“Gördülər ki, oyunu satmıram, kofemin içinə yuxu dərmanı atdılar” - Vidadi Rzayev

“Gördülər ki, oyunu satmıram, kofemin içinə yuxu dərmanı atdılar” - Vidadi Rzayev
MÜSAHİBƏ 20 Noyabr 2016 / 13:57 8733
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudumur!

Vidadi Rzayev Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardandı. Oynadığı dövrdə həm formasını geyindiyi klublarda, həm də milli komandada aparıcı sima olub. Tək oyunu ilə yox, həm də xarakteri ilə hər kəsin rəğbətini qazanıb. Jurnalistlərlə ünsyyəti də hər zaman əla olub. Hətta karyerası üçün təhlükə yarandığı vaxtda belə, jurnalisti zərbə altında qoymayıb. Möhtəşəm oyunlarının sayı hesabı yoxdu. Bir sözlə, əsl tarixdi. Biz də bu canlı tarixi vərəqləmək qərarına gəldik. Vidadi Rzayevlə söhbətimizi iki hissəyə böldük: klub və milli karyerası. Çünki Rzayevin həm klubda, həm də millidə kifayət qədər zəngin karyerası olub. Bunları bir yazıya sığdırmaq mümkün deyil.  İlk olaraq isə, “Vidoş”un klub karyerasını vərəqləməyə qərar verdik. SSRİ dönəmindən vurduq, “Olimpik”dən çıxdıq.  Söhbətimiz kifayət qədər maraqlı alındı və kifayət qədər maraqlı məqamlar ortaya çıxdı. Hansı ki, Rzayev bunları ilk dəfə mətbuata açıqlayır. Bir sözlə, müsahibəni oxumağınız məsləhətdi.


- Vidadi, peşəkar futbolda ilk oyununu xatırlayırsan?

- Hə, 1985-ci ildə olub. O vaxt “Kəpəz”in heyətində SSRİ çempionatının 9-cu zonasının oyununa çıxdım. Rəqib də Samtrediyanın “Lokomotiv” komandası idi.  Start heyətində idim. Bir qol da vurdum. Səhv etmirəmsə ya 6:0, ya da 6:1 hesabı ilə qalib gəlmişdik.

- SSRİ dönəmində “Neftçi”də də forma geyinmisən. Bu komandaya necə dəvət aldın?

- Məni “Neftçi”yə rəhmətlik Ruslan Abdullayev dəvət etmişdi. O vaxt komandası ilə Gəncəyə “Kəpəz”lə oyuna gəlmişdi. 1985-ci ildə. Mənim oyunumu gördü, bəyəndi və “Neftçi”yə dəvət etdi. 1986-cı ilin yanvarından “Neftçi”də oynamağa başladım. Özü də ilk dəfədən əsas komandaya cəlb olundum.

- “Neftçi”dəki ilk oyunun kimə qarşı oldu?

- Bakıda “Kayrat”a qarşı. Həmin oyunda 0:1 hesabı ilə məğlub olmuşduq. Ümumiyyətlə, “Neftçi”də 1991-ci ilə qədər oynadım. SSRİ çempionatının güclülər dəstəsində qol vura bilməsəm də, I dəstədə fərqlənə bildim. 1991-ci ildə Rusiyaya yollandım. Qroznının “Terek” komandasından dəvət aldım və orada oynamağa başladım. Sonra qayıdıb bir müddət yenidən “Kəpəz”də çıxış etdim.  Sonra yenə Qroznıya yollandım. 1992-ci ildə isə “Turan”a keçdim.



"Neftçi" - 1987-ci il



- Ən yaddaqalan oyunun hansı olub?

- “Neftçi”də oynayanda, 2004-cü ildə Çempionlar Liqasında “Şiroki Briyeq”i keçdiyimiz oyunu qeyd edərdim. Həmin vaxt yaşlı futbolçulardan komandada demək olar ki, 2-3 nəfər qalmışdıq. Mən, Qurban Qurbanov, Mahmud Qurbanov, Hüseyn Məhəmmdov. Qalanları cavan uşaqlar idi. Bununla belə, “Şiroki Breyq” səddini keçə bildik. Amma növbəti mərhələdə Moskva MOİK-nə uduzduq. Bakıda 0:0 oynadıq, Moskvada 0:2 uduzduq.

- MOİK səddini keçməyə nə mane olmuşdu?

- Onlara səfərdə qalib gələ bilərdik. Real qol imkanımız da var idi. Hesab 0:0 olarkən Mahmud Qurbanov qol vura bilərdi. İkinci hissədə onlardan Vaqner Lav - Braziliya millisinə də çağırılırdı çox yaxşı futbolçu idi - hesabı o açdı. Bu qoldan sonra uşaqlar bir qədər sındı və ikinci qolu da buraxdıq. Həmin mərhələni keçsəydik, “Reyncers”lə oynayacaqdıq.

- Yəqin ki, 1996-cı ildə UEFA kuboku çərçivəsində “Neftçi”nin heyətində Bolqarıstan “Lokomotiv”i ilə oyunları xatırlayırsan...

- Yaxşı yadımdadı. Bakıda onları məğlub etmişdik. Hesabda 0:1 geridə idik. İkinci hissədə əvvəldə mən hesabı bərabərləşdirdim, sonuncu dəqiqədə isə Yaşar Vahabzadə qələbə qolunu vurmuşdu.

- Hesabı bərabərləşdirdiyin epizod necə, yadındadır?

- Top mənə düşdü və bir futbolçunu keçdikdən sonra qapıçının bir qədər irəlidə olduğunu gördüm. Buna görə də aşırma zərbə ilə topu uzaq küncə göndərdim və düşündüyüm kimi də alındı. Hesab bərabərləşdi.

- Amma Bolqarıstandakı cavab matçında biabırçı hesabla uduzdunuz. 0:6-a nə səbəb oldu?

- Birmənalı şəkildə hakim. Həmin oyuna elə bir hakim təyin etmişdilər ki, artıq karyerasını qurtarmaq üzrəydi. Açıq-aşkar qərəzli idi. 1-ci dəqiqədə Rasim Abışova qırmızı vərəqə göstərdi. Hansı ki, orda qırmızı vərəqədən söhbət belə gedə bilməzdi. Birinci dəqiqədə qırmızı vərəqə alan komanda hansı oyunu ortaya qoysun?

- Karyeranızda çox məşqçi ilə işləmisiniz. Hansını xüsusi qeyd edərdiniz?

- Fərq qoymazdım. Hamısı güclü məşqçilər olub. Rəhmətlik Ruslan Abdullayev, Ağasəlim Mircavadov, Kazbek Tuayev və sair.
 
- Deyilənə görə, Ruslan Abdullayevin fiziki məşqləri çox ağır olurdu...

- Sovet məktəbi keçmiş bütün məşqçilər fiziki yükü çox verirdilər. Bu mənada təkcə Ruslan Abdullayevi fərqləndirməzdim. O vaxt SSRİ çempionatında mövsüm boyu 36-40 oyun keçirirdin. Bu qədər oyuna tab gətirmək üçün fiziki hazırlıq da yüksək səviyyədə olmalı idi.

- İqor Ponomaryovla aranız indi necədi?

- Normal.

- 2001-ci ildə aranızda yaşanan qalmaqal unudulub?

- Olan oldu, keçən keçdi. Sadəcə, Ponomaryov o vaxt mətbuata mənim haqqımda düzgün olmayan açıqlama vermişdi. O açıqlamanı verməli deyildi. Mən də ona görə cavabını verməli olmuşdum.  Amma sonradan münasibətlər normallaşdı. Mərhum prezidentimiz Heydər Əliyevin doğum günü şərəfinə Azərbaycanın futbol vetetanları ilə dünyanın futbol veteranlarının yoldaşlıq görüşünə Ponomaryov da gəlmişdi. Görüşdük, hal-əhval tutduq.

- Səhv etmirəmsə, o vaxt Ponomaryov haqqında mətbuata açıqlamanızdan sonra şərəfini qoruduğunuz “Şəmkir” klubu sizin adınızdan təkzib verərək həmin sözlərin jurnalist tərəfindən təjrif olunduğunu demiş, siz isə jurnalistin tərəfini tutaraq onu dəstəkləmişdiniz...

- Bəli. Çünki jurnalist olanı yazmışdı. Necə ola bilər ki, mən başqa söz deyim, jurnalist başqa ey yazsın? Ona görə demişdim ki, jurnalistin günahı yoxdu, nə demişəm, onu da yazıb. Amma həmin açıqlamama görə səhv etmirəmsə AFFA o vaxt mənə 2 oyunluq cəza vermişdi.



Bu şəkildə kimlər yoxdu ki... Vidadi Rzayev, Qurban Qurbanov, Mahmud Qurbanov, Rəşad Sadıqov, Zaur Tağızadə..



- Futbol oynadığınız zaman yaman söyüşcül idiniz. Hakimlərə demədiyiniz söz qalmırdı...

- İndi də futbolda belə şeylər olur, adam əsəblərini cilovlaya bilmir. Özü də mən uduzmağı heç sevmirəm. Bu gün 49 yaşım var, arada dostlarla yığışıb oynayırıq. Uduzanda yenə çox pis oluram. Hakimlərimizin də çoxunun xətrini çox istəyirəm. Vüsal Əliyev, Tahir Süleymanov, Fariz Yusifov... Yəqin ki, onlar da mənim xətrimi çox istəyər. Sadəcə, dediyim kimi, uduzmağı sevmədiyimdən belə hallar yaşanırdı. Bəzən hakim də səhv qərar verəndə adam özündən çıxırdı. Amma deyim ki, sarı vərəqələrim olsa da, qırmızı vərəqə almamışam.

- Bəlkə hakimlər qorxurdular?..

 - Yox, mən əjdaha futbolçu olmamışam ki, məndən qorxsunlar. Sadəcə, qırmızı vərəqə almaq həddində hərəkət etməmişəm. Bir də görünür, yaxşı futbolçu olmuşam deyə, hakimlər də bəzi epizodlarda güzəşt edib (gülür).

- Heç elə epizod da olmayıb ki, qırmızılıq olsun, amma hakim bağışlasın?

- Olub. “Turan”da oynayırdım. Oyunların birində rəqib futbolçu yerdə qaldı və mən də əsəbləşib onu vurdum. Qırmızı yox e, bəlkə də qara vərəqə düşürdü (gülür). Hakim gəldi ki, sarı vərəqə verə. Elə sarını görən kimi qayıtdım ki, “sən öl, o sarı cibindən çıxsa alıb sənin...” (gülür). İnanırsan hakim sarı da göstərmədi. Həmin oyunu 2:0 udmuşduq.


- Hakim kim idi?

- Onu deməyəcəm (gülür).

- Yaxşı bəs hansı oyunda idi?

-  Oyunu desəm hakimi də biləcəksiniz.  İllər sonra məni işə salmayın.

- Şübhəsiz ki, oynadığın dönəmdə oyun alqı-satqıları da olub. Heç bu cür söhbətlərin şahidi, iştirakçısı olmusunuz?

- Bilirsiniz, oyun satan komandalar adətən zəif komandalar olur. Mən isə daim iddialı klublarda oynamışam, kimə oyun satacam ki?

- Niyə ki, iddalı klublar da bəzən zəiflərdən oyun alır...

- Bu sualı klub rəhbərlərinə versəniz, daha yaxşı olar. Çünki belə şeyləri onlar daha yaxşı bilər. Mən futbolçuyam, çıxıb oynayıram.

- Bəs, sizə oyun satmaq təklif olunub?

- Dəfələrlə. Deyirdilər ki, ala bu pulu qoy cibinə, heç oynama e, dayan kənarda. Nə bilim özünü vur xəstəliyə filan, oyuna çıxma, özümüz həll edəcəyik.  Bu cür təkliflər 2004-cü ilə qədər olan dönəmdə də olub, ondan sonra da. Amma heç vaxt bu cür təklifləri qəbul etməmşəm. Nəinki qəbul etməmişəm, üstəlik tez gedib baş məşqçiyə, rəhbərliyə demişəm ki, ehtiyatlı olun, mənə oyun satmaq təklif olunub. Demək ki, bunlar başqa yollara da əl atacaqlar. Belə baxanda özümü riskə atmış olurdum. Çünki həmin oyunu uduzsaydıq, deyə bilərdilər ki, elə yəqin özün danışıb oyunu vermisən.

- Təklif olunan məbləğ yüksək idi?

- Bircə söz deyəcəm ki, əgər həmin məbləği alsaydım, özümə elə həyat qurardım ki, indinin özündə də heç nəyə ehtiyacım olmazdı. Ev, maşın, villa, bir sözlə, hər şeyim olardı. Heç gəlib kənddə bu vəziyyətdə də yaşamazdım. Amma mən heç vaxt o cür oyunlara getmədim. Təsəvvür edin, bir dəfə gördülər ki, oyunu satmıram, gətirib kofenin içinə yuxu dərmanı atmışdılar. Mən də bilmədən içmişəm. Meydanda yuxulayırdım. Oyunun fasiləsində soyunub-geyinmə otağına gəlmişdik.  Hamamda başımı qoyub yatmışdım. Oyadıb ikinci hissəyə çıxarmışdılar. Elə futbolçu olub ki, ümumiyyətlə, yatıb yuxuya qalıb, heç oyuna da çıxmayıb. Güman ki, rəqib düşərgədən öyrədilmiş adam bizim otağa keçib 4-5 aparıcı futbolçunun çayına, kofesinə yuxu dərmanı atmışdı.

- Hansı komandaya qarşı olub. Yenə deməyəcəksiniz?

- Ehtiyac yoxdu. Əsas odur ki, nələrin olduğunu dedim.

- O vaxt “Neftçi” Moskva MOİK-i ilə oynayanda Rusiya mətbuatı sənin haqqında yazmışdı ki, bu Vidadi Rzayev SSRİ dönəmində “Neftçi”də oynamış Vidadi Rzayevin oğludur. Bu xəbərlərə münasibətin necə olmuşdu?

- Doğrudan da, o vaxt ruslar belə yazmışdı. Sonradan öyrəndilər ki, mən elə həmin Vidadiyəm. MOİK-lə oyunda rəqibin baş məşqçisi Valeri Qazzayev idi. Hansı ki, ona qarşı SSRİ çempionatında oynamışam. Qapıçılarla işləyən məşqçiləri Viktor Çanovla da “Neftçi”də çiyin-çiyinə oynamışam. Təsəvvür elə, Bakıdakı oyunda məni meydanda görəndə şoka düşdülər. Qazzayev hətta söyüş söyüb dedi ki, sən hələ futbol oynayırsan? Hətta demişdi ki, sən cavan futbolçulardan daha yaxşı qaçırsan.

- Zarafat deyil 41 yaşına kimi futbol oynadınız. Bir az da uzada bilərdiniz?

- Sizə bir hadisə danışım. Deməli, futbolla qurtarmışdım və “Karvan”da məşqçi işləyirdim. Türkiyədə təlim-məşq toplanışı zamanı uşaqlar xahiş elədi ki, 20 dəqiqə onlarla futbol oynayım. Özü də əməll-başlı yoxlama görüşü idi. Mən də 20 dəqiqə oynadım. Necə oynadımsa oyundan sonra tutdular yaxamdan ki, gəl, səni də sifariş edək, 1 il də oyna (gülür). Təsəvvür elə, rəhbərlik də bunu istəyirdi. Türkiyənin tanınmış klubu ilə oynamışdıq. Oyundan sonra çəkilib qıraqda oturmuşam. Siqaret çəkirəm. Biri bunu gördü. Gedib bizim rəhbərlyə dedi ki, sizin futbolçu siqaret çəkir. Dedim a kişi nə futbolçu, mən məşqçiyəm e. Hə, bax o vaxt məni zorla təzədən futbola qaytarmaq istəyirdilər. Güclə yaxamı qurtardım.

(Ardı var)

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



Daha çox


Son xəbərlər