"Azərbaycan futbolu hələ də qapalı dünyadır" - De Byazi

"Azərbaycan futbolu hələ də qapalı dünyadır" - De Byazi
ÖLKƏ FUTBOLU 6 Oktyabr 2021 / 09:50 4413
-  A +

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində ötən ay İrlandiya ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyun haqda danışıb.

Qol.az xəbər verir ki, italiyalı mütəxəssis Britaniya mətbuatına müsahibəsində bildirib ki, yığmamızın bir neçə üzvü səhvə yol verməsə, İrlandiyadan 3 xalla dönərdilər: 

“İrlandiyaya qarşı Dublində yaxşı oyun sərgilədik. Xüsusilə də birinci hissədə. İkinci yarıda matçı idarə etməkdə çətinlik çəkdik və evə üç xalla dönə bilmədik. Əslində bu da bizim üçün inanılmazdır.

İrlandiyanın qol vurduğu epizodda daha yaxşı oynaya bilərdik. Bir neçə oyunçumuz sadə səhvlərə yol verdi. Ümumiyyətlə, heç-heçənin ən ədalətli nəticə olduğunu düşünürəm. İrlandiya qapıçıdan başlayaraq geridən oynamağa çalışan komandadır. Həm texniki, həm də fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Amma görünür hələ də tarazlığı tapmayıb”.

De Byazi baş məşqçiyə vaxt verilməli olduğundan danışarkən Avro-2016-nın final mərhələsinə çıxardığı Albaniya millisindəki uğurundan da söz açıb: “2011-ci ildə milliyə gələndə komanda FİFA reytinqində 83-cü pillədə idi. 2015-ci ildə isə İtaliyadan 6 pillə geridə, 22-ci pilləyə yüksəlmişdik. Yeni oyunçularla layihəhə başladım. Çünki həmin vaxtı heyət yaşlı idi. DÇ-2014-cü ilin seçmə mərhələ oyunlarında bir neçə dəyişikliklər etdik, gedişatları həyata keçirdik, həmin mərhələni 6 komanda arasında 5-ci başa vurduq. Növbəti tsikldə isə 2-ci pilləni tuta bildik. Halbuki qrupda Portuqaliya, Danimarka, Serbiya kimi yığmalar var idi. Həqiqətən də möhtəşəm nəticə əldə etmişdik. Əslində 10 il əvvəl futbolla vidalaşmaq istəyirdim. Düşünürəm ki, əgər baş məşqçi komandanın qurulmasında iştirak etmirsə, heç bir mənası yoxdu işləməyin. Ancaq həyatda heç vaxt “heç vaxt” demə. Qayıtmaq imkanın varsa, qayıt, İtaliyada olmasa da olar. Əsas odur ki, ciddi layihə olsun. Albaniya bir növ fürsət idi. Öz işimi necə etməli olduğumu bildiyimi sübut etmək istəyirdim. Həm də məni İtaliya futbolundan erkən və asanlıqla silənlər üçün bunu etmək istəyirdim. Vətənimdə liqada uğur qazanmışdım, 3 və 4-cü divizionlardan nəticələr qazanmışdım, dəfələrlə klubları A seriyasına yüksəltmişdim. Yüksək liqada qalmaq istəyən komandalarla bunu bacarmışam. Ölkənin böyük klublarında işləmək imkanım nəyə görə olmayıb, bilmirəm. Yəqin ki, heç vaxt agentim olmadığına görədir. Özümü azad ruhlu insan hesab edirəm, hər zaman öz işimlə məşğulam, hansısa klanın hissəsi olmağa ehtiyac duymuram”.

65 yaşlı mütəxəssis Bakıda yaşamaqdan zövq aldığını vurğulayıb: “Xəzərin sahilində gözəl bir şəhər olan Bakıda həyat yaxşıdır. Eyni zamanda möhtəşəm şəkildə qorunan köhnə tarixli və UNESCO-nun irs siyahısına salınmış şəhərdir. Ölkə çempionatının, demək olar ki, bütün oyunları burada keçirilir. Çünki paytaxtdan kənarda yerləşən yalnız iki klub var. Azərbaycan Premyer Liqasında cəmi 8 klub mövcuddur və əksəriyyətinin heyətinin böyük hissəsi əcnəbi futbolçudan ibarətdir. Bu da seçim etmək üçün məhdud imkan verir. Burada asan deyil. Çünki Azərbaycan futbolu hələ də qapalı dünyadır, bir neçə oyunçu xaricdə oynamağa yeni başlayıb. Bu baxımdan daha çox futbolçunun xaricə yollanmaq və beynəlxalq təcrübə toplamaq şansına sahib olacağına ümid edirik”.

Daha çox


Son xəbərlər
topaz banner