“Böyük oyun” və Kamran Ağayev haqqında düşüncələr

“Böyük oyun” və Kamran Ağayev haqqında düşüncələr
PREMYER LİQA 11 Noyabr 2011 / 11:06 5599
-  A +

Fürsətdən yararlanıb, qısaca son “Böyük oyun” haqqında fikirlərimi bölüb, əsl mətləbə keçəcəyəm. Neftçi” bazar günü bəlkə də uzun illər öyünüləsi bir hesabla, darmadağınla layiq olduğu bir qələbəni bayram etdi. İlk dəfə Rednikin futbolçularında əzəli rəqiblə görüşdə matçın 5-ci dəqiqəsindən sonra döyüşkənlik, mübarizlik görmədim. Belə hesablı nəticələrə birbaşa baş məşqçi cavabdehdir və sonadək dəstəkləyib inanacağım Mirça Rednik hətta istefa verib getsəydi belə, onun qərarını doğru sayardım.

Rednik günahkardır, başında olduğu klubun tarixində ləkə kimi qalacaq məğlubiyyətə rumın mütəxəssis ilk növbədə məsuliyyət daşıyır. Hamımızın “Zəif” saydığı Böyükağa Hacıyev faktiki olaraq, “ Bakı”nı çempion etdiyi haqqında illər boyu gəzdirdiyi sitata daha bir hadisəni əlavə etməyi bacardı. Rednik bu mövsüm ilk dəfə mərkəz müdafiəçilərinin yoxluğunun acısını böyük zərbə ilə hiss etdi. Bəlkə də futbolçularda olan “Neftçi” onsuz da bizi məğlub edə bilməyəcək” arxayınçılığından doğan və Rednikin səhv olaraq seçdiyi açıq futbol taktikası iflasa uğradı. Qələm əhlinin əsassız olaraq “praqmatik” futbol oynatdığına görə qınadığı Mirça nədənsə “Böyük oyun”da və belə bərbad qazonda açıq futbol taktikasına əl atdı. Belə nəticələr futbolda qaçılmazdır ki, bir gün belə məğlubiyyəti əks tərəfin yaşayacağına Xaqani Məmmədovdan başqa kimsə zəmanət verə bilməz. Amma fakt odur ki, bu nəticənin qisası alınanadək cənub camiəsi hələ çox xiffət çəkəcək.

Mən Rəşad Abdullayevin epizodunu qabartmır, amma istənilən halda dəqiq bilirəm ki, “lotu” futbolçunun qovulmaması “Xəzər Lənkəran”lı futbolçuları böyük ölçü də “sındırdı”. Keçən mövsüm Lənkəranda top qovan legionerlərin çempionluğun əldən getməsində hansısa qüvvələrin əli olduğuna dair ardıcıl açıqlamalarını heç kəs unutmayıbsa, deməli, bu sillə sonrası Abdullayevin cəzasız qalması istənilən ruh düşkünlüyünü, mənəvi sınmanı yarada bilər. Hakimliyə gəldikdə isə Elnur Muradov bir il əvvəl ona qətiyyətsiz dediyim üçün müsahibəsində bu fikirlə razılaşmayıb özünü ən qətiyyətli hakim saysa da, Muradovun qətiyyətsizliyindən indi şükür ki, bütün Avropa danışır. Nə qədər ki, dünya tarixində “qatar qalmaqalına” görə ilkə imza atan Xaqani Məmmədov vəzifədədir, onun hakimlərindən hələ çox şeylər görəcəyimizə inamım sonsuzdur.

“Neftçi”nin qələbəsinə daha da çox kölgə salmaq istəməsəm də PFL-in tədbiri, Rəşad Abdullayevin lotuluğu və Kamran Ağayevin xəyanəti zəncirvari bir halqadır və mən halqanın son birləşməsindən geniş danışacağam. O qədər geniş ki, bu yazılanları kimsə bilmir. Qoy, hamı bilsin - haqqı qoyub, nahaq üçün tütək çalanlar çox olmasın.

Matç bitər-bitməz Kamran Ağayev məsələsi gündəmə gəldi. Burada isə qeyri-adi bir şey yoxdur. Premyer Liqada çıxış edən 11 klubun “ Xəzər Lənkəran”a edə bilmədiyini Kamran çox rahatlıqla edir və artıq az qalıb ki, bu böyüklüyündə camiə iki yerə parçalansın. “Narkoz”dan ayılanda başım üzərində Mübariz Mənsimovu gördüm” deyən millinin qapıçısı indi Mənsimovlardan aldığı qalaq-qalaq pullara, klubun çoxminli azarkeşinə təpik atıb, onu Kamran edənlərin cavabını bu yolla verir. Ağayevin haqqında çox şey bilirdim və bildiklərimi ona görə yazmırdım ki, millinin qapıçısının “Neftçi”nin adamı elan olunmasını (Lənkəran publikası komandada intizamı pozan istənilən futbolçunu “Neftçi”nin adamı sayır), lap elə bütün arena tərəfindən söyülməsini istəmirdim. Məndən Təl-Əviv hava limanında “Makkabi” ilə oyundan iki gün öncə yerli oyunçuların ev davası etdiyi haqqında baş verənləri qəzet səhifəsinə çıxardığım üçün Kamran Ağayev incimişdi və bu günə qədər yanımdan düz keçib, Allahın salamını vermək bir yana, sifətini elə turşudurdu ki, sanki “Xəzər Lənkəran”dan bir gündə aldığı 400.000 manatı əlindən alıb qaçmışdım. Amma mən dözürdüm və “ Xəzər Lənkəran”ın bu ilin yanvarında Antalyada və yayda Avstriyada keçirdiyi toplanışlarda Kamranın etdiyi biabirçı hərəkətlərini, komandanı parçalamasını, nizam-intizamı pozması haqqında qalaq-qalaq bildiklərimi udurdum. Udurdum ki, bəlkə düzəldi, bəlkə bir gün Ulu Yaradan ona qafiyə ilhamı ilə birgə qətiyyət də verdi. Amma qafiyə gəldi, qətiyyət yox. Mən həqiqətən onun bir gün bütün neqativ hallara son qoyacağına ümid edirdim. İnsafən, Kamran pis insan deyil, amma onu ya pul ya da ürəyinə girən şeytanvari özündən razılıq çox, amma lap çox dəyişib.

Hamı əmin olsun ki, artıq perspektivli və xaricdə top qovmağa layiq bildiyimiz futbolçudan heç nə qalmayıb. Faktiki olaraq heç nə. Kamranın indi arada etdiyi özünə məxsus şeylər də, ara bir qurtarışları da karyerasını bitirməyə doğru gedən boksçunun 12 raund ərzində bir dəfə gələn güclü zərbəsini xatırladır. Hazırda belə Kamranı müdafiə edənlər var və israrla qarşı tərəfi günahkar bilib arqument gətirirlər.

Mənim isə arqumentim kifayət qədərdir və sizinlə paylaşıram. Amma bunu da etiraf edirəm ki, “Xəzər Lənkəran” rəhbərliyi səhv edərək, 2 il öncə yaranan xərçəngi vaxtında kəsib götürmədi. İndi isə həmin xərçəngin rişələrinin bir ucu hansısa klubların ofisinə gedib çıxır.

Əzizlərim, Kamran Ağayev “ Bakı” ilə matçda etdiyi səhvin, “Neftçi” ilə darmadağının seçilən “qurban”ı deyil, Kamran “Xəzər Lənkəran”ın indiyə qədər görmədiyi şıltaq və kal armud olub boğazında ilişib qalan futbolçusudur. Yaxın oturun ki, bu ölkədə “Xəzər Lənkəran” klubunun üzvlərindən başqa kimsənin bilmədiklərini sizinlə paylaşım. Oxuyun ki, sonra qərarı da siz verin. Onu müdafiə etməyə dəyərmi?

2011-ci ilin yanvar ayı. “Xəzər Lənkəran” Türkiyənin Antalya şəhərində toplanışdadır. Komanda ilə birgə toplanışda “ Futbol+”in əməkdaşı kimi mən də varam. Aydın məsələdir ki, futbolçularla bir oteldə qalıb, birlikdə yemək yediyimdən, bir avtobusda məşqlərə getdiyimdən hadisələrə də yaxınam. Gündə iki dəfə keçirilən məşqlərdə Kamran 4 dəfə acıq eləyib məşqi yarımçıq qoyurdu. Səbəb?

Günəşin gözünə düşməsi, belinin ağrıması, məşqləri bəyənməməsi və s. Toplanış davam edir, Kamran isə gah belini tuturdu, gah məşqlərdən narazı qalırdı, gah da qapıda şirə dönüb nərə çəkirdi. Düşərgəyə bir neçə qapıçı gəlsə də, ən son braziliyalı, 198 sm boya malik, 24 yaşlı Dalton Munarettonun üzərində dayanıldı. Hətta Türkiyəyə düşərgəni ziyarətə gələn klub prezidenti Mais Mənsimov da qapıçının ucaboyuna heyranlığını gizlətmədi. Çox təəssüf ki, son anda məşqçilər korpusu Daltonu gözüyaşlı geri qaytarıb, ondan azı 5 dəfə zəif Yevgeni Kopilin transferini reallaşdırdılar. Sonrası isə hamıya məlumdur. Bəli, Kopil Kamranı yeri gələndə əvəzetmək bir yana, onunla heç rəqabət də yaratmaq gücündə deyildi.

2011-ci ilin iyul ayı. “ Xəzər Lənkəran” Avstriyanın Fulpmes şəhərində təlim məşq toplanışındadır. Mən də ordayam və bu dəfə Kamranın eybəcərlikləri artıq həddini o dərəcədə aşır ki, məşqlərin saatlarla dayandığı gün belə olur. Kamranın şıltaqlıqlarından bezən Rednik yeni transfer Kamal Bayramovu iş başında izləyib anladı ki, Bayramov da Kamran Ağayevi heyətdən sıxışdırmaq və ya onunla rəqabət edəcək gücdə deyil. Belədə təcili əcnəbi qapıçı axtarışlarına çıxan Rednik istədiyini tapdı. Ucaboylu, Rumıniya yığmasının qapısını qorumuş Emilian Dolha.

Dolha məşqlərdə nəinki Kamran Ağayevə, elə bütün toplanışda olanlar sübut etdi ki, o sadəcə, güclüdür. Belə də “Makkabi” ilə səfər oyununa sayılı günlər qalmış Kamran Ağayevin uzaq Alp dağlarının ətəyində şıltaqlığı tutdu. Məşqlərdə dava dalaş, acıq etmələr, məşqi yarımçıq qoymalar. Ən pisi düşərgəyə gələn yeni əcnəbi futbolçular gözləri bərəlmiş halda kapitanı izləyirdi. Bu necə kapitan, bu necə cığallıq? Qarşıda “Makkabi” ilə ağır səfər oyunu, Rednikin köməkçisi Mihay Teja rəqibi izləmək üçün Almaniyaya uçub və belə bir vaxtda ortaya daha bir problem çıxır. Kamran yeni əcnəbi qapıçıya nə ehtiyac olduğunu əsas gətirib Azərbaycana getmək istəyir: Əgər Emilian Dolha heyətdə qalacaqsa, mən gedirəm.

Məşq yarımçıq dayandırılır. Sonrakı iki gün məşqlər öz axarı ilə davam edir. İnsafən komandanın rəisi Səməd Mustafayevin gənc olmasına rəğmən belə kritik anlarda müxtəlif xoş vasitələrlə komanda ruhunun saxlanması üçün etdiyi çabaları qeyd etməyə dəyər. Amma istənilən halda, Kamran ab-havanı elə pozub ki, buna sadəcə, “dəhşət” demək mümkündür. Vəziyyəti belə görən rumın qapıçı gülərək, Kamranın hər iki əlini sıxıb Rednikə ehtiramla “Mənə görə narahat olmayın. O, gəncdir. Yəqin rəqabətə davamlı qapıçı deyil deyə, yerindən narahatdır. Mən gedim ki, hər şey qaydasına düşsün” - deyərək, düşərgəni tərk edir. Vəssəlam.

Rednik millinin qapıçısını incitməmək, komandanın kapitanının ab-havanı daha da pozmasını istəmədiyindən yeni qapıçı istəyindən vaz keçir. “ Xəzər Lənkəran” Avstriyadan birbaşa İsrailə, “Makkabi” ilə ilk oyunu keçirmək üçün yola düşməyə hazırlaşır. Avstriyada son məşq günü. Komanda avtobusa minib məşqə gedərkən məlum olur Kamran yoxdur. Səbəbi aydındır. Növbəti şıltaqlıq. Boğaz ağrısı, bel ağrısı bunlar artıq köhnə və ucuz nömrələr idi. İndiyə kimi xatirimdədir ki, Rednik son məşqdə dərindən ah çəkərək, belə bir ifadə işlətdi: Mən güclü əcnəbi qapıçını ona görə istəyirdim. Bax, bu gün son məşqdir və İsrailə gedirik. Hanı kapitan, hanı mənim əsas qapıçım?

Beləcə, hamımız İsrail yolunu tutub “Makkabi” ilə qarşılaşmaq üçün Avstriya ilə vidalaşırıq. Təl-Əviv hava limanında yerli futbolçuların öz aralarında məlum ev davası, evdə neçə gün qalacağıq, çarter reysi olub-olmaması davası gedir. Onların ağzını yuman, “Azərbaycanın gözü bizədədir, bizdən uğurlu nəticə gözləyir. Nə ev davası edirsiniz?” deyən kapitana ehtiyac var. Amma bu, baş vermir. Çünki Kamran da onların içərisindədir. Nəticə isə aydındır. Qapıda səhvlər və məğlubiyyət. Kim nə deyir-desin, “Makkabi” səddinin keçilməməsində Ağayevin birbaşa və böyük günahı var idi. Kamran belə hərəkətləri Ağasəlim Mircavadovun dönəmində də edib. Bəli, bunu da unutmayın. Sadəcə, Kamranı Tovuzdan gətirib adlı sanlı qapıçı edən Ağasəlim Mircavadov Ağayev başını qaldıran kimi vaxtında onu zərərsizləşdirməyi bacarıb. Bu hər dəfə belə olub və Kamranın ən çəkindiyi məşqçi də elə Mircavadov olub.

Mən sona doğru “Bakı” ilə oyuna da mütləq toxunmaq istəyirəm. Bu oyundan sonra uşaq səhvi ilə komandasını üç xaldan edən istənilən qapıçı başını aşağı salıb, hamıdan üzr istəyər. Yox, Kamran Ağayev hətta bu səhvdən sonra soyunma otağında Rednikin üzərinə çımxırıb, onu günahkar bilirsə və “gedirəm” deyib düşərgəni tərk edirsə, onda günahkarı siz deyin. Kimdir günahkar?

Bəli, bütün bu əməllərin cavabı vaxtında verilməli idi. Lənkərandakı məşqlərdə azarkeşlərin gözü qarşısında dəfələrlə məşqi yarımçıq qoyub acıq edən, ab-havanı pozan Kamranı klub rəhbərliyi çoxdan qovmalı idi. Amma ölkənin ən güclü qapıçısını rəhbərlik rəqiblərinə vermək istəmirdi ki, məncə bunun özü də yanlış düşüncə idi. Vobay kimi futbolçu əvəzedici komandaya göndərilirsə, Ağayev hal-hazırda heç onun qan axan bir butsusuna dəyməz ki, Ağayevə də eyni cəza verilib müqaviləsinin sonuna qədər etdiyi xəyanətlərin qarşılığı olaraq ikinci komandada azarkeşin hiddəti qabağına verilməlidir ki, digərləri də ibrət alsın.

Kamran rəqabətdən onun yerini kiminsə tutacağından həmişə qorxub. Bunu mən bütün toplanışlarda gözümlə görmüşəm. Amma özü də anlamayıb ki, rəqabət olmadığından əvvəlki Kamran gündən günə əriyib gedir. O, yersiz acıq etmələri, özünü xəstəliyə vurması ilə çox gülünc bir istəyinin əsiri olub: Mən əvəzolunmazam. Mənə yalvarsınlar, xahiş etsinlər qapıda qalım.

Niyə, bəlkə bu klubun şərəfini pulsuz qoruyub? Xeyr! “Legioner bura pul qazanmağa gəlir, biz isə canımızı qoyuruq” deyən Ağayev cənub klubunda ən çox pul alan futbolçudur. O zaman niyə belə edir? Lap Redniklə problemi var. Bəs bu azarkeşin günahı nədir? Əgər “İnter” kimi güclü rəqib bir yana, “Neftçi” kimi əzəli rəqiblə oyundan üç gün öncə yalandan “zədəm var” deyib düşərgəni tərk edirsənsə və tibbi baxışda məlum olur ki, zədən yoxdur, onda komandanı yarımcan hala qoyduğun üçün xəyanətkarsan Kamran.

“Neftçi” ilə oyundan sonra “Bunlara bu da azdır, hələ görün, nələr olacaq” ifadəsini doğurdanda işlətmisənsə, mən cavab olaraq nə yazacağıma belə çətinlik çəkirəm. “Makkabi” ilə cavab oyunundan bir gün öncə Lənkəran stadionundakı bazanın qarşısında mənim yanımda şərəfini qoruduğun klubun vitse-prezidenti Tuyqun Nadirova belə bir müraciət etdin: Yeganə oğlanam ki, ölənə qədər “ Xəzər Lənkəran”da qalacağam.

Bu gün bunu etməyib, əksinə cənub klubunu tərk etmək istədiyini deyirsənsə, onda sən həm də ən böyük yalançısan. Yəqin ki, klub rəhbərliyi sərt addım atmağa məcbur olduğunu anlayır. Elə isə mən indidən deyim ki, növbəti dəfə Ağayev bağışlanarsa, bu həm klubun, həm də rəhbərliyin imicinə növbəti böyük zərbə olacaq. Buna isə dəyməz!

Hüseyn CƏBRAYILOĞLU
“Futbol+” qəzeti


Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi