"Qarabağ" niyə uduzdu? - Mütəxəssis rəyi

"Qarabağ" niyə uduzdu? - Mütəxəssis rəyi
ÖLKƏ FUTBOLU 21 Avqust 2024 / 14:02 14797
-  A +

"Hesab oyuna görə olmadı".

Bu sözləri QOL.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov Azərbaycan təmsilçisi "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:3 hesabı ilə uduzduğu ilk matçı şərh edərkən deyib.

O, "Qarabağ"ın görüşün ilk 70 dəqiqəsində "Dinamo"dan daha üstün çıxış etdiyini söyləyib: "Mən matçı 2 hissəyə bölərdim: ilk 70 dəqiqə və son 20 dəqiqə. İlk 70 dəqiqədə bu qədər qol imkanı yaradırsansa, amma qola çevirə bilmirsənsə, məğlubiyyət qaçılmaz olur. Əslində "Qarabağ"ı qınamaq da olmur. Çünki bundan əvvəlki matçda  - "Ludoqorets"lə oyunda 7 qol vurmuşdular. Juninyonun belə qolsuz qalmasını görməmişdim. Amma gəldi belə vacib oyunda qol vura bilmədi. Ən az 2-3 təkbətək qol şansı var idi. Təbii ki, biz "Dinamo"nun nə qədər güclü tərəflərinin olduğunu müəyyən etmişdik. "Qarabağ"ın da güclü tərəflərini bilirdik. Lakin bu qədər rahat şəkildə qollar buraxacağımızı gözləmirdim".

A.Kərimov qeyd edib ki, "Dinamo"nun 2-ci qolundan sonra "Qarabağ"ın futbolçularında mental yorğunluq yaranıb: "Məsələ təkcə yorğunluq məsələsi də deyil. İlk 70 dəqiqədə bu qədər irəliyə gedirsənsə, qol vəziyyətləri yaradırsansa, burada yorğunluq məsələsi ola bilməz. Amma son 20 dəqiqədə yorğunluq var idi. Lakin mən dəqiqləşdirə bilmədim ki, bu, fiziki yorğunluq idi, yoxsa, mental. Mənə elə gəlir ki, 2-ci qoldan sonra "Qarabağ"ın futbolçuları mental olaraq bir az qırıldılar. Həmin vaxt rəqib bəlkə də bizə 5 qol da vura bilərdi. Əslində Marko Yankoviç və Marko Veşoviç də "Ludoqorets"lə matçda yorğunluq fonunda zədə aldılar. Çünki onların zədəsi kontaktda alınan zədə deyildi. Yorğunluğa görə əzələləri dartıldı. Yəqin ki, futbolçular bir az yükləniblər. Bu tepdə oynamaq asan məsələ deyil". 

O, "Qarabağ"ın qol şanslarından yararlana bilməməsini bəxt amili ilə əlaqələndirib: "Qol şanslarından yararlanana bilməməyimizdə bəxt amili də var. Çünki desək ki, futbolçuların ustalıq səviyyələri çatmır, bu, belə deyil. Həmin oyunçuların sayəsində "Qarabağ"ın dəfələrlə qollar vurduğunu görmüşük. Bəlkə də stress altında olduqları üçün işin öhdəsindən gələ bilmədilər. Amma dediyim sözlərin əksi də var. Çünki "Bayer", "Braqa" ilə oyunların yanında bu stress nədir ki?!  Juninyo Conatan Tanı keçib qol vururdu. Bu stressi keçib "Dinamo" ilə oyunda stress altına düşəcəksən? "Qarabağ"ın futbolçularının 19, 20 yaşı yoxdur ki, stress altında qol vura bilməsinlər. Yəni, qol vəziyyətlərindən yararlanmamağımızın stress səbəbindən olduğunu düşünmürəm. "Ludoqorets"lə oyun bundan da stresli olmalı idi. Çünki sən "Ludoqorets"ə uduzsaydın, ümumiyyətlə, səni heç kim başa düşməyəcəkdi. Əlbəttə ki ,pley-off mərhələsinin statusu böyükdür. Amma "Linkoln"a və ya "Ludoqorets"ə uduzmaq "Qarabağ" üçün zərbə olardı. Bunun stressi daha artıq idi. Bəzən qol vura bilməməyə anlam gətirmək olmur. Çünki hərdən oyunçularda alınmır. Neynəsələr də, qol vurmaq olmur. Mən bunu təsadüflə əlaqələndirirəm". 

Aslan Kərimov

Mütəxəssis vurğulayıb ki, Ağdam təmsilçisi mütləq mərkəz oyunçusu transfer etməlidir: "Bu oyunda qələbə qazansaydıq belə, yenə də transferlərə ehtiyac olacaqdı. Düşünürəm ki, ən azından meydanın mərkəzinə bir kreativ futbolçu lazımdır. Oyun qurucusu kimi Yassin Benzia çıxış edir. Amma həmin mövqedə bir futbolçuya da ehtiyac var. Buraxılan qollarda qapıçının həddindən artıq böyük, kobud səhvləri olmadı. Amma futbolçularda o özünəinam hissi yoxdur ki, deyəsən, bax, bu əməlli-başlı qapıçıdır də. Fabian Buntiç oyunçulara inam bəxş etmirdi. Mənə elə gəlir ki, qapıçı mövqeyinə İbrahim Şehiç, Andrey Lunyov kimi bir qolkiper lazımdır. Guya "Braqa" və ya "Bayer"lə oyunlarda rəqiblərimiz "Dinamo"nun yaratdığı kimi qol imkanları yaratmamışdılar ki? Bundan da təhlükəli qol epizodları var idi. Sadəcə bəzən qapıçı hər şeyi öz üzərinə götürür, xilaskar rolunu oynayır. Onda futbolçular bir az da ruhlanır. "Dinamo" ötən gün nə vurdusa, hamısı qapıya getdi. Oyunun sonlarına yaxın rəqib daha çox qol vura bilərdi. Hətta bizim qapımıza penalti də təyin edə bilərdilər. Biz həmişə avrokuboklarda hakimləri qınayırdıq. Çünki bizə qarşı çox sərt davranırdılar. Amma "Dinamo" ilə oyunda penalti epizodu bir az şübhəli idi, bunun üzərindən tez keçdilər. Sonuncu dəqiqədə "Dinamo"nun 1 dənə də qol imkanı var idi. Bütün bunların fonunda "Qarabağ"ın güclənməsinə ehtiyac duyulur".

O, cavab görüşündə "Qarabağ"ın yeni qapıçısı Mateus Koxalskiyə şans verilməsi ehtimalından da danışıb:  "Bu barədə danışmaq mənə çətindir. Çünki onun hazırlıq səviyyəsini, komandaya nə qədər adaptasiya olduğunu bilmədən danışmaq düzgün deyil. Qapıçı məşqçisi və baş məşqçi qərar verir ki, bu qapıçı hazırdır, ya yox. Mənə elə gəlir ki, hələ tezdir".

A.Kərimov 0:3 hesablı məğlubiyyətə baxmayaraq, "Qarabağ"ın növbəti mərhələyə adlayacağına inandığını deyib: "0:3 hesabını qapada bilərik. "Dinamo"nun üstün tərəfi hücum xətti olsa da, müdafiədə, cinahlarda həddindən artıq boşluqlar verirlər. Həmin o boşluqlardan məharətlə istifadə edə bilərik. Çünki dünənki görüşün ilk hissəsində ən az 3 dəfə 100 faizlik qol imkanımız oldu. Əminəm ki, bunu Bakıda da davam etdirəcəyik. Lakin 0:3-ü qapamaqdan ötrü əks-hücumlara da hazır olmaq lazımdır. Çünki rəqib evdə oynamasına baxmayaraq, biz hücuma çıxanda "Dinamo" bütün komanda ilə müdafiə olunmurdu. İki hücumçuları bizim müdafiə xəttimizdə qalırdı. "Ludoqorets" də daxil olmaqla bir çox komandalar "Qarabağ"a qarşı oynayanda bütün heyətlə müdafiə olunurdular. Topu ələ keçirəndə də əks-hücuma çıxmaq üçün hücumçuları müəyyən bir məsafəni qət etməli olurdular. Amma "Dinamo" risk edirdi. Ön xətdə rahat 2 futbolçularını buraxırdılar. Ələ keçirdikləri topları oyunun axırnda həmin o 2 nəfərə verib önə çıxırdılar".

A.Kərimov vurğulayıb ki, "Qarabağ" müdafiəçiləri cavab görüşündə diqqətli olmalıdırlar: "Biz Bakıda artıq rəqibin əks-hücumlarına hazır olmalıyıq, təkbətək qol şansları verməməliyik. "Dinamo" ilə "Ludoqorets" aşağı-yuxarı eyni tipdə komandalardır. Amma "Dinamo"nun heyətində təhlükəli və təcrübəli futbolçuların sayı çoxdur. Onlar da kiçik bir şansdan belə istifadə edirlər. Düşünürəm ki, 0:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilərik. İlk oyunda niyə bu qədər risk etdik sualı yarana bilər. Çünki Qurban Qurbanov özü də mətbuat konfransında bunu dedi. 0:2 hesabı ilə uduzanda mən əmin idim ki, "Qarabağ" Bakıda "Dinamo"a 3 qol vura biləcək. Yenə də əminəm. Amma həmin 3 qolu vurmaq üçün həddindən artıq yüklənməlisən və müdafiədə səhvlərə yol verməməlisən. Diqqətli olmaq lazımdır. Komanda bunu öhdəsindən gələ bilər. Sadəcə vəziyyəti çətinləşdirən məqamlardan biri də Julio Romaonun olmamasıdır. Yankoviç yəqin ki, oynamayacaq. Yarımmüdafiə xəttində kimin oynayacağı sual doğurur. Redon Cica və Yassin Benzia da oynaya bilər. Patrik və Riçarda şans verilib-verilməyəcəyini bilmirəm. Çünki Riçard bir az yaşlı oyunçudur və fiziki durumundan xəbərim yoxdur. Hər halda meydanın mərkəzi Bakıdakı oyunda çox vacib olacaq".

Nur Zeynalova

Daha çox


Son xəbərlər