Qarabağdan Belçikaya gedən futbol yolu - "Soquvuşan" turniri

Qarabağdan Belçikaya gedən futbol yolu - "Soquvuşan" turniri
MEDİA 15 May 2026 / 14:30 318
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Belçikada fəaliyyət göstərən “MADANİ - Azərbaycanlıların mədəniyyət, idman, düşüncə, həmrəylik və gələcək imkanlar məkanı” platforması artıq 3-cü “Suqovuşan” beynəlxalq minifutbol turnirinə hazırlaşır.

Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə keçirilən turnirə əsasən Avropada yaşayan soydaşlarımız qatılır. Bundan başqa, Türkiyə, Pakistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Azərbaycan səfirliklərinin nümayəndəliyinin əməkdaşları da turnirdə iştirak edirlər. 

Turnirdə böyüklərlə yanaşı, yaşı 8-13 arası olan uşaqların da yarışı təşkil edilir.

“MADANİ” platformasının təsisçisi Emin Əliyev turnirlə bağlı QOL.az saytına danışıb. O, əvvəlcə yarışın yaranma səbəbi ilə bağlı məlumat verib:

“Biz 2024-cü ildən burada “Suqovuşan” turniri keçiririk. Əvvəllər də toplaşırdıq, futbol oynayırdıq. Sonra düşündük ki, bunu Avropa miqyaslı bir turnirə çevirək. “Suqovuşan” adı isə təbii ki, bizim Qarabağımızdakı bölgə ilə bağlıdır. İkinci Qarabağ müharibəsi zamanı bizim əsgərlərimiz orada çox böyük rəşadət göstəriblər. Biz də bundan ruhlanaraq belə bir ad seçmişik. Mən özüm də Suqovuşana yaxın olan Tərtər rayonunda doğulub, böyümüşəm. İlk turnirdə Niderlanddan və başqa qonşu ölkələrdən gələnlər var idi. Bir də Brüsseldəki diplomatik nümayəndələri, səfirlikləri dəvət etmişdik. Bizim səfirliyin bu turnirə böyük marağı var. Həm heyət olaraq turnirə qatılırlar, həm də səfir özü gəlib açılışda iştirak edir.

Bu soydaşlarımızın Avropadakı ən böyük turniridir. Soydaşlarımızın komandaları yalnız bir qeyri-azərbaycanlını heyətinə qata bilər. Oyunlar Belçika Futbol Federasiyasının lisenziyalı hakimləri tərəfindən idarə olunacaq". 

E.Əliyevin sözlərinə görə turnir get-gedə böyümək üzrədir: “Əvvəl 11 komanda idi, sonra 20 oldu. İndi isə 30 komanda olmasını hədəfləyirik. Kifayət qədər maraq var. Müəyyən qədər maliyyə problemləri olur. Estoniyadan gələnlər, Çexiyadan gəlmək istəyənlər var. Hamısı deyir ki, gəlmək çox da asan deyil. Çünki hamı öz büdcəsi hesabına gəlir. Turnir hamı üçün pulsuzdur, amma biz o xərcləri qarşılaya bilmərik. Turnir daha çox soydaşlarımız üçün nəzərdə tutulub, amma Brüsseldə olan dövlət nümayəndələrini də dəvət edirik ki, bizim icma ilə münasibətləri yaxşı olsun. Hamımız Azərbaycan diasporuna köməklik göstərmək istəyirik. Bu turnir də onun bir hissədir. Azərbaycan televiziyaları və mətbu orqanları da bizim turniri işıqlandırırlar. Onların hamısına minnətdarıq”. 

Emin Əliyev

E.Əliyev qeyd edib ki, paralel olaraq uşaqlar üçün də turnir keçirirlər. Onun sözlərinə görə, Belçikada futbola maraq çox böyük olduğu üçün orada saysız hesabsız yaxşı oyunçular yetişir. Həmsöhbətimiz bununla bağlı AFFA-nı da məlumatlandırdıqlarını deyib: “Bizim turnirdə iştirak edənlər hamısı Belçikada doğulanlar, burada futbol məktəblərinə gedənlərdir. 8-12 yaşlı uşaqlar yarışda iştirak edə bilərlər. Bəzən 13 yaşlılar da oynayır. Yaşı 13-dən çox olanlar isə valideynlərinin icazəsi ilə böyüklərin turnirində oynaya bilərlər. Gələcəkdə bu uşaqların arasından yaxşı futbolçular çıxa bilər. Turnirdə Belçikanın müxtəlif peşəkar və yarımpeşakar klublarında oynayan Azərbaycan əsilli gənc futbolçular da iştirak edəcək. Biz AFFA-ya da müraciət etdik. Bildirdik ki, marağınız varsa, nümayəndənizi göndərin, baxsınlar. Çünki həqiqətən də bu uşaqlar gələcəyin futbolçularıdır.

Düzdür, onların arasından futbolçunu seçmək üçün gərək bu işin mütəxəssisi baxsın və qiymət versin. Amma öz oğlumdan misal çəkə bilərəm. O, burda yerli şəhər klubuna gedir. Həmin klubun akademiyasının B komandasında çıxış edir. Biz ötən il Tərtərə gedəndə “Sabah” klubunun seleksiyaçıları orada idi. Onlar məşqlərdən sonra cəmi iki uşaq seçdi ki, biri də oğlum oldu. Yəni demək istəyirəm ki, burda hətta “Anderlext”, “Union”da da yox, tanınmamış bir klubun akademiyasının B komandasında oynayan uşaqlar da çox seçilir. Mən əminəm ki, valideynləri də, özləri də ciddi məşğul olsalar, yaxşı futbolçular olacaqlar. Belə uşaqlar get-gedə artmaqdadır. Turnir də onları cəlb etməyə başlayır”.

28 May Müstəqillik günü ərəfəsində 3-cü “Suqovuşan” turnirini keçirməyi planlaşdırdıqlarını deyən E.Əliyev yarışa hazırlıqlardan da danışıb: “Ötən il turnirdə NATO-nun Baş Qərargahının komandası da iştirak etdi. Yarışın qalibi də onlar oldular. Türkiyə hər dəfə böyük həvəslə qatılır. Qazaxıstan səfirliyi uşaqları gətirir. Pakistan səfirliyi ötən il bir az “lipa” gətirdiyinə görə münasibətimiz korlandı. Qırğızıstan da gəlir. Yenə gələcəklər. Hələlik digər səfirliklərdən xəbər yoxdur. Belçika Futbol Federasiyasını da yarışda iştirak etməyə dəvət etmişik. 

Elə kompleks seçməliyik ki, orda yarışın keçirilməsi mümkün olsun. Yəni meydançanı 4 yerə bölürük və hər komandada 6 oyunçu olur. Kompleksdə ən azı 3 meydança olmalıdır ki, oyunları keçirib, vaxtında yarışı bitirə bilək”. 

E.Əliyev Belçikada futbola olan münasibətdən də danışıb: “Burda məsələn, bizim Bakıdakı Yasamal rayonunun yarısı qədər olan ərazidə 3 futbol klubu fəaliyyət göstərir. Hər kluba da assosiasiyalar rəhbərlik edir. Onlar ya keçmiş peşəkar oyunçular, ya da futbola güclü marağı olan valideynlərdir. Yığılıb qeyri-hökumət təşkilatı kimi bir qurum yaradırlar. Hansı ki, onlar mənfəət güdmürlər. Onlar kompleksi kirayələyirlər və orda akademiya yaradırlar. 5 yaşdan veteranlara qədər futbolla məşğul olurlar. Nə vaxt gedirsən ki, orda oyunlar keçirilir. Çox strukturlu şəkildə bu işlə məşğul olurlar. Hər şey də yerində olur. Məsələn, biz uşaq üçün onun klubuna ildə 450 avro ödəyirik. Onun içərisində formalar filan, bəzən də hədiyyələr də olur. Yəni elə bir sistem qurublar ki, həmişə işləyir. Futbolla nəfəs alırlar. Futbolda da hər hansı bir söyüş, xoşagəlməz hal görə bilməzsən. Amma bəzi immiqrant olan rayonlarda bələ hallar baş verir. Amma ümumən atmosfer çox yaxşıdır. Hamı uşağını futbola ona görə gətirmir ki, sabah ondan De Brüyne, yaxud Hazard olsun. Sadəcə, idman kimi bununla məşğul olurlar, amma çox peşəkarcasına. Heç kəsin tanımadığı adi bir klubdur, amma loqosu var, saytı var”. 

E.Əliyev odu da deyib ki, turnirin sponsoru olmasa da, bu, onları narahat etmir və işlərinə davam edirlər: “Bizim turnirin kubokları var. Üzərinə “Suqovuşan” yazılıb, bayraqlar vurulub. Azərbaycan bayrağı formasında lentli medallar veririk. Amma mükafat fondu yoxdur. Əslində bu barədə çox düşünmüşük. Amma istəyirik ki, oyunlar bir dostluq şəraitində keçsin. Vacib deyil ki, orda hər hansı mükafat olsun. Hamı futbol üçün gəlir. Mükafat fondu olması üçün sponsor lazımdır. Bizim turnirin büdcəsi elə də böyük deyil. Təsəvvür edin ki, turniri 4 min avro ilə keçiririk. Burda stadionların kirayəsi, kubokların alınması, hansısa yazıların çap olunması, təmizlik  və başqa xərclər var. Biz hər il sponsor çağırışı edirik. Amma hələ heç kim gəlib deməyib ki, kömək etmək istəyirik. Amma biz bundan şikayətlənmirik. Əsas odur ki, özümüz köməkləşib bu işi görürük. Əslində xərclər çoxdur, amma stadionların kirayəsində, formaların alınmasında Azərbaycan səfirliyi kömək edir. Bu il də səfirlik söz verib ki, turniri keçirin, çalışarıq ki, kömək edək. Sağolsunlar hər il kömək edirlər. Amma sponsor axtarırıq. Bununla belə, bizim əsas qayğımız o deyil. Əsas istəyimiz odur ki, turnirə böyük maraq olsun. Hətta Azərbaycandan da gələn olsa, sevinərik. AFFA-nın, yaxud da jurnalistlərin komandası gələ bilər. Kim gəlsə, ürəyimizin başında yerləri var. AFFA-dan bildiriblər ki, Frank de Blekker (Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri – red.) gəlib fəxri qonaq kimi iştirak edəcək. Bildirmişik ki, veteran futbolçularımız da gələ bilər. 

Mən bu turnirin proqramını işləyəndə gözümün qabağına o gəldi ki, bu yarışlar heç olmasa 10-15 il yaşasın. Bəlkə, gələcəkdə bizi də bu turnirə fəxri qonaq kimi çağırarlar ki, bunu siz yaratmısınız. İstəyirik ki, turnir yaşasın. İştirak edən 12-13 yaşlı uşaqlar gələcəkdə yaxşı futbolçu ola bilərlər. Bizim niyyətimiz bu və Azərbaycanla əlaqə yaratmaqdır. Biz Türkiyəyə, Avropaya baxırıq. Orda da Avropada yaşayan uşaqlar öz milli komanadalarına böyük töhfə verirlər. Ümumi məqsəd budur. İstəyərdik ki, AFFA ilə əlaqələrimiz də yaxşı olsun”.

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Son xəbərlər
topaz banner