsindən gələ bilmirlərsə, sabah işdən azad olunacaqlar. Sizi də başa düşürəm. Ola bilər ki, mən də inkişafın tez gəlməsini istəyəm. Deyəm ki, daha bezmişəm məğlubiyyətlərdən, mənə gündə bir məşqçi dəyişən «Neftçi» lazım deyil, mənə top buraxmayan, qrupda üçüncü yeri tutan yığma lazımdı və sair və ilaxır. Tənqid edirik AFFA-nı, amma diqqət yetirin, eyni problemlər klublarımızda da var. Mübariz Mənsimovun kənara çəkilməsi - «Xəzər Lənkəran»ın yox olması deməkdi. Yaxud Hafiz Məmmədovun yaxasını kənara çəkməsi - «Bakı»nın dağılması deməkdi. Ən böyük problem odu ki, klublarımızın sponsorları yoxdu. Eyni aqibəti televiziyalarımız yaşayır. Mən dəfələrlə demişəm, Azərbaycan milləti futbol milləti deyil. Biz özümüzü məcbur edirik ki, futbolumuz yaxşı olsun. Çünki biz futbolun yaxşı azarkeşiyik, futbolu, ona baxmağı sevirik. Amma deyəndə ki, gəl sən oyna, deyirik, yox, qoy mən pul verim, başqası oynasın.
- Amma son illər heç azarkeşlik etməyi də bacarmırıq.
- Onu, ümumiyyətlə, heç vaxt bacarmamışıq. Bu da sovetlərdən qalıb. SSRİ dövründə kütlənin bir yerə toplaşması, şüarlar səsləndirməsi, mahnı oxuması mümkün deyildi. O dövrdən qalan kompleksdi bu gün görünən. 90-cı illərdə «Neftçi»nin oyunlarında staion dolurdu, amma bir nəfər «amiqo» yox idi, olsaydı, dəli kimi baxardılar ona. Biz sevirik, 10 dəqiqə komandamız yaxşı oynasın, qışqıraq, vəssalam. Hətta, son vaxtlar lazımsız şüarlar meydana çıxıb. Ya Türkiyədən keçib, ya da özləri hazırlayıblar. Əvvəllər Bakıda səslənirdisə belə şüarlar, artıq bölgələrə də sirayət edib.
- Hansı şüarları nəzərdə tutursan?
- Məsələn, futbolçu yıxılıbsa, «artistlər» - deyib qışqırırlar. Yaxud, ilk dəfə «İnter» azarkeşlərinin istifadə etdiyi «Neftçi», sən kimsən, bizə qalib gələsən?» Çox mənasız, çox səviyyəsiz şüarlardı. Necə yəni «Neftçi», sən kimsən? «Neftçi» 70 illik tarixi olan klubumuzdu. Azarkeşlərimizdən çox xahiş edirəm, mentalitetimizə yad olan belə lüzumsuz şüarları səsləndirməsinlər.
- Amma razılaş ki, rəqib cəbhədə qıcıq yaratmadan oyun ətrafında ajiotaj yaratmaq mümkünsüz olur. Bəzi azarkeşlər stadiona məhz bu cür qıcıqlandırıcı şüarlar demək üçün gəlirlər. Səndən fərqli olaraq, mən klublarımızın azarkeş qrupları arasında Türkiyədəki kimi, amma dozasında qıcıq doğuran rəqabətin olmasını istəyirəm.
- Rəqabət olsun, amma «sloqanlar» dəyişsin. Bir dəfə belə deyəndə, növbəti dəfə başqa şüarlar fikirləşsinlər. Qırmızı vərəqəlik epizodda futbolçu yerdə uzanıb, azarkeşlər «artist, artist», - deyə qışqırırlar. Olmaz axı belə.
- Məncə, bunu faciəyə çevirmək düz deyil. Hər halda, Türkiyədə vəziyyət daha bərbaddı. Milli komandanın oyunçusu klubun heyətində rəqib meydançada eşitmədiyi söyüş qalmır, amma sabah yığmanın forması altında həmin azarkeşlər tərəfindən alqışlanır.
- Razıyam, orda vəziyyət daha pisdi. «Şükrü Saraçoğlu»da «Fənərbaxça» - «Qalatasaray» oyununa baxanda o cür azarkeşliyə nifrət elədim. Millinin üzvü olan Ardanın anasını-bacısını söyürdülər. Bir nəfər deyil, iki nəfər deyil, 1000-2000 nəfər durmadan eyni söyüşləri yağdırır. Bizdəki şüarlar o dərəcədə deyil və heç səsləri meydançaya qədər gedib çatmır. Amma klublarımız bu sahədə iş görməlidilər.
- Azərbaycan insanının sanki qanına işləyib: mən kluba pul buraxıramsa, prezidenti də özüm olmalıyam. Nə dərəcədə doğru düşüncədi?
- Bəs kim olmalıdı?
- Ola bilməz ki, imkanlı şəxs klub yarada və prezident postuna da futboldan anlayan insanı gətirə? Bunu AFFA səviyyəsində də düşünə bilərik. Əgər bu gün Rövnəq Abdullayev assosiasiyada oturmağa, futbolumuz haqda lazımi qədər düşünməyə vaxtı yoxdusa, ARDNŞ sponsorluq etsin və prezident kürsüsü daha bacarıqlı, başqa işi olmayan insana tapşırılsın. Belədə işlər daha rəvan getməzmi?
- Belə baxanda, Rövnəq Abdullayevin ən son işi AFFA-dı. Ümumiyyətlə, Azərbaycan insanı müəyyən qədər şöhrətpərəstliyi, cəmiyyətdə onun barəsində danışılmasını sevəndi. Hərdən ölkə xaricində dostlarla söhbətlərimizdə deyəndə ki, özümə bahalı telefon alan kimi qonşumuz da eyni telefonu almaq üçün gedir nəyi var satır, borc pul götürür. Nədi-nədi hamı bunun telefonuna baxıb həsəd aparsın, qızların yanında özünü göstərsin. Söhbət Altaydan, Salehdən getmir, ümumiyyətlə danışıram. Azərbaycan insanında imkanlarından kənara çıxma var. Kluba kiminsə pul buraxıb prezident olmaq iddiasına gəlincə, bu da normaldı. Çünki himayədarın, istənilən halda, klub üzərində təzyiqi, təsiri olur. Klublar səhmdar cəmiyyətə çevrilsə, tutaq ki, 20 nəfərlik idarə heyətindən 1 nəfər prezident seçilsə, bu olar sivil yol. Təəssüf ki, Azərbaycan klublarında bu idarəetmə sistemi yoxdu və bu yoxdusa, deməli, peşəkar klub yoxdu. Bu gün Mübariz Mənsimov klubu Mais Mənsimova yox, Tuyqun Nadirova da tapşırsa, heç nə dəyişməyəcək. Sadəcə olaraq, klub prezidentinin adı dəyişəcək. Mübariz Mənsimov «Xəzər Lənkəran»ın fəxri prezidentidi, amma klubun siyasətini, büdcəsini müəyyənləşdirən odu. Eləcə də «İnter»də. Georgi Nikolov «İnter»in prezidenti Cahangir Hacıyev isə fəxri prezidentidi. Amma siyasəti müəyyənləşdirən, büdcəni ayıran Hacıyevdi. Yəni, bu gün «Bakı»da, «Xəzər Lənkəran»da, «İnter»də kimin prezident olmasının fərqi yoxdu. Çünki strategiyanı müəyyənləşdirən, pulu verən bir nəfərdi - himayədardı. Siz deyən o vaxt reallaşar ki, pul buraxan bir yox, on nəfər olar və həmin on nəfər haqqını tələb edər klub prezidentindən. Məsələn, İspaniyada klubların səhmdarları bir-iki nəfər deyil.
- Elə fərq də ondadı ki, sabah «Real»ın, «Barselona»nın, tutaq ki, beş himayədarından birinin yaxasını kənara çəkməsi klubun maliyyəsinə az təsir edər. Bizdə isə klublar bir nəfərə təhkim olunub.
- Görünür, İspaniya dövləti «Real»ı saxlamağı 5 nəfərə tapşırır (gülür).
- Yəni, razılaşırsan ki, bizim klublara himayədarlıq ölkə rəhbərliyi tərəfindən verilən tapşırıqdı.
- Təbii ki. Bu gün Mübariz Mənsimovun, Hafiz Məmmədovun, Cahangir Hacıyevin və digərlərinin Azərbaycan futboluna gəlişi birbaşa cənab Prezident İlham Əliyevin adı ilə bağlıdı. Ola bilər ki, kimsə şəxsi marağı, futbola sevgisinə görə gəlib. Şəxsi maraq olmayanda, bir növ öhdəçilik təsiri bağışlayır. Amma futbol elə xoş qumardı ki, marağı olmayanda da getdikcə özünə bağlılıq yaradır.
- Qumardan söz düşmüşkən, oyunlara «stavka» edirsən?
- İki ildi eləmirəm. Amma ağılsız səviyyədə etməmişəm. Yəni, nəyimisə satıb «stavka» etməmişəm.
- Bəs niyə əl çəkdin?
- Açığı, xoşagəlməz hadisə oldu. İndi bu barədə danışmaq istəməzdim. Həm də işlərim getdikcə çoxalırdı deyə, pul qoyuluşlarına vaxt tapa bilmirdim.
- Uduzduğun ən böyk məbləğ nə qədər olub?
