“Şərhçi deyir, futbolçu adını tabloya yazdırdı. Heç orda tablo yoxdur e…”

“Şərhçi deyir, futbolçu adını tabloya yazdırdı. Heç orda tablo yoxdur e…”
MEDİA 12 Fevral 2022 / 09:14 4428
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycanda idman teleşərhçiliyi daim müzakirə mövzusu olub. Elə ona görə də məsələyə bu sahənin mütəxəssisi olan şəxslərdən birinin fikirlərini öyrəndik.

Aydın Əliyev Azərbaycan şərhçilik məktəbinin peşəkar nümayəndələrindən biridir. Təcrübəli jurnalist hazırda “İdman TV”nin məsləhətçisi vəzifəsində çalışır.  Onun bugünkü şərhçiliyə öz baxışı var.

-  Son illər idman kanallarının yaranması ilə efir məkanımızda idman verilişlərinin və şərhçilərin sayı artmağa başlayıb. Şərhçiliklə bağlı suallarımız olacaq. Amma əvvəlcə onu bilmək istərdik ki, idman kanallarının və verilişlərin keyfiyyəti sizi nə dərəcədə razı salır?

- Hələlik məni razı salmır. Şərhçilərimizin nöqsanları olur. Bəzən əsası olmayan ifadələr işlədilir. Şərh zamanı ironiyalı ifadələr işlətmək qəbahət deyil. Amma bu, sağlam şəkildə olmalıdır. Bizim şərhçilərimiz futbol oyunları zamanı bərk ötürmə olanda deyirlər ki, oyunçu topu sürətlə ötürdü. Axı, bu, düzgün deyil. Məgər, biz qapını sürətli çırp söyləyirik? Qapını bərk çırp deyirik də. Rusiyada şərhçilər belə anlara yumoristik ifadələr də qatırlar. Məsələn, bir dəfə şərhçi bərk ötürmə olanda demişdi ki, bu topa heç Useyn Bolt da çata bilməzdi. Yəni, futbolçu topu o qədər bərk ötürdü ki, Useyn Bolt kimi sprinter, 100 metr məsafəyə qaçışda dünya rekordçusu da çata bilməz. 1960-70-ci illərdə bizi Rusiya kanallarına, Sankt-Peterburqa, Moskvaya göndərirdilər. Biz orada seminarlara qatılırdıq. Həmin şəhərlərdə sırf idman şərhçiləri üçün təcrübə məktəbləri var idi. Biz orada çox şey öyrənirdik. Təəssüf ki, hazırda bu cür şərait yoxdur. İdman şərhçiliyi özü bir ayrı peşədir. Əgər sən reportaj aparırsansa, bütün fikrin yarış meydanında olmalıdır. Başqa heç nəyi düşünməməlisən. Əks-halda tamaşaçı o dəqiqə bunu hiss edəcək və sənə inamı azalacaq. Mərhum şairimiz Musa Yaqubun bir sözü var idi ki, şair zəifləyəndə, oxucu şairləşir. Mən də bunu idman reportajlarına şamil edirəm. Şərhçi zəifləyəndə tamaşaçı şərhçi olur. Təəssüf ki, bizim bütün şərhçilərimiz izləyicini həddindən artıq informasiya ilə yükləyirlər. Komandalar, rəqiblər haqqında bildikləri hər şeyi bir anda demək istəyirlər. Amma gözləməlidirlər. Hansısa futbolçu zədələnəndə, qısamüddətli fasilələr yarananda, futbolçular əvəzlənəndə bu məlumatları çatdırsalar, daha yaxşı olar. 

- Bəs, sizcə, idman şərhçisi kimdir? 

- Mənə bu barədə tez-tez suallar verirlər. Şərhçi ilk növbədə nəql etməyi bacaran insandır. Yəni, o, şifahi dilimizi incəliklərinə kimi bilməlidir. Əslində, şərhçilik qabiliyyəti bir vergidir. Bu peşə son dərəcə çətindir. Təxminən 100 il bundan əvvəl məşhur rus şairi Mariya Svetaeva deyib ki, söz ilə ifadə edə bilmədiyimiz fikirlərimizi oxucularımıza intonasiya ilə çatdırmalıyıq. İdman şərhçisi isə bütün şərhçilərin akademikidir. Bu fikri tək mən demirəm. Bunu məndən əvvəl də ustadlarımız söyləyiblər. 

- Aydın bəy, yüksək səviyyəli şərhçidə hansı keyfiyyətlər olmalıdır? 

- Yaxşı şərhçi olmaq üçün bir idman növünü bilmək kifayət deyil. Gərək hər hansı bir idman növündən söz açılanda o sahənin ən məşhur peşəkarları, mütəxəssisləri haqqında da yetəri qədər məlumatın olsun. Təkcə konkret faktlara əsaslanmaq azdır. Şərh zamanı bilik və hərtərəfli məlumat sayəsində tamaşaçının rəğbətini qazanmaq olar. Ona görə də daim öyrənmək, gündəlik hazırlıq işləri aparmaq vacibdir. Həm də reportajlarda mütəxəssis rəylərinə ehtiyac duymaq lazımdır. Çünki mütəxəssis tamaşaçı üçün şərhçidən daha nüfuzlu şəxsiyyət sayılır. Şərhçi yarış meydanında baş verən hadisələri hiss etməlidir. Çünki o, meydan ilə izləyici arasındakı vasitəçidir. Bəzən emosiyalarla baş verənləri çatdırmaq da lazım olur. Şərhçilər həm də obyektiv davranmalıdırlar. Onlar idmançılarla, mütəxəssislərlə də insani şəkildə ünsiyyət qurmalıdırlar. Futbol şərhçisi bu idman növünün ayrılmaz hissəsidir. Əvvəllər soruşurdular ki, şərhçinin yumar hissi olmalıdır, ya yox? Bəzən yerində işlədilən yumoristik sözlər həmin anı daha sərrast ifadə edir. Bir dəfə rusiyalı şərhçilərdən biri oyun zamanı demişdi ki, Kriştiano Ronaldo elə gülümsəyir, sanki hansısa diş məcununu reklam edir. Digər bir şərhçi də söyləmişdi ki, Canluici Buffonun varlığında komandanın 2-ci qapıçısı olmaq insan psixikası üçün təhqir və işgəncədir. Bunlar sağlam yumordur. Belə şeylər izləyiciyə maraqlı gəlir. Əsas odur ki, həmin ifadələr futbolçunun şəxsiyyətinə toxunmasın. Bir də ki, oyunlar darıxdırıcı keçsə belə, şərhçi o yayıma maraq qatmalıdır. 

- Çox vaxt belə fikirlər də səslənir ki, şərhçilər emosional davranmamalı və bitərəf olmalıdırlar...

- Təcrübə göstərir ki, emosiya reportajın, şərhin ayrılmaz hissəsidir. Amma burada da müəyyən ölçü, əndazə olmalıdır. Bəzi hallarda isə şərhçi öz emosiyalarını susmaq ilə göstərə bilər. O, nə vaxt danışacağını və nə vaxt susacağını bilməlidir. Çünki elə bəzən tribunalardakı alqış sədaları şərhçinin hər hansı bir sözündən daha təsirli olur. Meydanda maraqlı, fantastik bir hadisə yaşananda şərhçinin susması məsləhətlidir. Çünki tamaşaçı bunu izahsız da görür. Bitərəf olmaq məsələsinə gəldikdə isə bu, mümkün deyil. Məsələn, Azərbaycan təmsilçisi ilə hər hansı bir ölkənin komandası, idmançısı üz-üzə gəlirsə, necə bitərəf davrana bilərsən? Bu, məntiqsiz olar. Amma eyni ölkənin komandaları, idmançıları yarışanda bitərəf olmaq lazımdır. Bu məsələlərdə müəyyən ölçü əsasdır. 

- Bəs, şərhçilərimiz ən çox hansı səhvlərə yol verirlər? Çünki şərhçilərimizin ünvanına kifayət qədər tənqidlər də səsləndirilir.

- Güləş, futbol, cüdo, gimnastika və başqa yarışlarda şərhçilərimiz ifadə səhvlərinə yol verirlər. Bu olub və olacaq da. Amma əsas məsələ həmin səhvləri anında düzəltməkdir. Belə hallara rejisorlar və redaktorlar şərhçiyə kömək etməlidir. Təəssüf ki, bizim redaktorlarımız və rejisorlarımız əksər hallarda bunu bacarmır. İfadə səhvlərinə yol verməyən şərhçilər ancaq lal insanlar ola bilər (gülür). Bu məsələ bütün dövrlərdə mövcud olub. Səhv etməyən insan yoxdur. 2 saatlıq canlı yayım ərzində nə qədər səlis, rəvan danışsan da, mütləq 1-2 dəfə səhvə yol verəcəksən. Bununla belə, o səhvləri dərhal düzəltmək lazımdır. İndi internet əsridir. Canlı yayım zamanı belə səhvlərə fikir verilməsə də, daha sonra gec-tez üzə çıxacaq. Nəticədə şərhçi hörmətdən düşə bilər. Bəzən isə çox yersiz ifadələr işlədilir. Özüm də bunun şahidi olmuşam. 15-20 il əvvəl bir cavan şərhçi oyun barədə danışarkən demişdi ki, mən Zinəddin Zidanın yerinə olsaydım, topu başqa oyunçuya ötürərdim. Əvvəla ay zalımın oğlu, sən kimsən? Sən heç Zinəddin Zidanın yerində ola da bilməzsən. Əgər hansısa fikri ifadə etmək istəyirsənsə, de ki, yəqin, Zinəddin Zidan sağ tərəfində durmuş komanda yoldaşını görmədi, yoxsa topu ona ötürərdi. Belə danışıqlarla reportajlarda, şərhlərdə çox şit ifadələr yaranır. Məsələn, futbolçu qol vuranda deyirlər ki, filankəs adını tabloya yazdırdı. Heç stadionda tablo yoxdur e (gülür). Və ya söyləyirlər ki, filankəs qola imza atdı. Məgər, oyunçu notarius əməkdaşıdır və ya mənzil istismar idarəsinin işçisidir ki, hansısa sənədi imzalayır? Gah da deyirlər ki, filan futbolçu ehtiyat oyunçular skamyasında yer alıb. Elə de ki, filankəs ehtiyatdadır də. Hələ “sevinc bəxş etdi” kimi ifadələr də səsləndirirlər. Bir misal da çəkim. Deyirlər ki, “Mançester Yunayted”in futbolçusu top qovurdu. Ay bala, topu sən qovursan, hansısa dağ kəndindən gəlmisən. O gün nənənin corablarını yumrulayıb, top düzəldib, dostlarınla ora-bura qovmusan. Məşhur futbolçu üçün “top qovur” ifadəsini işlətmək olar? “Aut atışı” nə deməkdir? Atış sözü Azərbaycan dilində pis məna ifadə edir. Məsələn, filankəs filankəsə atış gəldi. Bir dəfə Azərbaycan futzal millisi oyun keçirirdi. Şərhçi də demişdi ki, indi bütün Azərbaycan futzal ilə nəfəs alır. Bu, çox absurd fikirdir. Mən həmin oğlanı görəndə söylədim ki, ay oğul, mən bu saat futzalla yox, balaca nəvəmlə nəfəs alıram. Marağım var, baxmağa da məcburam. Amma futzal ilə nəfəs almıram axı. Deyirlər ki, filan komanda filan oyunçunu 18 milyona satıb. Heç adamı da satarlar? Belə ifadələr çox işlənir. Hamısını saysam, həmkarlarım deyəcək ki, belə yaxşı dərman bilirsiniz, öz başınıza çəkin (gülür). Mən həmişə öz tələbələrimə söyləyirəm ki, dili işlətmək üçün əvvəlcə bayatıları, atalar sözlərini öyrənin. Mütaliə lazımdır. Deyirlər ki, nə oxuyum? Mən də cavab verirəm ki, nə oxuyursunuz, oxuyun, biliyiniz artsın. 

- İdman şərhçiliyi bütün dövrlərdə müzakirə mövzusu olub və bu zaman, tənqidlər daha çox səslənib. Peşəkar şərhçi kimi siz bu tənqidləri nə dərəcədə haqlı sayırsınız?

- Tamaşaçı daim müzakirə edir. Televiziya izləyicisindən gizlənmək mümkün deyil. İstər razı qalanların, istərsə də narazı olanların fikirləri ilə hesablaşmaq lazımdır. Şərhçilərin işinə tənqidi münasibət bəsləyən insanların sayı daha çox olur. Təbii ki, hamının xoşuna gəlmək mümkün deyil. Lakin tənqid edənlərə də minnətdar olmaq lazımdır ki, onlar şərhçiyə biganə deyillər. Tamaşaçı laqeydliyi bir şərhçi üçün ən ağır cəzadır. Auditoriyaya hörmətlə yanaşmaq vacibdir. Ən əsası, “qara kütlə” anlayışı leksikonumuzdan silinməlidir. Ola bilər ki, mənim reportajıma idman anlayışı olmayan bir insan baxsın. Bəzən belə insanları “qara kütlə” adlandırırlar. Mən bu ifadəni düzgün qəbul etmirəm. 

- İdman şərhlərindən müəyyən qədər danışdıq. Bəs, idman saytlarımızı yaxından izləyirsinizmi? 

- Düzü, xeyr, izləmirəm. Çünki mən idman saytlarını izləsəm, bildiyim də yadımdan çıxar. Baxırsan ki, 21-22 yaşlarında gənc oğlan və ya qız futbolun incəliklərindən danışır. Mən buna inana bilərəmmi? Mən özüm də belə şeylərin şahidi olmuşam.  

- Bu gün bizdə bir çox futbol liqalarındakı matçların yayımını əsəsən “CBC Sport” kanalı həyata keçirir. Azərbaycan Premyer Liqasının və Azərbaycan kubokunun oyunları da bu kanalda yayımlanır. “CBC Sport”un şərhçiləri ilə bağlı da həm müsbət, həm mənfi məqamları səsləndirənlər var. Şəxsən sizi həmin şərhçilərlə bağlı nələr qane edir, nələr isə qane etmir?

- Mən həmin kanalı izləmirəm. Mənim ən birinci vəzifəm Azərbaycan Televiziyasının, Mədəniyyət TV-nin və İdman TV-nin verilişlərinə baxmaqdır. Açığı, başqa kanalların şərhinə qulaq asa bilmirəm. Bəzən hansısa oyun Rusiya kanalları vasitəsi ilə yayımlanmırsa, onda Azərbaycandakı başqa kanalları izləyirəm. Bu vaxt da televizorun səsini azaldıram, ancaq görüntülərə baxıram. Mən başqa kanallarımız haqqında fikir söyləmək istəmirəm. Çünki demək olar ki, onların reportajlarına baxmıram. Mən bir kanalın şərhçisi ilə 3 dəfə görüşəndə demişəm ki, ay bala, futbol meydanının uzunluğu ən az 100 metr, eni isə ən az 50 metdir. Sən niyə futbol meydanına meydança deyirsən? Həmin meydanın içərisində 4 meydança var. İki qapı meydançası, İki də cərimə meydançası yerləşir. Futbol meydanına meydança demək qətiyyən düzgün deyil. O mənə çox təəccüblə baxdı ki, burada nə səhv var? Belə şeylərə görə digər kanalları izləyə bilmirəm. Mən yalnız AzTV-yə, Mədəniyyət TV-yə və İdman TV-yə baxıram. Bir də Rusiya kanallarını izləyirəm. Mənə elə gəlir ki, rusiyalı şərhçilər insanı yormayan mütəxəssislərdir. 

- Bəs, çalışdığınız İdman TV-nin şərhçiləri barədə fikirləriniz necədir?

- Öz ayranına kim turş deyər? (gülür) Mən çalışıram ki, bildiklərimi öz yetirmələrimizə, şərhçilərimizə aşılayım. Azərbaycan Televiziyasının, İdman TV-nin şərhçiləri başqa kanalların şərhçiləri ilə heç müqayisə oluna bilməz. Yaxşı mənada digərlərindən çox fərqlənirlər. Mən şərhçilərimizə öz qeydlərimi bildirəndə də onlar nəticə çıxarmağa başlayırlar. Bizim reportajlardan əvvəl də, sonra da söhbətlərimiz olur. Hər bir şərhçinin işlətdiyi səhv ifadəni onlara çatdırmağı özümə borc bilirəm. 

- Bəs, Aydın Əliyevin bəyəndiyi şərhçilər kimlərdir?

- Mənim rəhbərliyi təşviq etməyim ilə 6-7 il əvvəl 100 nəfər arasından 2-3 jurnalist seçildi. Onlar İdman TV-də fəaliyyət göstərirlər. Mən Nurlan Hacıyevin adını çəkə bilərəm. O, həqiqətən də sakit, səmimi şəkildə söhbət edir. Sanki sənə yaxın bir adamdır. Tural Məmmədli və Fərid Ramazanovun da reportajları yaxşı alınır. Mən bilirəm ki, onların şərhini böyük tamaşaçı auditoriyası şərtsiz qəbul edir. Onlar izləyicilərin rəğbətini qazanıblar. Ən əsası, Fikrət Adıgözəllini qeyd edərdim. Onun şərhlərinə baxsanız, nöqsan tapa bilməzsiniz. 

- Belə fikirlər var ki, Azərbaycanda veteran şərhçilər gənclərin, gənclər isə yaşlı nəslin nümayəndələrinin şərhlərini qəbul etmir. 

- Mən bu fikirlə qətiyyən razı deyiləm. Çünki Azərbaycanda demək olar ki, veteran şərhçi yoxdur. Əgər siz məni, televiziyanın dinozavrı Aydın Əliyevi veteran hesab edirsinizsə, mən 25 ildir ki, şərhçilik etmirəm. Bütün şərhçilərimiz cavan oğlanlardır. Onların 25, 30, 35, ən çoxu 40 yaşları var. Bu şərhçilərə də yaşlı demək olmaz. Çünki əsl şərhçilik məharəti özünü 30 yaşdan sonra göstərir. Nisbətən təcrübəli şərhçilər kimi “CBC Sport” dan Elnur Məmmədlinin və Ramiz Mirzəzadənin adını çəkə bilərəm. Mən həmişə yaşlı şərhçilərlə gənclərin vəhdətini daha düzgün hesab etmişəm. Özüm də bu yaşımda gənclərimizdən çox şey öyrənirəm. Ona görə də mən bunu problemli bir məsələ kimi qəbul etmirəm. 

- Sonda. Bəs, siz qadınların idman yarışlarını, futbol oyunlarını şərh etməsinə necə yanaşırsınız? Qadın səsindən futbol matçını dinləyə bilərsinizmi? 

- Qadın şərhçilər bədii gimnastika, voleybol kimi idman növlərinin yarışlarından danışsa, mən ona qulaq asa bilərəm. Amma qadın şərhçi əlbəyaxa döyüşdən, boksdan, güləşdən, futboldan danışsa, mən onun fikirlərini qəbul edə bilmərəm. Heç Azərbaycanda qadın şərhçi yoxdur. 

Nur ZEYNALOVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi