Natiq Əliyev: “İndi futbolçular yüksək məbləğ tələb edirlər”

Natiq Əliyev: “İndi futbolçular yüksək məbləğ tələb edirlər”
MÜSAHİBƏ 16 İyul 2009 / 10:50 4085
-  A +

- MOİK-in son mövsümdəki çıxışı barədə nə deyə bilərsiniz?
- Klubumuz bir müddətdir ki, Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib və peşəkar statusa malikdir. 1992-ci ildə AFFA yaradıldıqdan sonra MOİK də bu quruma üzv qəbul olundu. Rəhbərlik etdiyim klub daim assosiasiyasın bayrağı altında təşkil edilən ölkə çempionatında çıxış edib. Əlbəttə, komandamızın son mövsümdə Premyer Liqadakı yerini qoruya bilməməsi klub rəhbəri kimi məni narahat etdi. Əslində, bu, gözlənilən idi. Çünki digər klublar maliyyə imkanlarına görə bizi qabaqlayırdılar. Elita klublarının əksəriyyətinin heyətinin 90-95 faizini legionerlər təşkil edirdi. Onlar da ustalıq səviyyələrinə və fiziki göstəricilərinə görə seçilirdilər. Yəni reallıqla barışmaq lazımdır. Rəqiblərimiz bizdən yaxşı oynadılar. MOİK-in əsas məqsədlərindən biri həqiqi hərbi xidmətə çağırılan futbolçuların formalarında qalmasına kömək etməkdir. Ona görə də həm AFFA rəhbərliyi, həm də klublar bizə təşəkkür edirlər. Qaldı Premyer Liqadakı yerimizi qoruya bilməməyimizə, yenə deyirəm, heyətimizin əsasını gənclər təşkil edirdi. Əksəriyyətinin yaş həddi 19-20 idi. Ancaq çempionatın gedişindən razı qaldım. AFFA rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Hakimlərin oyunları obyektiv idarə etdiklərini qeyd edə bilərəm. Bu gün futbolumuza böyük dəstək var. Sadəcə, bu idman növünü inkişaf etdirmək üçün həmin dəstəkdən düzgün istifadə edilməlidir. Azərbaycanda futbolun inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Dövlətin futbola xüsusi diqqət və qayğısı var. AFFA, Gənclər və İdman nazirliyi bu proqramın icrası üçün işlər görürlər. Yeni-yeni meydançalar, stadionlar tikilir, yığma komandalarımız dünyanın müxtəlif ölkələrində təlim-məşq toplanışları keçirlər. Ölkəmizə təcrübəli məşqçilər və futbolçular dəvət edilir. Əlbəttə, bunlar müsbət işlərdir. MOİK futbol klubunun fəaliyyətində göstərdiyi dəstəyə görə AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Birinci divizionla bağlı planlarınız necədir?
- MOİK birinci divizionda çıxışını davam etdirəcək. Komanda hazırlıqlara başlayıb. Məqsədimiz yenidən Premyer Liqaya dönməkdir.

- Heyət yenə hərbi xidmətə çağırılan futbolçulardan formalaşdırılacaq?
- Əsas problemimiz onunla bağlıdır ki, MOİK heyətini hərbi xidmətə çağırılan futbolçu əsgərlərdən formalaşdırır. Onlar da əsgərlik müddəti başa çatdıqdan sonra klubdan ayrılırlar. Belə olan halda komandada boşluq yaranır. Yəni sabit heyət yarada bilmirik. Məqsədimiz komandanın yarısını mülki futbolçulardan formalaşdırmaqdır. Bu göstəricini yüz faiz də edə bilərik. Ancaq indiki dövrdə oyunçular yüksək məbləğ tələb edirlər. Bu isə klubun imkanları xaricindədir. Orta səviyyəli futbolçuları komandaya cəlb edəcəyik. Həm də əsgərlərin klubda futbolçu kimi fəaliyyət göstərmələrini təmin etməyə çalışırıq.

- Yeri gəlmişkən, son mövsümdə klubun əvəzedici komandası daha inamlı təsir bağışladı. Bu, MOİK-də ehtiyat qüvvənin formalaşması anlamına gəlir?
- Bu, sevindirici haldır. Əsas komandamız böyük hesabla məğlub olsa da, əvəzedicilər bunun əvəzini çıxırdılar. Hətta komandamız bir ara turnir cədvəlində yüksək pillələrdə qərarlaşdı. Bəli, ehtiyat qüvvənin formalaşdığını söyləmək olar. Həmin futbolçular indi əsas komandaya cəlb olunublar. Baş məşqçi funksiyasını isə Ramil Əliyev yerinə yetirəcək. 20-yə yaxın futbolçumuz var. Yaxın günlərdə onlarla müqavilə imzalayacağıq. Planımıza Azərbaycanın bölgələrindən birində təlim-məşq toplanışı keçirmək də daxildir. Klubun təminatı ilə bağlı nazir Səfər Əbiyev göstəriş verib. Bir faktı da qeyd edim ki, təminat məsələsində Premyer Liqa klubları arasında ən yaxşılardan biri də MOİK idi. Bizə bu şəraiti yaratdığına görə müdafiə nazirinə minnətdarlığımı bildirirəm.

- Stadionda təmir işləri nə vaxt yekunlaşacaq?
- Tək stadion yox, üzgüçülük hovuzu və digər idman qurğularımız təhlükəli hala gəldiyindən, hamısı təmirə dayandırılıb. Yəni bu qurğular 40-50 il əvvəl inşa olunmuşdu. Ona görə də qərar qəbul olundu ki, yenidənqurma işlər görülsün. İndi üzgüçülük hovuzu, tennis zalları yenidən inşa edilib istifadəyə veriləcək. Stadion məsələsinə gəldikdə, sentyabrdan etibarən oyunlarımızı doğma meydançada keçirməyi planlaşdırmışdıq. Ancaq bir qədər gecikmə olacaq. Artıq stadionda təmir işlərinin 70 faizi görülüb. Sadəcə, meydançaya süni örtüyün salınması qalıb. Bundan əlavə, 5 və ya 8 min nəfər tamaşaçı tutumuna olan oturacaqlar quraşdırılacaq. Bu günlərdə işıq sistemi qurulub. Bütün lazım olan materiallar alınıb. 5-10 gündən sonra tikinti işləri başlayacaq. Noyabrın sonuna qədər stadionun istifadəyə veriləcəyi gözlənilir.

- MOİK-in son bir ildəki fəaliyyəti sizi qane etdimi?
- Premyer Liqa ilə vidalaşmağımız, əlbəttə, məni üzdü. Ümumi götürdükdə isə, klubun əsas məqsədlərindən biri də əsgərliyə çağırılan futbolçuların səviyyəsini, eləcə də düşərgəmizdə olan yığma üzvlərinin səviyyəsini qorumaq idi ki, bunu da bacardıq. Aşağı dəstəyə düşdüyümüzə görə bədbinliyə qapılmamışıq. 1992-ci ildən bəri bununla dəfələrlə qarşılaşmışıq. Artıq nazirin göstərişi ilə futbol komandasının ştat cədvəli yaradılıb. Orda gizir və zabit rütbələri də nəzərdə tutulub. Əgər hansısa səviyyəli futbolçu taleyini MOİK-lə bağlamaq istəsə, ona qanunvericiliyə uyğun şəkildə rütbə veriləcək. Belə olan halda artıq sabit heyət formalaşdıra biləcəyik.

Mənbə: “Futbol dünyası” qəzeti

Daha çox


Son xəbərlər