- Hardasa birdəfəyə 1000 dollar civarında olub. Amma bu işə görə 2006-cı ildə 17-18 min dollar itirmişəm. Oynayıb itirməmişəm. Sadəcə olaraq, bir nəfər mənə inanaraq pul qoyuluşu etmək istədiyini deyib. Mən də etibar etdiyim başqa adama onun söylədiyi variantları demişəm. Amma son anda bəlli olub ki, «stavka»nın pulu yatırılmayıb, amma 8 variantın hamısı düz gəlib. Təsəvvür elə, 7 oyunun nəticəsi düz çıxıb, sonuncu - «Sevilya»yla «Valensiya»nın oyununu canlı yayımda şərh etməliyəm. «Stavka»nın yatırılmadığını efirə çıxmamış demişdilər. Ya həmin adamın yanında etibarı itirməliydim, ya da Allaha yalvarmalıydım ki, bu oyunda «yansın». İş elə gətirdi ki, «Valensiya» uddu və variantların hamısı düz çıxdı. Həyatımın ən bərbad reportajı idi (gülür). Təbii ki, hiss etdirməməyə çalışırdım, amma qəhər arada boğurdu. Ertəsi gün heç nə olmamış kimi ev almaq üçün yığdığım pulu aparıb «stavka» edən tanışıma verdim. Beləcə evə sahib olmaq xəyallarımı ipotekaya bağladım (gülür). Artıq ipoteka borcunu da bağlamaq üzrəyəm.
- Klub rəhbərləriylə münasibətin hansı səviyyədədi? Məsələn, iddia edirlər ki, Rövnəq Abdullayev «Neftçi»nin prezidenti olanda, onunla «sən» səviyyəsində danışırmışsan.
- Tamamilə yalandı. Mən özümdən bir yaş böyük olan, hətta məndən 10 yaş balaca da olsa, ilk dəfə tanış olduğum insana da «siz», - deyə müraciət edirəm. Əgər taksi sürücüsüylə də «siz»lə danışıramsa, ölkənin sayılıb-seçilən insanına bu cür xitab edərəmmi?
- Gələk öz sahəmizə. İdman jurnalistikasının bugünkü vəziyyəti necədi?
- Son vaxtlar inkişaf var. Saytların, qəzetlərin sayının çoxalması buna sübutdu. Təəssüf ki, bunu telekanallarımıza aid edə bilmərəm. Çünki idman verilişlərinin sayında artım yoxdu. Əvəzində, sırf idman kanalımız açılıb və bu da çox təqdirəlayiqdi. Bir müddət düşünürdüm ki, idman mətbuatımız futbolumuzdan daha çox inkişaf edib. Bu fikrimdə müəyyən qədər bu gün də qalıram. Amma futbolumuzdakı kimi, idman mətbuatımızda da peşəkarlaşma problemi var. Jurnalistlərimiz komandalarımızın avrokuboklardakı səfər oyunlarını izləmək üçün klublardan asılıdılar. Bu baxımdan maddi cəhətdən futbolumuzu və idman mətbuatımızın müqayisəsini aparmaq yersizdi. Ancaq peşəkarlıq baxımından ikisi də «axsayır». Bəlkə də, mətbuat azacıq irəlidədi, amma bu da hamısına aid deyil.
- Mən bilən, indiyə qədər müsahibə verməmisən mətbuata. Ümumiyyətlə, yaxından tanımayanlar üçün həmkarlarından kənar durmağa çalışan insan təəssüratı oyadırsan.
- Son illər yox, amma əvvəllər müsahibələrim olub. Mətbuatdan heç vaxt qaçmamışam. Həmkarlarıma istənilən məsələdə kömək etməyə, məsləhət alıb, məsləhət verməyə hazır olmuşam. Onlarla tez-tez görüşmürəmsə, o demək deyil ki, ünsiyyətdən qaçıram. Elə bir sərhəd də müəyyənləşdirməmişəm ki, filan cür jurnalistlər mənim yanımda ola bilməzlər. Hər kəsin hadisələrə münasibəti fərqlidi. Ola bilər ki, sən bir epizodda «penalti var» deyəsən, həmkarın «yoxdu» desin. Azərbaycan cəmiyyətinin reallıqları var. Bəziləri bu reallıqları qəbul edib yaşayır, bəziləri tam fərqli şeylər düşünürlər.
- Adın bir ara qol.az saytı, sonra isə «Böyük futbol» qəzetiylə yanaşı çəkilirdi. Od var idi tüstüsü çıxırdı?
- Mənim media maqnatı olmaq fikrim yoxdu (gülür). Qol.az-da işləyən insanlarla çox yaxın münasibətlərim var və ilk məqamda köməklik də etmişəm. Bu sayt vaxtilə işlədiyim «525-ci qəzet» tərəfindən yaradılıb. Yəqin ki, adımın qol.az-la yanaşı hallanması buna görədi. Vaxtilə «525-ci qəzet»də gənc kadr kimi özümü sübut etməyə şərait yaradan insanın - Rəşad Məcidin futbol sahəsinə yad olan oğluna müəyyən məsləhətlər vermişəmsə, burda qeyri-adi bir şey axtarmaq yersizdi. O məntiqlə, «Bizim futbol» jurnalı da mənimdi? Dövlətin müəyyənləşdirdiyi strategiyanı izləyən istənilən saytın, qəzetin də populyarlaşmasına əlimdən gələn qədər köməklik etməyə hazıram.
- Bugünkü diqqət və hörməti itirməmək üçün AzTV-dən ayrılmaqdan qormursan?
- Qətiyyən. AzTV-nin mənim üçün artıq bir iş yeri məfhumundan daha yüksəkdədir. Lakin heç nə həyatda daimi deyil. Mən nikbin adamam. Baş verən ən bədbəxt hadisənin şokundan ayılmaq üçün 15 dəqiqə kifayətdi. Keçmişimi unudan insan da deyiləm. Mən də bir vaxtlar peraşki yeyib, işə piyada getmişəm. Ona görə də hər hansı həmkarımın yaxşı yaşamasına ancaq sevinərəm. Bu gün hansısa həmkarıma elit restoranda qonaqlıq verməyə imkanım çatırsa və sabah həmin həmkarım məni ucuz kafeyə dəvət edəcəksə, özümü kənara dartmaram. Axı bir vaxtlar mən də elə yerlərdə yemək yemişəm və ən əsası, həmkarımın imkanı mənimlə yalnız ucuz restoranda çörək kəsməyə çatır. İpotekayla ev aldığımı deməklə özümü problemli insan kimi təqdim etmək niyyətində deyildim. Evi ipotekasız da ala bilərdim, başqa şeylər də edə bilərdim. Əsas odu, heç kimin yanında gözükölgəli deyiləm və sabah kimsə deyə bilməz ki, Altay o evi alanda 1 manatını mən vermişəm. 45 min manat ipoteka borcum ola-ola, bankdan 22 min manat əlavə borc götürüb maşın aldım. Bəlkə də, çoxları üçün bu, dəhşətli bir şeydi. Amma mən riskə getməyi sevən insanam!
- Boş vaxtlarında neynəyirsən?
- Açığı boş vaxtım az olur. Amma axşam işləyib, səhər yatmağı xoşlayıram. İl ərzində şəxsi xarici səfərlərim işlə bağlı səfərlərdən daha çox olur. Uçduğum aviakompaniya və ya qaldığım otel brendlərinə çox sadiqəm. 3-4 ortabab əşyadansa 1 bahalı brendə üstünlük verirəm. Restoranlara getməyi çox sevirəm. Olur 2 nəfərlə şam yeməyinə başlayırıq, duranda sayımız 10-a yaxın olur. Amma təbii ki, mütaliəni də xoşlayıram. Çingiz Abdullayevin əsərini 2 gün əvvəl bitirmişəm. Təklikdə özümlə danışıram, daim özümə qarşı tənqidi yanaşıram.
- Son söz əvəzi nəsə demək istəyirsənsə, buyur.
- Həmkarlarıma sözün əsl mənasında həmrəylik arzulayıram. Bu günkü didişmələr heç kimə xeyir gətirməyəcək və hamı kənardan baxıb yalnız güləcək. Bizim lider problemimiz var. Hər şeyə müxalif gözlə baxmaq da düz deyil. Hər şeyə mənim gözümlə baxmaq da düz deyil. Özüm də nəyin düz, nəyin yanlış olduğunu bilirəm. Bəlkə də, bu gün nəyisə demək istəmirəm və vaxtı çatanda bildiklərimdən kitab yaza bilərəm. Heç kimlə münasibəti məqsədli şəkildə qurmamışam. Buna görə də hər bir insanla daimi münasibətim var. Dostluq etməyi və ən əsası onu qorumağı bacarıram. Bu gün hər hansı klub rəhbərinin Altayla münasibəti sıxdısa, mənə elə gəlir ki, həmkarlarım buna sevinməlidilər. Mən də sevinərəm ki, hər hansı həmkarım klub rəhbəriylə, zavod, fabrik direktoruyla, iş adamıyla yaxın münasibətdə olsun. Dostluq eləsin. Ancaq səmimi, təmənnasız! Mən Allaha inanan adamam. Hər şeyə Allahımın köməkliyi ilə özüm nail olmuşam və buna görə kiminsə uğurunu qısqanmaram. Qoy həmkarlarım yaxşı mənada qısqansınlar Altayı. Məsələn, Altayın maşını varsa, çalışsınlar, sabah onlarda daha bahalı maşın olsun. Bir-birimizin qazancını hesablamayaq, bir-birimizə kömək edək ki, irəli gedək.
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı