İqor Ponomaryov: “Berti Foqtsa məsləhət görərdim ki…»

İqor Ponomaryov: “Berti Foqtsa məsləhət görərdim ki…»
MÜSAHİBƏ 9 Mart 2009 / 17:54 5154
-  A +

Ölkə kubokunun “Bakı” ilə keçiriləcək təkrar ј final matçı öncəsi “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov Qol.Az-a müsahibə verib. İ.Ponomaryov ilk öncə dünən «Muğan»a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bildirib.

- Çətin oyun oldu. İlk öncə ona görə ki, meydançanın vəziyyəti pis idi. O cür qazonda yaradıcı futbol oynamaq müşkül məsələdir. Bununla belə, qələbə qazandığımız üçün çox şadam. Biz Salyanda ilk dəqiqələrdən üstünlüyü ələ aldıq və nəticədə hesabı açdıq. Bundan sonra rəqib hesabı bərabərləşdirmək üçün irəli atıldı. Bu zaman onların arxa xəttindəki boşluqlardan istifadə edib 2-ci və 3-cü qolları da vurduq. Oyunun sonlarına yaxın bir qədər tepmi aşağı saldıq ki, yalnız bundan sonra rəqib buraxılan qollardan birinin əvəzini çıxa bildi.
- Hesab oyuna görə oldu, yoxsa, daha çox qol vura bilərdiniz?
- Yox, şanslarımız çox oldu. Təbii, daha da çox top bura bilərdik. Amma prinsipcə, 3:1-lik qələbə də pis nəticə deyil və məni qane etdi.
- Üçüncü pillədə olan “Simurq”un xal itirməsi lap işinizə yaradı. Zaqatala klubunun evdə “Neftçi”yə bu cür asanlıqla məğlub olması sizin üçün gözlənilməz olmadı ki?
- Səmimi desəm, “Neftçi”nin qələbəsini gözlənilməz qarşılamadım. Çünki orada baş məşqzi istefaya gündərilmişdi. Bu mənada, futbolçular meydana yeni ruh, yeni emosiya ilə çıxmışdılar. Hər kəs özünü sübut etmək haqda düşünürdü. Hesab edirəm ki, komanda olaraq “Neftçi” özünü Zaqatalada tam sübut etdi. Bir də bu nəticə niyə gözlənilməz sayılmalıdır? “Neftçi”nin heyətində yetərincə səviyyəli futbolçu çıxış edir və onlar təkcə “Simurq”u yox, istənilən rəqibi məğlub edə bilərlər.
- Qayıdaq öz komandanıza. Sizə elə gəlmir ki, turdan-tura “Xəzər Lənkəran” daha yaxşı oynamağa başlayıb?
- İkinci dövrənin ilk turuna xal itkisi ilə başlasaq da, bunu təbii qəbul etmək lazımdır. Çünki ilk oyunlar həmişə çətin keçir. Bundan başqa, “Karvan” da güclü komandadır və çempionluğa oynayır. Sonradan isə ardıcıl olaraq “Turan”, “Bakılı” və “Muğan”ı məğlub etməyimiz onu göstərir ki, komanda turdan-tura artırır. Bu isə bir məşqçi kimi məni sevindirir.
- “Muğan”la oyunda zədədən qayıdan Devran Ayhana start onbirlikdə şans verdiniz və o da fərqləndi. Bu futbolçunun yavaş-yavaş formaya düşdüyünü demək olar?
- Bəli, o müəyyən müddət zədəliydi və bu səbəbdən oyun praktikasına ehtiyac vardı. Mən də ona şans verdim. Devran Ayhan “Muğan”la oyunda özünü doğrultdu. Ümumiyyətlə, Devran çox təcrübəli və istəkli futbolçudur. Ən əsası özü də arzulayır və əlindən gələni edir ki, əsas heyətdə oynasın. Bu isə olduqca xoş haldır. İnanıram ki, tezliklə öz formasını yığacaq və “Xəzər Lənkəran”a daha çox kömək edəcək.
- Ceyhun Sultanovun da start onbirlikdə meydana çıxması çoxları üçün gözlənilməz oldu. Çünki sizdən əvvəlki məşqçilər demək olar Ceyhuna şans vermirdilər.
- Ceyhun çox yaxşı futbolçudur. Öz üzərində səylə çalışır ki, oynasın. Hiss olunur ki, içində istək var. Çox təəssüf ki, ona heç də həmişə şans verə bilmirəm. Çünki “Xəzər Lənkəran”da ciddi rəqabət var. Həm də Ceyhun uzun müddət idi zədədən əziyyət çəkirdi.
- “Karvan”la oyunda Ahmet Dursuna şans versəniz də, matçdan sonra onun oyunundan narazı qaldığınızı demişdiniz. Salyandakı matçda isə türkiyəli futbolçu 90 dəqiqə meydanda oldu. Deyəsən, o da əvvəlki formasını bərpa etməkdədir.
- Ahmet təcrübəli futbolçudur və “Muğan”a qarşı da pis oynamadı. Topla yaxşı davranır, texnikası öz qaydasındadır. Sadəcə, fiziki planda axsaması var. Bu mənada, Ahmetin hələ tam olaraq 90 dəqiqə oynamağa hazır olduğunu düşünmürəm.
- “Muğan”la qarşılaşmada hesab 3:0 xeyrinizə olarkən qapıçı Dmitri Kramarenkonu meydandan çıxarıb Ramiz Kərimova şans verdiniz. Dərhal da Salyan klubu hesab arasındakı fərqi azaltdı. Həmin an həyacan keçirmədiniz ki, birdən rəqib daha bir qol vura bilər?
- Yox, heç bir həyacan yox idi. Dediyim kimi, 3-cü qoldan sonra biz bir qədər sakitləşdik və bu mənada, rəqibin fərqi azaltması gözlənilməz olmadı. Onsuz da ümumi oyun üstünlüyü bizim tərəfimizdə idi. Bir də ki, Ramizi bilərəkdən meydançaya buraxdım. Bilirsiniz ki, Kamran Ağayev zədəlidir. Qarşıda isə vacib oyunlarımız var. Yəni Kramarenkonu çox yükləmək istəmirəm.
- Yeri gəlmişkən, “Bakı” ilə ağır kubok oyununuz var. Kamranın zədəli olduğunu dediniz. Ramiz Kərimovun nadir hallarda meydana çıxdığını nəzərə alsaq, onun da oyun praktikası yoxdur. Bu olan halda praktiki oaraq bir qapıçının ümidinə qalmısınız.
- Məhz bu səbəbdən “Muğan”la oyunda Ramizə şans verdim ki, az da olsa praktikası artsın. Kərimovdan tam razı qaldım və o, öz işinin öhdəsindən layiqincə gəldi. Mən deməzdim ki, qapıçı sarıdan problemimiz var.
- “Bakı” ilə oyun haqqında nə düşünürsünüz?
- Elə indicə “Bakı”nın oyununun kasetinə baxıram. Oyuna hazırlaşırıq və meydançaya qələbə üçün çıxacağıq.
- Amma ilk oyunda öz meydançanızda məğlub olmağınız şanslarınızı azaldır.
- Mən belə düşünmürəm. Şanslarımızı 50-50-ə qiymətləndirərdim. Əgər “Bakı” Lənkəranda bizi 1:0 hesabı ilə udursa, nəyə görə biz də Bakıda onları eyni hesabla məğlub etməyək?
- Lakin bir məsələ var ki, ilk dəqiqələrdən “Bakı” yox, siz irəli atılmalısınız.
- Bəli, razıyam. İndiki halda hesab rəqibin xeyrinədir. “Bakı”nın gücü də hamıya məlumdur. Hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşıblar. Ümumiyyətlə, bu cür rəqibə qarşı oynamaq çox xoşdur.
- Bu yaxınlarda Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bir neçə iddialı klubların baş məşqçiləri ilə görüşdü. Sizinlə hələ ki, analoji görüş baş tutmayıb. Ümumiyyətlə, almaniyalı ilə görüşməyin əlehinə deyilsiniz ki?
- Prinsipcə, xeyr. Amma buna tam söz də verə bilmirəm. Çünki hər şey zamandan asılı olacaq. Əgər vaxtım olsa, mütləq görüşüb fikir mübadiləsi apararam. Ümumiyyətlə, bu, heç də pis olmazdı. Bilirsiniz ki, “Xəzər Lənkəran”ın da milli komandada iki futbolçusu oynayır. Kamran Ağayev özünü sübut edib. Rahid Əmirquliyevin də bunu edəcəyinə inanıram. Rahid çox çalışqan və istəkli futbolçudur.
- Əgər Foqtsla görüşsəniz, “Xəzər Lənkəran”dan başqa hansı futbolçunu milliyə çağırmağı ona məsləhət görərdiniz?
- Emin Quliyevi. O, hazırda öz mövqeyində ən güclülərdəndir. Təcrübəlidir və liderlik keyfiyyətləri var. Bu futbolçunu məmnuniyyətlə, Foqtsa məsləhət görərdim.

 

Daha çox


Son xəbərlər