“Qurban küsəyəndi, aylarla zəng eləmir” – Ramin Musayev

“Qurban küsəyəndi, aylarla zəng eləmir” – Ramin Musayev
MÜSAHİBƏ 19 Fevral 2018 / 14:59 9136
-  A +

BİRİNCİ HİSSƏ

Ramin Musayevlə bu geniş – iki hissəlik müsahibədə söhbətin nədən gedəcəyinə indidən bir balaca işıq salaq ki, oxucu nəyi oxuyub, nəyi oxumayacağını bəri başdan özü üçün qətiləşdirsin. Hər nə qədər qəribə olsa da, bir saatdan artıq davam edən söhbətimizdə futbolun özü haqda, demək olar, heç nə danışmadıq. Peşəkar Futbol Liqasının prezidenti ilə əvvəlcədən şərtimiz belə oldu ki, futbol qalsın kənarda, elə onun özü də daxil olmaqla, futbolu idarə edənlərdən, futbolumuzun bugündə olmasının səbəbkarlarından (pis və ya yaxşı) danışaq. Məsələn, Rövnəq Abdullayevdən, Elxan Məmmədovdan, Qurban Qurbanovdan...

Və mən bu müsahibədə Qurban Qurbanov barədə ona bir xeyli sual verdim. Əsas da ona görə ki,  Qurban Qurbanovla Ramin Musayev uzun illərin dostlarıdı. Və yəqin bilməmiş olmarsınız ki, onun təkcə “Qarabağ”a deyil, ümumiyyətlə, məşqçiliyə gəlməsində Musayevin böyük rolu olub.

Nə isə, mən yaxşısı sizi çox yormayım. Kompüterə (telefona, planşetə) yaxın oturub söhbəti izləyin...
 

- Mən sizinlə söhbətə dostunuz Qurban Qurbanov haqda başlamaq istəyirəm. Yaxşı olardı, onu oxuculara sizin vasitənizlə daha yaxından tanıdaq. Əlbəttə, necə məşqçi olduğunu, futbolumuz üçün xidmətlərini hamı bilir. Amma mənim sualım bununla bağlı olmayacaq. Heç olubmu ki, aranızda soyuqluq yaransın, sözünüzü yerə salsın?

- Sözümü yerə salmayıb. Amma küsməyimiz olub. O da küsəyəndi, mən də (gülür). Qurban ümumiyyətlə, başqa cür küsəyəndi. Bu da nədən əmələ gəlir? İnsan umduğu yerdən küsər.

- Niyə küsmüşdü ki?

- Vallah, elə-belə (gülür). Heç nədən olur da. Yadıma sala bilmirəm... Hə, deyir ki, niyə zəng eləmirsən, maraqlanmırsan. Bir də görürsən, aylarla küsür, mənə zəng eləmir. Rəşad da (Rəşad Sadıqov – A.B.) elədi, inciyir ki, zəng vurmursan. İş elədi ki, oyunları olur deyə, bəzən mən yığmıram onları ki, mane olmayım. Ancaq indi hər ikisi millinin məşqçisidir. Artıq tez-tez görüşəcəyik.

- Bəs, yaxşı, siz niyə küsürsünüz Qurban Qurbanovdan?

- Mən də küsürəm ki, niyə zəng eləmirsən (gülür). Amma bir-birimizi axtarırıq.

- Bir dəfə müsahibənizdə demişdiniz ki, Qurbanın uşaqları məni görəndə baba deyirlər.

- Bəli, elədi. Qurban müəllimin üç övladı var – iki qızı, bir oğlu. Allah hamının balalarını xoşbəxt eləsin, eləcə də Qurbanın övladlarını. Böyük qızı Zəhra balam mənim ən böyük nəvəmdi. Bu yaxınlarda da bir qızı dünyaya gəlib. Allah gözü dolu versin. O da başqa cür nəvədi. Amma əsas nəvəm Zəhradı (gülür).

- Qurban Qurbanovun xüsusi olaraq qiymətləndirəcəyiniz müsbət tərəfi hansıdı?

- Onun halallığı, haqqın yolunda olması, düzgünlüyü. İstər doğma qardaşı olsun, istər yad. Həmişə doğru olanın tərəfindədi. Çox ədalətli adamdı. Ədalətlidi, amma gərək onun qəlbini qırmayasan.

- O zaman nə olur?

- Qəlbi qırılanda sən o adam üçün daha yoxsan.

- Bir az aydınlaşdırın, zəhmət olmasa.

- Əgər Qurban sənin xeyirinə bir söz deyirsə, sən də sağ ol əvəzinə, qayıdıb başqa söz deyəcəksənsə, o adam səninlə bir daha danışmayacaq.

- Yəni nankorluğu bağışlamır?

- Ay sağ ol. Mənim də xasiyyətim elədi. Küsdümsə çətin barışıram.

- Bəs mənfi tərəfi nədi?

- Mənfi tərəfi odur ki, mənfisi yoxdur. Yox, var. Bir mənfisi odur ki, bayaq dedim, küsəyəndir (gülür).


Biz, əlbəttə, PFL prezidenti ilə Qurban Qurbanov haqda söhbətin gedişatında bundan sonra da danışacağıq. Bir az səbr etsəz, oxuyacaqsız. Amma indi toxunacağımız digər mövzular da maraqsız deyil.





- Siz futbolumuzun rəhbərlərindən birisiniz. Futbolumuz da indi elə ağır vəziyyətdədir ki, onu idarə edənlər az qala hər gün təndiq olunur. Ən çox tənqid olunanlardan da biri sizsiniz. Demək olar ki, mediada fəaliyyətinizlə bağlı müsbət yazılar yox səviyyəsindədi. Tənqidlərə ilk reaksiyanız necə olur?

- Haqlı tənqidləri müsbət qəbul edirəm. Bunu yazan, yaxud söhbətimiz zamanı üzümüzə deyən jurnalistə həm hörmətim artır, həm onun tənqidlərindən nəticə çıxarırıq. Amma əfsuslar olsun ki, bəzən yersiz tənqidlər də olur. 

- Gəlin, konkretləşdirək. Hansı faktı göstərə bilərsiniz ki, o tənqidlərdən nəticə çıxarıb həlli istiqamətində iş görmüsünüz?

- Çempionatın təşkilatçılığı ilə bağlı hər hansı nöqsan olanda bizə deyilir. Məsələn, bəzən jurnalistlər səfərdəki oyunlara getməkdə maddi olaraq çətinlik çəkirlər. Biz də maraqlı oyunlar olanda çempionatın sponsoru “Topaz”la birgə onları rayonlara göndəririk.

- Bəs, yaxşı, yazılarda narazı qaldığınız nədi?

- Vallah, mənim bu ifadədən xoşum gəlmir – “Ramin Musayevin çempionatı”. Ramin Musayev kimdir ki, onun çempionatı ola? Bu, çempionata hörmətsizlikdir.

- Siz çempionatın təşkilatçısınız, yəqin ona görə yazırlar.

- Xeyr, təşkilatçılıq başqa şeydi. Bir də deyirəm, “Ramin Musayevin çempionatı” ifadəsi düz deyil. Ona görə ki, biz hamımız müvəqqətiyik.

- Sizcə, o cümləni yazanlar qərəzli yazır?

- Bəli, qərəzdir. Onu bilərəkdən, ironiya ilə yazırlar.

- Bəs o cür tənqidlər sizi ağrıdır?

- Yox, ağrıtmır. Sadəcə, deyim sizə ki, cüzi də olsa adamı ruhdan salırlar.

- Ramin müəllim, haqqınızdakı tənqidləri ailə üzvləriniz necə qarşılayır?

- (Gülür) Hansı ailə üzvü istəyər ki, onun ailə başçısı tənqid olunsun? Övladım, həyat yoldaşım sözsüz ki, pis qarşılayır. Əvvəllər uşaqlarım bu yazılara pis reaksiya verirdilər. “Ata, bu, niyə belə edir? Bəlkə onun cavabını verəsən” deyirdilər. Deyirdim, o, jurnalistdi, yazmalıdı.

- Cavab deyəndə, məhkəməyə verməyi nəzərdə tuturlar?

- Bu da var. Bəzən də deyirlər, çağır yanına bir sözlə “qulaqburması” ver. Niyə susduğumu soruşurlar. Bilirsiz necədi, mən də “Neftçi”də işləyəndə tənqidlərə sərt reaksiya verirdim. Ancaq son vaxtlar artıq reaksiya vermirəm.

- Haqqınızda yazıları əhəmiyyətsiz sayırsınız, yoxsa?..

- Xeyr, yenə deyirəm, mən qərəzli, yersiz tənqidə pis baxıram. Haqlı tənqid isə xoş gəlir.

- Bəyəndiyiniz jurnalistlər kimlərdi?

- İndi burda ad saysam, düz çıxmaz ki. Ondan sonra məni daha çox topa-gülləyə tutarlar (gülür).

- Ailə üzvlərinizdən danışdıq. Oğlunuz Elvin deyəsən, futboldan birdəfəlik getdi.

- Çox şükür Allaha, qurtardı canı (gülür).

- Mənə elə gəlir ki, o, bizdə karyerasını indi də ortabab klublarda davam etdirə biləcək normal futbolçu idi. Amma bir oyunçu kimi, həmişə sizin statusunuzun - PFL-in prezidenti olmağınızın kölgəsində qaldı.

- Uşaqkən futbola “Neftçi”də başlamışdı. “Neftçi”də vaxtilə futboldan kənarlaşdırılmış bir məşqçimiz vardı, adını çəkməyəcəm.

- Niyə? Gəlin, ad çəkək də...

- Yaxşı, çəkək. İslam Kərimov. Onu futboldan uzaqlaşdırmışdılar. Mən onu hələ futbolda çalışmadığım dövrdə televizayada görmüşdüm. “Neftçi”də işləyəndə isə maraqlandım ki, belə bir uşaq məşqçisi var, hardadı? Dedilər ki, AFFA-nın o vaxtkı prezidenti Ramiz Mirzəyev İslam Kərimovu Fuad Musayevin tərəfdarı olduğu üçün futboldan silib. Nəsə onu qaytardıq. Elvin onun futbolçusu idi. Və o, başqa valideynlərə haqq adamı olduğunu göstərmək üçün Elvini heyətə buraxmırdı. Deyirdi, görürsünüz, Ramin Musayevin oğlunu oynatmıram. Ondan sonra Elvin hansı komandaya getdi, dedilər ki, uşağın oyun təcrübəsi yoxdu.

- Futbol adamı kimi oğlunuzun oyununa qiymətiniz necə olardı?

- Əgər mən istəsəydim, o, yaxşı futbolçu olardı. Amma futbolda bəzi çirkinlikləri görəndən sonra istəmədim ki, futbolçu olsun. Və bir gün mən ona bir sual verdim: “Futboldan sonrakı həyatında məqsədin nədir?”. Dedi, biznes. Dedim, onda get bizneslə məşğul ol, futbolu neynirsən?!

- Siz ona yaxşılıq elədiz?..

- Məncə, yaxşılıq eləmişəm.

- Bir müddət Elvin “Qarabağ”ın heyətində də göründü. Onu komandaya sizin şəxsi xahişinizlə Qurban Qurbanov götürmüşdü?

- Xeyr. Mən oğluma görə heç kəsdən xahiş etməmişəm. Qurbandan xahiş etsəydim, onu oynadardı.

- Bilirsiniz o sualı niyə verdim? Axı, bizdə çox vaxt mənəvi dəyərlər peşəkarlıqdan üstə durur.

- Hə, Qurbanla yaxınıq. Amma mən tək Qurbana yox, çox məşqçiyə kömək etmişəm. Və onlardan tutduğu vəzifənin öhdəsindən artıqlaması ilə gəlməsini tələb etmişəm.

- Çox məşqçi? Kimlərdi, bəlkə ad çəkəsiz?

- Gəlin, belə danışaq, biz ad hallandırsaq, mənim kimlərəsə nə etdiyim özünüreklam kimi çıxar. Kimsə inciyə də bilər. Sabah da elə bir klubda, elə yerdə çalışa bilər ki, deyərlər Ramin Musayevin adamıdı. Ona görə ehtiyac duymuram. Əvvəla, kişi elədiyini deməz. Bilən bilir. Hər bir insanın bir hobbisi var. Mənim də hobbim yaxşılıq etməkdir.

- Qayıdaq yenə Qurban Qurbanova. Onun məşqçiliyə gəlməsinə siz dəstək olmusunuz?

- Bu, yaxşı sual olmadı. Sadəcə, mən Qurbanın potensialına inanmışam.

- Mən “Qarabağ”dan yox, Qurban Qurbanovun hələ 2006-cı ildə “Neftçi”yə gətirilməsindən danışıram.

- Qurban Qurbanovu Rövnəq müəllimin təşəbbüsü ilə “Neftçi”yə baş məşqçi təyin etdik.

- Təşəbbüsün Rövnəq müəllimdən gəldiyini deyirsiniz. Bir məsələni aydınlaşdırmaq istəyirəm. O vaxt siz “Neftçi”də vitse-prezident idiniz, Rövnəq Abdullayev isə prezident. İlk dəfə siz ona dediniz ki, Qurban Qurbanovu baş məşqçiliyə gətirək?

- Sadəcə, iki qardaş oturub, məsləhətləşmişik ki, kimi gətirək. Rövnəq müəllimin müsbət cəhətlərindən biri budur ki, gənc kadrlara üstünlük verir. Və istəyər ki, bacarıqlarını göstərsinlər. Yəni, çörəyi çörəkçiyə verir. Dəfələrlə olub ki, hansısa klubdan bir gənc məşqçi çıxarılanda, deyirdi ki, ona niyə imkan vermədilər işləsin. Futbol elə bir sahədir ki, buna vaxt lazımdır – 1 il, 2il, 3 il. Necə ki, “Qarabağ” rəhbərliyi sağ olsun Qurbana şans verdi, inandı. Qurban da tarix yazdı.

- Qurbanın təyinatından əvvəl Ağasəlim Mircavadovun “Neftçi”dən “Xəzər Lənkəran”a qəfil getməsinin səbəbi nə idi?

- Qəfil getməmişdi.

- Deyirlər, ona Mübariz Mənsimov yaxşı pul təklif edib, “Neftçi”nin verdiyindən iki dəfə artıq. O da bundan sonra “Xəzər Lənkəran”a keçib. Əslində futbolda normal haldı bu.

- Yox, elə deməyək. Kişinin haqqını yeməyək. Onsuz da biz onu yola salırdıq artıq. İşin maddi tərəfinin dərinliklərini bilmirəm. Ağasəlim Mircavadov “Neftçi”dən ayrılandan sonra “Xəzər Lənkəran”a getdi.

- Belə söhbət var ki, həmin məsələdən sonra Rövnəq Abdullayev ondan çox inciyib.

- Yox, yox, yalandı.

- Nəyə görə deyirəm bunu? Çünki Ağasəlim müəllim “Neftçi”dən getdikdən sonra ancaq “Xəzər Lənkəran”da baş məşqçi kimi işləyib. Rövnəq Abdullayevin birbaşa nəzarəti olduğu komandalara isə (həm milli, həm də klub komandaları səviyyəsində) o vaxtdan nədənsə cəlb olunmayıb.

- Gəlin, hər şeyə düzgün qiymət verək. Əvvəla, dediyim kimi, Ağasəlim müəllim “Neftçi”dən ayrılandan sonra “Xəzər Lənkəran”a getdi. Və Lənkəran klubunda da yaxşı nəticə verdi, “Neftçi”də də vermişdi. Rövnəq müəllim hər hansı bir kluba hansısa məşqçinin götürülməsini tələb etməyib. İstər tabeçiliyində olan, istərsə də olmayan. O insan deməz ki, filan klubda mütləq bu məşqçi işləməlidi. Heç vaxt. Mən neçə illərdi PFL-də çalışıram. Amma bir dəfə olsun deməyib ki, filan adamı işə götür. Bu, onun xarakterinə uyğun deyil.

- İşinizə müdaxilə etmir?

- Xeyr. Deyir, səni o sahəyə rəhbər qoymuşamsa, mənə yaxşı nəticə ver.

- Nəticədən söz düşmüşkən, sizin işinizdən razıdır?

- Razıdı ki, 3-cü seçimdi ki, PFL-də qalmışam də (gülür).

- Rövnəq Abdullayev haqda sizə ilk sualım belə olacaq: heç ondan soruşmusunuz ki, niyə ildə heç olmasa 3-4 dəfə də olsa gəlib bizim Premyer Liqanın oyunlarını izləmir?

- Əgər mən o insanın iş qrafikini bilməsəm, onda soruşa bilərəm.

- Yaxşı, Rövnəq Abdullayevi qoyduq kənara, müavini Elşad Nəsirovu da. AFFA-nın vitse-prezidenti Rauf Əliyev də oyunlara gəlmir. Elxan Məmmədov da oyunlarda az-az görünür (müəllifdən zəruri qeyd: bu müsahibə ötən həftənin 5-ci günü götürülüb. Dünən “Səbail” – “Qarabağ” matçını canlı izləyənlər arasında AFFA-nın baş katibi də olub – red).

- Elxan müəllim gəlib baxır. Dəfələrlə olub ki, Rövnəq müəllimlə, Elxan müəllimlə birlikdə oyunları izləmişik.

- Məsələn, sonuncu dəfə Elxan Məmmədovla hansı matça stadionda birgə baxmısınız?

- “Keşlə”nin oyununda olmuşuq birlikdə. “Sumqayıt”ın, “Neftçi”nin oyununda görmüşəm.

- Siz AFFA-nın rəhbərlik səviyyəsində çempionat oyunlarını izləməsini qənaətbəxş sayırsınız?

-Niyə saymayım ki? Faktiki gəlir, axı. Elxan müəllim şəxsən məndən daha çox izləyir stadiondan matçları.

- Yaxşı yadıma düşdü, qəribədi, çempionatın birbaşa təşkilatçısı olduğunuz halda bir ara siz özünüz də oyunlara getmirdiniz.

- Bəzən bir oyun Bakıda, bir oyun rayonda olur. Rayona getsəm, Bakıdakı qalacaq. Canlı yayımda izləyirəm. Və əgər iki oyun arasında vaxt olursa, özümü digər matça çatdırıram.

- Premyer Liqanın oyunlarını “CBC Sport” kanalı yayımlayır. Bizim şərhçilərin fəaliyyətinə necə qiymət verərsiz?

- İlk vaxtlar narazılıqlarımız olurdu. Elə şərhçilərimiz var ki, yüz faiz əmin olmadığı epizod haqda danışarkən deyir ki, hakim səhv etdi. Bu, artıq şərhçinin işi deyil. Bir-iki dəqiqə sonra epizodun təkrarı veriləndə isə həmin şərhçi deyir ki, yox e, hakim düz qərar veribmiş. Sən niyə deyirsən ki, səhvdi? Bu, düzgün yanaşma deyil, axı. Hakimin valideyni, oğlu, həyat yoldaşı, nişanlısı da futbola baxır. Şərhçi deyəndə ki, hakim səhv etdi, onun doğmaları nə qədər əzab çəkir, həyəcan keçirir. Şərhçilər hakimləri günahlandırırlar, amma yeniliklərdən xəbərləri yoxdur. Televiziyaya baxan azarkeşdə isə bu zaman hakimə inamsızlıq yaranır.

- Yəqin futbol verilişlərini izləyirsiniz. “CBC Sport”da və “İdman Azərbaycan”da necədi verilişlərin səviyyəsi?

-  Mən verilişlərə baxmıram. Ancaq futbollara baxıram.

- Niyə?

- Çünki bəzən elə insanlar çıxıb orada futboldan danışır ki... Bəzən yox a, əksər hallarda. Vallah, futbol savadı olanlar, futbol biliyi olanlar, futbolda əziyyət çəkən insanlar heç elə danışmırlar.

- Demək ki, izləyirsiniz. Danışanların çoxu mütəxəssisdi...

- Bəli, onlardan danışıram. Elə insan var ki, saçına bəzək vurur, çıxır ora.

- Yəqin ki, ad çəkməyəcəksiz...

- Ehtiyac yoxdur. Onsuz da oxuyanlar biləcək ki, kimi deyirəm. Və onlar özünü göstərir ki,  mən futbolu sevirəm və belə bilirəm. Onları gərək efirə dəvət etməyələr.

- Amma məncə, televiziyaları qınamaqda haqlı deyilsiz. Azərbaycan futbolunda adlar var - İsgəndər Cavadov, Nazim Süleymanov. Veriliş aparıcıları narazıdılar ki, onlara tribuna versək də, gəlib danışmırlar.

- Elə insan var ki, danışıq qabiliyyəti zəifdir. Natiq deyil, yəni.

- Məsələn, İsgəndər Cavadov...

- Misal üçün deyirəm. Kimləsə də pis olmaq istəmirəm. Onsuz da tutduğumuz vəzifə bəzi insanlarda qısqanclıq yaradır (gülür)... Ad çəkməyə ehtiyac yoxdur.  Bəlkə də səbəb budu ki, o, fikrini çatdıra bilməyəcək. Elə insan da var ki, reklamı üçün çıxır danışır. “Mən də varam” demək üçün. And olsun Allaha, futbol oynamayan elə jurnalistlərimiz var ki, onlar TV-də çıxış edəndə mənə ləzzət edir.

- Yazılı mətbuatı necə, izləyirsiniz?

- Sağ olsun, Aslan Şahgəldiyev,yazılı mətbuatda yazılanların hamısını mənə çatdırır. Sözsüz özüm də oxuyuram, izləyirəm.

- Aslan elə özü burdadı, bəlkə fəaliyyəti barədə danışasız?

- Çox razıyam. Sizin qədər, mən də razıyam ondan.

- Ümumi jurnalistlərin bir fikri var ki, PFL-ə tənqidlərin əksəriyyətinin qarşısı Aslanın şəxsi insani keyfiyyətinə görə alınır.

- Mən şadam.

Söhbətin sabah yayımlanacaq ikinci hissəsində...

... “Qurban Qurbanovun ayağının altını qazdılar, o da bu oyunların qurbanı oldu”

“Azsektor”u qurtaranlarla “russektor”u qurtaranlar fərqlənirlər. Mən kənd uşağıyam deyə hamıya qaynayıb-qarışıram”

“Mənim hər iki övladımın toyunda Elxan Məmmədov öz doğmalarımdan artıq iştirak edib. Hətta oğlumun toyu günü onun 3-cü uşağı dünyaya gəlmişdi”

... “Mən Zaur Tağızadəyə görə həmin adamla əlbəyaxa oldum”

Və sair..

Söhbətləşdi: Aydın BAĞIROV

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi