“Qarabağ”dan biletlərlə bağlı mühüm qərar - Açıqlama

“Qarabağ”dan biletlərlə bağlı mühüm qərar - Açıqlama
XƏBƏR 30 İyul 2022 / 15:10 8038
-  A +

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"la ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Qol.az klubun "Feysbuk" hesabına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib. Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır: "Nəzərinizə çatdırmaq istəyirik ki, “Qarabağ” FK-nın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilmişdir. Biletlərlə bağlı hər hansı istək və suallarınız yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etməyiniz xahiş olunur".

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlama verib. O bildirib ki,  artıq "Ferenstvaroş"la matçdan etibarən bütün avrokubok oyunları üçün biletlərlə bağlı bütün səlahiyyətləri “iTicket” şirkətinə həvalə ediblər: 

"Burada söhbət həm pulsuz payladığımız dəvətnamələrdən, həm də satılan biletlərdən gedir. Bütün məsuliyyət artıq “iTicket”in üzərində olacaq. Biz əvvəllər də "iTicket” şirkəti ilə əməkdaşlıq edirdik. Lakin biletlərlə bağlı məsələlərdə dəvətnamə hissəsində səlahiyyətlər şirkətə yox, "Qarabağ" klubuna məxsus idi. Artıq bu matçdan bütün səlahiyyətlər iTicket” şirkətinə həvalə olunur. Əvvəlki illərdə, əvvəlki oyunlarda pulsuz bilet və dəvətnamələrlə bağlı müraciətlər olurdu. Azarkeşlərimizin bu arzusunu çox gözəl başa düşürük. Lakin onlar da bizi anlayışla qarşılamalıdırlar ki, stadionun azarkeş tutumu təxminən 30 min civarındadır. 30 min biletin 1/3-i, bəzən isə yarısı dəvətnamə olaraq paylanılırdı. Ümid edirəm ki, azarkeşlərimiz bunu anlayışla qarşılayacaqlar. Bundan sonra istər dəvətnamələrlə bağlı, istər bilet satışı ilə bağlı bütün səyahiyyətlər artıq klubumuzda deyil. Biz bütün səlahiyyətləri iTicket” şirkətinə həvalə etmişik. Komandamıza "Ferenstvaroş"la oyunda azarkeş dəstəyi olacağına inanırıq. İnanıram ki, sona qədər azarkeşlər komandamızı dəstəkləyəcəklər. Bundan əvvəlki ev oyununda ən çox azarkeşi olan  komanda məhz "Qarabağ" idi. Ümid edirəm ki, bu rekordu bu oyunda da yeniləyəcəyik".

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner