Hazırda futbol dünyasında dördilliyin ən böyük yarışı - 2026-cı il dünya çempionatı keçirilir. Turnirin ABŞ, Meksika və Kanadada təşkil olunmasına, əksər matçların gecə saatlarına təsadüf etməsinə baxmayaraq, ölkəmizdə də oyunları izləyən azarkeşlərin sayı milyonlarladır.
DÇ-2026-nın Azərbaycandakı rəsmi yayımçısı İctimai Televiziyadır. Telekanal hər gün mundialın maraqlı matçları, eləcə də yarışın ən maraqlı anlarının müzakirə olunduğu "Bol Futbol" verilişi ilə azarkeşlərin görüşünə gəlir.
İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov QOL.az-a müsahibəsində DÇ-2026-nın yayımı ilə bağlı suallara cavab verib.
- Bu günlərdə hamının diqqəti İTV-də yayımlanan dünya çempionatına yönəlib. Kanal bu çətin prosesin öhdəsindən necə gəlir? Xüsusən nəzərə alaq ki, oyunların ardıcıllığı çox natarazdır. Axşam, gecə, səhər tezdən...
- İlk növbədə onu bildirmək istəyirəm ki, İTV olaraq bizim dünya və Avropa çempionatlarının, Olimpiya Oyunlarının yayımı ilə bağlı çox böyük və geniş təcrübəmiz var. Daha öncə 2022 və 2018-ci illərdə keçirilən dünya çempionatlarını yayımlamışıq. O baxımdan, artıq müəyyən təcrübəmiz var. Düz qeyd etdiniz ki, oyunlar bir qədər fərqli saatdadır. Bu da təbii ki, tamaşaçılar kimi bizim üçün də müəyyən çətinliklər yaradır. Fərqli vaxtlarda işləməyə çalışırıq. Daha çox bununla bağlı gecə növbəsində çalışan işçilərimizin sayını artırmışıq. Özünüzün də gördüyünüz kimi, hər bir oyun bitən kimi həmin matçın icmalı, hər qol, epizod operativ şəkildə bizim rəsmi Yutub kanalımıza yerləşdirilir. Çalışırıq ki, dünya çempionatını Azərbaycan tamaşaçısı üçün maksimum dərəcədə əlçatan edək. Eyni zamanda şərhçilərimiz də maksimum əllərindən gələni edirlər ki, bizim tamaşaçılar bu ab-havanı hiss edə bilsinlər.

- Oyunlara neçə şərhçi cəlb olunub, kimlərdir və hansı kanalları təmsil edirlər?
- Oyunlara cəlb olunan şərhçiləri bir müddət öncə açıqlamışıq. Yəqin ki, bununla bağlı bizim efirimizdə nümayiş olunan videoçarxda Rəmzi "11-liy"imizi görmüsünüz. 11 şərhçimiz var. Təbii ki, burada İTV-nin əməkdaşları da yer alıb, "CBC Sport"un da. Bildiyiniz kimi, 3-cü turun eyni saatda başlayan oyunları həmçinin "CBC Sport"da yayımlanacaq. Tural Məmmədli də oyunları şərh edir. Düşünürəm ki, o da böyük tamaşaçı auditoriyasına malik, kifayət qədər tanınan şərhçidir.
- Matçlarla yanaşı "Bol Futbol" verilişi də hər gün canlı yayımda olur. Verilişi necə və neçə nəfərlə idarə edirsiniz? Yəqin bu da əlavə bir çətinlik, iş yüküdür.
- "Bol Futbol" verilişində çox böyük bir komanda çalışır. Burada çox geniş heyətimiz var. O baxımdan çətinlik yoxdur. Burada futbol ekspertləri, öz əməkdaşlarımız, aparıcılar var. Veriliş gün ərzində 2-3 dəfə canlı yayımlanır. Çalışırıq ki, yayımları mümkün qədər maraqlı edək. Hər oyundan öncə komandaların mətbuat konfranslarını təqdim edirik. Verilişdə təkcə futboldan deyil, iqlim dəyişiklikləri, yeni qaydalar, loqistika problemləri və sair məsələlərdən də danışırıq. Yəni, futbolun ətrafında yaranan məsələlərə də toxunmağa çalışırıq ki, bu, futbolçulara, komandalara necə təsir edir. Bu, bizim üçün xoş bir işdir. Yorğunluq varsa da, xoş bir yorğunluqdur. Amma yenə də deyirəm, hər bir əməkdaşımız dünya çempionatında işləməkdən çox böyük zövq alır. Bizim üçün bu, bir futbol bayramıdır.
- Bütün dövrlərdə olduğu kimi, bu dəfə də şərhçilərlə bağlı bəzən tənqidlər var. İTV-də İdman Departamentinə cavabdeh şəxs kimi buna münasibətiniz necədir?
- Şərhçilik zövq məsələsidir. İstənilən halda şərh tamaşaçı üçün edilir. Tamaşaçının fikri təbii ki, hər zaman önəmlidir. Tənqidlərin olması da normaldır. Hər bir obyektiv tənqiddən nəticə çıxarmaq olar. Tənqid ortaya çıxırsa, deməli, həmin yayım həm də izlənilir. İTV-də şərhçilərin oyunlara təyin olunmasına Tural Dadaşov nəzarət edir. Tural Dadaşov özü də kifayət qədər təcrübəli şərhçidir. Şərhçilərlə bağlı hər bir fikrə biz xüsusi önəm veririk, diqqət ayırırıq. Və bu fikirlərdən irəli gələn səbəbləri, nəticələri araşdırmağa çalışırıq. Əgər burada bir tənqid varsa, biz onun üzərində işləyirik. Amma inanın ki, hər bir şərhçi oyuna maksimum dərəcədə ciddi yanaşır, çox geniş hazırlaşır. Çünki dünya çempionatı futbolçular üçün dördilliyin zirvə yarışı olduğu kimi, şərhçilər üçün də karyeralarının ən böyük sınağıdır. Təbii ki, hamı çalışır ki, tamaşaçıların ürəyincə olsun. Yenə deyirəm, şərhçilik zövq məsələsidir. Bəzən görürsünüz ki, eyni şərhçiyə iki fərqli fikir olur. Bir tamaşaçı onu bəyənir, digəri isə yox. Yəni, bu, normaldır.

- Matçların hamısının Yutub platformasında yayımlanmamasından da narazılıq edənlərə rast gəlinir. Bu problem nədən qaynaqlanır?
- Biz mundial başlamamışdan öncə rəsmi press-reliz yaydıq, məsələyə aydınlıq gətirdik. Nəinki biz, dünyanın digər ölkələrinin rəsmi yayımçı telekanalları da özlərinə məxsus Yutub kanallarında ən çox 15 oyun yayımlamaq hüququna malikdir. İTV olaraq biz də qaydalar çərçivəsində davranırıq. Daha öncə də qeyd etdiyimiz kimi, Türkiyə millisinin qrup mərhələsindəki 3 oyunu və pley-off oyunları İTV, itv.az və rəsmi Yutub kanalımızda yayımlanacaq. Həmçinin "İctimai Radio 90 FM"də də oyunları dinləmək mümkün olacaq. Bu baxımdan biz əlimizdən gələni edirik. Yenə deyirəm, bizim əsas məqsədimiz dünya çempionatını Azərbaycan tamaşaçısı üçün əlçatan etməkdir. Bütün mümkün vasitələrdən, FİFA tərəfindən qadağan edilməyən, rəsmi icazə olan vasitələrdən istifadə edərək, mümkün olan ən yaxşı şəraiti yaratmağa çalışırıq. Televiziyada izləmək imkanı olmayanlar itv.az saytında da oyunlara çox yüksək keyfiyyətdə baxa bilərlər. Sükan arxasında olanlar isə 90 FM vasitəsilə dinləyə bilərlər.
- DÇ-2026-nın gedişatı zamanı İTV tərəfindən hər hansı bir əlavə yenilik, sürpriz gözlənilirmi?
- "Bol Futbol" verilişi artıq fərqli dizaynda, fərqli təribatda təqdim olunur. Müasir bir studiyadır. Təbii ki, biz də zamanın tələbləri ilə ayaqlaşmağa çalışırıq, müəyyən yeniliklər qatırıq. İlk dəfədir ki, Azərbaycan teleməkanında epizodlar, həmçinin ekspertlər tərəfindən izah olunan məqamlar xüsusi 3D Sport proqramı vasitəsilə göstərilir. Yəni, biz həmin proqramla epizodu sinxron şəkildə vizual olaraq nümayiş etdiririk. Çünki televiziya ilk olaraq göstərmək deməkdir. Şərhçilər özləri də canlı yayım zamanı epizodlarla işləyirlər. Yutuba xüsusilə böyük diqqət ayırırıq. Canlı yayımlanmayan oyunların da hər bir qolunu, yaddaqalan epizodunu rəsmi Yutub kanalımızda yerləşdiririk. Yeri gəlmişkən, çox vacib bir məqamı qeyd edəcəyəm. Hər gün saat 12:30-da dünya çempionatının günlük icmalı operativ şəkildə 30-40 dəqiqə, bəzən daha uzun müddətə tamaşaçılara təqdim olunur. Eyni zamanda rəsmi Yutub kanalımızda da yer alır. Həmçinin hər oyun günü gecə, əlverişli olmayan saatlarda keçirilən 2 matçın təkrarı 14:15-18:00 aralığında İTV-də yayımlanır.
Nur Zeynalova
Fransa millisində itki
Enzo Fernandez "Real"da
Ronaldodan Konqo ilə oyunda - Bərbad statistika
Qısaboy olsa da, rekorda hazırlaşır
Ronaldonun performansı zəifləyib?
Keyn mundial matçına xüsusi nişanla çıxacaq
Kevin Medina "Qarabağ"la belə vidalaşdı - Video
Messidən sonra Ronaldo da 6-cı mundialına çıxdı
"Səbail"in yeni rəhbəri bəlli oldu
Covanni yenidən Niderland klubunda
"Leypsiq" baş məşqçisini göndərdi
Özbəkistanda millinin oyununa görə iş saatı dəyişdi
Portuqaliya və Konqonun heyətləri açıqlandı
"Qarabağ"dan daha bir transfer - Şəkillər
Acun Ilıcalının klubunun xalları silinə bilər
Bugünkü mundial matçını buraxacaq
"Şəfa"da növbəti müqavilə
Messidən dünya çempionatlarının rekordu
Mundiallar tarixində qol vuran ən yaşlı avstriyalı
"Zirə"nin də potensial rəqibi müəyyənləşdi
"Sabah" və "Qarabağ"ın cütünün məğlublarının rəqibləri
"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
“Real” "İnter"in futbolçusuna elçi düşdü