"Dedim, "Qarabağ" çempion olacaq, məndən incidilər" - Yunis Hüseynov

"Dedim, "Qarabağ" çempion olacaq, məndən incidilər" - Yunis Hüseynov
MÜSAHİBƏ 7 May 2019 / 15:14 4243
-  A +

Futbol mütəxəssisi Yunis Hüseynov Qol.az-a müsahibə verib. "Qarabağ"ın çempionluğu, "Neftçi"nin ikinci olmasının səbəblərini açıqlayan təcrübəli məşqçi maraqlı fikirlər səsləndirib.

- Yunis müəllim, proqnozunuz düz çıxdı, "Qarabağ" çempion oldu...

- Mən heç vaxt səhv proqnoz vermirəm. Oyuna baxıb deyirəm.

- "Neftçi" turnir cədvəlində "Qarabağ"dan öndə olarkən belə mövsümün sonunda qızıl medalları məhz Ağdam klubunun qazanacağını deyirdiniz...

- Eşitmişəm ki, buna görə məndən inciyənlər olub. Amma gərək, inciməsinlər. Mən reallığı demişəm. Qəlbimdən "Neftçi"nin çempion olması keçirdi. Amma oyun baxımından "Qarabağ" daha sabit çıxış edirdi.

- Çoxları düşünürdü ki, hər şey "Neftçi" ilə "Qarabağ" arasındakı son oyunda bəlli olacaq. Siz necə fikirləşirdiniz?

- Düzdür, deyirdilər. "Neftçi" evdə "Sumqayıt"a uduzmasaydı, intriqa son turadək qala bilərdi. Bilirsiniz necədir, "Neftçi"nin futbolçuları hər oyuna eyni motivasiya ilə çıxmırdılar. Çempionluğa oynayan komanda hər matça final kimi baxmalıdır. Ancaq hiss olunurdu ki, futbolçular hər oyuna o qədər də ciddi yanaşmırdılar. Yəni, kənardan belə görünürdü. Ola bilər, səhv edirəm. Təki, elə olsun.

- Futbolçuların, sizin dediyiniz kimi, hər oyuna eyni cür yanaşmamasında baş məşqçinin günahı varmı?

- Hər bir məşqçi istəyir ki, komandası qalib gəlsin. Futbolçu özünü oyuna tam hazırlamırsa, baş məşqçi nə etsin. Məsələn, mən o vaxtlar zəif komandalara qarşı özümü hazırlaya bilmirdim. Nəyə görə? Elə bilirdim ki, meydana çıxıb 50 faiz güc sərf etməklə qalib gələcəyik. Əvvəllər bu, hardasa alınırdı. İndi elə deyil axı. Səviyyə baxımından "Qarabağ" və "Neftçi" digər komandalardan 20 üstündür. Yəni, aradakı fərq çox deyil. Bu üstünlük də götürdükləri legionerlərə görədir. Hər iki komandada səviyyəli əcnəbi futbolçular var deyə, digərlərindən fərqlənirlər. Ona görə də indiki çempionatda hansısa komandanı mübarizəsiz udmaq qeyri-mümkündür.

- "Neftçi"nin çempion ola bilməməsinin səbəblərindən biri kimi klubun uğursuz transfer siyasəti göstərilir. Dario Federiko kimi oyunçunun göndərilib, yerinə Evangelos Platellasın alınması, Canluka Sansone, Petru Raku kimi legionerlərin komandaya cəlb olunması xeyli müzakirə və tənqid olundu. Siz bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, bunun da təsiri oldu. Gətirdiyin oyunçu yaxşı olsa, komandaya xeyiri dəyəcək. Amma transfer məsələsinə qarışmağım düzgün deyil. Yaxşı oldu, pis oldu, rəhbərliyin işidir. Özləri gətiriblər. Hər bir məşqçinin özünün futbola baxışı var. Futbolçuları bəyəniblər, komandaya götürüblər. Ancaq həmin oyunçular onlara bəslənən ümidləri doğrultmadılar. Ona görə də "Neftçi" ikinci oldu. Razıyam, Dario Azərbaycan çempionatına bələd olan futbolçu idi, komandaya köməyi dəyirdi. Yadınıza gəlirsə, cinahlarda Dabo və Dario oynayanda "Neftçi"nin hücumları daha kəsərli olurdu. Federikonu göndərməsəydilər, qalmağa razı salıb, oynatsaydılar, daha yaxşı olardı. Onu satıb, yerinə Platellası gətirməklə bir az səhv etdilər. Yenə deyirəm, özləri bilərlər.

- "Neftçi"nin qızıl medalları qazana bilməməsinin səbəblərindən danışdınız. Bəs "Qarabağ" nəyin hesabına çempion oldu?

- "Qarabağ" sabit, oturuşmuş komandadır. Hər il heyətdə 10 nəfərlik dəyişiklik olmur. İki, maksimum üç yeni futbolçu gəlir. Eyni zamanda legionerləri səviyyəlidir. Yalnız Simeon Slavçev Azərbaycan çempionatına nisbətən yaxşı bələd deyil, o da ansambldan kənarda qalır. "Qəbələ"dən gələn Ozobiç uzun illərdir ölkəmizdə oynayır. Üstəgəl, "Qarabağ"ın taktikasına uyğun gələn futbolçudur. Həm sabitlik, həm də legionerlərin səviyyəsinə görə çempion oldular. Yerli futbolçular məndən inciməsinlər, onlar öz yerində. Meydana çıxanda bütün güclərini ortaya qoyurlar, özlərini ən yaxşı tərəfdən göstərirlər. Mən sırf legionerlərdən danışıram.

- Bilirəm, həmkarlarınız haqda danışmağı xoşlamırsınız. Amma soruşmalıyam: sizcə, "Neftçi" Bordinin başçılığı altında növbəti mövsüm çempion ola bilərmi? Çünki söz-söhbət gəzir ki, italiyalı mütəxəssis istefaya göndərilməyəcək...

- Bu, klubun edəcəyi transferlərdən asılıdır. 8 komandanın hər birinə yaxşı büdcə ayrılsın, səviyyəli legionerlər gətirilsin, hamısı çempionluğa oynaya bilər. Burada əsasən pul rol oynayır. Pulun çoxdursa, yaxşı legioner gətirəcəksən.

- İş orasındadır ki, yalnız pulla da hər şey həll olunmur. Yazılanlara inansaq, bu mövsüm "Neftçi"yə kifayət qədər yaxşı büdcə ayrılmışdı, amma alınan futbolçular göz qabağındadır. Digər tərəfdən, "Qarabağ" neçə vaxtdır normal hücumçu tapa bilmir. Bir sözlə, yaxşı legionerlər də Azərbaycana gəlmək istəmirlər...

- Axtarmaq lazımdır. Pul olandan sonra tapa bilərlər. Futbolçu var ki, ilinə 1 milyon istəyir. Pulun varsa, ver, gətir də. Yaxşı futbolçu yaxşı pula gəlir. Biz istəyirik ki, az pula səviyyəli legioner alaq. Həm başla oynasın, həm qaçsın, həm texnikalı olsun, həm cinahlardan ötürmə etsin, həm qol vursun, amma 50 min verək (gülür). Elə bil ki, biz Dele Allini transfer etmək istəyirik, amma 50 min təklif edirik. Bu isə mümkün deyil.

- Artıq çempionatda bütün yerlərin sahibi bilinir. Reqlamentə görə, sonuncu pilləni tutan "Keşlə" növbəti mövsümdən birinci divizionda oynamalıdır. Belə bir halın yaşanacağına inanırsınızmı?

- Hələ ki, belə bir söhbət yoxdur. Yadınızdadırsa, ötən mövsüm "Kəpəz" də aşağı dəstəyə düşməməli idi. Guya mən növbəti mövsümün komandasını hazırlayacaqdım. Ancaq sona 2 tur qalmış dedilər ki, komanda diviziona gedir. "Keşlə"nin düşəcəyinə inanmıram. Amma hər şey ola bilər.

- Kubokun finalında "Qəbələ" və "Sumqayıt" qarşılaşacaq. Sizin üçün gözlənilməz olmadı?

- Açığı, mən finaldakı komandalardan birinin "Qarabağ" olacağını gözləyirdim. Ancaq Geryenin bir səhvindən "Qəbələ" maksimum yararlandı və finala çıxdı. "Sumqayıt"a gəldikdə isə sonadək vuruşdular. Həmkarlarımın işinə qarışmıram, amma "Zirə"nin bir az səhvləri oldu, oyuna düzgün başlamadı. Rəqib də bundan istifadə etdi. Erkən vurulan qol məsələni həll etdi. Düzdür, yaxşı qol idi, ancaq 100 dəfə də vursan, top gedib qapıya girməz.

- Finalda kimi daha şanslı sayırsınız?

- Hər iki komandaya uğurlar arzu edirəm. Amma "Qəbələ"nin 10-20 faiz daha şanslı sayıram. Düzdür, bundan əvvəl 4 dəfə finalda uduzublar. Ancaq yenə də onların favorit olduğunu düşünürəm. Əslində hər iki komanda istəklidir. Avrokuboklara vəsiqə verən bir oyundur.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər